Category: Gündəm

  • Hakim Əziz Orucovun erkən azadlığına rədd cavabı verdi

    Hakim Əziz Orucovun erkən azadlığına rədd cavabı verdi

    “Kanal 13” rəhbəri Əziz Orucovun azadlıq vəsatəti təmin edilməyib

    Sentyabrın 25-də Suraxanı Rayon Məhkəməsində “Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad olunması barədə verdiyi vəsatətə baxılıb. Məhkəmə iclasının nəticələrinə əsasən, hakim müstəqil media nümayəndəsinin azadlığa buraxılması ilə bağlı müraciətini təmin etməyib. Ailəsinin məlumatına görə, cəzaçəkmə müəssisəsinin müsbət rəyinə və Əziz Orucovun davamlı nevroloji müalicə almasına baxmayaraq, Ədliyyə Nazirliyinin mənfi mülahizəsi hakimin qərarında həlledici rol oynayıb. Bu qərarla Əziz Orucovun müəyyən olunmuş müddətdən əvvəl azadlığa çıxması mümkünsüz hala gəlib.

    Həbsin səbəbləri və cəza müddəti

    Jurnalistin həbsinə az müddət qalır. Onun azadlığa çıxmasına cəmi 2 ay 2 gün qalıb. Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov 2023-cü il noyabrın 27-də “qanunsuz tikinti” ittihamı ilə həbs edilmişdi. Bu il fevralın 26-da Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Məsələ ilə bağlı açıqlama verən jurnalist ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. Onun həbsi müstəqil jurnalistika fəaliyyətinə qarşı təzyiq kimi qiymətləndirilir.

    24 saat

  • 111 il sonra nəhəng xəzinənin sirri açıldı

    111 il sonra nəhəng xəzinənin sirri açıldı

    BATAN HMHS BRİTANNİCDƏN HEyrətamiz SUALTI KƏŞFLƏR

    Arxeoloqlar Birinci Dünya müharibəsi zamanı batan “Titanik”in unudulmuş bacı gəmisi HMHS Britannicın qalıqlarında nəfəskəsən bir sualtı kəşfə imza atıblar. Yunanıstan Mədəniyyət Nazirliyi may ayında həyata keçirilən birhəftəlik dərin dəniz əməliyyatı nəticəsində gəmidən qiymətli artefaktları üzə çıxarıb.

    YÜZYILLIK SƏSSİZLİYƏ SON QOYULDU

    “Titanik”i də inşa edən “White Star Line” şirkəti tərəfindən 1914-cü ildə dəbdəbəli sərnişin gəmisi kimi layihələndirilən Britannic, müharibə illərində hospital gəmisinə çevrilmişdi. 1916-cı il noyabrın 12-də yaralı əsgərləri daşımaq üçün son səfərinə çıxarkən Egey dənizində Alman dəniz minasına dəyərək cəmi 55 dəqiqə ərzində sulara qərq olub. Gəmidəki 1060 nəfərdən 30-u, xüsusən də xilasedici qayıqların hələ də dönən nəhəng pərvanələrə çəkilməsi səbəbindən həlak olmuşdu.

    Bu ilki dalış zamanı gəminin zəngi, liman tərəfindəki naviqasiya fənəri, gümüş suyuna çəkilmiş birinci sinif servis nimçələri, dəbdəbəli türk hamamından keramika plitələri, ikinci sinif kayutlarından bir cüt sərnişin binoklu və əla vəziyyətdə mühafizə olunmuş porselen lavabo tapılıb. Lavabonun üzərində gəminin bağlı olduğu şirkəti simvolizə edən parlaq mavi “White Star Line” damğası diqqət çəkib.

    ÇƏTİN ƏMƏLİYYAT İCRA OLUNDU

    Qapalı dövrə dalğıclıq avadanlığı istifadə edən 11 nəfərlik peşəkar qrup təxminən 115 metr dərinlikdə, güclü cərəyanlar və məhdud görmə imkanı şəraitində işləyib. Bu xüsusi avadanlıq dalğıclara nəfəslərindəki karbon qazını təmizləyib oksigen əlavə edərək, qabarcıq yaratmadan daha uzun müddət su altında qalmağa imkan verib.

    Rəsmilər, ilkin siyahıda olan bəzi artefaktların yerləşməsi və ya vəziyyəti səbəbindən xilas edilə bilmədiyini açıqlayıblar.

    Üzə çıxarılan parçalar dəniz canlılarından təmizləndikdən sonra təhlükəsiz konteynerlərə yerləşdirilib və mühafizə prosesinin davam edəcəyi Afinadakı Avropa Universitetləri Birliyinin (EUA) laboratoriyalarına göndərilib. Artefaktlar, yalnız pas və yüngül aşınma izləri daşımasına baxmayaraq, əsasən salamat qalmışdır.

    MUZEYDƏ NÜMAYİŞ ETDİRİLƏCƏK

    Britannicdən çıxarılan əvəzsiz qalıqlar Afinada, Pire Limanında açılması planlaşdırılan Sualtı Antik Əşyalar Muzeyinin daimi kolleksiyasında sərgilənəcək. Muzeyin Birinci Dünya müharibəsi bölməsində Britannicin “üzən saray” və “müharibə hospitalı” kimi daşıdığı ikili kimliyi vurğulanacaq.

