Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi oktyabrın 13-də baş tutub. Hakim Azər Tağıyevin sədrliyi ilə keçən iclasda təqsirləndirilən şəxslərdən Ələsgər Məmmədli və Ramil Babayev ifadə veriblər.
Ələsgər Məmmədlinin Təzyiq İddiaları və Sübut Saxtalaşdırılması
“Toplum TV”-nin həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli sərbəst ifadəsinə davam edərək, 2024-cü il martın 8-də saxlandığı günü xatırladıb. O bildirib ki, həmin gün evində qanuni vəkilinin iştirakı olmadan axtarış keçirilib və pul vəsaiti guya onun evindən tapılıbmış.
O, polisin sinə cibində saxladığı 7,300 avronu girişdəki ayaqqabı qutusuna ataraq “evimdən çıxdı” görüntüsü yaratmağa cəhd etdiyini vurğulayıb. Məmmədli bu hərəkətin Azərbaycan Respublikası Konstitusiyasını və Cinayət Prosessual Məcəlləsinin 137-ci maddəsini kobud şəkildə pozduğunu qeyd edib, çünki Əməliyyat-Axtarış Fəaliyyəti Haqqında Qanun saxta sübut yaratmağı nəzərdə tutmur.
“Qaçaqmalçılıq” İttihamı və Beynəlxalq Fəaliyyət
Ekspert istintaqın xaricə səfərlərini “qaçaqmalçılıq” ittihamına sübut kimi göstərməsinə etiraz edib. O, 12 il xaricdə yaşayıb, təhsil alıb və vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirib. 2001-ci ildən Azərbaycana qayıtsa da, beynəlxalq səviyyədə tanınan ekspert kimi tez-tez xaricə səfərləri olub, beynəlxalq qurumlarla əməkdaşlıq edib. Azərbaycanın üzv olduğu Avropa Şurası, Birləşmiş Millətlər Təşkilatı, ATƏT kimi qurumlar, habelə Avropa Məhkəməsi və Haaqa Cinayət Məhkəməsi tərəfindən müxtəlif tədbirlərə dəvət edildiyini deyib. Ələsgər Məmmədli istintaqın yalnız 2016-cı ildən sonrakı 39 səfərini hədəfə almasını əsassız və uydurma adlandırıb, halbuki ondan əvvəlki səfərlərinin sayı daha çox olub.
“Sübut” Adına Saxtakarlıq İddiaları
Ələsgər Məmmədli istintaqın maddi sübut kimi sənədləşdirdiyi bank kartlarından birinin 27 il əvvəl istifadə müddətinin bitdiyini vurğulayıb. O, bu kartın 1991-1996-cı illərdə dövlət hesabına Türkiyədə təhsil aldığı zaman “Vakıf Bank” tərəfindən verilən təqaüd kartı olduğunu və yadigar saxladığını bildirib. Digər kartın isə Tbilisi metrosunun ödəmə kartı olduğunu deyib. Məmmədli istintaqın bu kartı “bank kartı” kimi təqdim etməsinin savadsızlıq və sübut saxtalaşdırması olduğunu, arxasında metro sxeminin yer aldığını qeyd edib. O, “Toplum TV işi“ni “siyasi qayğılarla azad medianın və vətəndaş cəmiyyətinin fəaliyyətinin dayandırılması” kimi xarakterizə edib.
Ramil Babayevin İşkəncə və Təzyiq Şahidliyi
Daha sonra Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ifadəsinə başlayıb. O, IDI əməkdaşı olduğuna görə heç bir peşmanlıq keçirmədiyini bildirib. Ramil Babayev 2024-cü il martın 6-da “Toplum TV” ofisində saxlanıldıqdan sonra təzyiq məqsədilə onu digərlərindən ayırdıqlarını və evinə pul atdıqlarını iddia edib.
O qanunsuz şəkildə barmaq izi ilə açdıqları telefonuna baxış keçirdiklərini və onu “Abzas Media işi”ndəki Məhəmməd Kekalov kimi təzyiq və təhdidlə polisin iradəsinə uyğun davranmağa məcbur etməyə çalışdıqlarını deyib. Telefondan heç nə tapılmadığı üçün onu evinə axtarışa apardıqlarını bildirib. Babayev axtarışın videoçəkilişini istədiyini, lakin protokol imzaladıqdan sonra əməliyyatçılardan birinin çəkilişi sildiyini qeyd edib. O, pulların ona məxsus olmadığını və boş olan evə məqsədli şəkildə qoyulduğunu çəkilişdə də dediyini, həmçinin pulu götürməkdən imtina etdiyini bildirib.
Axtarışdan sonra polisin qanunsuz hərəkətlərinə etiraz olaraq mətbəxdə bıçaqla özünə xəsarət yetirdiyini deyən Babayev, bıçağın küt olması səbəbindən yalnız dəri qatını kəsdiyini və yara izinin hələ də qaldığını qeyd edib. Həmin gecə Xətai rayon Müvəqqəti Saxlanma Yerində bədənindəki xəsarətin aktlaşdırıldığını bildirib. O, saxlanıldığı ilk 6 saatda məruz qaldığı rəftarı müharibə əsirlərinin rəftarından daha pis adlandırıb, gözlərin bağlanması, işgəncə hədə-qorxusu və intihar həddinə çatdırılma kimi halların müqayisəyə gəlmədiyini söyləyib. Babayev ittihamları rədd edərək ifadəsini bitirib.
Toplum TV işindəki Digər Həbslər və İttihamların Ağırlaşdırılması
Bu iş üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV” videoredaktoru Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov həbs olunublar. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib. Həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb. Onlar ittihamları rədd edir və həbslərinin siyasi sifariş əsasında olduğunu bildirirlər.
Leave a Reply