Azərbaycanın dəniz nəqliyyatı sektorunda illərdir müzakirə olunan kölgəli korrupsiya sxemləri yenidən gündəmə qayıdır. Bu dəfə hədəfdə Dövlət Dəniz Agentliyinin sabiq rəhbəri, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Qüdrət Qurbanovdur. Paytaxt.org-un araşdırması zamanı danışan mənbələr onun illərdir qurduğu iddia edilən qeyri-rəsmi “sistem” barədə diqqətçəkən detallar açıqlayıb.
Agentlikdən Akademiyaya uzanan şübhəli maliyyə axını
Mənbələrin sözlərinə görə, Qüdrət Qurbanovun adı Dövlət Dəniz Agentliyində işlədiyi dövrdən etibarən böyük məbləğlərdə rüşvət toplamaqla hallanır. İddia olunur ki, bu pulların əhəmiyyətli hissəsi hazırda müxtəlif qumar oyunlarında xərclənir. Mənbə bunu “illərlə yığılan vəsaitlərin şəxsi ehtiraslara yönəldilməsi” kimi təsvir edir.
Bu korrupsiya praktikasının Qurbanov Akademiyaya rektor təyin edildikdən sonra da davam etdiyi iddia olunur. Akademiyada yerli vətəndaşların bu sahəyə qəbul və ixtisas sertifikatları ilə bağlı gizli rıçaqların formalaşdırıldığı barədə fikirlər səslənir.
Diplom və sertifikat alveri – sistematik şəbəkə iddiası
Araşdırma çərçivəsində danışan digər mənbə iddia edir ki, agentlikdə Qurbanovun rəhbərliyi dövründə diplom alveri adi bir kommersiya əməliyyatına çevrilmişdi. Onun sözlərinə görə:
-
matros diplomlarının qiyməti 2500–3000 manat,
-
bosman diplomlarının qiyməti isə 4000–5000 manat
arasında dəyişirdi.
Bu məlumatların rəsmi qurumlar tərəfindən heç vaxt araşdırılmaması, iddiaların illərlə qapalı qalmasına səbəb olduğu qeyd olunur.
Qızına milyonluq hədiyyə
İddialarda o da vurğulanır ki, Qüdrət Qurbanov topladığı qeyri-rəsmi gəlirlər hesabına qızı Kəmaləyə 1 milyon manat dəyərində obyekt alaraq hədiyyə edib. Bu, şəbəkənin miqyası və maliyyə gücü barədə əlavə suallar yaradır.
Səbail rayonu – qanunsuz söküntü izi?
Araşdırmada adı çəkilən ən ciddi epizodlardan biri Səbail rayonu, Xanlar küçəsi 1 ünvanında baş verənlərdir. Mənbənin iddiasına görə, həmin ərazidə sakinlərə məxsus qanuni qarajlar "zorla alınaraq" sökülüb və onların yerində çoxmərtəbəli binalar inşa edilməyə başlanıb. Prosesi kimin himayə etdiyi sualına mənbə birbaşa Qüdrət Qurbanovun adını çəkir.
Bu söküntülərin hansı hüquqi mexanizmlərlə həyata keçirildiyi isə hələ də qaranlıqdır.
“Boz kardinal”la əlaqələr – gəmilərin idarə edilməsinə nəzarət iddiası
Mənbələr Q.Qurbanovu uzun illər Ramiz Mehdiyevin yaxın çevrəsinə bağlı şəxs kimi təsvir edir. İddia olunur ki, məhz bu əlaqələr onun ölkənin dəniz nəqliyyatı sahəsində qeyri-rəsmi təsir imkanlarını artırıb və müəyyən gəmilərin idarə edilməsinə faktiki nəzarəti təmin edib.
Bu iddia, əgər təsdiqini tapsa, dəniz sektorunda illərlə mövcud olan kölgəli strukturların bir hissəsinin məhz elə Qurbanov vasitəsilə işləmiş ola biləcəyini göstərir.
DTX və Baş Prokurorluğa çağırış
Araşdırmada danışan mənbələr hesab edir ki, Qüdrət Qurbanovun fəaliyyəti üzrə genişmiqyaslı istintaqa ehtiyac var. Onların fikrincə, bu cür iddialar ancaq DTX və Baş Prokurorluğun aparacağı dərin araşdırma ilə tam şəkildə üzə çıxarıla bilər.
Bu iddiaların xatırlatdığı daha bir məqam: Ümummilli Lider Heydər Əliyev vaxtilə DİN-in 80 illiyi tədbirində işindəki ciddi nöqsanlara görə Qüdrət Qurbanovun vəzifədən kənarlaşdırıldığını açıq şəkildə bəyan etmişdi.
Araşdırma materialında adı çəkilən bütün şəxslərin mövqeyinə yer ayırmağa hazırıq.
Araşdırma davam edir.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz