Baş nazir Benyamin Netanyahu’nun rəhbərliyi ilə bu axşam toplanacaq İsrail Təhlükəsizlik Kabinetinin, vasitəçi ölkələr Misir və Qətərin tərəflərə təqdim etdiyi Qəzzada yeni atəşkəs və əsir mübadiləsi anlaşması təklifini müzakirə etməyəcəyi iddia olunur.
İsrailin Kanal 12 televiziyasına danışan bir rəsmi şəxs, Həmasın 18 avqustda qəbul etdiyini elan etdiyi yeni layihənin bu axşamki Təhlükəsizlik Kabineti iclasının gündəliyində olmadığını söyləyib.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə Xüsusi Nümayəndəsi Stiv Vitkoffun tərəflərə təqdim etdiyi və Təl-Əviv rəhbərliyinin keçən ay təsdiqlədiyi təkliflə demək olar ki, eyni olsa da, Netanyahu hökuməti hələ də yeni atəşkəs təklifini müzakirə etməyib.
İsrail Təhlükəsizlik Rəsmiləri Atəşkəs Təklifinin Dəyərləndirilməsini Tələb Edir
Kanal 12-nin xəbərində İsrail təhlükəsizlik rəsmilərinin yeni atəşkəs təklifinin bu axşam keçiriləcək Təhlükəsizlik Kabineti iclasının gündəliyindən çıxarılmasına qarşı olduğu qeyd edilib.
Bundan başqa, təhlükəsizlik rəsmilərinin Netanyahu hökumətinin sözügedən təklifi müzakirə etməməkdə nəyə görə bu qədər israrlı olduğu barədə məlumat tələb etdiyi də bildirilib.
İsrail dövlət televiziyası KAN-ın bir təhlükəsizlik rəsmisinə istinadən verdiyi məlumata görə, İsrail kabineti Qəzzanın işğal edilməsi, Həmasın “tamamilə aradan qaldırılması” və bütün əsirlərin azad edilməsini nəzərdə tutan genişmiqyaslı razılaşmanı “yeganə seçim” olaraq qəbul edib.
Netanyahu hökumətinin Həmasın 18 avqustda müvəqqəti atəşkəs təklifini qəbul etdiyini elan etməsindən əvvəl aldığı qərarda dəyişiklik etmədiyi də vurğulanıb.
İsraildə əsir yaxınları və müxalifət partiyaları baş nazir Netanyahunu xalqın iradəsini heçə sayaraq ölkəni “bitib-tükənməyən bir müharibəyə” sürükləməkdə günahlandırır və dərhal atəşkəs və əsir mübadiləsi sazişinin imzalanmasına çağırış edirlər.
Misir və Qətərin yeni atəşkəs təklifinin Qəzzada 60 günlük müvəqqəti atəşkəs müddətində 10 İsrailli əsirin azad edilməsini və 18 əsirin cəsədinin təhvil verilməsini ehtiva etdiyi mətbuata sızmışdı.
Bu İsrailli əsirlər müqabilində Təl-Əviv rəhbəliyinin bir qisim Fələstinli əsiri azad etməsi də gözlənilir.
Bundan əlavə, təklifin Qəzza zolağına humanitar yardımların asan girişi üçün “sərhəd bölgələrindəki İsrail qüvvələrinin yenidən yerləşdirilməsi” və “müharibəni bitirəcək genişmiqyaslı bir razılaşma” prosesinin başlanmasını da əhatə etdiyi bildirilib.

Leave a Reply