ABŞ-ın keçmiş prezidenti Barak Obama Minnesota ştatında İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin fəaliyyətini kəskin tənqid edərək, baş verənləri avtoritar rejimlərin rəftarı ilə müqayisə edib.
Az24saat.org xarici mediaya istinadən xəbər verir ki, liberal podkaster Brayan Tayler Kohenə müsahibə verən Obama, federal agentlərin Minnesota ştatındakı "özbaşına davranışlarını" ABŞ demokratiyası üçün təhlükə adlandırıb.
"İnsanları evlərindən sürüyərək çıxarırlar"
Keçmiş prezident xüsusilə Minneapolis və Sent-Pol şəhərlərində 3000-ə yaxın federal agentin iştirakı ilə keçirilən genişmiqyaslı əməliyyatlardan narahatlığını ifadə edib. O, agentlərin heç bir təlimat və qaydalara əməl etmədən hərəkət etdiyini vurğulayıb:
"ICE agentlərinin heç bir aydın təlimat olmadan insanları evlərindən sürüyüb çıxarması, qanunları pozmayan dinc kütləyə qarşı gözyaşardıcı qazdan istifadə etməsi görünməmiş bir hadisədir. Biz bu növ davranışları indiyə qədər yalnız diktatura və avtoritar ölkələrdə görmüşük, Amerikada yox."
Etirazçılar arasında ölənlər var
Xatırladaq ki, cari ilin yanvar ayında Minneapolisdə immiqrasiya agentlərinin müdaxiləsi nəticəsində iki etirazçı — Rene Qud və Aleks Pretti həlak olub. Bu hadisə ölkə daxilində böyük rezonans doğurub. Obama yanvar ayındakı məqaləsində Prettinin ölümünü "Amerikanın təməl dəyərlərinə hücum" və "oyanış zəngi" kimi qiymətləndirmişdi.
Müsahibəsində şaxtalı havada mülki itaətsizlik nümayiş etdirən və agentlərin özbaşınalığını qeydə alan vətəndaşları "qəhrəman" adlandıran Obama, bu müqavimətin gələcəyə ümid verdiyini deyib.
Trampın qalmaqallı videosuna reaksiya: "Klon şousu"

Müsahibə zamanı Donald Trampın sosial media hesabında Barak və Mişel Obamanı hədəf alan irqçi videonun paylaşılması məsələsinə də toxunulub. Keçmiş prezident birbaşa Trampın adını çəkməsə də, siyasi mühitdəki etik tənəzzülü tənqid edib:
"Sosial mediada və televiziyalarda bir növ 'klon şousu' yaşanır. Əvvəllər müəyyən ədəb-ərkan və hörmət hissinə sahib olması gərəkən insanlar artıq etdiklərindən heç bir utanc duymurlar."
Tramp isə sözügedən videoya görə üzr istəməyib və baş verənləri texniki işçinin səhvi ilə əlaqələndirib. Obama sonda qeyd edib ki, Amerika xalqının əksəriyyəti bu cür davranışlardan narahatdır və ölkədə hüququn aliliyini bərpa etmək üçün "kifayətdir" deməyin vaxtı çatıb.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz