“Pilgrim Education” şirkəti ilə bağlı dələduzluq iddiaları: Daha bir şikayət
Bakıda fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı haqqında dələduzluq iddiaları yenidən gündəmə gəlib. Şirkət bir çox tələbədən ödəniş alaraq onları xarici ölkələrin universitetlərinə qəbul etdirmək vədi ilə aldadıb. Bu dəfə Aylin Hüseynova adlı tələbə başına gələnləri mediaya danışıb.
Aylin Hüseynovanın təhsil arzusu və ilkin təmaslar
Aylin Hüseynova “Pilgrim Education” şirkəti ilə ilk dəfə 2023-cü ildə, universitetin üçüncü kursunda olarkən tanış olub. Şirkətin “Instagram” səhifəsindəki paylaşımlar vasitəsilə onlara müraciət edən tələbəyə ortalama balı və könüllülük fəaliyyətləri əsasında “DP” proqramına uyğun olduğu bildirilib. Həmin vaxt Aslanova Aisa Hüseynovaya kiçik bir vərəqdə Almaniya, Avstriya, İngiltərə kimi ölkələri və “DP” proqramına müraciət paketinin 1500 AZN olduğunu qeyd edib. Şirkət tələbənin qərar verməsini gözləmədən iki aya yaxın ona davamlı zənglər və mesajlar göndərib.
Vəd edilən imkanlar və reallıq arasındakı fərq
2024-cü ildə, dördüncü kursda olarkən, Aylin Hüseynova xaricdə təhsil üçün müraciət etməyə qərar verib. Daha əvvəl “Pilgrim Education” ilə konsultasiyaları olduğu üçün yenidən şirkətlə əlaqə qurub. Fevral ayında İçərişəhərdə baş tutan görüşdə Aslanova Aisa tələbəni yüksək səviyyəli vədlərlə əmin edərək “DP” proqramı üçün hər şeyin qaydasında olduğunu, yalnız IELTS sertifikatının çatışmadığını, lakin bunu asanlıqla əldə edə biləcəyini deyib. Hətta “90 faiz bizlikdir, 10 faiz sənlikdir” ifadəsini də işlədiblər. Ödənişi alarkən Aylinin hələ IELTS sertifikatının olmadığını bilirdilər. İlk əvvəl qiymətlərin 2500 AZN-ə qaldığını desələr də, Aylinin imtina etməsindən sonra “xüsusi endirim” edərək məbləği yenidən 1500 AZN-ə endiriblər. Tələbə qeyd edir ki, xaricdə təhsil proseslərində bir il əvvəldən 1500 AZN ödəmək mənasız və əsassızdır, həmçinin proseslərin ümumi dəyərinin əslində bu məbləğdə olmadığını sonradan öyrənib.
Manipulyativ strategiyalar və ödənişin qaytarılması problemleri
Şirkətin problemli yanaşmalarından biri yüksək nəticəli tələbələri cəlb etməkdir. Onlara böyük vədlər verilir, lakin il ərzində müraciətlərin və ölkələrin səviyyəsi tədricən aşağı düşür. Proses zamanı tələbələrə istəmədikləri yerlərə müraciət etmək üçün dəfələrlə təzyiq göstərilir ki, prosesi dayandırıb ödənişi geri istəməsinlər. Ən böyük manipulyasiyalardan biri də odur ki, müraciətlərə başlamasalar belə, ödənişi qətiyyən geri qaytarmırlar. Halbuki, ödəniş müraciətlər üçün verilib, lakin heç bir iş görülməyib. Şirkət müxtəlif yollarla ödənişin geri tələb edilməməsinə nail olmağa çalışır və vaxt keçdikdən sonra məsuliyyəti tələbənin üzərinə atır. Aylin Hüseynova ödənişləri hissə-hissə ödəsə də, onlardan daim zənglər gəlirdi ki, “deadline” qoyulduğu üçün ödənişi təcili etsinlər. Onun “qeydiyyat prosesləri başlamayıb, niyə təcili ödəniş istəyirsiniz?” sualına cavab olaraq “ödəniş əvvəlcədən tamamlanmalıdır ki, proseslərinə tez başlayaq, sən öndə olacaqsan” kimi vədlər verilib.
İmtahan nəticələri və uyğunsuz ölkə təklifləri
Aylin Hüseynova söz verdikləri kimi oktyabr-noyabr aylarında IELTS imtahanı verərək 6.5 bal toplayıb. Lakin “DP” proqramı üçün 7 bal tələb olunduğundan, pulunu geri alıb prosesləri dayandırmaq üçün yenidən şirkətə müraciət edib. Şirkət isə ödənişi qaytarmaq əvəzinə, Aylinin istəyinə zidd olaraq Polşa, Litva və İtaliya kimi ölkələri təklif edib. Aylin dəfələrlə Polşa və Litva universitetlərini istəmədiyini bildirsə də, kurator Leyla xanım davamlı olaraq onu bu ölkələrə yönləndirməyə cəhd edib. “Pilgrim Education” onun ən çox istədiyi Padua Universitetinin ilk raundunun müraciət “deadline”ını qaçırıb, sonra da ikinci raundun yalnız Avropa tələbələri üçün olduğunu bildirib. Duolingo imtahanı üçün ayrılan əməkdaşın səriştəsizliyi səbəbindən isə Aylinin imtahanı uğursuz olub.
