Ərəb turistlərin Şəhidlər Xiyabanındakı əməlləri cinayət deyil

Şəhidlər Xiyabanında video çəkən ərəb turistlərin həbsi: Hüquqi təhlil

Şəhidlər Xiyabanında çəkilən videoya görə üç ərəb turist həbs edilib. Onlar barəsində avqustun 18-də Səbail Rayon Məhkəməsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sosial şəbəkələrdə geniş yayılmış həmin videoda ərəb turistlərin Şəhidlər Xiyabanındakı məzarlara baxarkən güldüyü və müxtəlif hərəkətlər etdiyi müşahidə olunur. Video paylaşıldıqdan sonra Azərbaycan ictimaiyyətində ciddi müzakirələrə səbəb olub, geniş tənqidlərə məruz qalıb. Turistlərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) qəbir üzərində təhqiredici hərəkət maddəsi ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.

Hadisənin təfərrüatları və hüquqi təhlil

Videogörüntülərdən məlum olur ki, xarici vətəndaşlardan biri hoppanır, telefonda şəhid fotosunu göstərir, məzara baxaraq ərəb dilində danışır, gülür, qeyri-adi şəkildə yeriyir, əsgər salamı verir və yenidən gülür. Digər iki turistdən biri video çəkiliş aparır, üçüncünün nə etdiyi isə kadrlarda görünmür.

Cinayət Məcəlləsinin 14-cü maddəsinə əsasən, cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni, bir əməlin cinayət hesab edilməsi üçün o, Məcəllədə qadağan olunmalı və konkret şəkildə göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cinayətin tövsifi törədilən konkret əməlin cəhətləri ilə cinayət-hüquq normasının tələbləri arasında uyğunluğun müəyyən edilməsi kimi izah edilir. Bu, cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir.

Cinayətin düzgün tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Bu proses işin faktiki hallarının hərtərəfli öyrənilməsini, müvafiq cinayət hüquq normasının seçilməsini və onun məzmununun izahını tələb edir. Düzgün qiymətləndirmə cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ədalətli cəza təyin etməyə xidmət edir. Əks halda, təqsiri olmayan şəxs məsuliyyətə cəlb edilə, yaxud cinayət törətməkdə təqsirli olan şəxs cəzadan kənarda qala bilər. Bu isə CM-nin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin digər bir qərarında da vurğulanır ki, cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər.

Ərəb turistlərin hərəkətləri CM 245-ə uyğundurmu?

Cinayət Məcəlləsinin 245-ci maddəsi qəbir və ya meyit üzərində təhqiredici hərəkət adlanır. Lakin Məcəllə “təhqiredici” hərəkətlərin məzmununu və əhatə dairəsini aydınlaşdırmır. Bu normanın rəsmi şərhi yoxdur və subyektiv şərhlərə açıqdır.

Hüquq elmləri doktoru, professor Firudin Səməndərovun redaktorluğu ilə nəşr edilmiş Cinayət Məcəlləsinin Kommentariyasında qəbir üzərində təhqiredici hərəkətlər dedikdə, “meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydalarını, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozan, qəbirlərin dağıdılması, zədələnərək korlanması, qəbir daşlarının üzərinə əxlaqsız söz və ifadələr yazılması, şəkillər, işarələr çəkilməsi və s. bu kimi mənəviyyatsız, rüsvayedici hərəkətlərin törədilməsi” başa düşülür.

Belə hərəkətlərə qəbirin qazılması, meyitin oradan çıxarılması, qanunsuz olaraq meyitin orqan və toxumalarının götürülməsi, meyitin ayrı-ayrı hissələrə parçalanması və ya onun dərisi üzərində müxtəlif işarələr çəkilməsi və s. daxildir. Təhqiredici hərəkətlər mərhumun yaxınlarına və cəmiyyətə emosional təsirindən asılı olmayaraq, videoya çəkilib ictimai şəkildə paylaşılmasa belə, cinayət əməli hesab olunur.

Azərbaycanla qonşu və vaxtilə eyni hüquqi məkanı bölüşmüş bir sıra ölkələrin cinayət qanunvericiliyində oxşar əməllər daha konkret şəkildə tənzimlənir. Məsələn, Ukrayna Cinayət Məcəlləsinin 297-ci maddəsi (“Qəbrə vandalizm”) qəbir üzərində təhqiredici hərəkətləri qəbri və ya digər dəfn yerini, meyiti və ya tabutu dağıtma, habelə məzardan və ya meyitdən əşyaları oğurlama kimi müəyyən edir. Gürcüstan Cinayət Məcəlləsinin 258-ci maddəsi (“Mərhuma hörmətsizlik”) meyitin və ya qəbrin murdarlanmasını, qəbir abidəsinə və ya qəbirüstü digər qurğulara zərər verilməsini, qəbirdən və ya onun üzərindən əşyanın qanunsuz götürülməsini cinayət əməli hesab edir. Türkiyə Cinayət Məcəlləsinin 153-cü maddəsi (“İbadətgahlara və qəbristanlıqlara zərər vurma”) isə ibadətgahları, onlara aid əlavə tikililəri, əşyaları, qəbirləri, onların üzərindəki qurğuları, qəbristanlıqdakı və qəbristanlıqların qorunması məqsədilə düzəldilən obyektləri sökməyi, dəyişdirməyi və ya qırmaqla zərər verməyi cinayət əməli sayır.

