Ruslan İzzətli ictimaiyyətə və şahidlərə müraciət etdi
III Respublika Platformasının qurucu üzvü və “Toplum TV işi” çərçivəsində həbsdə olan Ruslan İzzətli ictimaiyyətə və bu iş üzrə şahid qismində cəlb edilən şəxslərə səslənib. Müraciətində o, məhkəmə istintaqında ifadələrin yekunlaşdığını və yaxın günlərdə şahidlərin dindirilmə prosesinə başlanacağını bildirib.
Qurbanlar və sistem qarşıdurması
Bir il səkkiz aydır azadlığından məhrum edilən Ruslan İzzətli, həbsinə sanksiya verən, məhkəmələrdə iştirak edən hakimlərə, müstəntiqlərə və əleyhinə sifarişli yazılar dərc edən jurnalistlərə qarşı heç bir nifrət bəsləmədiyini vurğulayıb. O, bu şəxsləri “bir tikə çörəklə ədalət arasında seçim etmək məcburiyyətində qalan qurbanlar” adlandırıb. İzzətli, öz mübarizəsində qurbanları yox, əmr verənləri hədəf aldığını ifadə edib.
Nifrət siyasətinin nəticəsi kimi qiymətləndirilən cinayət işi üzrə indiyədək 49 şahid dindirilib. Ruslan İzzətli iddia edir ki, şahidlərin bir neçəsindən istintaqın xeyrinə ifadələr “Stalin metodu” ilə alınıb. O, 22 ildir ölkəni idarə edən qüvvələrin, öz hakimiyyətdə olduqları qədər yaşda olan gəncləri dostlarının əleyhinə ifadə verməyə məcbur etməsini tənqid edərək, mübarizələrinin fərdlərlə deyil, insanları bu hala salan sistemlə olduğunu qeyd edib.
Müraciətdə qeyd olunur ki, Prezident Administrasiyasının notarial təsdiqi ilə fəaliyyət göstərən məhkəmələrdə şahid ifadələrinin heç nəyi dəyişdirməyəcəyinə inandığı üçün, əleyhinə ifadə verən şahidlərə münasibəti dəyişməyəcək.
“Toplum TV işi”ndəki təqiblər və ittihamların ağırlaşması
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər barəsində cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbsdədir. Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılsa da, daha sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.
Təqib edilənlər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittihamlar daha da ağırlaşdırılıb. Həbsdə olan şəxslər irəli sürülən ittihamları rədd edərək, onların siyasi sifariş əsasında həbs olunduğunu bəyan edirlər.

Leave a Reply