Hamas Qəzzadakı Vəziyyətlə Bağlı Həyəcan Təbili Çalır
Hamas‘ın Qəzzadakı lideri Xəlil əl-Həyyə, təşkilatın Teleqram hesabında yayımladığı videomüraciətdə bölgədə davam edən hücumlara və blokadaya, eləcə də İsraillə aparılan danışıqlara diqqət çəkib. O, ərəb və müsəlman ölkələrini İsraillə siyasi və ticarət əlaqələrini kəsməyə çağırıb.
Xəlil əl-Həyyə bildirib ki, hərəkat 22 aydır bölgədəki müharibənin sona çatması üçün çətin danışıqlar aparır və bütün mümkün çevikliyi nümayiş etdirir. O, əlavə edib ki, Qətərin paytaxtı Dohada keçirilən son danışıqlar raundunda, xüsusilə əsirlər, İsrail qüvvələrinin ərazidən çıxarılması və humanitar yardımların çatdırılması məsələlərində əhəmiyyətli irəliləyiş əldə olunub və tərəf müqabili İsraildən müsbət cavablar alınıb.
İsrail Fələstinliləri Məcburi Köçə Hazırlayır
Əl-Həyyə qeyd edib ki, bu irəliləyişlərə baxmayaraq, İsrail ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun dəstəyi ilə danışıqlar raundundan geri çəkilib. O, əlavə edib ki, İsrail bu addımı atarkən, guya yardım paylama məntəqələrində insanları öldürməklə və Rəfahda humanitar yardım şəhəri qurmaqla fələstinliləri məcburi köçə hazırlaşdırır.
Həyyənin sözlərinə görə, İsrail danışıqları aclıq siyasəti və soyqırım üçün bir vasitə kimi istifadə edir, müharibə meydanında əldə edə bilmədiyi uğurları bu yolla qazanmağa çalışır. O vurğulayıb: “Blokada, aclıq və soyqırım davam edərkən danışıqlara davam etməyin mənası yoxdur. Dərman və ərzağın dərhal və Fələstin xalqının ləyaqətini alçaltmayacaq şəkildə bölgəyə daxil olması danışıqlara davam etməyin mənasının olduğunu göstərən yeganə şeydir. Fələstin xalqının İsrailin danışıq oyunlarının qurbanı olmasına icazə verməyəcəyik.”
O, havadan endirilən yardımları da qəbul etmədiklərini söyləyib, bunun ictimaiyyəti aldatmaq anlamına gəldiyini, bu mövzuda atılacaq əsl addımın sərhəd qapılarının açılması olduğunu dilə gətirib.
İsrail ilə Siyasi və Ticarət Əlaqələrini Kəsmək Çağırışı
Ərəb və İslam ölkələrinə səslənən Xəlil əl-Həyyə, “qurudan və dənizdən Qəzzaya doğru hərəkətə keçməyə, İsrail səfirlikləri qarşısında etiraz aksiyaları keçirməyə və bu ölkə ilə siyasi və ticarət əlaqələrini kəsməyə” çağırıb. O, İslam ümmətinin alimlərindən və din xadimlərindən İsrailə qarşı kütlələrə liderlik etmək vəzifəsini yerinə yetirmələrini istəyib.
Hadisələrin İnkişafı
Hamas, 24 iyulda İsrail ilə əsir mübadiləsi və bölgədə atəşkəs üçün vasitəçilərin təqdim etdiyi layihəyə cavabını verdiyini açıqlamışdı. İsrail Baş Nazirliyinin Ofisi, yazılı açıqlamasında bu qurumun cavabının vasitəçilər yolu ilə Təl-Əvivə çatdığını və qiymətləndirildiyini bildirmişdi.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff isə Hamas‘ın atəşkəs mövzusunda “istəksiz” olduğunu iddia edərək, Qətərin paytaxtı Dohada atəşkəs danışıqlarını aparan qrupunu “məsləhətləşmək məqsədilə” geri çağırmaq qərarına gəldiklərini qeyd etmişdi.
Təşkilat, Vitkoffun ona yönələn “mənfi açıqlamalarından” təəccübləndiklərini bildirərək, “daimi atəşkəsə nail olunmasına və maneələrin aradan qaldırılmasına töhfə verəcək şəkildə” danışıqlarda iştirak etmək və bu prosesi tamamlamaq mövzusunda qətiyyətli və istəkli olduqlarını vurğulamışdı.

Leave a Reply