    TRAQEDİYA…

    265 metr uzunluğa, 27 metr enə və 48.158 ümumi tutuma malik Britannic, dövrünün ən böyük Britaniya gəmisi idi. 1915-ci il dekabrın 23-də Liverpuldan ilk səfərinə çıxan gəmi, 1916-cı ildəki faciədən sonra 1975-ci ildə məşhur Fransız tədqiqatçısı Jak Kusto tərəfindən aşkar edilib. Səthdən təxminən 390 fut (115 metr) dərinlikdə, sancaq tərəfinə yıxılmış vəziyyətdə tapılan gəmi qalıqları, böyük ölçüdə salamat qalması ilə diqqət çəkir.

    24 saat

  • Azərbaycan-Maldiv viza rejimi ləğv edildi

    Azərbaycan-Maldiv viza rejimi ləğv edildi

    Azərbaycan və Maldiv arasında vizasız gediş-gəliş rejimi tətbiq edildi

    AzərbaycanMaldiv Respublikası arasında ümumi vətəndaş pasportu sahibləri üçün viza tələbi ləğv olunub. Bu qərar iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək və qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

    Nyu-Yorkda imzalanan əhəmiyyətli saziş

    Xarici İşlər Nazirliyinin “X” sosial media platformasındakı rəsmi səhifəsində verilən məlumata görə, AzərbaycanMaldiv xarici işlər nazirləri Nyu-Yorkda keçirilən görüşdə “ümumi vətəndaş pasportu sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”i imzalayıblar. Bu sənədə əsasən, hər iki ölkənin vətəndaşları digər ölkənin ərazisində 90 günə qədər viza tələb olunmadan qala biləcəklər. Bu addım qarşılıqlı səyahətləri asanlaşdırmaqla yanaşı, turizm və mədəniyyət mübadiləsinin inkişafına da mühüm töhfə verəcək.

    Əlaqələrin genişlənməsi və birbaşa uçuşlar

    Qeyd edək ki, tərəflər arasında vizasız gediş-gəliş rejimi ilk dəfə tətbiq olunmur. Ötən il diplomatik və xidməti pasport sahibləri artıq viza tələbindən azad edilmişdilər. Bu son saziş həmin münasibətlərin məntiqi davamıdır və xalqlararası əlaqələrin genişlənməsində yeni mərhələdir. Turizm sektoru ilə tanınan ada dövləti olan Maldivə ötən ilin noyabrından etibarən Azərbaycanın milli hava yolları şirkəti AZAL-ın Bakıdan paytaxt Maleyə birbaşa uçuşlar həyata keçirməsi də bu əlaqələrin inkişafına ciddi dəstək verir. Birbaşa aviareyslər yeni viza rejiminin gətirdiyi imkanları daha da artıracaq və ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək.

    24 saat

  • Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”

    Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”

    “Arada bir televiziya kanallarında Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq”

    Həbsxanalardakı sistemli işgəncə və korrupsiya faktları ilə bağlı növbəti müşahidələrimi yazmaq qərarına gəldim. Budəfəki hadisələr Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında “Şüvəlan türməsi” adlandırılan 3 saylı İstintaq Təcridxanasında baş verir.

    Mən bu həbsxanada saxlanılmamışam, amma orada saxlanılan 30-dan artıq məhbusdan müsahibələr almışam, məlumatlar əldə etmişəm, faktları dəqiqləşdirmişəm və onların əsasında bu yazını hazırlamışam. Bu məlumatlar 2023-cü ilin dekabr ayından 2025-ci il may ayına qədər olan dövrü əhatə edir. Müşahidələrim bir il yarım davam edib. Həbsdə olduğum dövrdə, demək olar, bütün həbsxanalardakı vəziyyətlə bağlı məlumatlar əldə etmişəm. Elə bir müəssisə yoxdur ki, orada işgəncə və korrupsiya halları olmasın. Bəzilərində az, bəzilərində çox. Məhbusların dediklərindən bu qənaətə gəlmişəm ki, “Şüvəlan türməsi” Azərbaycanda ən ağır işgəncələrin və ən total korrupsiyanın həyata keçirildiyi 3 həbsxanadan biridir.

    “Şüvəlan türməsi” iki hissədən ibarətdir. Məhbuslar şərti olaraq onları “aşağı” və “yuxarı” hissə adlandırırlar. “Aşağı hissə” hərəsi bir mərtəbəli olmaqla üç korpusdan, “yuxarı hissə” isə üç mərtəbəli olmaqla bir korpusdan ibarətdir. “Aşağı hissə”də əksəriyyət kasıb, kimsəsiz, yaxud rüşvət vermək istəməyən məhbuslar, “yuxarı hissə”də isə pul verib nisbətən yaxşı şəraitdə, adambaşına bir çarpayı olan kameralarda yer alan və ya ehtiyat etdikləri siyasi məhbuslar, nüfuzlu şəxslər saxlanılır. Yəni, burada məhbuslar təbəqələrə bölünüblər: Aşağı insan, ali insan (şudralar, brahmanlar). Əsl faşizm. Amma həqiqi gestapo rejimi hələ qabaqdadır. Həbsxananın üç mərtəbəli korpusuna yaxşı, imtiyazlı şəraitinə görə məhbuslar həm də “Titanik” deyirlər.

    Bu yazıda “Şüvəlan türməsi”ndəki 3 əsas problemdən danışacağam: sistemli işgəncələr, korrupsiya halları və məhbusların ağır saxlanma şəraiti.

    Həbsxanalardakı işgəncələrin icrasını, əsasən, rəis müavinləri həyata keçirir. Bakı İstintaq Təcridxanasında rejim nəzarət üzrə müavin Cavid Güləliyev və əməliyyat üzrə müavin Ceyhun Hacıyevin məhbusları döydüyü kimi. Şüvəlan təcridxanasında da işgəncələri rejim nəzarət üzrə rəis müavini Rasim adlı polkovnik-leytenant və əməliyyat üzrə rəis müavini, 1991-ci il təvəllüdlü İlkin Şirinov adlı mayor həyata keçirir.

    Həbsxana rəisləri, müavinləri arasında yarış gedir. Kim daha qəddar, yeni işgəncə forması tətbiq edir? Hərəsi bir metodla ad-san qazanıb. Rəis müavini İlkin Şirinov da bu mənada məşhurdur. Onun ən seçilən işgəncə forması məhbusun qulağının pərdəsini partlatmaqdır. Yəni, bir insanı ömürlük kar etmək. İlkin Şirinovun 2 metrə yaxın boyu və idman cüssəli bədəni var. O, dustaqlara ən çox böyük əlləri ilə qulağından şapalaq vurur. Məhbuslar deyir ki, rəis müavini şapalaq vuranda dustaq ağzını açıq saxlamasa, qulağı partlayır. İlkin məhbusları hədələyən zaman fəxrlə deyir ki, “mən indiyə qədər 100-dən çox məhbusun qulağını partlatmışam. Elə eləmə səni də o vəziyyətə salım”. İlkin Şirinovun bu metodunu eşidən dustaqlar qulaqlarının partlamaması üçün rəis müavini şapalaq vuranda ağızlarını açıq saxlayırlar.

    İlkin Şirinovun digər məşhur isgəncə növü dustaqları otağındakı 1 metr hündürlüyündəki şkafa salıb saatlarla orada saxlamaqdır.

    Rasim adlı polkovnik-leytenant isə ən çox məhbusları korpusların girişindəki dəmir barmaqlıqlardan asır, saatlarla orada saxlayır.

    “Elə bir gün yoxdur ki, ən azı bir nəfər döyülməsin. Ən azı bir nəfər aşağı korpusların birləşdiyi yerlərdəki dəmir “reşotka”dan qandalla asılmasın”, – dustaqlardan biri deyir.

    Bu, o deməkdir ki, məlumatı topladığım 1 il 6 ay ərzində “Şüvəlan türməsi”ndə ən azı 550 işgəncə halı baş verib.

    Rasim adlı polkovnik-leytenantın növbəti işgəncə metodu dustaqları toplu şəkildə plastik boru ilə döyməkdir. Məsələn, məhbuslar bildirir ki, dəhlizlərdə kimsə kiməsə salam versə, yaxud nəsə soruşsa və ya kimsə nəfəslikdən axşam başqa kamera ilə danışsa, bütün kameradakı məhbusları çıxarıb 2-3 santimetr diametri olan plastik boru ilə hamısını döyürlər.

    “Şüvəlan türməsi”nin digər işgəncə kralı 1-ci korpusun rejim rəisi, təxminən 40 yaşında Orxan adlı mayordur. O da rəis müavinləri kimi dustaqları döyüb sonra dəmir barmaqlıqlardan asır. Təcridxanada hər korpusda 18 kamera var. Qayda ilə hər korpusda 70-80 nəfər saxlanılmalı olduğu halda, 1-ci korpusda 250 nəfər saxlanılır. Hansısa məhbus bu dözülməz şəraitə etiraz edirsə, Orxan və ya rəis müavinləri onu möhkəm döyüb sonra da qandalla dəmir barmaqlıqlardan asırlar. Əgər kimsə bu işgəncədən “peşman olursa”, tez canını qurtarmaq istəyirsə, rejim rəisinə 50-100 manat, bəzən də daha çox pul verib xilas ola bilir.

    Məhbuslar deyir ki, həbsxana rəhbərliyinin hər addımı, hər oyunu dustaqlardan pul qoparmaq məqsədi daşıyır. Bu oyunlardan biri də budur: Təcridxanaya yeni gələn məhbusları hədələyirlər ki, səni 35 nəfərlik kameraya salacağıq, istəmirsənsə, 400-500 manat gətir. Məsələn, bu kameralardan biri 1-ci korpusun 5-ci kamerasıdır. Orada 34-35 nəfər saxlanılır. Kameranın ölçüsü isə 35 kv.metrdir.

    Təhlükəsizlik səbəbilə məhbusların heç birinin adını qeyd edə bilmirəm.

    “Adımı bilsələr, məni döyə-döyə öldürərlər. Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir. Öldürərlər və heç kim buna görə məsuliyyət daşımaz, cəza çəkməz”, – məhbus deyir.

    Bu səbəbdən məhbusların açıqlamalarını anonim təqdim edirəm.

    “Mən 10 ay 35 nəfərlik kamerada saxlanıldım. Bir neçə dəfə etiraz etdim ki, yerimi dəyişin, burada yaşamaq olmur. Hər dəfə İlkin və Rasim məni döydü. Ondan sonra qorxumdan səsimi çıxarmadım. Orada qalanda yatmağı yaddan çıxarmışdıq. Hərəyə bir plastik emulsiya vedrəsi vermişdilər. Ən xoşbəxt an o olurdu ki, hansısa divarın yanında yer tapıb, vedrəni yerə qoyub üstündə oturasan və divara söykənib mürgüləyəsən. Çarpayıda yatmaq istəyirsənsə, 500-1000 manatından keçib başqa kameraya köçürülə bilərsən”,  – təqsirləndirilən şəxslərdən biri bildirib.

