Polşa-Belarus sərhədində 4 cəsəd aşkar edilib
Bazar günü Varşavanın miqrant axınına qarşı fövqəladə vəziyyət tətbiq etməsindən bir həftə sonra Belarus-Polşa sərhədində dörd cəsəd aşkar edilib.
Polşa sərhədçiləri sərhədin bataqlıq ərazilərində ilişib qalan daha səkkiz miqrantın aşkar etdiklərini də bildirib. Onlardan yeddisi xəstəxanaya yerləşdirilib.
Son aylar əsasən Yaxın Şərqdən olan minlərlə miqrant Belarusdan Avropa İttifaqına üzv olan qonşu Latviya, Litva və Polşaya keçib və ya keçməyə çalışıb.
Avropa İttifaqı miqrant axınını hökumətinə qarşı həyata keçirilən sanksiyalara cavab olaraq Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən təşkil edildiyindən şübhələnir.
“Bu gün Belarusla sərhəd bölgədə üç nəfərin cəsədi aşkarlanıb” – deyə, bazar günü Polşa sərhədçilərinin tvitter səhifəsində bildirilib.
Sərhəd xidmətinin sözçüsü Anna Mixalska Polşanın PAP xəbər agentliyinə “cəsədlər üç fərqli yerdə tapılıb” və “çox güman ki, qeyri-qanuni mühacirlərdir” deyib.
Dördüncü cəsəd iraqlı bir qadının olub ki, o da bazar günü Belarusun sərhədində tapılıb.
“Slavyan olmayan bir qadının cəsədi Belarus-Polşa sərhədinə bir metr yaxınlıqda aşkar edilib” – deyə, Belarus sərhəd-keşik rəsmisi Belta dövlət xəbər agentliyinə bildirib.
Usovo sərhəd postunun rəisi vəzifəsini icra edən Yevgeniy Omes cəsədin Polşadan Belarusa sürükləndiyi ilə bağlı yerdə “aydın işarələr” olduğunu deyib.
Belta xəbər agentliyi cəsədin yaxınlığında bir kişi, bir yaşlı qadın və üç uşağın tapıldığını və onların hamısının İraq vətəndaşları olduğunu bildirib.
Belarus avqustun əvvəlində Litva ilə sərhədi yaxınlığında bir iraqlının cəsədini aşkar etdiyini bildirib və onun öldürüldüyünü iddia edib.
Qərb hökumətləri keçən il mübahisəli seçkilərdən sonra ölkə daxilində başlayan etirazları zorakılıqla dəf etdiyinə görə Belarusa qarşı bir neçə sanksiya paketi tətbiq edib.