Çinin bərə donanması Tayvana təcavüzə hazırlıq məqsədi daşıyır?
Avstraliya Yayım Korporasiyası (ABC) ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) Pentaqon üçün hazırladığı məxfi bir hesabatı əldə edib. Hesabat Çinin ticarət bərə donanmasının sürətli genişlənməsi ilə bağlı narahatlıqları dilə gətirir. Sənəddə bu genişlənmənin Tayvan adasının mümkün Tayvanın işğalı üçün bir hazırlıq olduğu qiymətləndirilir. Məlumata görə, Çin gəmilərini tank daşımaq və amfibiya əməliyyatları üçün modifikasiya edib. ABŞ isə bu bərələri Çinlə münaqişə vəziyyətində potensial hərbi hədəflər kimi nəzərdən keçirəcək.
Hərbi təlimlər və yeni desant gəmiləri
Hesabatda bərələrin yeni tipli desant gəmiləri ilə birgə təlimlərdə istifadə edildiyi vurğulanır. Bildirilir ki, 2022-ci ildə Çin Xalq Azadlıq Ordusunun (PLA) iştirak etdiyi təlimlər zamanı “Beş Göz” ittifaqı (ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya) 30-a yaxın Çin ticarət bərəsini izləyib. Sənəddə, həmçinin, ABŞ kəşfiyyatı tərəfindən aşkar edilmiş və Çinin 3 fərqli sinifdə yeni desant gəmiləri hazırladığını göstərən peyk görüntülərinə də yer verilib. Bu görüntülər Çinin ticarət bərə donanmasının sürətli inkişafının hərbi məqsədlərə xidmət etdiyi fərziyyələrini gücləndirir. Qeydlərdə ən kiçik desant gəmisinin təxminən 110 metr, ən böyüyünün isə 185 metr uzunluğunda olduğu müəyyən edilib və Çinə aid bərələrin bu desant gəmilərinin yanında lövbər saldığı müşahidə olunub.
Ekspert rəyləri və “Ro-Ro” tipli bərələr
ABŞ-ın Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) beyin mərkəzinin tədqiqatçısı Tomas Şuqar desant gəmiləri ilə bərələrin “bir-birinə uyğun dəstlər” şəklində konfiqurasiya edildiyini bildirib. Oxşar şəkildə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) Çinin 2026-cı ilin sonuna qədər 76 böyük bərə inşa etməyi planlaşdırdığını açıqlayıb. ABŞ Dəniz Hərb Məktəbinin rəsmiləri isə desant gəmilərinin xüsusilə Çinin Ro-Ro tipli bərələri ilə uyğun şəkildə dizayn edildiyini, qapı yerləşdirmələri və uzunluqlarının buna görə tənzimləndiyini vurğulayıblar. “Ro-Ro” tipli bərələr, yüzlərlə sərnişin və nəqliyyat vasitəsi daşıma qabiliyyətinə malik, nəqliyyat vasitələrinin və ağır yüklərin birbaşa rampalardan gəmiyə girib çıxmasına imkan verən ticarət yük gəmiləridir. Çin bu tip bərələrdən ilk dəfə 2019-cu ildə “Bang Çui Dao” adlı 15 min tonluq gəmini amfibiya desant təlimində hərbi məqsədlə istifadə etmişdi ki, bu da Tayvanın işğalı ssenarisində belə bərələrin rolunun artacağını göstərir.
“Beş Göz” ittifaqı nədir?
İlk dəfə 1946-cı ildə ABŞ və Böyük Britaniya arasında imzalanan, sonradan Kanada, Avstraliya və Yeni Zelandiyanın qoşulması ilə genişləndirilən və UKUSA adlandırılan “elektron kəşfiyyat” ittifaqı “Beş Göz” (Five Eyes) kimi tanınır. Bu ittifaq üzvləri Çinin ticarət bərə donanmasının genişlənməsi və Tayvanla bağlı hərbi hazırlıqları diqqətlə izləyir.