    Keçək yazının əvvəlində bəhs etdiyimiz ikinci problemə – korrupsiyaya. Bu həbsxanada hər addım puldur. Müəssisəyə gələn məhbusa ilk olaraq rəis müavini Rasim pullu kameralar təklif edir. Aşağı korpuslardakı kameralardan bəzilərini təmir ediblər. Onları 400-500, bəzən 700 manata təklif edirlər. Məsələn, 1-ci korpusun 14-cü kamerasının yeri kafelli, sanitar qovşağının üstü bağlıdır. Ona görə oranı adambaşı 700 manata satırlar. Məhbusun vəziyyəti də burada böyük rol oynayır. Pullu, yaxud böyük yeyinti ittihamı ilə həbs olunubsa, ona “Titanik”də yer təklif edirlər. Orada da qiymətlər fərqlidir. Məsələn, birinci mərtəbə 700-800 manat, dəniz mənzərəli 3-cü mərtəbə isə 1500-2000 manatdır.

    Bu həbsxanalarda pullu televiziya kanallarına baxmaq istəyirsənsə, bunun da “yaxşı xərci” var. Kanal üçün 40-50 manat olan avadanlıq orada 150 manata verilir. Aylıq 10 manat ödəniş əvəzinə də yenə 150 manat ödəniş alınır. Əlavə olaraq da pullu televiziya kanallarına baxmaq istəyən kameraları məcbur edirlər ki, işlənmiş, köhnə televizorları həbsxana rejimindən 300 manat verib alsınlar.

    Yay aylarında bu müəssisədə yaşamaq lap işgəncədir. Çünki at tövləsi olmuş kameralarda nə havalandırma sistemi var, nə də sərinkeş. Üstəlik günün ən isti vaxtlarında nəfəslik bağlı qalır, yalnız gecələr açılır. İstidən məhbusların ürəyi sıxılır. Nəfəs almaqda ciddi çətinlik çəkirlər, hətta huşunu itirənlər olur. Nəfəsliyin açılmasını istəyəndə də, rejim rəisləri dustaqlara deyirlər ki, ancaq rəisdən – Cəlil müəllimdən (red.: Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasının rəisidir) icazə almaq lazımdır. Bunun da aylıq xərci 500 manatdır.

    “Şüvəlan türməsi”ndəki üçüncü ən ciddi problem saxlanma şəraitidir. Təcridxanaya gələn dustağın ilk qarşılaşdığı yer “şmon” deyilən bölmədir. Orada məhbusları yoxlayırlar ki, üstlərində qeyri-qanuni əşya olmasın. Amma məqsəd həm də pul qoparmaqdır. Kimin üstündə pul varsa, onun böyük hissəsini əlindən alırlar. Sonra məhbus karantin deyilən yerə aparılır. Burada dustaqları qeyri-insani şəraitdə saxlayırlar. Dustaqlardan biri deyir ki, onu 7-8 kvadrat metr ərazisi olan, əslində 2 nəfərlik kameraya salıblar, amma orada 9 nəfər adam olub:

    “Belə yerdə saxlamağın məqsədi də puldur. Məhbus imkanına uyğun pul verib oradan çıxsın. Mən gecəni ayaq üstə keçirdim”.

    Başqa bir məhbus deyir ki, aşağı korpuslardakı kameralarda şərait acınacaqlıdır. Çarpayılar 70-80-ci illərdən qalıb:

    “Arada bir kanallarda Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq. Döşəklər on illərdir təmizlənmir, dəyişdirilmir. Qan, çirk, ləkə, ifrazat, infeksiya. Mən qaldığım kamerada 14 çarpayı var idi. Hamısı bir-birinə birləşdirilmişdi. Kim harada gəldi yatırdı, gigiyena yoxdur. Üstəlik kamerada 24 nəfər qalırdıq. Hamı növbə ilə yatır. 14 nəfər yatır, digərləri oyaq qalır. Onlar da gündüz yatır. Beləliklə, bir gün gecə, bir gün gündüz yatırıq. Buna görə də hamının yuxu rejimi pozulub. Bu da dustaqların sağlamlığına, psixikasına təsir edir, ciddi fəsadlar yaradır”.

    Dustaqlardan biri deyir ki, kameralarda hər cür həşərat tapmaq olar:

    “Tarakan, böcəklər, siçan, siçovul, hətta ilanlar olur. Kameralarda tualetlərin üstü açıqdır. Bu da antisanitariya şəraiti deməkdir. Bağırsaq çöpünün kameraya yayılması deməkdir”.

    Məhbuslar havasız şəraitdə saxlanılırlar. Kameralarda yalnız balaca bir pəncərə var, ona görə təmiz hava olmur. “Şüvəlan türməsi”ndə gəzinti də problemdir.

    Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15-ci maddəsinə əsasən, Tutulmuş və ya həbs edilmiş şəxslər  hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmalıdır.

    Amma “Şüvəlan türməsi”ndə bu müddət maksimum yarım saatdır. Hətta bəzən 5 dəqiqə açıq havada qalmağa imkan verirlər. Kim çox gəzmək istəyirsə, gərək rejim rəisinə pul versin.

    Dustaqlara verilən yeməklər də çox pisdir. Məhbuslar deyir ki, verilən yeməkləri yemək mümkün deyil. Ona görə də yeməyin içindən noxudları, yaxud olanda toyuq ətini götürüb, suyunu atıb, onları yenidən bişirirlər. Ən imkansız məhbuslar belə bu yeməkləri yeyə bilmir.

    Məhbuslardan biri deyir ki, “Şüvəlan türməsi”ndə dustaqlar insan kimi yaşamır:

    “Fikirləşirəm ki, dünyanın heç bir ölkəsində bu dövrdə belə bir həbsxana olmaz. Heç heyvana belə münasibət göstərmək olmaz. Bu, əslində çox əvvəllər at tövləsi olub. Amma indi burada heç heyvan da qalmaz”.

