Tag: #AbzasMediaİşi

  • Apellyasiya ‘Abzas’çıların hökmünü təsdiqlədi

    Apellyasiya ‘Abzas’çıların hökmünü təsdiqlədi

    Apellyasiya Məhkəməsinin Qərarı

    Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində Abzas Media işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib. Beləliklə, jurnalistlərə hökm qüvvədə saxlanılıb.

    Jurnalistlərə Hökm Qüvvədə Saxlanıldı

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində Abzas Media işi üzrə “Abzas Media”nın rəhbərliyi və əməkdaşları barədə jurnalistlərə hökm elan edilmişdi. Məhkəmənin qərarına əsasən, “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımovaya 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalova isə 7 il 6 ay cəza təyin olunub.

    İttihamlar və Müdafiə Mövqeyi

    Mediada təmsil olunan şəxslər qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə ilə ittiham olunurdu. Lakin müdafiə tərəfi və jurnalistlərin özləri istintaqın irəli sürdüyü bu ittihamlar üçün heç bir tutarlı sübut ortaya qoymadığını dəfələrlə bildirmişdilər. Onlar hesab edirlər ki, təqiblər onların peşəkar jurnalistika fəaliyyətləri ilə bağlıdır.

    24 saat

  • Hafiz Babalının qadağan olunmuş şeiri: “Yetirin o zata ki, külli islah olmuşam”

    Hafiz Babalının qadağan olunmuş şeiri: “Yetirin o zata ki, külli islah olmuşam”

    “Abzas Media işi” üzrə həbs olunan araşdırmaçı jurnalist, “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının 1 saylı Bakı İstintaq Təcridxanasında yazdığı şeirlər müsadirə olunub.

    Bu günlərdə onun saxlanıldığı kamerada axtarış aparılıb və həbsxanada olduğu müddətdə yazdığı onlarla şeir əlindən alınıb. Təcridxananın rəisi Elnur İsmayılov Hafiz Babalını otağına gətirdərək bir daha bu cür şeirlər yazmaması ilə bağlı xəbərdarlıq edib.

    “Abzas Media” jurnalistin həbsxanada xüsusilə mübahisəyə səbəb olan və qadağan olunmuş şeirini əldə edib. Şeiri solduğu kimi təqdim edirik:

     

    “Yetirin o zata ki, külli islah olmuşam”

     

    Yetirin o zata ki, külli islah olmuşam.

    İnan, vallah, olmuşam, inan, billah, olmuşam.

    ***

    Yazmaram mən bir daha nazirdən, deputatdan,

    Panamadan, şapkadan, andır Landromatdan,

    Ofşorlardan, otkatdan, bir də qızıl saatdan.

    Düşmənlərin əlində gizli silah olmuşam,

    Yetirin o zata ki, külli islah olmuşam.

    ***

    O mötəbər şirkətə bəsdir daşlar atdığım,

    Hesabatlar içində milyardlara batdığım,

    “Korrupsiya var” deyib hey aranı qatdığım.

    İnkişafdan, rifahdan indi agah olmuşam,

    Yetirin o zata ki, külli islah olmuşam.

    ***

    Pulları daşıyırlar Dubay, London, Vircinə?

    Büdcəni dağıdırlar? Deyil daha vecimə!

    Yığdığım sübutları atdım arxiv küncünə!

    Səhvlərimi anlayıb tərki-günah olmuşam,

    Yetirin o zata ki, külli islah olmuşam.

    ***

    Bildim ki, qəzetçilik ağır bir xətər imiş,

    Araşdırma, təhqiqat-ondan da betər imiş!

    “Haqqı” dərk etmək üçün bir ay həbs yetər imiş,

    Prokurora deyin ki, əsir-tamah olmuşam,

    Yetirin o zata ki, külli islah olmuşam.