Akt imzalatma təzyiqləri və əsassız iddialar
Bütün bu problemlərdən sonra Aylin “Pilgrim Education” ilə ciddi danışıqlar aparıb. Şirkət iyun-iyul aylarında ona Almaniya universitetlərinə müraciət etməyi təklif edib, halbuki daha əvvəl bunun mümkün olmadığını iddia edirdilər. Aylinin mail hesabına giriş tələbi isə “tələbənin nələrisə dəyişə biləcəyi” bəhanəsi ilə rədd edilib. Daha sonra şirkət Aylindən “təhvil-təslim aktı” imzalamasını istəyib. Bu aktda Aylin “Pilgrim Education”‘ın bütün xidmətlərindən razı olduğunu və şirkətin işini qüsursuz gördüyünü təsdiqləyirdi. Aslanova Aisa hətta Almaniya müraciətinin şirkət hesabına olduğunu iddia edərək onu aktı imzalamağa məcbur etməyə çalışıb, halbuki müraciət haqqını Aylin özü ödəyib. Aylin aktın məzmununu oxuduqdan sonra şirkətin bütün əməliyyatların uğurla tamamlandığını təsdiq etdirmək istədiyini anladığını bildirib. Aslanova Aisa daha sonra ona yalnız 20 faizlik geri ödəniş vəd edib və hətta onu “neqativ” olduğu üçün günahlandırıb.
İxtisas uyğunsuzluğu və ekspert rəyi
Aylin Hüseynovaya İngiltərədən illik 30 min avro təşkil edən iki təsdiq sənədi gəlib, lakin bunlar onun ixtisası olan “Psixologiya” deyil, “İctimai Səhiyyə” üzrə olub. Şirkət əvvəlcə iddia edib ki, “İctimai Səhiyyə”nin içərisində psixologiyaya dair dərslər var və Azərbaycanda psixoloq kimi fəaliyyət göstərmək mümkündür. Lakin mütəxəssislər bunun absurd olduğunu, “İctimai Səhiyyə”nin onun sahəsi ilə əlaqəli olmadığını bildiriblər. Aylin bu barədə kuratoruna etiraz etdikdə isə ona “orada sənə məlumat verildi, sən özün seçdin” kimi cavablar verilib. Bu, şirkətin manipulyativ metodlarını bir daha ortaya qoyur.
Təhsil eksperti Kamran Əsədovun çağırışı
Təhsil eksperti Kamran Əsədov “Pilgrim Education” və digər qeyri-rəsmi fəaliyyət göstərən şirkətlər haqqında açıqlama verib. O bildirib ki, xaricdə təhsil bazarında müşahidə olunan dələduzluq halları təhsil sisteminə və ictimai etimada ciddi zərbə vurur. Əsədovun sözlərinə görə, Azərbaycanda xaricdə təhsil almaq istəyənlərin sayı artsa da, qeyri-rəsmi vasitəçilərin sayı da çoxalıb. O, “Təhsil haqqında” Qanununun 13-cü maddəsinə görə dövlətin xaricdə təhsil almaq imkanlarını dəstəklədiyini, lakin şirkətlərin fəaliyyətini tənzimləyən normativ bazanın olmadığını qeyd edib. Müsbət hal kimi Elm və Təhsil Nazirliyinin nəzarət mexanizmləri yaratmaq və maarifləndirici tədbirlər keçirmək istiqamətində addımlar atdığını vurğulayıb. Nazirliyin “xaricdə təhsil üzrə tanınan universitetlər siyahısı” bu baxımdan mühüm vəsaitdir. Lakin, sosial şəbəkələr üzərindən “garantiyalı qəbul”, “təqaüdlə oxumaq” kimi vədlərlə yüzlərlə gəncin aldadıldığını da əlavə edib.
Beynəlxalq təcrübə və tövsiyələr
Kamran Əsədov Türkiyə və Gürcüstan kimi ölkələrdə xaricdə təhsil şirkətlərinin ciddi lisenziyalaşdırmadan keçdiyini və fəaliyyətlərinə görə illik hesabat təqdim etdiyini diqqətə çatdırıb. Almaniyada bütün qəbul prosedurlarının yalnız universitetlərin rəsmi portallarında aparıldığını, vasitəçi şirkətlərin iştirakının qanunla qadağan olduğunu xatırladıb. ABŞ və Böyük Britaniyada isə yalnız dövlətin təsdiqlədiyi agentliklər fəaliyyət göstərə bilər. Ekspert valideynlərə və tələbələrə xaricdə təhsil şirkətini seçərkən hüquqi statusa, vergi ödəyicisi kimi qeydiyyata, rəsmi müqaviləyə, ödənişlərin yalnız bank yolu ilə aparılmasına və universitetlərlə əməkdaşlıq sənədlərinin mövcudluğuna diqqət etməyi tövsiyə edib. Elm və Təhsil Nazirliyinin maarifləndirmə işlərini genişləndirməsi, “etibarlı şirkətlər reyestri” yaratması və sosial şəbəkələrdəki saxta elanlarla mübarizə mexanizmlərini gücləndirməsi ölkədə xaricdə təhsil prosesinə şəffaflıq gətirəcək. Bu tədbirlər təhsilin beynəlxalq etibarını artıraraq sui-istifadə halların minimuma enməsinə şərait yaradacaq.
Bir cavab yazın