    Təcridxananın həyətində rəisin ferması da var. Onun şəxsi heyvanları orada saxlanılır: müxtəlif növ quşlar, toyuq-cücə, qoyun-quzu, donuz saxlanılır. Bu fermaya da məhbuslar qulluq edir.

    Məhbuslar deyir ki, yoxlama, Ombudsman təcridxanaya gələndə ancaq “yuxarı hissə”yə – “Titanik” deyilən hissəyə aparılır:

    “Bizim vəziyyətimizlə heç kim maraqlanmır. Ona görə həbsxana rəisi, müavinləri, rejim rəisləri dustaqların başına nə oyun istəyirsə, açır, hansı işgəncəni istəyirsə, verirlər. Burada vəziyyət belə ağır, dözülməz və özbaşınadır”.

    Göründüyü kimi, “Şüvəlan türməsi”ndə belə bir ayrıseçkilik, qanunsuzluq, faşist-gestapo rejimi hökm sürür. Bu müəssisədən də işgəncə kralları siyahısına düşən əməkdaşlar var. Ümumilikdə isə Penitensiar Xidmətin işgəncə kralları siyahısı hər dəfə genişlənir:

    Cavid Güləliyev – Bakı İstintaq Təcridxanası

    Ceyhun Hacıyev – Bakı İstintaq Təcridxanası

    İlkin Şirinov –  3 saylı İstintaq Təcridxanası

    Rasim adlı polkovnik-leytenant – 3 saylı İstintaq Təcridxanası

    Orxan adlı mayor – 3 saylı İstintaq Təcridxanası

    Pərviz Quliyev (gizir) – Bakı İstintaq Təcridxanası

    Kənan Orucov (rəis müavini) – 7 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini

     

    Yazının müəllifi: Ülvi Həsənli, “Abzas Media”nın direktoru

  • Miqrasiya İdarəsinə qarşı damdan atəş: 1 ölü, 2 ağır yaralı

    Miqrasiya İdarəsinə qarşı damdan atəş: 1 ölü, 2 ağır yaralı

    ABŞ-ın Dallas ştatında Dallas snayperi böhranı yaşanıb. Damına çıxan bir şəxs, Miqrasiya və Gömrük İdarəsi (ICE) bürosunu snayper tüfəngi ilə hədəf alıb. Hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə ağır yaralanıb.

    Səlahiyyətlilər, hücumçunun damda mövqelənərək təsadüfi atəş açdığını və güllələrin həm mərkəzi, həm də yaxınlıqdakı mülki bir avtomobili vurduğunu açıqlayıb. Hücumçunun öz silahı ilə intihar etdiyi bildirilir. Hadisə zamanı hüquq-mühafizə orqanlarından xəsarət alan olmayıb.

    SİYASİ MOTİVASİYA

    FTB direktoru Kaş Patel, hadisə yerində tapılan və üzərində “ANTI-ICE” yazılan sursatın fotosunu sosial mediada paylaşıb. O, şəxsin miqrasiya idarəsinə qarşı terror aktı törətdiyini və hücumçunun “radikal solçu” olduğunu bildirib.

    Patel, “İstintaq davam edir, lakin ilkin tapıntılar bu hücumun ideoloji motivasiyaya əsaslandığını göstərir. Bu cür iyrənc və siyasi məqsədli ICE hücumu tək-tək hadisələr deyil” deyib.

    ICE rəsmiləri, hücumda vurulan üç nəfərdən birinin öldüyünü, digər ikisinin kritik vəziyyətdə olduğunu açıqlayıb. Meksika Xarici İşlər Nazirliyi yaralılardan birinin meksikalı olduğunu duyurub.

    Hücumçunun kimliyi 29 yaşlı Coşua Can (Joshua Jahn) olaraq açıqlanıb. CBS News-in xəbərinə görə, Can əvvəllər marixuana ilə bağlı cinayətlərdən məhkum olunmuşdu.

    FTB agenti Co Rotrok (Joe Rothrock), hücumçunun yanında tapılan güllələrin gömrük və miqrasiya idarəsi əleyhinə mesajlar ehtiva etdiyini qeyd edərək, “Bu hücum siyasi zorakılığın ən yeni nümunəsidir” deyib.

    TƏKRARLANAN HÜCUMLAR VƏ REAKSİYALAR

    Dallas snayperi hadisəsi ilə bağlı Dallas polisi, hücumçunun ICE binasına bitişik bir binadan atəş açdığını təsdiqləyib. Bu, son aylarda ICE mərkəzlərinə qarşı törədilən çoxsaylı hücumlardan biri olub. Ekspertlər bu cür ICE hücumunun arxasında dayanan motivasiyaları diqqətlə araşdırırlar.

    İyul ayında Texasın Alvarado şəhərində bir ICE obyektində baş verən atışmada bir polis əməkdaşı yaralanmışdı. San Antonio şəhərindəki ICE ofisi də keçən ay güllələrin hədəfi olmuşdu.

    ABŞ prezidenti Donald Tramp, ICE işçilərinə qarşı təhdidlərin artdığını bildirərək, “radikal sol demokratların hüquq-mühafizə orqanlarını davamlı olaraq şeytanlaşdırdığını” iddia edib. Həm Respublikaçı, həm də Demokrat siyasətçilər hücumu pisləyiblər. Texas senatoru Ted Kruz (Ted Cruz) isə “Siyasi rəqibləriniz nasist deyil. Ayrılıqçı ritorikanın faciəvi nəticələri olur” deyib. Qeyd etmək lazımdır ki, siyasi və ideoloji gərginliklər bəzən müxtəlif radikal qruplar tərəfindən, o cümlədən sələfi cərəyanları kimi dini ekstremistlər tərəfindən də zorakılıq aktlarına çevrilə bilər.

