Vətəndaş Cəmiyyəti Nümayəndələrindən Prezidentə Müraciət
Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, jurnalist və hüquq müdafiəçisi “Toplum TV iși” üzrə həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Ələsgər Məmmədlinin Səhhətindəki Ciddi Problemlər
Müraciətdə qeyd olunur ki, Ələsgər Məmmədli barəsində 2024-cü il martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçildikdən sonra səhhətində ciddi ağırlaşmalar müşahidə edilib. Aparılan tibbi müayinələr onun qalxanvari vəzisində 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), həmçinin qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, eləcə də prostat vəzində kalsinatlar aşkarlayıb. Tibbi protokola əsasən, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər. Əlavə olaraq, onda kəskin boğulma, fasiləsiz baş ağrısı, başgicəllənməsi və ürəkbulanma kimi simptomlar artır ki, bu da onun həyatı üçün real təhlükə yaradır.
Media Ekspertinə Xüsusi Yanaşma Çağırışı
Müraciət müəllifləri Milli Mətbuatın 150 illiyi ərəfəsində media hüquqları sahəsində tanınmış ekspert olan Ələsgər Məmmədliyə xüsusi yanaşma göstərilməsinə ümid etdiklərini vurğulayıblar.
"Toplum TV İşi" Və Geniş Həbslər Konteksti
Media hüququ üzrə ekspert və Toplum TVnin həmtəsisçisi Ələsgər Məmmədli 2024-cü martın 8-də Bakıda klinikaların birindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması kimi maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Özü bu ittihamları rədd edir və işin siyasi motivli olduğunu bildirir.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Bu iş çərçivəsində III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyət üzvü Ruslan İzzətli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs ediliblər. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, Toplum TV redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra barəsində polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında təxminən 30 jurnalist və ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Azərbaycan hakimiyyəti isə heç kimi peşə fəaliyyətinə və ya siyasi fəaliyyətinə görə təqib etmədiyini, ölkədə bütün hüquq və azadlıqların təmin olunduğunu bildirir.
Müraciətə İmza Atanlar
Müraciəti imzalayanlar arasında Jurnalist və BDU-nun professoru Qulu Məhərrəmli, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz, Jurnalist Mehman Əliyev, Jurnalist və "Yeni Nəsil" Azərbaycan Jurnalistlər İttifaqının sədri Arif Əliyev, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, Tibb elmləri doktoru və ATU-nun professoru Adil Qeybulla, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı, "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri Səidə Qocamanlı, “VİZA” Hüquq Firmasının direktoru Aslan İsmayılov, eləcə də “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri Mirəli Hüseynov yer alır.
Tələb Olunan Təcili Tədbirlər
Müraciətdə prezidentdən Ələsgər Məmmədlinin özəl klinikaların birində cərrahi əməliyyat olunması üçün hüquqi imkanların nəzərdən keçirilməsi xahiş edilir.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz