Daria Bondar: “İstanbul və Türkiyəni çox sevirəm”
Şaxtyor Donetsk klubunun mətbuat katibi Daria Bondar son müsahibəsi ilə Türkiyədə böyük marağa səbəb olub. Arda Turanla etdiyi müsahibə zamanı diqqət çəkən anlarla yadda qalan Bondar, Beşiktaş-Şaxtyor oyununda da böyük maraqla qarşılanıb.
“Türkiyədə bu qədər məşhur olduğumu bilmirdim”
Oyunun sonunda yerli media nümayəndələrinə açıqlamalar verən Bondar, türk azarkeşlərdən çoxsaylı mesajlar aldığını bildirib. İstanbul və Türkiyəni çox sevdiyini vurğulayan Bondar, yeni baş məşqçiləri Arda Turan haqqında da tərif dolu sözlər işlədib.
Türkiyədəki populyarlığı barədə danışan Bondar, “Türkiyədə bu qədər məşhur olduğumu bilmirdim. Bir çox həmkarlarım bunu mənə dedi. İnstaqramdan çoxlu mesajlar alıram. Fənərbaxça, Qalatasaray və Beşiktaş azarkeşləri yazır. Hamısı mənə “Beşiktaş”a gəl, Türkiyəyə gəl, “Qalatasaray”a gəl deyir, amma mən Şaxtyor-u həqiqətən çox sevirəm”, – deyə bildirib.
“Beşiktaş azarkeşləri həqiqətən də inanılmazdır”
Türkiyə liqasını zaman-zaman izlədiyini və Beşiktaş azarkeşlərindən təsirləndiyini qeyd edən Şaxtyor Donetsk klubunun mətbuat katibi, “Türkiyə liqasını bəzən izləyirəm, bəzən izləmirəm. Şaxtyor-da işləyirəm. Bütün vaxtımı bu komanda üçün sərf edirəm. Burada atmosfer əladır. Beşiktaş azarkeşləri həqiqətən də inanılmazdır. Yaxşı şeylər deyə bilərəm. Həqiqətən şoka düşdüm, amma müsbət mənada”, – deyə əlavə edib.
“Arda Turan əfsanədir”
Arda Turandan yüksək qiymətləndirən ukraynalı jurnalist, “Arda Turan komandadakı hər kəsə hörmət edir. İşçilərə də, oyunçulara da hörmət göstərir. Danışır, dəstəkləyir və ruhlandırır. O, əfsanədir və biz onu sevirik. Onunla işlədiyimiz üçün şanslıyıq. O, hər kəs üçün ən doğru sözləri tapacaq. Fərqli yollarla hər kəsi ruhlandıra bilər. O, inanılmaz insandır. Bəzən də aqressivdir. Lakin bizə güc verən onun xarakteridir. Ölkəmiz hazırda tam olaraq buna ehtiyac duyur. O, əfsanədir və çox məşhur biridir. Amma ilk növbədə insan olmağı bacarıb”, – şəklində fikirlərini bölüşüb.
Daria Bondarın son sözü isə “Bura yenidən gələcəyəm” olub.

Leave a Reply