Dünya 23.07.2025

Qəzza Faciəsi Uşaqları doyurmaq üçün ağac yarpaqları qaynadılır

Qəzza Faciəsi Uşaqları doyurmaq üçün ağac yarpaqları qaynadılır

Qəzzada Humanitar Böhran Dərinləşir: Uşaqlar Yarpaq Qaynadaraq Yaşayır

Mart ayından etibarən İsrailin Qəzzaya bütün təchizatı kəsməsindən sonra bölgədə ərzaq ehtiyatları tükənib. Bölgəyə daxil olan bütün yardımlara nəzarət edən İsrail, mövcud qida çatışmazlığına görə məsuliyyəti öz üzərindən atır.

İsrailin bölgəni bombalamağa davam etdiyi bir vaxtda, 109 yardım təşkilatı İsrailə qarşı təcili hərəkətə keçməyə çağırış edərək, “kütləvi aclıq”ın yayıldığı barədə xəbərdarlıq edib.

Qida Növbələrində Həyat Riski

Qlobal yardım təşkilatı Oxfam-ın işğal altındakı Fələstin əraziləri üzrə siyasət məsulu Buşra Xalidinin sözlərinə görə, Fələstin ərazilərində insanlar ərzaq növbələrində durarkən "güllələnmək riski ilə üz-üzə qalırlar".

Qəzza Vətəndaş Müdafiəsinin sözçüsü Mahmud Basal bildirib ki, indiyə qədər yardım növbələrində 1000-dən çox insan həyatını itirib, 85 uşaq isə aclıqdan dünyasını dəyişib. "Hər gün bir fəlakətdir. İnsanlar yorğunluqdan, aclıqdan yerə yıxılırlar" deyən Basal, özünün də aclıq aksiyasına başladığını elan edərək dünyanı "sahədəki gerçəkliklə üzləşməyə, hərəkətə keçməyə və Qəzzanın tək olmadığını göstərmək üçün aclıq aksiyasına qoşulmağa" çağırıb.

Ümidsiz Cəhdlər: Ağac Yarpaqları ilə Qidalanma

Xalidi vurğulayıb: "Valideynlərin övladlarını doyurmaq üçün ağac yarpaqlarını qaynatdığı, yardım işçilərinin son mərciməyi bişirmək üçün öz geyimlərini yandırdığı, 'oğlum aclıqdan öldü, gözümün qabağında, çünki bədəni artıq dözə bilmədi' deyən analardan davamlı xəbərlər alırıq".

Bu, sadəcə bir humanitar fəlakət deyil. Bu, qəsdən yürüdülən bir siyasətdir və yardımlara maneçilik törədilir. İnsanlar ac buraxılır.

Yardım Nöqtələri: 11 Dəqiqəlik Ölüm Tələsi

Britaniya mərkəzli "The Guardian" qəzeti, "Yemək üçün 11 dəqiqəlik yarış: Qəzzadakı yardım nöqtələri necə 'ölüm tələsinə' çevrildi" başlıqlı xəbərində, fələstinlilərin ABŞ-İsrailin dəstəklədiyi Qəzza Humanitar Yardım Fondu dağıtım nöqtələrində yaşadığı çətinlikləri araşdırıb.

Məlumatlara görə, Qəzzadakı bütün yardım nöqtələri İsrailin təxliyə əmri verdiyi ərazilərdə yerləşir və yardım almaq istəyən fələstinlilərin İsrail ordusunun boşaldılmasını tələb etdiyi bölgələrə daxil olması zəruridir.

Başqa bir problem isə yardım nöqtələrinin açılış vaxtları və açıq qalma müddətidir. Xəbərə əsasən, bu nöqtələr bir dəfəyə yalnız 8 dəqiqə açıq qalır. İyun ayında bir yardım dağıtım nöqtəsinin açıq qaldığı orta müddət isə cəmi 11 dəqiqə idi.

Həkimlər və Yardım İşçiləri Çökmə Nöqtəsində

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri çərşənbə axşamı günü verdiyi açıqlamada, Qəzzadakı işçi heyətinin, həkimlərin və humanitar yardım işçilərinin aclıq və yorğunluqdan iş başında huşunu itirdiyini bildirib.

AFP müxbirlər birliyi isə, bölgədə fəaliyyət göstərən sərbəst jurnalistlərin ciddi qida çatışmazlığı ilə üzləşdiyini və aclıq risk altında olduqlarını vurğulayıb.

Çərşənbə günü, Sərhədsiz Həkimlər, Save the Children və Oxfam daxil olmaqla 111 yardım təşkilatı, Qəzzada "kütləvi aclıq" yaşandığını qeyd edərək, dərhal danışıqlar yolu ilə atəşkəs elan edilməsinə, bütün quru keçidlərinin açılmasına və BMT-nin rəhbərliyi ilə yardımların sərbəst keçidinə icazə verilməsinə çağırış edib.

Beynəlxalq Reaksiyalar

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş çərşənbə axşamı günü etdiyi açıqlamada, İsrailin hərbi hücumları altında olan bölgədə fələstinlilərin üzləşdiyi "dəhşətin" son illərdə bənzəri görülməmiş bir vəziyyət olduğunu söyləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən etdiyi açıqlamada "Hər gün onlarla günahsız insanın bir tikə çörək, bir qurtum su tapa bilmədiyi üçün can verdiyi bu qəddarlığı zərrə qədər insanlıq şərəfi daşıyan heç kim qəbul edə bilməz, buna səssiz qala bilməz. Bu cinayət halına razılıq verə bilməz. Hər kim Qəzzadakı soyqırıma səssiz qalırsa, İsrailin törətdiyi insanlıq cinayətlərinə şərik olur deməkdir. Qəzzada insanlıq ölərkən, körpələr, uşaqlar ölərkən, insanlar bir çuval un ala bilmək üçün ölərkən heç birimiz buna səssiz qala bilmərik və qalmayacağıq" deyib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz