Sudanda alternativ hökumət elan edildi
Sudanda hərbi qüvvələrə qarşı mübarizə aparan Çevik Dəstək Qüvvələrinin (RSF) rəhbərlik etdiyi koalisiya, paytaxt Xartumdakı hərbi idarəçiliyə meydan oxuyaraq alternativ hökumət qurduğunu elan edib. Ölkədə qanlı vətəndaş müharibəsi üçüncü ilinə daxil olarkən, “Sudan Qurucu Alyansının Rəhbərlik Şurası” (TASIS) adlanan bu qruplaşma RSF lideri Məhəmməd Həmdən “Həmidti” Daqalonun 15 nəfərdən ibarət prezident şurasına, o cümlədən regional qubernatorlara sədrlik edəcəyini bildirib. TASIS-in bəyanatına görə, sudanlı siyasətçi Məhəmməd Həsən Osman əl-Taişi baş nazir vəzifəsini icra edəcək.
Koalisiya verdiyi açıqlamada bu “tarixi nailiyyət” münasibətilə onilliklərdir dağıdıcı müharibələrin alovuna dözən Sudan xalqını təbrik edib. TASIS həmçinin “inklüziv bir vətən, azadlıq, ədalət və bərabərlik prinsipləri üzərində qurulmuş yeni dünyəvi, demokratik, mərkəzləşdirilməmiş və könüllü şəkildə birləşmiş Sudan qurmaq” öhdəliyini yeniləyib. Bu yeni özünü elan etmiş hökumət RSF və Sudan Silahlı Qüvvələri (SAF) arasındakı müharibənin şiddətlənməsi ilə birlikdə, ölkədə parçalanmaları daha da dərinləşdirə və rəqabət aparan qurumların yaranmasına səbəb ola bilər.
Gərginləşən vətəndaş müharibəsi və humanitar böhran
2023-cü ilin aprel ayından bəri davam edən vətəndaş müharibəsi on minlərlə insanın həyatına son qoyub və Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, təxminən 13 milyon insanı yerindən didərgin salıb ki, bu da dünyadakı ən böyük humanitar böhranlardan biridir. May ayında Sudan ordusu Xartum əyalətini RSF-dən tamamilə təmizlədiyini bəyan etmişdi. Son aylarda isə zorakılıq, RSF-nin əl-Fəşir şəhərini mühasirəyə aldığı qərb bölgəsi Darfurda daha da intensivləşərək, ərazidəki aclığı artırır.
Hüquq müdafiəçiləri həm RSF-i, həm də SAF-ı insan haqları pozuntularında ittiham edirlər. Bu ilin əvvəlində Amnesty International RSF döyüşçülərinin qadın və qızlara “genişmiqyaslı cinsi zorakılıq” tətbiq etdiyini, bununla ölkə boyunca “nəzarəti gücləndirmək və icmaları didərgin salmaq” məqsədi güddüyünü bildirib. Daha əvvəl ABŞ, Həmidtiyə qarşı sanksiyalar tətbiq edərək, RSF-in onun rəhbərliyi altında mülki şəxslərin edamı və humanitar yardımların bloklanması daxil olmaqla “ciddi insan haqları pozuntuları” törətdiyini iddia etmişdi.
Sudan siyasi sabitliksizliyin girdabında
Uzunmüddətli prezident Ömər əl-Bəşirin 2019-cu ildə aylarla davam edən hökumət əleyhinə etirazlardan sonra vəzifəsindən kənarlaşdırılmasından bəri Sudanda artan qeyri-sabitlik müşahidə olunur. 2021-ci ilin oktyabrında Sudan ordusu baş nazir Abdalla Həmdokun mülki hökumətinə qarşı çevriliş etdi, bu da onun 2022-ci ilin əvvəlində istefasına səbəb oldu. Sudan ordusunun başçısı Abdel Fəttah əl-Burhan və Həmidti çevrilişdən sonra hakimiyyəti bölüşsələr də, 2023-cü ilin aprelində dövlətin və onun resursları üzərində nəzarət uğrunda mübarizəyə başladılar. Əl-Burhan və Həmidti arasındakı rəqabət ideoloji görünməsə də, böhrana sülh yolu ilə həll tapmaq üçün çoxsaylı cəhdlər uğursuzluqla nəticələnib.

Leave a Reply