Türkiye müdafiə sənayesində nümayiş etdirdiyi çığır açan yeniliklərlə dünya gündəmində yer almağa davam edir. Avropa mərkəzli fransızdilli “Visegrád Post” nəşri xüsusi reportajında Türkiyənin inkişaf etdirdiyi qeyri-adi bir füzə sisteminə diqqət çəkib. “Heç kim zərbənin nə vaxt gəldiyini görməyəcək” başlıqlı bu məqalədə, Roketsan tərəfindən hazırlanmış və xarici görünüşü ilə adi bir dəniz konteynerini xatırladan füzə buraxılış qurğusu ətraflı araşdırılıb.
Mülki Kamuflyajlı Gizli Silah
“Visegrád Post”un qeyd etdiyi kimi, bu sistemin ən diqqət çəkən tərəfi mülki kamuflyaja malik, “ölümcül bir silah” olmasıdır. Xaricdən adi bir yük konteyneri kimi görünən bu quruluş, əslində Türkiyənin uzun mənzilli hücum gücünü gizli şəkildə daşıyan, tam təchiz edilmiş bir füzə buraxılış qurğusudur. İçərisində dəniz və quru hədəflərinə yüksək dəqiqliklə hücum edə bilən, uzun mənzilli “Quru ATMACA” (ATMACA-UM) raketləri yerləşir.
Fərq Edilmədən Yerləşdirilmə İmkanı
Bu füzə sistemi yük maşınları, qatar vaqonları, ticarət gəmiləri və ya liman ərazilərində asanlıqla yerləşdirilə bilir. Klassik füzə buraxılış qurğularından fərqli olaraq, son dərəcə aşağı qiymətlə istehsal olunur. Ən əhəmiyyətlisi isə, bu tip konteynerlərin beynəlxalq nəqliyyat standartlarına tamamilə uyğun olması sayəsində, demək olar ki, hər nöqtədə fərq edilmədən yerləşdirilə bilməsidir.
“Oyunun Qaydaları Dəyişir”
“Visegrád Post” bu sistemin Türkiyənin hərbi çəkindirmə qabiliyyətinə yeni bir ölçü qazandırdığını vurğulayaraq bildirib: “Bu konteyner görünüşlü füzə sistemi düşmənin müşahidə və kəşfiyyat infrastrukturunu tamamilə qeyri-işlək hala gətirir. Türkiyə, müharibə başlamazdan əvvəl zərbə endirmə qabiliyyəti ilə oyunun qaydalarını dəyişir.”
Regional Balanslara Təsir
Məqalədə qeyd olunur ki, bu texnologiya xüsusilə hibrid müharibə və kiber müharibə dövründə son dərəcə kritik əhəmiyyətə malikdir. Ənənəvi radar sistemləri tərəfindən aşkarlanması demək olar ki, qeyri-mümkün olan bu konteyner buraxılış qurğuları Türkiyəyə görünməz bir hücum qabiliyyəti təqdim edir. “Düşmən müharibənin başladığını anlamadan Türkiyə artıq ilk zərbəni endirmiş olacaq” ifadəsi ilə bu vəziyyət açıq şəkildə vurğulanır. Bu cür texnologiyaların yalnız Türkiyənin deyil, regionun təhlükəsizlik balanslarını da dəyişdirəcək xarakter daşıdığına işarə edilərək, Roketsan-ın AR-GE gücü ilə inkişaf etdirilən bu sistem sayəsində Türkiyənin artıq yalnız müdafiədə deyil, hücum qabiliyyətində də NATO-nun ən dinamik və innovativ ölkələrindən biri mövqeyinə yüksəldiyi bildirilir.
Sistemin Xüsusiyyətləri
Roketsan tərəfindən inkişaf etdirilən və İDEF 2025 Müdafiə Sənayesi Sərgisində ilk dəfə təqdim olunan bu yeni füzə sistemi standart bir yük konteyneri görünüşündə olmasına baxmayaraq, içərisində 400 kilometr mənzilli altı ədəd “Quru ATMACA” (ATMACA-UM) raketi saxlayır. Həm quru, həm də dənizdə yerləşdirmə üçün nəzərdə tutulan gizli silah, kənardan baxıldıqda adi bir 20 və ya 40 futluq gəmi konteyneri kimi görünür. Onun ən diqqət çəkən xüsusiyyəti isə, bu konteynerin tamamilə mülki nəqliyyat standartlarına uyğun olmasıdır. Bu sayədə sistem, yük maşını ilə quruda, qatarla dəmir yolunda və ya gəmi ilə dənizdə diqqət çəkmədən daşına və asanlıqla yerini dəyişə bilər. Beləliklə, o, həm yüksək hərəkətlilik, həm də kamuflyaj qabiliyyətinə malik hərbi platformaya çevrilir. Oxşar sistemlərin son illərdə Çin və Rusiya tərəfindən də inkişaf etdirildiyi məlum olsa da, Roketsan-ın bu modeli Türkiyəni bu sahədə ön sıralara çıxarır. Hazırda yalnız “Quru ATMACA” raketləri ilə təchiz olunmuş sistemin, modul quruluşu sayəsində gələcəkdə fərqli raket növlərinə də inteqrasiya oluna biləcəyi proqnozlaşdırılır.
Leave a Reply