Gənc britaniyalı Daniel Jackson, 20 yaşında olarkən, Dunay çayı boyunca yerləşən, 125 akrdan kiçik bir meşəlik ərazidə Verdis Azad Respublikasını təsis edib. O, uşaqlıqdan bəri bu ölkənin xəyalını qurduğunu bildirərək deyib: “Verdis ideyası ağlıma 14 yaşımdaykən gəldi. Əvvəlcə bu, sadəcə bir neçə dostla apardığımız bir sınaq idi. Hamımız qeyri-adi bir şey yaratmağı arzulayırdıq.”
XORVATİSTANIN SƏRT REAKSİYASI
Verdis coğrafi olaraq “Pocket Three” (Cib Üç) adlanan və Xorvatiya ilə Serbiya arasında heç bir tərəfin iddia etmədiyi kiçik bir ərazidə qurulub. Jackson bu boz zonanı kəşf etdikdən sonra 30 may 2019-cu ildə öz mikro-dövlətinin müstəqilliyini elan edib.
Bu yeni qurumun rəsmi dilləri ingilis, xorvat və serb dilləridir. Pul vahidi kimi Avro istifadə olunur. Ölkəyə yalnız Xorvatiyanın Osiyek şəhərindən çay yolu ilə çatmaq mümkündür. Lakin bu bölgədə məskunlaşma cəhdləri Xorvatiya hakimiyyətinin sərt müqaviməti ilə üzləşib.
O ARTIQ “SÜRGÜNDƏKİ LİDER”DİR
2023-cü ilin oktyabrında Daniel Jackson və bəzi tərəfdaşları Xorvatiya polisi tərəfindən saxlanılaraq ölkədən çıxarılıb və ona ömürlük ölkəyə giriş qadağası tətbiq edilib. “Bizi milli təhlükəsizliyə təhdid kimi qiymətləndirdilər” deyən Jackson hazırda fəaliyyətini “sürgündəki lider” kimi davam etdirir.
O, həmçinin Xorvatiya səlahiyyətlilərini ərazidə müşahidə sistemləri qurmaqda və Serbiya tərəfdən girişi əngəlləməkdə günahlandırıb. Buna baxmayaraq, o, Serbiyada daha açıqfikirli məmurlarla qarşılaşdığını və tez-tez Belqrada səfər etdiyini qeyd edir.
400 VƏTƏNDAŞI VAR, HƏTTA PASPORT DA VERİLİR
İndiyədək Verdisin vətəndaşlıq sisteminə 15 mindən çox müraciət daxil olub və bunlardan 400-ü qəbul edilib. Hər bir vətəndaşa bu yeni dövlətin pasportu verilir. Lakin Jackson bu sənədlərin beynəlxalq səyahətlərdə istifadə edilməməsi barədə xəbərdarlıq edir. Buna baxmayaraq, bəzi şəxslərin bu pasportla müxtəlif ölkələrə daxil olduğu da bildirilib.
Vətəndaşlıq üçün müraciətlər davam edir və tibb, təhlükəsizlik kimi sahələrdə mütəxəssis olan namizədlərə üstünlük verilir. Jackson qeyd edir: “Biz çox kiçik bir ölkəyik, buna görə də vətəndaş qəbul edərkən son dərəcə diqqətli olmalıyıq.”
“VERDİS HƏYATA KEÇİNDƏN SONRA SEÇKİ OLACAQ”
Bütün çətinliklərə baxmayaraq qətiyyətini qoruyan Daniel Jackson, “Əgər Verdisi tam mənada reallaşdıra bilsəm, vəzifəmdən istefa edərəm və seçkilər elan edərəm” sözləri ilə şəxsi maraq güdmədiyini vurğulayır.
“İlk baxışda sadəcə bir meşə kimi görünə bilər, amma orada, özün yaratdığın bir ölkənin içində olduğunu dərk etdikdə bu, həqiqətən də sehrli bir hissdir” deyərək o, xəyalını davam etdirir.
Leave a Reply