Putin və Əhməd əl-Şaara: Dünənki Düşmən, Bugünkü Müttəfiq?
Rusiya prezidenti Vladimir Putin Moskvada Suriya dövlət başçısı Əhməd əl-Şaara ilə görüşü zamanı iki ölkə arasındakı əlaqələrin 1944-cü ildən bəri dostluq xəttində inkişaf etdiyini bildirib. Putin vurğulayıb ki, Rusiyanın Suriyaya qarşı heç vaxt siyasi məqsədlərə xidmət edən mövqeyi olmayıb, yalnız Suriya xalqının mənafelərini qoruyub. O, Rusiya ilə Suriya xalqı arasında dərin əlaqələr olduğunu söyləyib.
Lakin, Putin kiminlə danışdığını unuda bilərdi. Çünki əlini sıxdığı indiki prezidenti, keçmiş adı ilə Əbu Məhəmməd əl-Colanini vaxtilə “tamamilə məhv etməyə” and içmişdi.
“Cəlani”dən Prezidentə: Keçmiş və İndiki Əlaqələr
Əhməd əl-Şaara qısa müddət əvvəl hakimiyyətə gəlib. Keçmişdə Əbu Məhəmməd əl-Colani kimi tanınan Şaara, daha əvvəl Əl-Qaidə ilə əlaqəli Heyət Təhrir əş-Şam qruplaşmasının lideri idi.
Kreml 2020-ci ildə bəyan etmişdi ki, Heyət Təhrir əş-Şam “qəddar və barbar üsullarla guya sələfi İslam xilafəti qurmaqdan başqa heç bir məqsədi olmayan qeyri-qanuni terror təşkilatı olaraq qalmaqdadır və bu düşmənlərə qarşı davamlı mübarizə, tamamilə yox edilənə qədər dünya ictimaiyyətinin dəstəyi ilə davam etdiriləcəkdir”. O dövrdə Rusiya, Türkiyə və ABŞ ilə birlikdə bu qruplaşmanı terrorçu elan etmişdi. Hətta Heyət Təhrir əş-Şam Dəməşqə doğru hücuma başlayanda belə, Rusiya təyyarələri Şaaranın adamlarını bombalamışdı.
Rusiya Bazaları Sözdən Daha Dəyərli
Lakin Heyət Təhrir əş-Şam Dəməşqi ələ keçirdikdən və devrilmiş Bəşər Əsəd Moskvaya qaçdıqdan sonra, Rusiya Aralıq dənizinə çıxışı olan Suriyadakı Hmeymim və Tartus bazalarını xilas etmək üçün mövqeyini sürətlə dəyişib.
Moskvadakı görüşdə iki əsas məsələ diqqət mərkəzində olub. Əhməd əl-Şaara Əsədin ekstradisiyası və Rusiya hərbçilərinin Tartus və Hmeymimdəki bazalarda mövcudluğunu müzakirə edib. Rusiya Federasiyasının Suriyadakı hərbi rolu və yeni rəhbərliklə əlaqələri bu görüşlə birlikdə yenidən formalaşmağa başlayıb.
Leave a Reply