Amnesty International tədqiqatçıların azadlığı üçün kampaniyaya başlayıb
“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması tələbi ilə genişmiqyaslı kampaniyaya start verib. Təşkilat bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktublar yazılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib.
Prezidentə müraciət və tələblər
Kampaniyaya qatılmaq istəyənlər üçün “Amnesty International” məktub nümunəsi də hazırlayıb. Həmin nümunədə Bəhruz Səmədov və İqbal Əbilova qarşı irəli sürülən ittihamların qondarma olduğu və siyasi motivlər daşıdığı qeyd olunur. Məktubda bildirilir ki, bu cür uzunmüddətli həbs cəzaları akademik dairələrdə tənqidlərin susdurulması və siyasi cəhətdən həssas mövzuların müzakirəsinə əngəl törətmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.
Nümunə məktubda İlham Əliyevdən tədqiqatçıların “dərhal və qeyd-şərtsiz azad edilməsi” tələb edilir. Həmçinin, onların azadlığa buraxılana qədər adekvat tibbi yardımla təmin olunması, müstəqil müşahidəçilər və dövlət tərəfindən təyin edilmiş müdafiəçi tərəfindən mütəmadi ziyarət edilməsi zərurəti vurğulanır. Müraciətdə, ölkədə dinc tənqidçilərə, jurnalistlərə və fəallara qarşı genişmiqyaslı təqiblərin dayandırılması və Azərbaycanın beynəlxalq insan hüquqları qanunları çərçivəsində öz öhdəliklərinə tam riayət etməsi tələb olunur.
Bəhruz Səmədovun işi
Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanətdə ittiham olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işində Səmədovun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunur. Məhkəmə proseslərinin birində Səmədov Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu heç vaxt demədiyini, daim sülh tərəfdarı olduğunu və dövlətlər arasında müharibəyə, insanların ölməsinə qarşı olduğunu bəyan edib.
İqbal Əbilov haqqında
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Əbilova 18 il həbs cəzası oxunub. Onun Hüquqlarını Müdafiə Komitəsi bildirib ki, Əbilov heç bir siyasi fəaliyyətdə iştirak etməyib və yeganə “cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaqdır.
Leave a Reply