EuroBasket 2025-də Türkiyə milli komandasından möhtəşəm başlanğıc
Türkiyə basketbol milli komandası 2025 Avropa Basketbol Çempionatına (EuroBasket 2025) uğurlu start verdi. A qrupunda yer alan millilər, ilk matçında ev sahibi Latviya komandasını 93-73 hesabı ilə məğlub etdi. Riqada keçirilən qarşılaşmadan sonra baş məşqçi Ergin Ataman və oyunçu Kənan Sipahi mətbuat konfransında açıqlamalar verdi.
Ergin Ataman: “Avropaya ən yaxşı komandalardan biri olduğumuzu göstərdik”
Baş məşqçi Ergin Ataman oyunun gedişatından razı qaldığını bildirərək, “Oyuna çox yaxşı başladıq. Əla müdafiə etdik, topu sürətli şəkildə irəli ötürdük və matçı tam nəzarətimizdə saxladıq. İkinci hissənin sonunda bir sıra lazımsız top itkiləri etdik. Üçüncü hissəyə yenidən yüksək tempdə başladıq və rəqibə asan atış şansı vermədik. Xüsusilə hücumda Kənan Sipahi çox yaxşı oyun göstərdi. Larkin və Cedi də əla oynadı. Alperen Şengün-dən maksimum şəkildə istifadə etdik. Möhtəşəm basketbol nümayiş etdirdik. Bu, bizim üçün çox vacib bir qələbə idi. Bütün Avropaya turnirin ən yaxşı komandalarından biri olduğumuzu göstərdik. Matçdan əvvəl hər kəs Latviya milli komandasını favorit göstərirdi. Oyunçularıma güclü komanda olduğumuzu dedim və onlar da bunu meydanda sübut etdilər. Bu cür basketbol oynamağa davam etməliyik” dedi.
Kənan Sipahinin yüksək performansını xüsusi qeyd edən Ataman, “Kənan böyük potensiala malik bir oyunçudur. Ona çox güvənirik. Komandamızın əsas oyun qurucusudur. Topu çox yaxşı idarə etdi. Bu, mənim üçün sürpriz olmadı. Düşünürəm ki, o, qarşıdakı oyunlarda necə oynamalı olduğunu anladı. Kənanı təbrik edirəm” deyə əlavə etdi.
Milli komandanın bu matçda 15 üç xallıq atışla EuroBasket tarixində ən çox üç xallıq atış həyata keçirdiyi xatırladıldıqda, Ataman, “Bu oyun üslubu ilə bu rəqəmi daha da artıra bilərik. Tapdığımız atışların böyük əksəriyyəti boş atışlar idi. Topu çox yaxşı dövr etdiririk. Rəqiblər içəriyə qapanmağa məcbur olurlar. Həm ikili, həm də daxili-xarici oyunu çox yaxşı oynayırıq. Hazırlıq matçlarında aşağı faizlə atırdıq, amma bunun belə davam etməyəcəyini bilirdik. İndi daha da özgüvən qazandıq. Bu oyun üslubu ilə bunu daha da artıra bilərik” şəklində cavab verdi.
Kənan Sipahi: “Komandanın çox yaxşı kimyası var”
Qarşılaşmada 19 xal toplayaraq qələbədə mühüm rol oynayan Kənan Sipahi, topu yaxşı paylaşdıqlarını vurğuladı. “Matça çox yaxşı başladıq. Alperen Şengünlə birlikdə rəqibə böyük təzyiq göstərdik. Komandanın çox yaxşı kimyası var. Topu çox yaxşı paylaşırdıq. Sadəcə bir matç qazandıq, qarşıdakı matçlarda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq” deyə milli oyunçu fikrini bildirdi.

Leave a Reply