Şimali İtaliyanın Trentino regionunun cazibədar təbiəti ilə əhatə olunmuş ərazisində, tərk edilmə riski ilə üz-üzə qalan kəndləri canlandırmaq üçün başladılan cömərd yaşayış təşviqi proqramı gözlənilən marağı görmədi. Yerli rəhbərlik, istifadəsiz evləri alıb bərpa edəcək yeni sakinlərə 100 min avroya qədər qrant vəd etsə də, nəticə gözlənilən kimi olmadı.
Tək Bir Nəfər Belə Müraciət Etmədi
İtaliyanın şimalındakı Trentino regionunda yerləşən Sagron Mis kəndi təbii gözəlliyi və dağ mənzərələrinə baxmayaraq boş qalma təhlükəsi ilə üz-üzədir. Bölgə rəhbərliyi bu gedişatın qarşısını almaq üçün yeni bir yaşayış təşviqi proqramına başladı. Buna əsasən, tərk edilmiş evləri alanlara və yeniləyənlərə 100 min avro qrant veriləcək. Lakin bütün cazibəsinə baxmayaraq, həmin yaşayış məntəqəsi bu fürsətdən yararlanmaq istəyən tək bir nəfəri belə cəlb edə bilmədi.
Proqram çərçivəsində ev sahiblərinə 80 min avro təmir, 20 min avro isə satın alma dəstəyi təklif edilir. Lakin müraciət edənlər, əldə etdikləri və ya kirayə verəcəkləri evdə ən azı 10 il yaşamağı öhdələrinə götürmək məcburiyyətindədirlər. Əks halda verilən təşviq geri tələb oluna bilər.
33 Kəndi Əhatə Edən Proqram
Trentino regionundakı 33 kəndi əhatə edən və maksimum 100 min avroya qədər dəstək verən “əhalinin azalmasına qarşı” ev təşviqi proqramı üçün müraciətlər 30 iyun tarixinədək qəbul edildi. Bu ilk müraciət dövrünün sonunda ümumilikdə 291 şəxs proqrama müraciət etdi.
Ancaq bu müraciətlərin heç biri Sagron Mis kəndi üçün edilmədi. Dolomit Dağlarının ətəklərində yerləşən və yürüyüş yolları ilə tanınan bu təbii gözəllikdəki yaşayış məntəqəsi, buna baxmayaraq heç bir müraciət ala bilməyən yeganə yer oldu.
Sagron Mis kəndinin Bələdiyyə Sədri Marko Depaoli, “Bu bir dram deyil. Sabir tələb edir. Bu vəziyyəti böhrana çevirmək lazım deyil” deyərək ümidini qoruduğunu bildirib. Depaoli, 15 nəfərin bələdiyyəyə zəng edib proqram haqqında məlumat aldığını, lakin mövcud yaşayış fondunun məhdud olduğunu qeyd edib.
Əsas Xidmətlərin Çatışmazlığı və Məhdud Ev Sayı
Bu kəndin əhalisi cəmi 170 nəfərdir və orada yalnız bir ərzaq dükanı mövcuddur. Ümumi həkim çatışmazlığı kimi əsas xidmətlərə əlçatanlıqda çətinliklər yaşana bilər. Bundan əlavə, mövcud evlərin əksəriyyəti ikinci yaşayış yeri statusunda olduğu üçün satışa çıxarılan mülklərin sayı olduqca azdır.
Trentino regionu 2024-cü ildə başladığı bu layihəyə 10 milyon avrodan çox büdcə ayırıb. Layihə, Val di Non, Val di Sole, Primiero, Valsugana kimi bir çox ərazidəki 33 kəndi əhatə edir. Müraciətlər həm İtaliya, həm də xarici ölkə vətəndaşları üçün açıqdır.
Bir Avroluq Ev Kampaniyalarının Uğuru
Cari proqram, daha əvvəl 2017-ci ildə Siciliyada baş tutan 1 avroluq ev kampaniyasından sonra həyata keçirilib. Bu kampaniya böyük marağa səbəb olmuş, tərk edilmiş kəndlər beynəlxalq investorlar sayəsində yenidən canlanmışdı. Həmin kampaniyadan ev alanlardan biri də İngilis antikvarçı Corc Laing oldu.
Laing, 2022-ci ilin dekabrında Siciliyanın Mussomeli qəsəbəsində üçmərtəbəli bir xarab evi 1 avroya satın aldı. Bütün əməliyyatlar daxil cəmi 5 min avroya başa gələn bu evi 10 min avrodan az xərclə yeniləyən Laing, hazırda evini kirayə götürmək istəyən 500-dən çox şəxsin növbədə olduğunu bildirir.
Uğurundan sonra ikinci bir 1 avroluq ev də əldə edən Laing, sosial mediada bu prosesləri paylaşaraq diqqət çəkdi. “Şatafatlı deyil, amma qətiyyən qənaətbəxş bir həyat” deyən Laing, alternativ həyat axtarışında olanlara ilham mənbəyi oldu.
Leave a Reply