Cənub-Şərqi Asiyaya ayrılan inkişaf yardımı 2026-cı ildə Qərb hökumətlərinin son ixtisarları səbəbindən 2 milyard dollardan çox azalacaq. Yeni bir hesabatda qeyd edilib ki, 2023-cü ildə 29 milyard dollar təşkil edən inkişaf yardımı gələn il 26,5 milyard dollara enəcək. Bu rəqəmlər pandemiyadan əvvəlki 33 milyard dollarlıq orta göstəricidən milyardlarla dollar azdır.
Həmçinin ikitərəfli maliyyələşmənin də 2023-cü ildəki təxminən 11 milyard dollardan 2026-cı ildə 9 milyard dollara, yəni 20 faiz azalacağı gözlənilir. Bildirilir ki, bu ixtisarlar bölgənin ən kasıb ölkələrinə daha sərt təsir edəcək və sağlamlıq, təhsil, ikitərəfli yardım maliyyəsindən asılı olan vətəndaş cəmiyyəti dəstəyi kimi sosial sektor prioritetləri ən çox itirənlər arasında olacaq.
Alternativlərin azalması
Avropa və Böyük Britaniya tərəfindən edilən ixtisarlar, Rusiyanın Ukraynadakı müharibəsi fonunda NATO üzvlərinin müdafiə xərclərini Ümumi Daxili Məhsulun (ÜDM) 5 faizinə qədər artırmağı planlaşdırması ilə əlaqədar olaraq vəsaitlərin yönləndirilməsi məqsədilə həyata keçirilib.
Avropa İttifaqı və yeddi Avropa hökuməti 2025-2029-cu illər arasında xarici yardımı 17,2 milyard dollar azaldacaq, Böyük Britaniya isə bu il xarici yardım xərclərini illik 7,6 milyard dollar azaltacağını açıqlayıb.
Ən böyük narahatlıq ABŞ-dan qaynaqlanır; bu ilin əvvəlində ABŞ prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırıb və xarici yardımı təxminən 60 milyard dollar azaldıb. Daha yaxınlarda ABŞ Senatı xərclərdən əlavə 8 milyard dollar geri çəkmək üçün addımlar atıb.
Mütəxəssislər bildirirlər ki, Çin kimi regiona daha yaxın hökumətlər inkişaf yardımı sahəsində getdikcə daha mühüm rol oynayacaqlar. “Cənub-Şərqi Asiyanın inkişaf yardımı coğrafiyasındakı cazibə mərkəzi Şərqə, xüsusən də Pekinə, həmçinin Tokio və Seula doğru yönələcək. ABŞ ilə ticarət əlaqələrinin potensial zəifləməsi ilə birlikdə, Cənub-Şərqi Asiya ölkələri öz inkişaflarını dəstəkləmək üçün daha az alternativlə qarşılaşmaq riski ilə üz-üzə qalacaqlar.”
COVID-19 pandemiyası dövründə kəskin geriləmə yaşadıqdan sonra, Çinin xarici inkişaf yardımı 2023-cü ildə 4,9 milyard dollara çataraq yenidən artmağa başlayıb.
Lakin onun xərcləri sosial sektor məsələlərindən daha çox dəmir yolları və limanlar kimi infrastruktur layihələrinə yönəlmişdir. Pekinin ticari dərəcələrlə verilən qeyri-güzəştli kreditlərə üstünlük verməsi Cənub-Şərqi Asiyanın orta və yüksək gəlirli ölkələrinə fayda versə də, Kamboca, Myanma, Laos və Şərqi Timor kimi ən kasıb ölkələri üçün daha az faydalıdır.
Çin və Dünya Bankı, Asiya İnkişaf Bankı kimi qurumlar Cənub-Şərqi Asiyada daha mühüm rol oynasa da, ekspertlərin fikrincə, Yaponiya və Cənubi Koreyanın bu boşluqları necə dolduracağı aydın deyil.
Yaponiya, Cənubi Koreya
Hər iki ölkə inkişaf yardımını vətəndaş cəmiyyəti layihələrini əhatə edəcək şəkildə genişləndirib. Yaponiya və Koreyanın inkişaf yardımı ənənəvi Qərb yardımından daha az “dəyərlərə əsaslanan” olsa da, Yaponiya xüsusilə idarəetmə və vətəndaş cəmiyyəti sektorlarına yönəlir; 2023-cü ildə demokratiya və həssas miqrantların qorunmasına yönəlmiş layihələr həyata keçirilib.
Eyni şəkildə, Cənubi Koreya da bu yaxınlarda Vyetnam məhkəmələrinin şəffaflığını artırmaq və qadınları gender əsaslı zorakılıqdan qorumaq üçün layihələrə dəstək verib, beləliklə, Yaponiya və Koreya inkişaf proqramlarının yanaşması yalnız infrastrukturu aşaraq inkişaf edir.
Lakin Tokio və Seul da, Avropa kimi, ABŞ prezidenti Donald Tramp administrasiyasının müdafiə büdcələrini artırmağa yönəlmiş oxşar təzyiqləri ilə üzləşir ki, bu da onların inkişaf yardımı vəsaitlərini azaldır.
Yokohoma Milli Universitetinin Beynəlxalq Sosial Elmlər Fakültəsinin professoru, Yaponiyanın Qərbin buraxdığı boşluqları doldura biləcəyi barədə daha “pessimist” olduğunu bildirib. O qeyd edib ki, Tokio müdafiə xərclərini tarixi yüksək səviyyəyə qaldırdıqca və “əvvəlcə Yaponiya” şüarlı sağçı partiya hökumətə vəsaitləri ölkə daxilinə yönəltməsi üçün təzyiq göstərdikcə kəsintilər belə edilə bilər.
“Yaponiyanın böyük büdcə kəsirini və vergi artımlarına ictimai etirazı nəzərə alsaq, yardım büdcəsinin müdafiə xərclərini maliyyələşdirmək üçün qurban verilməsi ehtimalı yüksəkdir,” deyə o vurğulayıb.

Leave a Reply