    24 saat

  • 2026-cı ildə bu təqaüdçülərin pensiyası kəsiləcək

    2026-cı ildə bu təqaüdçülərin pensiyası kəsiləcək

    Almaniyada Təqaüd Ödənişlərində Yeni Era: Nağd Pul Dövrü Sona Çatır

    Almaniyada təqaüdçülərə on illərdir tətbiq edilən nağd maaş ödənişi sistemi 2026-cı il yanvarın 1-dən etibarən dayandırılacaq. Deutsche Post pensiya ödənişlərinin kassalardan nağd verilməsi praktikasını tamamilə ləğv edərək, vəsaitlərin yalnız bank hesabı vasitəsilə həyata keçiriləcəyini elan etdi.

    Bir Dönəm Başlayır

    Hal-hazırda Deutsche Post kassalarından pensiyasını nağd şəkildə alanların sayı bir neçə min nəfərlə məhdudlaşdırılsa da, bu xidmət uzun illərdir bir çox yaşlı vətəndaş üçün gündəlik həyatın ayrılmaz hissəsi idi. Yeni tənzimləmə ilə nağd ödəniş seçimi ləğv ediləcək, hesabı olmayan pensiyaçılar üçün ödənişlər isə müvəqqəti olaraq dayandırılacaq. Səlahiyyətli qurumlar bildirib ki, haqq qazanılmış pensiyalar qətiyyən ləğv edilməyəcək, lakin lazımi hesab açılana qədər ödənişlər həyata keçirilə bilməyəcək.

    Kimlər Təsirə Məruz Qalacaq?

    Bu dəyişiklikdən ən çox yaşlı təqaüdçülər, evsizlər, səhhət problemləri səbəbindən bank əməliyyatlarını yerinə yetirə bilməyənlər və hesabları üzərinə həbs qoyulmuş şəxslər təsirlənəcək. Almaniya Təqaüd Sığortası bu vəziyyətdə olan şəxslərə zərər görməmələri üçün tez bir zamanda bank hesabı açmağı tövsiyə edir.

    Hər Kəsin Haqqı Var

    Avropa Birliyi vətəndaşı olan hər kəsin qanuni olaraq əsas bank hesabı (Basiskonto) açmaq hüququ var. Bu hesablarda kredit limiti olmasa da, köçürmə, avtomatik ödəniş tapşırığı və kartla ödəniş kimi əsas xidmətlər təmin edilir. Alternativ olaraq, pensiyalar etibarlı bir ailə üzvünün hesabına da yönləndirilə bilər. Bunun üçün Deutsche Post-un Rentenservice səhifəsindən “Antrag auf unbare Zahlung einer Rente” (Nağdsız ödəniş üçün ərizə) formunu dolduraraq Berlinin Rentenservice mərkəzinə göndərmək tələb olunur.

    Məcburi Keçid Başlayır

    2026-cı ildən etibarən bütün təqaüdçülər üçün bank hesabı şərti məcburi olacaq. Beləliklə, Almaniyada nağd maaş dövrü tamamilə sona çatacaq, rəqəmsal və bankçılıq infrastrukturu vasitəsilə ödəniş sisteminə keçid təmin ediləcək.

    24 saat

  • Qızılı 12 il ən dəyərsiz metal edən sirr

    Qızılı 12 il ən dəyərsiz metal edən sirr

    Mansa Musa, 1312-ci ildən 1337-ci ilə qədər Mali taxtında hakimiyyətdə olub. Onun dövründə Mali İmperiyası Afrikanın ən zəngin dövlətlərindən birinə çevrilmişdi. Bugünkü Mali ilə yanaşı, Seneqal, Qambiya, Qvineya, Niger, Nigeriya, Çad, Mavritaniya və Burkina Faso ərazilərinə yayılan bu imperiya, Qərbi Afrika ilə Şimali Afrika arasındakı ən mühüm ticarət yollarına nəzarət edirdi.

    İmperiyanın İqtisadi Qüdrəti

    Krallığın əsas sərvəti, ərazilərindəki nəhəng qızıl və duz ehtiyatlarından qaynaqlanırdı. 14-cü əsrdə dünyadakı qızıl istehsalının demək olar ki, yarısının Malidən təmin edildiyi güman edilir. Bu sayədə imperiya yalnız regional deyil, qlobal ticarətdə də təsirli bir qüvvəyə çevrildi və böyük iqtisadi üstünlüklərə sahib oldu.

    Timbuktunun Mədəni Yüksəlişi

    Mansa Musa dövründə Timbuktu şəhəri təkcə ticarətin deyil, həm də mədəniyyət və təhsilin mərkəzinə çevrildi. Musa, şəhərin inşası üçün Yaxın Şərq və Afrikanın müxtəlif bölgələrindən memarlar gətirtdi. Bu dövrdə inşa edilən məscidlər, məktəblər və kitabxanalar şəhərin şöhrətini artırdı. Sankore Məscidi qısa müddətdə təhsil mərkəzinə çevrildi və daha sonra Sankore Universitetinin təməlləri qoyuldu. Musa, İslam dünyasının dörd bir yanından alimləri ölkəsinə dəvət etdi, beləliklə Timbuktu dövrün ən nüfuzlu bilik mərkəzlərindən birinə çevrildi.