     

    Hafiz Babalı, 

    Yanvar, 2024, Bakı İstintaq Təcridxanası. 6.03

  • Hafiz Babalı: “Mediamız bu cür natəmiz məlumatlarla çirkləndirilməkdədir, dövlət qurumları isə sanki bu halları görmür”

    Hafiz Babalı: “Mediamız bu cür natəmiz məlumatlarla çirkləndirilməkdədir, dövlət qurumları isə sanki bu halları görmür”

    “Abzas Media işi” çərçivəsində həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı Azərbaycan Respublikasının Audiovizual Şurasına və 

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə (MEDİA) müraciət ünvanlayıb. 

    O müraciətində, bir sıra xəbər saytlarının onun barəsində birtərəfli və böhtan xarakterli yazılar yazmasından bəhs edib və dövlət qurumlarını bu məsələni araşdırmağa çağırıb.

    Müraciətin mətnini olduğu kimi təqdim edirik:


    Hörmətli rəhbərlik!

    Diqqətinizi hüquq-mühafizə orqanlarının tənqidi jurnalistikaya qarşı sifarişli, “səlib yürüşü” miqyası almış kütləvi həbs dalğası fonunda bir çox media nümayəndəsinə, o cümlədən mənə münasibətdə yerli mətbuatda yayımlanan qərəzli, birtərəfli və böhtan xarakterli, işgüzar nüfuza xələl gətirmək, ən əsası, ictimaiyyətin gözündən salmaq, ləkələmək niyyəti güdən genişmiqyaslı “qara PR” kampaniyasına cəlb etmək istərdim.

    Bu əxlaqdan kənar kampaniya ilə mən məhdud imkanlarım daxilində məhkəmə formatında mübarizə aparıram. Düzdür, məhkəmələr böhtançıların vəkili rolunda çıxış edir, amma bu, başqa söhbətin mövzusudur.

    “Abzas Media işi” kimi tanınan qondarma cinayət işi çərçivəsində 2023-cü ilin dekabr ayının ortalarında qanunsuz həbsimdən az sonra, dekabr ayının 28-də www.qafqazinfo.az internet saytında barəmdə “Hafiz Babalı işində yeni detallar” başlıqlı dezinformasiya xarakterli, heç bir sübuta söykənməyən məqalə dərc olundu.

    Elə həmin gün bu məqalə “İki Sahil” qəzetinin internet səhifəsində, modern.az, demokrat.az, pravda.az, yenigundem.az saytlarında, eləcə də “ATV” telekanalının “Xəbərlər” axşam proqramında ilkin mənbəyə istinadən yayımlandı.

    Baxmayaraq ki, bu mənbə heç də informasiya agentliyi deyildi. Başlığından sonunadək obyektiv jurnalist imicimi ləkələmək məqsədi daşıyan bu üzdəniraq cızmaqarada anonim müəllif, görünür, mənim həbsdə olmağım səbəbindən bu bədnam məqalədən xəbər tutmayacağımı, şərəfli jurnalist peşəsinə xəyanət olan hərəkətinin cavabsız qalacağını düşünüb.

    Lakin bu iyrənc məqalədən xəbərdar olan kimi vəkilim vasitəsilə əvvəlcə təkzib verilməsini tələb etdim, daha sonra məhkəmələrə müraciət etməli oldum.

    2025-ci ilin may ayının 2-də “Baku TV” telekanalında “Anonim bank kartları, məxfiləşdirilmiş elektron kanallar, mənzil-ofislər | Niyə?” başlıqlı videomaterial yayımlanıb. Cəmi üç gün sonra material mətn şəklinə salınaraq “Report” İnformasiya Agentliyi, qafqazinfo.az xəbər saytı tərəfindən tirajlanıb.

    Bu qarayaxma materialda da həm də mənim şəxsimi hədəfə alan böhtan məzmunlu məlumat yer alıb. Birinci məqalədə (dekabr, 2023) olduğu kimi, burada da obyektivlik, qərəzsizlik meyarlarına əməl olunmayıb, heç olmasa, vəkilim vasitəsilə mənim mövqeyim öyrənilməyib.

    Həbsdə olmağım, bu səbəbdən maddi məhrumiyyətə düçar olduğumdan bu dəfə də bütün böhtançı media resurslarını deyil, yalnız “Baku TV” telekanalını təkzib vermək, üzr istəmək və vurulmuş mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə dəvət etmişəm.

