İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti, Livan hökumətinin ABŞ-ın bütün silahlı qruplaşmaların, o cümlədən Hizbullahın tərksilah edilməsi təklifini təsdiqləməsinə etiraz edib. Vilayəti qeyd edib ki, Tehran bu qruplaşmanın silahsızlaşdırılmasına qəti şəkildə qarşıdır, çünki İran hər zaman ölkə xalqına və müqavimət hərəkatına dəstək verib və bu dəstəyi bu gün də qətiyyətlə davam etdirir.
Vilayəti əlavə edib ki, bu cəhdlər keçmişdə də nəticəsiz qalıb. Onun sözlərinə görə, müqavimət hərəkatının imkanları məhdud olduğu dövrlərdə belə bu planlar uğursuzluğa düçar olub. “Bu gün isə xalqın dəstəyi daha güclüdür, imkanlar daha genişdir. Allahın izni ilə bu cəhdlər qətiyyən nəticə verməyəcək,” deyə o vurğulayıb.
İran rəsmisi bu hərəkatın Livan cəmiyyətinin bütün təbəqələri tərəfindən qəbul olunduğunu bildirib. “Hərəkat ölkənin şərəfidir. Onun varlığı və təhlükəsizliyi müqavimətdən asılıdır. Livan xalqı 1982-ci ildə müqavimətin olmadığı dövrü unutmayıb. O zaman İsrail Beyrutun cənubuna və Dahiye bölgəsinə qədər irəliləmişdi, lakin müqavimət qüvvəsinin sayəsində geri çəkilmək məcburiyyətində qaldı,” deyə o bildirib.
Hərəkat Möhkəm Dayaqda
İsrailin ABŞ-ın dəstəyi ilə Həsən Nəsrullah kimi mühüm simalara qarşı sui-qəsdlər təşkil etdiyini xatırladan Vilayəti, “Onlar qüvvənin zəiflədiyini düşünürlər, amma o hələ də möhkəm dayanır. Bugünkü Hizbullah 1980-ci illərin əvvəlləri ilə müqayisədə qat-qat güclü və dözümlüdür. Əgər bu təşkilat olmasaydı, İsrail Fələstinə etdiyini Livana da tətbiq edərdi. Əgər o silahını qoysa, Livan xalqının canını, malını və namusunu kim qoruyacaq? Keçmişdə baş verənlər bu ölkənin bəzi siyasətçilərinə hələ də dərs olmadımı?” deyə sual edib.
Bu Təklif Gerçəkləşməyəcək
Vilayəti vurğulayıb ki, bu proses Livanda yalnız ABŞ və İsrailin istəyi ilə həyata keçirilir. “ABŞ və İsrail ölkədə də Qolanda olduğu kimi, öz istədikləri bir idarəetməni hakimiyyətə gətirə biləcəklərini düşünürlər, lakin bu xəyal heç vaxt gerçəkləşməyəcək və Livan həmişəki kimi müqavimətini davam etdirəcəkdir,” deyə o bildirib.
Livan Nazirlər Kabineti ABŞ-ın dörd mərhələli planını təsdiqləmişdi. Plana əsasən, İsrailin ölkəyə hücumlarını dayandırması və cənubda işğal altında saxladığı beş nöqtədən qoşunlarını çıxarması müqabilində Hizbullah da daxil olmaqla, ölkədəki bütün qeyri-dövlət silahlı qruplaşmalar tərksilah edilməli idi. Bu hərəkatın lideri Naim Qasim bu yaxınlarda verdiyi açıqlamada ABŞ-ın təklifini rədd edərək, bunun Livanı İsrailə qarşı müdafiəsiz qoyacağını müdafiə etmişdi.
Qərarın təsdiqlənməsindən sonra Hərəkat tərəfdarı qruplar paytaxt Beyrutun Dahiye bölgəsi, eləcə də ölkənin şərqindəki Bəəlbək, cənubundakı Nəbatiyə və Sur şəhərlərində kütləvi etiraz aksiyaları keçiriblər. Yüzlərlə avtomobil və motosikletdən ibarət karvanlarla nümayişçilər yolu bağlayaraq İsrailə və sözügedən qərara qarşı şüarlar səsləndiriblər.
Leave a Reply