Nüvə Sınaqları və Rusiya Silah Arsenalı
Soçi şəhərində keçirilən Valday Beynəlxalq Diskussiya Klubunun əsas iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin gündəmdəki mövzuları dəyərləndirib. Putin, ölkəsinin nüvə silahları sınaqlarını aparıb-aparmayacağı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, “bəziləri bu sınaqlar üçün hazırlıq görür. Biz bunu görür və bilirik. Əgər bu sınaqlar aparılarsa, biz də eyni sınaqları aparacağıq.” O, Rusiyanın sahib olduğu nüvə silahlarının dünyadakı digər ölkələrin silahlarından daha müasir və ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı bombalardan qat-qat güclü olduğunu vurğulayıb.
Prezident Putin, Rusiya Federasiyasının taktiki nüvə silahlarını Belarus istisna olmaqla, heç bir ölkəyə yerləşdirmədiyini, lakin ABŞ-ın bu silahları dünyanın müxtəlif yerlərinə yerləşdirdiyini bildirib. O əlavə edib ki, Rusiya ABŞ-dan daha çox taktiki nüvə silahına malikdir. Putin, ölkəsinin “Oreşnik”, “Avangard” və “Kinjal” hipersonik raket sistemlərinə sahib olduğunu və digər silah sistemlərini də inkişaf etdirməyə davam etdiyini diqqətə çatdırıb.
Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (New START) 2026-cı ildə başa çatdıqdan sonra daha bir il ərzində ona əməl etməyi ABŞ-a təklif etdiklərini bildirən Putin, ABŞ ilə bu mövzuda dialoqun asan olmadığını və “gələcəkdə nə olacağını proqnozlaşdırmaq çətindir” ifadəsini işlədib. O, ABŞ-da bu müqavilənin uzadılmasına ehtiyac olmadığını deyənlərin olduğuna işarə edərək, “Əgər amerikalılar buna ehtiyac duymurlarsa, deməli, bizim də ehtiyacımız yoxdur. Biz nüvə qalxanımıza güvənirik,” deyib.
Ukrayna Münaqişəsi və Dialoq İmkankları
ABŞ istehsalı Tomahawk qanadlı raketlərinin Ukraynaya verilməsi ehtimalını qiymətləndirən Putin, bunun döyüş meydanındakı balansı dəyişdirməyəcəyini, çünki Tomahawk raketlərinin Amerikan əsgərlərinin dəstəyi olmadan istifadəsinin mümkün olmadığını söyləyib. O, Rusiya ordusunun Ukraynadakı cəbhədə bütün istiqamətlərdə irəlilədiyini qeyd edərək, Ukrayna ordusunun böyük itkilər verdiyini iddia edib. Putin, “Təhlükəsizlik zonası yaradılır. Bu istiqamətdə işlər plana uyğun olaraq problemsiz irəliləyir,” deyib.
Putin, Ukraynanın Rusiya ilə danışıqları davam etdirməsinin vacibliyini vurğulayaraq, “Kiyev rəhbərliyinin razılaşmaya necə nail olunacağını düşünməsi yaxşı olardı. Biz bunu dəfələrlə təklif etmişik. Kiyev rəhbərliyinin bu anlayışa sahib olacağını ümid edirəm. Onların danışıqlar masasına oturmaq üçün kifayət qədər gücə sahib olacaqlarına ümid edirik,” deyə bildirib. Prezident Putin, ABŞ ilə Ukrayna münaqişəsi mövzusunda dialoqu davam etdirməyə hazır olduqlarını, Ukrayna böhranının həllinə dair təşəbbüslər göstərən ölkələrə minnətdar olduqlarını dilə gətirib.
Avropa, NATO və ABŞ-la Münasibətlər
Avropa ölkələrinin Ukrayna ilə bağlı hərəkətlərini tənqid edən Putin, Avropada Ukrayna ordusuna dəstək verən xüsusi bir mərkəzin qurulduğunu bildirib. O qeyd edib ki, “Gərginliyi artıran Avropa, Ukrayna münaqişəsinin davam etdirilməsindən məsuliyyət daşıyır.” Avropanın hərbiləşdirilməsi prosesini diqqətlə izlədiklərini və Rusiyanın buna cavab verəcəyini vurğulayan Putin, “Təhdidlərə cavabımız kəskin olacaq,” ifadəsini istifadə edib. Putin, Finlandiya və İsveçin NATO-ya daxil olmasının “mənasız” olduğunu, Rusiyanın bu ölkələrlə problemi olmadığını söyləyib.
ABŞ prezidenti Donald Trampın Rusiya üçün “Ukraynadakı müharibədə hələ də qələbə qazana bilmədiyi üçün kağız pələng” təyin etməsini dəyərləndirən Putin, bu sözün “ironik” olma ehtimalına işarə edib. NATO ilə “möhkəm” şəkildə mübarizə apardıqlarını qeyd edən Putin, “Əgər biz kağız pələngiksə, bəs NATO nədir?” sualını verib.
ABŞ-a uran tədarük etdiklərini dilə gətirən Putin, “Rusiya, Amerika bazarına uran təmin edən ən böyük ikinci tədarükçüdür. ABŞ-a tədarük edilən uranın 25 faizini biz təmin edirik,” deyə bildirib. Bu ilin ilk 6 ayında ABŞ-a 900 milyon dollar dəyərində uran satdığını deyən Putin, ilin sonuna qədər bu rəqəmin 1 milyard 200 milyon dollara çatacağı ümidini ifadə edib.
Prezident Putin, ABŞ prezidenti Donald Trampa qətiyyətli dəstəyi ilə tanınan Respublikaçı fəal və sosial media fenomeni Çarli Kirkin silahlı hücumda həlak olmasını “iyrənc bir cinayət” adlandırıb. Prezident Putin, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Direktor Müavinisi Culian Qallinanın oğlu Maykl Qlossun da Rusiya ordusu tərəfində Ukraynada döyüşlərdə iştirak etdiyini və 2024-cü ilin aprelində həlak olduğunu xatırlatdı.
Bir cavab yazın