Ben de Pear, “Basement Films” istehsalat şirkətinin təsisçisi olaraq, indiyədək Qəzza mövzusunda üç sənədli film hazırlayıb: “Qəzza”, “İsrailin Reel Ekstremizmi” və “Qəzza: Hücum Altında Həkimlər”.
Lakin Böyük Britaniyanın yayım qurumu BBC, 20 iyun tarixində “tərəfsizlik prinsipinə dair narahatlıqlar”ı əsas gətirərək “Qəzza: Hücum Altında Həkimlər” sənədli filmini yayımlamaqdan imtina etdi. Sənədli film sonradan de Pear-in əvvəlki iş yeri olan Channel 4 kanalında nümayiş olundu.
Prodüser BBC ilə bağlı təcrübələrini bölüşüb:
“Sənədli film üçün əvvəlcə BBC Panorama ilə əməkdaşlıq etdik, lakin kanal iki ay sonra layihədən çəkildi. Açıqlamada isə ‘seçimləri əhatə edən üç film hazırlamalıyıq’ deyildi. Ardından 2024-cü ilin iyun ayından etibarən BBC Eye ilə çalışmağa başladıq. Sənədli filmin 2025-ci ilin yanvarında yayımlanmasını gözləyirdik, lakin yayımlanma tarixi ardıcıl olaraq təxirə salındı. Aprel və may aylarından etibarən sənədli filmin tamamilə yayımlanmayacağı aydın oldu. Bu vəziyyətdən razı deyildik. Biz də layihəni geri aldıq. Sonra Channel 4 sənədli filmi satın aldı.”
Ben de Pear, Qəzzada baş verənləri sənədləşdirməyə davam edəcəklərini və hətta dördüncü bir sənədli film hazırlayacaqlarını deyib:
“İndi dördüncü sənədli film üzərində işləyirik. Mübahisələrə baxmayaraq, Qəzza ilə bağlı işlərimiz davam edəcək. Dördüncü bir sənədli film hazırlayacağıq, lakin bu istehsalat böyük ehtimalla BBC üçün olmayacaq. İlk ‘Qəzza’ sənədli filmimiz bir çox mükafatlara layiq görülüb. ‘İsrailin Reel Ekstremizmi’ adlı ikinci sənədli filmimiz də Zeteo-da yayımlandı. Üçüncüsü isə ‘Qəzza: Hücum Altında Həkimlər’dir.”
İÇƏRİYİN İSRAİLƏ ZƏRƏR VERMƏYƏCƏK ŞƏKİLDƏ TƏNZİMLƏNMƏSİ CƏHDİ
İngilis prodüser yayım qurumunu belə tənqid edib:
“Böyük Britaniyada mətbuat azadlığı üçün bütün şərtlər mövcuddur, lakin yayımcılar niyə bu imkanlardan istifadə etmir, həqiqətən bilmirəm. BBC‘nin sənədli filmi yayımlamama qərarının arxasında siyasi təzyiqin yaratdığı redaksiya narahatlıqları durur. Proqramı qaydalara uyğun şəkildə tamamlamağa çalışarkən qurum rəsmilərinin davamlı olaraq İsrail lobbisinin nə deyəcəyi barədə narahatlandığına, içəriyin balansını ‘onlara (İsrailə) çox zərər verməyəcək’ şəkildə tənzimləməyə cəhd etdiyinə şahid olduq.”
“On illərdir jurnalist və redaktoram, İngilis mediasında heç belə bir proseslə qarşılaşmamışdım. BBC Qəzza haqqında geniş xəbərlər yayımlayıb. Lakin xəbərlərin əksəriyyətində səhv bir balans öz əksini tapıb, müharibə bir-birinə bərabər güclər arasında aparılırmış kimi göstərilib. Xəbərlər sosial mediada görünən həqiqətləri əks etdirmir. Xeyli uşaq və mülki şəxs həlak olub. Bu, simmetrik bir müharibə deyil. BBC bu mövzuda tamamilə istiqamətini itirib.”
BBC ÖZÜNÜ TƏRƏFSİZ HESAB EDİR
BBC sözçüsü isə Qəzza ilə bağlı məzmunlarının tərəfsiz olduğunu müdafiə edib:
“BBC münaqişəni obyektiv şəkildə işıqlandırmağa tam sadiqdir. Bölgədən güclü yayımlar həyata keçirib. Qurum son dəqiqə xəbərləri, davam edən analizlər və araşdırmalarla yanaşı ‘Qəzzada Həyat və Ölüm’ və ‘Qəzza 101’ kimi mükafatlı sənədli filmlər də yayımlayıb. Həkimlərin hekayəsini (De Pear-in sənədli filmini nəzərdə tutur) BBC platformalarında çatdırmaq yollarını tapmaq üçün cəhdlər edilib. Lakin yayımlanmamasında sənədli film müxbiri Ramita Navainin sosial media paylaşımları təsirli oldu. Navai qatıldığı bir proqramda İsraili ‘müharibə cinayətləri törədən, etnik təmizləmə aparan və Fələstinliləri kütləvi şəkildə öldürən quldur dövlət’ kimi xarakterizə edib. BBC-nin sözügedən materialı yayımlaması tərəfsizlik prinsipini təhlükə altına qoyacaqdı.”
BBC keçən fevralda da ‘Qəzza: Müharibə Bölgəsində Necə Sağ Qalmaq Olar’ sənədli filmini yayımladığı üçün üzr istəmişdi. Sənədli film, Qəzzadakı müharibənin uşaqlar üzərindəki təsirindən bəhs edirdi.

Leave a Reply