İsrailin blokada altında saxladığı və humanitar yardım girişini əngəllədiyi Qəzza zolağında humanitar böhran gündən-günə dərinləşir. Regionda qida, təmiz su, dərman və yanacağın demək olar ki, tamamilə tükənməsi, xüsusilə də uşaqlar arasında qida çatışmazlığına bağlı ölümlərin həyəcan verici həddə çatmasına səbəb olub. UNICEF-in məlumatına görə, 5 yaşdan kiçik uşaqların 40%-dən çoxu kəskin qida çatışmazlığı ilə üzləşir.
İsrail nazirindən küstah açıqlama: “Qəzzada aclıq yoxdur”
Bu acınacaqlı vəziyyətə baxmayaraq, İsrailin Milli Təhlükəsizlik naziri Ben-Qvir sosial media hesabında Qəzzada aclığın olmadığını iddia edib. Üstəlik, o, aclığın “müharibə vasitəsi” kimi istifadə edilməsini açıqca müdafiə edərək “Mən Qəzzada Həmasın ac saxlanmasının tərəfdarıyam. Əgər həqiqətən aclıq olsaydı, İsrail əsirləri indiyə qədər azad edilmiş olardı” şərhini verib. Ben-Qvir daha əvvəl də humanitar yardım yük maşınlarının vurulmasını müdafiə etmiş və Qəzzaya yardım girişinin tamamilə dayandırılmasına çağırmışdı.
Beynəlxalq təpkilər artır
Ben-Qvirin bu sözləri beynəlxalq ictimaiyyətdə böyük hiddətə səbəb olub. Kanada Baş naziri Mark Karney “Humanitar yardımın əngəllənməsi beynəlxalq hüququn açıq pozuntusudur” deyərək reaksiya verib. Karney, yardımların beynəlxalq qurumlar tərəfindən paylanmasını, daimi atəşkəs elan edilməsini və iki dövlətli həllin təcili həyata keçirilməsini tələb edib. Fransa Prezidenti Emmanuel Makron da Qəzzadakı fəlakətdən sonra sentyabr ayında Fələstini rəsmən tanıyacaqlarını bəyan edib. Makronun “Fələstin dövləti olsaydı, 7 oktyabr baş verməzdi” açıqlaması Qərbdə mövqeləri dəyişib və bölgədəki ağır humanitar böhrana diqqəti bir daha cəlb edib. İngiltərə, Fransa, Avstraliya, Kanada və Yeni Zelandiya daxil olmaqla 25 ölkədən ibarət koalisiya ortaq bildirişlə İsrailə sərt reaksiya göstərərək “Humanitar yardım axtaran mülki şəxslərin öldürülməsini pisləyirik. Bu yardım paylama metodu qeyri-insani və alçaldıcıdır” açıqlamasını yayıb.
İngiltərə Xarici İşlər naziri Devid Lammi “İsrail dərhal yardımlara icazə verməli, əks halda nəticələri olacaqdır” deyib. Avstraliya Baş naziri Entoni Albanese isə “Bu, insan əli ilə yaradılmış bir humanitar böhrandır. Dünya artıq ən pis kabusun da ötesini izləyir” deyərək məhdudiyyətsiz yardım girişinin təmin edilməməsi halında sanksiyaların gündəmə gələcəyini vurğulayıb.
Aclıq və susuzluq müharibə vasitəsi kimi
Qəzzanın Nuseyrat Qaçqın Düşərgəsində yüzlərlə fələstinli bir xeyriyyə qurumu tərəfindən paylanan yemək üçün yandırıcı istiyə baxmayaraq saatlarla növbə gözləyir. İsrail ordusunun viran etdiyi bölgədə infrastrukturun 88%-i istifadəyə yarasız hala düşüb, təxminən 2.3 milyonluq əhalinin 2 milyonu isə öz evlərindən didərgin düşüb. Fələstinlilər derme-çatma çadırlarda, antisanitar və izdihamlı şəraitdə epidemiya xəstəlikləri ilə mübarizə aparır. İsrail ordusu isə hər gün təşkil etdiyi hücumlarda bu müvəqqəti sığınacaqları da hədəf almağa davam edir.
Yerli və beynəlxalq dairələr, İsrailin Qəzzada aclığı, susuzluğu və dərmana çıxışı bir “müharibə taktikası” kimi istifadə etdiyini açıq şəkildə ifadə edirlər. Yardım maşınlarının bombalanması, xəstəxanaların hədəf alınması və mülki əhalinin sıx olduğu ərazilərin vurulması humanitar böhranı daha da dərinləşdirir.

Leave a Reply