“Elektron məhkəmə” informasiya sistemində CM-nin 245-ci maddəsi ilə bağlı anonimləşdirilmiş hökmlərin təhlili göstərir ki, məhkəmələr təhqiredici hərəkətlər dedikdə, qəbri və onun üzərindəki əşyaları dağıtmağı, qəbir üzərinə uyğunsuz yazılar yazmağı əsas götürür. Məsələn, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin bir hökmündə bir neçə qəbir daşını sındıran şəxs 245-ci maddə ilə təqsirli bilinərək 8 ay azadlıqdan məhrum edilib. Digər bir hökmdə isə əsəbləşərək qəbir üzərində qırmızı markerlə uyğunsuz ifadələr yazan şəxs 9 ay müddətinə azadlıqdan məhrum olunub. Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə isə əvvəlcə gül qablarını təpiklə aşırdıb, sonra qəbir daşını sındıran şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.

Beləliklə, həm Azərbaycan CM-nin Kommentariyası, həm də istinad edilən məhkəmə təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, ərəb turistlərin hərəkətləri təhqiredici hərəkətlər sayıla bilməz. Qəbristanlıqda əylənmək, gülmək, qeyri-adi şəkildə yerimək “qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər” hesab edilə bilməz. Bunun əksi normada nəzərdə tutulan təhqiredici hərəkətlərin dairəsini həddən artıq genişləndirərək qeyri-müəyyən hüquqi vəziyyətə gətirib çıxara bilər.

Digər tərəfdən, cinayətin törədildiyi yer konkret bir qəbir olmalıdır. İddia edilən qanunsuz hərəkətlər isə konkret qəbir üzərində deyil, Şəhidlər Xiyabanının ümumi ərazisində edilib. Həmçinin, CM-nin 245-ci maddəsi birbaşa qəsdlə törədilən cinayətdir. Rəsmi versiya nəzəri baxımdan doğru hesab edilsə belə, ərəb turistləri qəbirləri təhqir etmək niyyəti ilə hərəkət etmirlər; ən azından videogörüntülərdən bunun əksi görünmür. Təhqiredici hərəkətlərdə həmişə başqasının şərəf və ləyaqətini nalayiq formada alçaltma niyyəti (cinayətin motivi) olur ki, burada belə bir niyyətin olduğunu görmək mümkün deyil.

Şəhidlər Xiyabanı abidə olaraq – CM 246

Eləcə də, həmin şəxslərin iddia edilən qanunsuz əməlləri Şəhidlər Xiyabanında törədildiyindən həmin əməl CM-nin 245-ci maddəsi ilə də tövsif edilə bilməz. Şəhidlər Xiyabanı mədəniyyət və tarixi abidələrindən hesab edilir. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna əsasən, cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr, epiqrafik abidələr tarixi abidlər hesab edilir (2-ci maddənin c) bəndi). Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən Şəhidlər Xiyabanı tarix və mədəniyyət abidələri siyahısında yer alır.

CM-nin 245-ci maddəsinin şərhində bildirilir ki, təhqiredici hərəkətlər qanuna görə tarixi-mədəniyyət əhəmiyyətli obyekt hesab edilən qəbir üzərində edilmişdirsə, əməl CM-nin 246-cı maddəsi ilə tövsif edilməlidir. “Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama” adlanan 246-cı maddənin dispozisiyasında nəzərdə tutulmuş “məhv etmə” və “korlama” anlayışları Cinayət Məcəlləsinin qeyri-rəsmi Kommentariyasında belə izah edilir: Məhv etmə dedikdə, obyektləri dağıtma, yandırma, partlatma və ya digər mexaniki təsir üsulu ilə dəyərini həmişəlik itirən və təyinatı üzrə istifadə edilməsi mümkün olmayan tam yararsız vəziyyətə salınması başa düşülür. Korlama dedikdə isə, dövlət tərəfindən mühafizə edilən obyektlərin bütövlüyünün, yaxud digər xüsusiyyətlərinin qismən itirilməsinə səbəb olan, onların bərpa edilmədən təyinatı üzrə istifadə edilməsi qeyri-mümkün olan vəziyyətə salınması başa düşülür. Qeyd olunan obyektlərin korlanma dərəcəsi mütəxəssis olmayan şəxslərə də aşkar olmalıdır. Tarix və mədəniyyət abidələri üzərində çətin silinən yazılar yazma, şəkillər çəkmə və ya rəngləmə və s. bu kimi hərəkətlər CM-nin 246-cı maddəsinin nəzərdə tutduğu mənada onları korlama hesab edilmir.

Təqsirləndirilən şəxslərin sosial şəbəkədə yayılmış videodakı görüntülərə əsasən onlar Şəhidlər Xiyabanında heç bir obyektə toxunmurlar. Bu isə o deməkdir ki, həmin şəxslərin əməllərində CM-nin 246-cı maddəsinin də tərkib əlamətləri yoxdur. Yəni, həbs edilmiş şəxslərin hərəkətlərində tarixi-mədəni abidə hesab edilən və dövlət tərəfindən mühafizə olunan bu ərazidəki qəbirləri məhv etmə və ya korlama əməli yoxdur.

Nəticə

Beləliklə, aparılan təhlillər həmin şəxslərin Şəhidlər Xiyabanındakı hərəkətlərində cinayət tərkibinin olmadığını göstərir. Həmin şəxslər CM-nin 245-ci maddəsi ilə təqsirli bilinə bilməz və onlar barəsində həbs-qətimkan tədbirinin seçilməsi turistlərin azadlıq hüququnun pozulması hesab edilməlidir.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *