Gernsi adasında fəaliyyət göstərən maliyyə məsləhətçisi Jinett Luiza Blondel 2024-cü ilin martında adanın Maliyyə Xidmətləri Komissiyası (GFSC) tərəfindən cərimələnib. Cəriməyə səbəb onun müvafiq lisenziya olmadan fəaliyyət göstərməsi və iki “yüksək riskli” müştəriyə idarəetmə, inzibati xidmətlər göstərərkən lazımi hüquqi yoxlamaları aparmaması olub.
Sonradan məlum olub ki, bu müştərilərdən biri Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsidir. Digər müştəri isə Suriyanın devrilmiş diktatoru Bəşər əl-Əsədin əmisi Rifaat əl-Əsəddir.
2017-ci ildə avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində qətlə yetirilən maltalı jurnalist Dafne Karuana Qalitsiya öz ölkəsindəki korrupsiya məsələlərini araşdırırdı. Onun tədqiqatlarının mərkəzində “Pilatus Bank” dururdu. Jurnalist bu bankın Azərbaycan elitasına çirkli pulların yuyulmasında kömək etdiyindən şübhələnirdi.
Dafne Layihəsinin Ortaya Çıxardığı Faktlar
Dafne Karuana Qalitsiyanın işini davam etdirmək məqsədilə 15 müxtəlif ölkədən 45 jurnalistdən ibarət beynəlxalq bir konsorsium yaradılıb. “Dafne Layihəsi” çərçivəsində Kəmaləddin Heydərov ailəsinin “Pilatus Bank” vasitəsilə Avropada həyata keçirdiyi gizli əməliyyatlar və investisiyalar ifşa edilib. Bu investisiyalara Gürcüstanda bir sanatoriyaya 2.5 milyon avro, İspaniyanın Marbelya şəhərində villa üçün 3.9 milyon avro və Fransanın üç tanınmış sənətkarlıq şirkətinə on milyonlarla avro sərmayə daxil idi.
Gernsi adasında fəaliyyət göstərən Jinett Luiza Blondelin bu maliyyə şəbəkəsinin əsas oyunçularından olduğu bildirilir. O, lisenziyasız fəaliyyətə görə 2024-cü ildə cərimələnərkən Maliyyə Xidmətləri Komissiyası (GFSC) müştərilərinin adlarını açıqlamayıb. Lakin çoxsaylı mənbələr “Müştəri 2″nin Kəmaləddin Heydərovun ailəsi olduğunu təsdiqləyir. Blondelin lisenziyasız xidmət göstərdiyi şirkətlərin Heydərovun ailə üzvlərinə aid olduğu, bəzilərinin isə birbaşa Avropadakı aktivlərə bağlı olduğu qeyd olunur.
Maliyyə məsləhətçisinin digər bir qayda pozuntusu “yüksək riskli” müştərilərinin maliyyə və sərvət mənbəyini müəyyən etməməsidir. Bu səbəbdən, Jinett Luiza Blondelin 10 il ərzində maliyyə sektorunda əsas vəzifələr tutması qadağan edilib və ona 210 min funt-sterlinq cərimə tətbiq olunub.
Kəmaləddin Heydərovla Bağlı Əvvəlki İşlər
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkə iqtisadiyyatında mərkəzi fiqurlardan biridir. 2023-cü ilə qədər onun oğlu bankçılıq, tikinti, turizm və kənd təsərrüfatı sahələrini əhatə edən “Gilan Holdinq”ə rəhbərlik edirdi.
2013-cü ildə Heydərov ailəsinin Prezident İlham Əliyevin ailəsi ilə əlaqələri Fransa məhkəmələrində üzə çıxıb. Lion Apellyasiya Məhkəməsi onu şirkət aktivlərindən sui-istifadə etməkdə təqsirli bilib.
Heydərov ailəsinin vəkilləri hər hansı şirkətdə katiblik və ya inzibati heyətin təyinatında iştirak etmədiklərini bildiriblər. 2018-ci ildə “Dafne Layihəsi”nin ilkin nəşri zamanı onların vəkilləri müştərilərinin “tamamilə qanuni və hüquqi” biznes fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdilər. Həmin vaxt hər hansı qeyri-qanuni fəaliyyətin olmadığı vurğulansa da, bu iş Azərbaycan elitasında şəffaflıq çatışmazlığı ilə bağlı yeni suallar doğurmuşdu.
Kürü Ticarətində Maliyyə Əlaqələri
Avropa İttifaqı “Pilatus Bank”ın fəaliyyətini araşdırdıqdan sonra, 2018-ci ildə Avropa Mərkəzi Bankı onun lisenziyasını ləğv etdi. Lakin Jinett Luiza Blondel Avropada Azərbaycan elitası üçün fəaliyyətini davam etdirib. Elə həmin il o, Cenevrədə yerləşən və kürü ticarəti üzrə ixtisaslaşmış “Planet Caviar SA” şirkətinin idarə heyətinə qoşulub. Bildirilir ki, Blondel və onun iki sələfi idarə heyətinə səhmdar “Caspian Fish Company” tərəfindən təyin olunublar. Bu şirkətin isə vaxtilə Kəmaləddin Heydərova məxsus olduğu məlumdur.
Jinett Luiza Blondelin “Müştəri 1” olaraq xidmət göstərdiyi şəxs Suriyanın keçmiş diktatoru Bəşər əl-Əsədin əmisi Rifaat əl-Əsəd idi. Bu fakt 2024-cü ilin dekabrında ictimaiyyətə açıqlanıb. 2020-ci ildə Fransa məhkəməsi Rifaat əl-Əsədi Suriya dövlətindən mənimsənilmiş 90 milyon avro dəyərində əmlak imperiyası qurmaqda təqsirli bilərək 4 il həbs cəzasına məhkum etmişdi.
Jurnalist Dafne Karuana Qalitsiyanın qətl işi hələ də davam edir. Onun həyatına son qoyan partlayıcını təmin etmiş iki nəfər bu il iyunun 10-da ömürlük həbs cəzasına məhkum edilib. Qətlin arxasında durduğu iddia olunan Yorqen Fenek isə bu ilin fevralında zaminə buraxılaraq məhkəməsini gözləyir.
Leave a Reply