Yaxın Şərqdə tarixi bir an yaşanır. ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planına uyğun olaraq, Həmas və İsrail tərəfləri atəşkəs sazişini imzalayıblar.
İki il davam edən fasiləsiz müharibə və İsrailin Qəzzada törətdiyi, soyqırıma bərabər hücumlardan sonra tərəflər razılığa gəliblər.
Lakin bu sazişin nə vaxt təsdiqlənəcəyi hələ də qeyri-müəyyən olaraq qalır. İsrail sənədi imzalamış olsa da, sazişin qəbulu üçün hökumətin toplaşıb səsvermə keçirməsi lazımdır.
Bu iclasın vaxtı əvvəlcə günorta, sonra saat 17:00-a, indi isə axşam 18:00-a təxirə salınıb. Atəşkəsin isə saat 19:00 radələrində qüvvəyə minəcəyi gözlənilir.
Bu müddət ərzində İsrail ordusu Qəzza zolağını bombalamağa davam edir. Tanklar və təyyarələr fələstinliləri hədəf alır.
İSRAİLİN HÜCUMLARI DAYANMIR
İsrail son ana qədər Qəzzada hücumlarını davam etdirib. Qəzza şəhəri dəfələrlə vurulub.
Əl-Cəzirənin yayımladığı görüntülərdə İsrail tanklarının qaçan sivillərə bomba yağdırdığı görülüb. Görüntülərdə tank atəşi aydın şəkildə seçilir.
TÜRKİYƏ GİROV AXTARIŞI QÜVVƏSİNƏ QATILIR
Reuters agentliyinə danışan yüksək səviyyəli türk rəsmisi cümə axşamı bildirib ki, Türkiyə, Qəzza zolağında həlak olan və yeri bilinməyən israilli girovların cəsədlərini tapmaq üçün yaradılacaq birgə işçi qrupuna İsrail, ABŞ, Qətər və Misirlə birlikdə qatılacaq.
Qeyd olunub ki, İsrailin bombardmanları və Həmasın geri çəkilməsi zamanı bəzi girovlar ölüb, bəziləri isə bombardmanlar nəticəsində dağılan Həmas tünellərində tapılıb.
Türkiyənin də daxil olduğu işçi qrupu cəsədlərinin yerləri bilinməyən girovları axtaracaq, 72 saat ərzində tapıb İsrailə təhvil verəcək.
QIZILXAÇ QƏZZA ZOLAĞINA DAXİL OLDU
İmzalar atıldıqdan sonra günorta saat 17:00-da İsrail kabineti təcili toplaşaraq sazişi səsverməyə qoyacaq. Saat 18:00-da isə səsvermənin nəticəsi açıqlanacaq.
Bu iclasdan sonra atəşkəs rəsmən qüvvəyə minəcək və əsirlər mübadiləsi həyata keçiriləcək. 20 israilli girov qarşılığında 2 min fələstinli məhbus dəyişdiriləcək.
Bu arada, Qızılxaç sazişin tətbiqini izləmək üçün Qəzza zolağına daxil olub. Qızılxaçın girişi ilə hücumların sürətinin azalacağı təxmin edilir.
TEL-ƏVİVDƏ BAYRAM, QƏZZADA BOMBA
Qəzzada və Tel-Əvivdə atəşkəs böyük coşğu ilə qarşılandı, lakin fon çox fərqli idi.
İsrailin paytaxtında əhali əllərində bayraqlarla küçələrə çıxdı. Küçələrdə musiqi səslənərkən evlərindən çıxan insanlar bir-birlərini qucaqladılar.
Qəzzada isə fələstinlilər dağılmış binalar arasında mahnı oxuyub rəqs etdilər. Generatorların təmin etdiyi işıq altında qeyd etmələr keçirildi.
Lakin İsrail hücumlarını dayandırmayıb. İmzanın atılmasına dəqiqələr qalmış İsrail təyyarələri Qəzzanı vurmağa davam etdi.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 24 saat ərzində ən az 10 nəfər həyatını itirib. Netanyahunun ofisindən verilən açıqlamada isə saat 18:00-da keçiriləcək kabinet iclasına qədər “atəşkəsin qüvvəyə minmədiyi” bildirilib.
ABŞ prezidenti Donald Tramp isə atəşkəsdən sonra İsrail parlamenti Knesssetdə çıxış etmək üçün İsrailə uçacaq.
SÜLH PLANININ BİRİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR
Atəşkəs sazişi, Trampın Sülh Planının birinci mərhələsini işə salır. Bu mərhələyə görə, İsrail əvvəlcədən razılaşdırılan “sarı xəttə” 24 saat ərzində geri çəkiləcək, hücumlarını dayandıracaq.
Bu müddət ərzində gələcək 72 saatda bütün israilli girovlar azad ediləcək, 2 min fələstinli məhbus sərbəst buraxılacaq.
İsrail mübadilələrdə Mərvan Barquti kimi sağ olan fələstinli liderləri buraxmayacağını və həlak olan Həmas lideri Yəhya Sinvarın cəsədinin də mübadilə edilməyəcəyini bildirib.
Qəzza zolağında aclıq çəkən xalqa isə humanitar yardım çatdırılacaq. Yemək, dərman və gigiyena məhsulları Qəzzaya daxil olacaq.
Birinci mərhələ başladıqdan 24 saat sonra planın ikinci mərhələsi üçün danışıqlar başlayacaq. İkinci mərhələdə Həmasın silahlarını Misirə təhvil verməsi gündəmə gələcək.
Leave a Reply