“Qalatasaray”ın qələbəsi Norveç komandasının baş məşqçisini təsirləndirib
UEFA Çempionlar Liqasının üçüncü turunda “Qalatasaray” doğma meydanda Norveçin “Bodo/Glimt” komandasını 3-1 hesabı ilə məğlub etdi. Matçdan sonra Norveç klubunun baş məşqçisi Kjetil Knutsen mətbuat konfransında oyunu dəyərləndirib.
Knutsen, Çempionlar Liqası səviyyəsində fərdi səhvlərin çox olması səbəbindən belə nəticələrin ortaya çıxa biləcəyini qeyd edərək, “Qalatasarayı yaxşı tanıyırdıq. Oyunçularını da yaxşı tanıyırdıq. Bu gün bəzi fərdi səhvlər edildi. Belə bir səviyyədə fərdi səhvlər edəndə belə bir nəticə ola bilir. Demək olar ki, 3 qolu biz onlara verdik. Hətta 3-dən çox qol da vura bilərdilər. Belə bir səviyyədə bizim çıxışımız yetərli olmadı. Matça taktiki cəhətdən yaxşı hazırlaşmışdıq. Fərdi səhvlər nəticəsində belə bir nəticə oldu” deyib.
“Qalatasaray” azarkeşlərinin yaratdığı möhtəşəm atmosfer
“Qalatasaray” azarkeşlərinin fantastik bir atmosfer yaratdığını bildirən Knutsen, “Fantastik bir atmosfer idi. Azarkeşlər möhtəşəm idilər. Qulaqcıqlar işə yaramadı. Daha sonra çıxartdım. Hazırda burada oturarkən başım ağrıyır. Atmosfer möhtəşəm idi” deyə qeyd edib.
Çempionlar Liqası səviyyəsində mübarizənin yüksək olduğunu vurğulayan Knutsen, həm “Qalatasaray”dan, həm də stadion atmosferindən təsirləndiklərini dilə gətirib: “Hər ikisindən təsirləndik. Çempionlar Liqası matçı oynayırsınız. Stadionlar təbii ki, tamamilə dolu olacaq. Çempionlar Liqasında səviyyə çox yüksəkdir. Bu gün komanda olaraq yaxşı oynamadıq. “Qalatasaray” yaxşı pressinq etdi. Nəticəyə baxdığınızda yetərli olmadı. Hər zaman olduğu kimi, bu matçdan da öyrənə biləcəyimiz şeylər var” deyə fikrini bildirib.
Leave a Reply