    Tarixin Ən Səxavətli Həcc Səfəri

    Mansa Musa’nın şöhrətini bütün dünyaya yayan hadisə isə 1324-cü ildə Məkkəyə etdiyi həcc səfəri oldu. Mənbələrə görə Musanı bu 8.850 kilometrlik səfərdə 72 min nəfərlik bir karvan müşayiət edirdi. Yüzlərlə dəvə, təxminən 1 milyard dollar dəyərində qızıl daşıyırdı. Musa, keçdiyi şəhərlərdə qızıl paylayaraq yoxsullara yardım etdi, məscidlər tikdirdi. Bəzi rəvayətlərə görə səfər boyunca 52 yeni məscid inşa etdirdi. Lakin bu səxavət, xüsusilə Qahirədə böyük bir iqtisadi çöküşə yol açdı.

    Qızıl Bolluğunun Acı Nəticələri

    Musa’nın payladığı qızılın miqdarı o qədər böyük idi ki, Qahirədə qızılın dəyəri 12 il ərzində düşdü. Bazarlara qəfil daxil olan qızıl, yüksək inflyasiyaya və iqtisadiyyatda ciddi çöküşə səbəb oldu. Məlumata görə bu təsir o qədər güclü idi ki, Qahirənin qızıl bazarı on illər sonra belə tamamilə bərpa oluna bilmədi. Mali İmperiyasının bu fəaliyyətinin neqativ nəticələri uzun müddət özünü göstərdi.

    Mübahisəli İrs: Səxavət və İqtisadi Çöküş

    Musa dönüş yolunda tarazlığı təmin etmək üçün çıxış yolunu qızılı geri almaqda tapdı. Sələmçilərdən yüksək faizlə qızıl satın alaraq bazardakı təklifi azaltmağa çalışdı. Lakin qiymətlərdəki çöküşün tamamilə qarşısını ala bilmədi. İqtisadçıların hesablamalarına görə bu qızıl bolluğunun bölgəyə bugünkü pulla təxminən 1,5 milyard dollar ziyanı oldu. Mansa Musa’nın yaxşı niyyətlə etdiyi yardımlar, yoxsullara ümid bəxş etmiş və bölgədə qalıcı əsərlər qoymuş olsa da, payladığı qızılların gözlənilməz təsiri ticarət balanslarını pozdu. Onun şöhrəti bölgədə sürətlə yayıldı, lakin eyni zamanda iqtisadi çöküşün məsuliyyəti ilə də xatırlandı.

    24 saat

  • Yanvarın 1-dən itlərə gündəlik vergi tətbiq olunacaq

    Yanvarın 1-dən itlərə gündəlik vergi tətbiq olunacaq

    Bolzanoda Heyvan Sahibləri Üçün Yeni Köpək Vergisi Tətbiqi

    Şimali İtaliyanın Bolzano şəhərində 1 yanvar tarixindən etibarən köpək sahibləri üçün yeni vergi tətbiq ediləcək. Bu qərar həm bölgəyə turistik səfər edən köpək sahiblərini, həm də şəhərin daimi sakinlərini əhatə edəcək və müəyyən ödənişlər etməyi nəzərdə tutur.

    Turistlərə Gündəlik Ödənişlər, Şəhər Sakinlərinə İllik Vergi

    Əyalət Məclisinin qərarına əsasən, Bolzanoya turizm məqsədilə gələn şəxslər öz köpəkləri üçün hər gün 1.5 avro ödəməli olacaqlar. Toplanacaq vəsaitlər yeni köpək parklarının salınmasına və ətraf mühitin təmizliyinin təmin edilməsi üçün layihələrə yönəldiləcək. Bu tədbir, həmçinin şəhərdə daimi yaşayan köpək sahiblərini də əhatə edir. Onlar üçün ödənişlər illik olaraq müəyyən edilib.

    Vergilər Heyvanların Rifahı Üçün Xərclənəcək

    Şəhərdə yaşayan heyvan sahiblərindən hər il 100 avro vergi yığılacaq. Bolzano Əyalət Məclisinin üzvü Luis Valçer bu tətbiqin ədalətli olduğunu qeyd edib. Vəsaitlərin məhz heyvanların ehtiyacları üçün xərclənəcəyi bildirildiyindən, bu qərar heyvansevərlər tərəfindən müsbət qarşılanıb. Bu addım, şəhər mühitini daha da yaxşılaşdırmaq və heyvanların yaşayış şəraitini təmin etmək məqsədi daşıyır.

    24 saat

  • Belçika küçələrində edam: Daltonların sağ əli Furkan Yavuz qətlə yetirildi

    Belçika küçələrində edam: Daltonların sağ əli Furkan Yavuz qətlə yetirildi

    Belçikanın Binche şəhərində, ötən yay İspaniyada mafiya hesablaşmaları ilə əlaqəli hadisələrdə adı hallanan Furkan Yavuz silahlı hücum nəticəsində qətlə yetirilib. Məlumata görə, Yavuz avqust ayında İspaniyanın Torreviexa şəhərində edam edilən “Daltonlar” adlı cinayətkar qrup lideri Caner Koçerin yaxın adamlarından biri idi.

    “CASPERLAR” DƏSTƏSİ HƏDƏF ALIB

    Belçika mediasının yaydığı xəbərlərə görə, bu qətl İstanbul mənşəli rəqib “Casperlar” qrupu tərəfindən törədilib. İddialar var ki, Caner Koçerin ölümündən sonra Furkan Yavuz Belçikaya qayıdaraq “Daltonlar” dəstəsinin fəaliyyətlərini yenidən təşkil etməyə çalışıb. Bu addım bölgədəki gərginliyi daha da artırıb.

