“Makkabi Təl-Əviv” azarkeşləri “Aston Villa” matçına buraxılmır
İsrailin Makkabi Təl-Əviv futbol komandasının azarkeşlərinin gələn ay Birləşmiş Krallıqda “Aston Villa” ilə keçiriləcək Avropa Liqası oyununa buraxılmadığı açıqlanıb. İngiltərə klubu bu qərarın ciddi ictimai təhlükəsizlik narahatlıqları səbəbindən verildiyini bildirib.
Oyunun keçiriləcəyi Villa Park stadionunda matçların təhlükəsizlik sertifikatlarını verən Birmingham Şəhər Təhlükəsizlik Məşvərət Qrupu (TMQ) “Aston Villa”ya məlumat verib ki, 6 noyabr Cümə axşamı günü baş tutacaq matça Makkabi Təl-Əviv komandasının səfər azarkeşlərinin qatılmasına icazə verilməyəcək.
Qərarın səbəbləri və polis tövsiyəsi
“Aston Villa” klubunun Cümə axşamı verdiyi bəyanatda qeyd olunur ki, “kluba Təhlükəsizlik Məşvərət Qrupunun göstərişi ilə Makkabi Təl-Əviv ilə UEFA Avropa Liqası matçına heç bir səfər azarkeşinin buraxılmayacağı barədə məlumat verilib”. Polis TMQ-yə stadiondan kənarda ictimai təhlükəsizlik narahatlıqları və gecə baş verə biləcək etiraz aksiyaları ilə mübarizə aparmaq qabiliyyəti barədə məsləhətlər verib.
West Midlands Polisi, mövcud kəşfiyyat məlumatlarına və əvvəlki hadisələrə, o cümlədən 2024-cü ildə Amsterdamda “Ayaks” və Makkabi Təl-Əviv arasında keçirilən UEFA Avropa Liqası matçında baş verən zorakı qarşıdurmalara və nifrət cinayətlərinə əsaslanaraq matçı yüksək riskli olaraq təsnif edib. Polis qüvvəsi bəyan edib: “Peşəkar mülahizəmizə əsasən, bu tədbirin ictimai təhlükəsizlik risklərini azaltmağa kömək edəcəyinə inanırıq.”
Amsterdamda baş verən hadisələr və geniş tənqidlər
Keçən il noyabrın 6-da və 7-də Amsterdamda fələstinliləri dəstəkləyən tərəfdarlar və Makkabi Təl-Əviv azarkeşləri arasında baş verən qarşıdurmalar onlarla həbs və beş nəfərin həbsxanaya göndərilməsi ilə nəticələnmişdi. Həmin vaxt antisemit hücumlar barədə iddialar sürətlə yayılsada, sonradan İsrail azarkeşlərinin zorakılığı təhrik etdiyi, Hollandiya paytaxtında iğtişaşlar törətdiyi, sakinləri döydüyü, Fələstin həmrəyliyi simvollarını məhv etdiyi və fələstinlilərə, ərəblərə qarşı irqçi, soyqırımçı şüarlar səsləndirdiyi barədə məlumatlar ortaya çıxmışdı.
Birləşmiş Krallıqın Baş Naziri Keir Starmer, İsrailin xarici işlər naziri Gideon Saar və Londonda yerləşən Yəhudi Liderlik Şurası bu qərarı tənqid ediblər. Starmer sosial media hesabında bu qərarı “yanlış” adlandırıb və polisin rolunun bütün futbol azarkeşlərinin zorakılıqdan və qorxudan uzaq şəkildə oyundan həzz almasını təmin etmək olduğunu vurğulayıb. İsrailin xarici işlər naziri Saar isə qərarı “rəzalətli” adlandıraraq Birləşmiş Krallıq səlahiyyətlilərini “bu qorxaq qərarı ləğv etməyə” çağırıb. Yəhudi Liderlik Şurası da “West Midlands Polis İdarəsinin onların ictimai təhlükəsizlik zəmanətini təmin edə bilmədiyi üçün səfər azarkeşlərinin futbol matçından qadağan edilməsinin qəribə olduğunu” bildirib. Təşkilat əlavə edib ki, “Aston Villa” bu qərarın nəticələrinə məruz qalmalı və matç qapalı qapılar arxasında keçirilməlidir.
İsrail futbolunun beynəlxalq yarışlardan kənarlaşdırılması çağırışları
Birminghamdakı matçdan səfər azarkeşlərinin qadağan edilməsi qərarı, İsrailin Qəzzadakı soyqırım əməlləri səbəbindən İsrail futbol komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılması üçün artan çağırışlar fonunda baş verib.
FİFA və UEFA-dan İsraili qadağan etmək üçün təkan verən Game Over Israel kampaniyasının direktoru Aşiş Praşar Al Jazeera-ya bildirib: “Biz futbol mədəniyyətinin soyqırımda sistemli şəkildə alətə çevrilməsinə dair geniş dəlillər topladıq və təsdiqlədik. Bu hesabat – stadion irqçiliyindən, Avropadakı hücumlara, əsgərlərin soyqırımı futbol təbliğatına çevirməsinə qədər olan tapıntıları özündə birləşdirir və İsrailin qlobal idmandakı yerinin niyə müdafiə edilməz olduğunu nümayiş etdirir.”
Bu ayın əvvəlində 30-dan çox hüquqşünas UEFA prezidenti Aleksander Çeferinə məktub yazaraq İsrailin yarışlardan qadağan edilməsinin “zəruri” olduğunu bildiriblər. Onlar Birləşmiş Millətlər Təşkilatının müstəntiqlərinin İsrailin fələstinlilərə qarşı soyqırım törətdiyini təsdiqləyən hesabatına istinad ediblər. Məktubda İsrailin Qəzzadakı idmana və idmançılara vurduğu zərər də vurğulanıb.
Ekspertlər qeyd ediblər: “Bu hərəkətlər bütöv bir idmançı nəslini məhv edərək Fələstin idmanının əsasını aşındırıb. İsrail Futbol Assosiasiyasının (İFA) bu pozuntulara etiraz etməməsi onu bu zülm sisteminə cəlb edir, UEFA yarışlarında iştirakını qeyri-mümkün edir.” Onlar əlavə ediblər: “UEFA beynəlxalq hüququn, o cümlədən soyqırım aktının belə açıq şəkildə pozulmasının idmanla yuyulmasında şərik olmamalıdır.”

Leave a Reply