    Qeyd edim ki, qafqazinfo.az saytına qarşı apellyasiya şikayətimə oktyabr ayının 21-də saat 10:00-da, “Baku TV” telekanalına qarşı mülki iddiama isə sentyabrın 4-də saat 16:40-da Nəsimi Rayon Məhkəməsində baxılmağa başlanacaqdır.

    Çox istərdim ki, bu açıq məhkəmə proseslərində müraciəti ünvanladığım dövlət nəzarət orqanlarının nümayəndələri də iştirak etsinlər.

    Bildiyimiz kimi, “Media haqqında” AR Qanununun tələblərinə əsasən, mediada yayımlanan məlumatlarda şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana və birtərəfliyə yol verilməməli, faktlar və hadisələr qərəzsiz, obyektiv təqdim olunmalıdır. Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilmir.

    Lakin gördüyünüz kimi, mediamız bu cür natəmiz məlumatlarla çirkləndirilməkdədir, dövlət qurumları isə sanki bu halları görmür. Hərçənd, ən azı, həbsdə ikən telekanallarda izlədiyim xəbərlərə inansaq, Media Agentliyi dezinformasiya və saxta xəbərlərlə mübarizə məqsədilə maddi dəyəri yüz min manatlarla hesablanan seminar və konfranslar təşkil edir. Öz nümunəmdə əminliklə deyə bilərəm ki, bir çox yerli KİV bu mübarizəni ya sabotaj edir, ya da onlar hansısa səbəbdən arxalı köpəklər kimi toxunulmazdır.

    Hörmətli Audiovizual Şura və MEDİA Agentliyi, sizi öz səlahiyyətləriniz, hüquq və vəzifələrinizə uyğun olaraq ərizədə qeyd olunan xüsusatları araşdırmağa, qanunvericiliyin tələblərini pozan media orqanlarına və telekanallara qarşı qanunla müəyyən olunmuş intizam tədbirlərinin görülməsinə çağırıram.

    Hafiz Babalı

  • Məhəmməd Kekalov Vəkili ilə Görüşə Bilmədi

    Məhəmməd Kekalov Vəkili ilə Görüşə Bilmədi

    Məhəmməd Kekalova Vəkili ilə Telefon Əlaqəsinə Məhdudiyyət

    Abzas Media işi üzrə həbs edilmiş Məhəmməd Kekalovun vəkili ilə telefonla əlaqə saxlamasına imkan verilmədiyi bildirilib.

    Kekalovun ailəsinin verdiyi məlumata görə, avqustun 12-də Umbakı qəsəbəsindəki Penitensiar Kompleksdə saxlanılan Kekalov vəkili ilə zəng etmək istəyib. Lakin cəzaçəkmə müəssisəsinin əməkdaşları buna icazə verməyib, telefonu zorla əlindən alaraq əlaqəyə mane olublar. Ona yalnız həbsxana rəisinin icazəsindən sonra vəkili ilə danışa biləcəyi deyilib.

    İstintaqdan Sonra Davam Edən Qadağa

    Abzas Media işi çərçivəsində həbs edilən şəxslərə istintaq dövründə vəkilləri ilə telefon danışığına qadağa qoyulmuşdu. Lakin bu məhdudiyyətin məhkəmə hökmü qüvvəyə mindikdən sonra da davam etməsi ilə bağlı rəsmi məlumat yoxdur. Bu hal vətəndaşların qanuni hüquqlarının pozulması kimi dəyərləndirilə bilər.

    Məhəmməd Kekalovun Cəzası və Digər Həbslər

    Məhəmməd Kekalov 2025-ci il iyunun 20-də 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Abzas Media işində digər 6 nəfərlə birlikdə səkkiz maddə, o cümlədən qaçaqmalçılıq və müxtəlif maliyyə cinayətləri ilə ittiham olunub.

    Həmin iş üzrə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları rədd edirlər.

    24 saat