    ƏVVƏLLƏR DƏ HƏDƏFƏ ALINMIŞDILAR

    Qeyd etmək lazımdır ki, “Daltonlar” dəstəsinin rəhbərləri Koçer və Yavuz, hələ iyulun 20-də İspaniyanın Estepona şəhərində onlara qarşı təşkil edilən hücumdan yara almadan xilas olmuşdular. Lakin bu hücumdan cəmi iki həftə sonra, avqustun 4-də Torreviexa şəhərində Caner Koçer qətlə yetirilmişdi. Hücumun, rəqib dəstənin əvvəllər öldürülən iki üzvünün qisası olduğu irəli sürülürdü. Qisas məqsədi ilə törədilən bu cür cinayətlər mütəşəkkil cinayətkar dəstələr arasında geniş yayılmış bir praktikadır.

    SOSİAL MEDİYADA GÖRÜNTÜLƏR YAYILDI

    Furkan Yavuzun vurulmasından sonra, hücum edənlərin polisdən qaçmağa cəhd etdiyi anlara aid görüntülər sosial mediada sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

    24 saat

  • HƏMAS və Qəzza gündəmi müəyyənləşdirəcək

    HƏMAS və Qəzza gündəmi müəyyənləşdirəcək

    Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir araya gələcəklər. Bu görüş təkcə iki liderin Türkiyə-ABŞ münasibətlərini yenidən müəyyənləşdirmə cəhdi deyil, həm də Yaxın Şərqdəki gərgin hadisələrin müzakirə ediləcəyi bir platforma olacaq. Tramp-Ərdoğan zirvəsinin konkret mövzuları arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq və genişmiqyaslı ticarət sazişləri ön plana çıxır. Ankara F-16 təyyarələrinin modernləşdirilməsi və F-35 proqramına yenidən qayıdış üçün konkret addımlar gözləyir.

    LİDERLƏRİN FƏRQLİ YANAŞMALARI

    Prezident Ərdoğanın əsas şərti, bu təyyarələrin hissələrinin Türkiyədə istehsal edilməsidir. Beləliklə, məşğulluq və texnologiya transferi hədəflənir. Müqavilələrin ümumi həcminin 10 milyard dolları ötəcəyi gözlənilir. Donald Tramp isə Türkiyəyə yüzlərlə Boeing sərnişin təyyarəsinin satışını şərt olaraq irəli sürüb. Əsas müzakirə mövzusunun Qəzza müharibəsi olacağı proqnozlaşdırılır. Tramp Həması terror təşkilatı kimi təsnif edir və Fələstinin tanınmasını “terroru mükafatlandırmaq” kimi qiymətləndirir. Ərdoğan isə Qəzzada baş verənləri “soyqırım” adlandırır, İsraillə ticarət əlaqələrini dayandırdığını açıqlayır və iki dövlətli həll üçün Həmasın da danışıqlar masasında olmasını müdafiə edir.

    ORTAQ ZƏMİN AXTARIŞLARI

    Bu kəskin fikir ayrılığı Oval Ofisdə gərgin anların yaşanma ehtimalını artırır. Trampın Ukraynaya diqqət yetirib Qəzzanı ikinci plana keçirməsi, Ərdoğanın isə Qəzzanı mərkəzə qoyması ilə ziddiyyətli bir mənzərə yaranır. Hər iki lider atəşkəsdən danışsa da, onların yanaşmaları fərqlidir. Tramp İsrailin təhlükəsizliyini prioritet sayan bir plan istəyərkən; Ərdoğan şərtsiz atəşkəs və humanitar yardımların maneəsiz girişini müdafiə edir. Müdafiə və ticarət sahələrində irəliləyiş ehtimalı yüksək olsa da, Qəzza və Həmas mövzularında ortaq mətnin yaranması çətin görünür.

    TRAMPİN QƏZZA İLƏ BAĞLI ÇAĞIRIŞI: “20 GİROV VƏ 38 CƏSƏDİ GƏTİRİN, MÜHARİBƏNİ BİTİRƏK”

    ABŞ prezidenti Donald Tramp, əvvəlki gecə BMT Baş Assambleyası iclasından sonra Türkiyə, BƏƏ, Qətər, Səudiyyə Ərəbistanı, Misir, İordaniya, İndoneziya və Pakistan nümayəndələri ilə xüsusi bir toplantı keçirib. Gündəliyi Qəzzadaki müharibə olan bu toplantıda Ərdoğan, Trampın yanında əyləşmişdi. ABŞ prezidenti, toplantının mətbuata açıq hissəsində İsrailin Baş Naziri Netanyahu ilə görüşəcəyini qeyd edərək bildirib:
    “Biz nə isə əldə edəcəyik, çünki bu müharibə çox uzun sürdü və biz onun sona çatmasını istəyirik. Biz buradayıq, çünki girovları geri alıb müharibəni bitirə bilərikmi, buna baxmaq istəyirik. Yaxın Şərqdə həyata qayıtmaq istəyirik; həyat çox gözəldir, lakin müharibəsiz daha da gözəl, elə deyilmi? Həmas və digər yaraqlı qrupların əlində 20 girov və 38 cəsəd var. Həm 38-i, həm də 20-ni geri qaytarmalıyıq və düşünürəm ki, bunu edə biləcəyik. Dünyada bunu hər hansı bir qrupdan daha yaxşı edə biləcək qrup, məhz budur. Bunu edə biləcək qrup budur.”
    Trampın verdiyi rəqəm, “Qəzzada 65 min insan bunlar üçünmü öldürüldü?” sualını doğurdu.

    24 saat