Kreml Sarayından yayılan bəyanatda bildirilir ki, Putin Rusiyaya səfər edən Birləşmiş Ərəb Əmirliklərinin dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan ilə paytaxt Moskvada görüşüb. Təxminən 3 saat davam edən görüşdə Rusiya ilə BƏƏ arasında müxtəlif sahələrdəki əlaqələr müzakirə edilib.
BƏƏ BİZİM ÜÇÜN DOST ÖLKƏDİR
Görüşün mediaya açıq hissəsində çıxış edən Putin, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə böyük önəm verdiklərini vurğulayıb. O, BƏƏ-nin Rusiya üçün dost ölkə olduğunu qeyd edərək, ən yüksək siyasi səviyyədə təmasların davam etdiyini bildirib. İqtisadiyyat, ticarət və investisiya kimi sahələrdə əlaqələrin inkişaf etdiyini vurğulayan Rusiya lideri, qarşılıqlı investisiya həcminin artdığını diqqətə çatdırıb. Putin Rusiyanın Əmirliklərə investisiyalarının, onların Rusiyaya yatırımlarından demək olar ki, iki dəfə çox olduğunu əlavə edib.
Bölgədəki vəziyyət və beynəlxalq təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparacaqlarını qeyd edən Rusiya dövlət başçısı, Birləşmiş Millətlər Təşkilatı (BMT) və BRİKS kimi beynəlxalq platformalarda əməkdaşlığın davam etdiyini bildirib.
TİCARƏT DÖVRİYYƏSİ 11 MİLYARD 500 MİLYON DOLLARA ÇATIB
BƏƏ dövlət başçısı Məhəmməd bin Zayed Əl Nəhyan da öz növbəsində Rusiya ilə münasibətlərin son illərdə sürətlə inkişaf etdiyini vurğulayıb. O, ikitərəfli ticarət dövriyyəsinin 11 milyard 500 milyon dollara çatdığını bildirib. BƏƏ və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri arasında isə ticarət dövriyyəsinin 30 milyard dollara yüksəldiyini qeyd edən bin Zayed, bu rəqəmlərin növbəti 5 il ərzində ikiqat artırılmasını hədəflədiklərini söyləyib.

Leave a Reply