Həbsdəki sülh fəalından sərt reaksiya: “Güllələyin məni”

Bəhruz Səmədovun ağır şəraitdə saxlanılması barədə iddialar

Elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun hazırda Penitensiar Xidmətin 11 saylı cəzacəkmə müəssisəsində qapalı vəziyyətdə saxlanıldığı bildirilir. Oktyabrın 20-də Səmədovun yaxınlarının yaydığı məlumata görə, o, bu məlumatı nənəsi Zibeydə Osmanova ilə telefon danışığı zamanı bölüşüb.

Nənəsinə verdiyi məlumata görə, müəssisə rəhbərliyi ona 1,5 ay qapalı otaqda saxlandıqdan sonra Umbakı qəsəbəsində yerləşən Penitensiar Kompleksə köçürüləcəyini deyib. Zibeydə Osmanova nəvəsinin ağır ruhi vəziyyətdə olduğunu və “belə saxlanılmaqdansa, məni güllələsinlər” və “həyatıma qəsd edəcəyəm” kimi ifadələr işlətdiyini bildirib. Səmədovun ailəsi onun əvvəllər iki dəfə intihara cəhd etdiyini və hər iki halda son anda xilas edildiyini vurğulayaraq, vəziyyətin ciddiliyini qabardıb.

Penitensiar Xidmət hələlik susur

Qeyd edilən iddialarla bağlı Penitensiar Xidmət hələki rəsmi münasibət bildirməyib. Bu məsələ ictimaiyyətdə geniş müzakirələrə səbəb olsa da, rəsmi qurum tərəfindən heç bir şərh verilməməsi narahatlığı artırır.

Bəhruz Səmədovun həbsi və dövlətə xəyanət ittihamı

Çexiyanın Karlov Universitetinin doktorantı olan Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalına dövlətə xəyanət ittihamı irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Bəhruz Səmədov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. Lakin məhkəmə proseslərinin birində o, bu iddiaları qətiyyətlə rədd edərək, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu demədiyini və hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Səmədov dövlətlər arasında müharibələrə və bunun nəticəsində insanların həyatını itirməsinə qəti şəkildə qarşı olduğunu ifadə edib.

24 saat

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *