Tag: #AclıqAksiyası

  • Polad Aslanov aclığın 11-ci günündə şok keçirdiyi bildirilir

    Polad Aslanov aclığın 11-ci günündə şok keçirdiyi bildirilir

    Həbsdə Olan Jurnalist Polad Aslanov Həbsxanada Şok Keçirdi

    Həbsdə olan və uzun müddətdir aclıq aksiyası keçirən jurnalist Polad Aslanov saxlanıldığı cəzaçəkmə müəssisəsində səhhətində kəskin pisləşmə yaşayıb. Bu barədə məlumatı onun həyat yoldaşı Gülmirə Aslanova sosial media səhifəsində yayıb. Hadisə sentyabrın 8-ə keçən gecə, saat 2 radələrində 15 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.

    Səhhətindəki Ciddi Problemlər və Gülmirə Aslanovanın Açıqlaması

    Gülmirə Aslanova bildirib ki, jurnalist Polad Aslanov titrəmə tutduğunu, ayaqlarını hiss etmədiyini və bir müddət ayıla bilmədiyini deyib. O, yataqda bir neçə dəqiqə köməksiz vəziyyətdə qalıb. Aslanova vurğulayıb ki, həyat yoldaşı avqustun 29-dan bəri davam etdirdiyi aclıq aksiyasını hələ də davam etdirir. Onun irəli sürdüyü tələbləri əks etdirən ərizə isə müəssisə rəisi Ramiq Nəsibov tərəfindən hələ də qəbul edilməyib.

    Aclıq Aksiyasına Səbəb Olan Amillər

    Polad Aslanovun aclıq aksiyasına başlamasının əsas səbəbi 15 saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindəki mətbəxdən istifadə etməsinə icazə verilməməsidir. Həmçinin, o, iyulun 18-də keçdiyi ultrasəs müayinəsinin nəticələrini tələb edir. Gülmirə Aslanovanın sözlərinə görə, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsinin baş həkimi Cavanşir adlı şəxs Polad Aslanovun etirazına cavab olaraq onun mətbəxdən istifadəsinə qadağa qoyub.

    Casusluq İttihamları və Siyasi Məhbus Statusu

    Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs edilib. Jurnalist özü bu ittihamları rədd edərək, hökumətdəki korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunduğunu bildirir. Hüquq müdafiəçiləri Polad Aslanovu siyasi məhbus hesab edir, Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycana qarşı qərar çıxarıb.

    24 saat

  • Bəhruz Səmədov yenidən aclığa başlayır

    Bəhruz Səmədov yenidən aclığa başlayır

    Həbsdəki Doktorant Yenidən Aclıq Aksiyasına Başlayır

    Bəhruz Səmədov, həbsdə olan elmi tədqiqatçı və sülh fəalı, yenidən aclıq aksiyasına başlayacağını bəyan edib. İctimai fəal Əmrah Təhməzovun verdiyi məlumata görə, Səmədov bu qərarını telefon zəngi ilə nənəsinə bildirib. Bakı Apellyasiya Məhkəməsində şikayəti təmin olunmayan fəal, sentyabrın 5-dən etibarən azadlığa buraxılması tələbi ilə quru aclıq aksiyasına başlayacaq.

    Məhkəmə Prosesinə Qarşı İddialar və Müraciət

    Təhməzov əlavə edib ki, fəal məhkəmə proseslərinin “çox ədalətsiz” keçirildiyini və heç bir günahının sübut olunmadığını vurğulayıb. O, həmçinin, “bütün vicdanlı adamlardan” onun günahsız olduğunu, sülh və ədalət istədiyi üçün məhbəsə atıldığını sosial mediada paylaşmağı xahiş edib.

    Bəhruz Səmədov Haqqında Məlumat və İttihamlar

    Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs edilib. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub. Cinayət işində onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia edilir.

    İttihamlara Cavab və Sülh Tərəfdarlığı

    O, məhkəmələrinin birində qeyd edib ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. Həmçinin, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu ifadə edib.

    24 saat

  • AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    Sonuncu yediyim yemək Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.

    Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.

    Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.

    Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayiəti ilə gözlədim. Televizor açıq idi, “Space TV”də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki,  müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Oruellin təbirincə desək, “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.

    Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.

    Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Penitensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.

    Penitensiar Xidmətin əməkdaşı kimi özünü təqdim edən Əvəz adlı şəxs dəhlizdə soruşur ki, “aclıq etməklə bağlı fikriniz qətidirmi?” Deyirəm, qətidir. Bunu dəftərinə yazıb gedir.

    Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar.

    Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.

    Otaqda televizor işləmir, pult da yoxdur. Otağa daxil olduğum gün gəzinti yeri bağlanmışdı. Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı.

    Növbəti gün yenə eyni hadisə yaşandı. Bütün kameraların gəzinti yerləri saat 10-a qədər açıldı, amma qızlarla mənim qapım açılmadı. Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, “proqulumuzu” (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı.

    Otağın pəncərələrindəki şüşələr ilk gün çıxarıldı, televizora baxılıb pultun alınacağı deyildi, amma alınmadı. 5 gün sonra duş sistemi gətirildi. Psixoloq Təranə Quliyeva dedi ki, duşu özü alıb. Bəs təcridxananın inventarı haradadır? Niyə psixoloq şəxsi vəsaiti ilə duş sistemi almalıdır? Bəs inventar üçün dövlət büdcəsində ayrılan vəsaitlər hara gedib? Bu suallar da rəis Elnur İsmayılova məruzə olunsa, şad olaram.

    Aclığa başladığımız gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilmədi. Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?

    Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi.

    Aclıq müddətində nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi. Nəzarətçi Cahan İbrahimli, başqa korpusdan gətirilən Cavid Rəhimov istisna olmaqla heç kim maraqlanmadı. Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi.

    Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər. Əlbəttə göstəriş verən məlum idi – Elnur İsmayılov.

    Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi. 

    Sevinc Vaqifqızı

     

  • Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik. Aclığın ilk günü yığdığım zəruri əşyalarımı otaqdan çıxardılar. Rəis müavini Əhəd Abdıyev dedi ki, Penitensiar Xidmətdən nümayəndə gəlib, onun qəbuluna gedəcəyik.

    Onunla birlikdə inzibati binaya getdik. Rəis müavini oradakı otaqlardan birində gözləməyimizi dedi. 2 saata yaxın vaxt keçdi, amma ortalıqda nə rəis müavini var idi, nə də Penitensiar Xidmətdən gələn nümayəndələr.

    Daha sonra Əhəd Abdıyev gəlib dedi ki, “gələnlər sizi qəbul edəsi olmadı”. Əvəzində dəhlizdə dayanan və Penitensiar Xidmətdən gəldiyini bildirən bir adam əlindəki vərəqə baxıb ayaqüstü “qərarınız qətidir?” soruşmaqla kifayətləndi. 

    Qəbul adı ilə aparılmağımız həm də bizi korpusdan uzaqlaşdırıb kameralarda yerdəyişmə etmək üçün idi. 

    Mən 2 nəfər üçün nəzərdə tutulan kamerada saxlanılıram. Bundan əvvəlki aclıq aksiyamızda məni kamerada saxlayıb otaq yoldaşımın yerini dəyişdirmişdilər. Bu dəfə isə otaqdan mənim çıxarılacağım məlum oldu.  

    Korpusa qayıdanda gördüm ki, alternativlər olsa da, otaq yoldaşımı da kameradan çıxarıblar. Otaqdakı əşyalarımızı da çıxarmalı olduğu üçün, bu, ona əlavə yük oldu.

    Yerləşdirildiyim kamerada duş sistemi yox idi. İlk gündən desəm də, yalnız 4 gün sonra köhnə duş başlığı göndərdilər.

    Havalandırma sistemi olmadığından yayda bir az nəfəs ala bilmək üçün pəncərələrin şüşələri çıxarılır. Amma bu otaqda şüşələrin, demək olar, hamısı yerində idi. 

    Otaqda işıq yox idi, lampanın bağlandığı naqil xarab idi və lampa da yox idi. İşıq üçün usta istəyəndə xeyli təkidlərdən sonra ustanı “tapdılar”.

    Televizorun işləməsi üçün lazım olan cihaz yox idi, sökülənin yerinə yenisi qoyulmamışdı. Həmin gün sonradan bunu da həll etdilər.

    Yerləşdirildiyim kamera natəmiz idi. Günortadan axşam saat 8-ə qədər otağı yığışdırıb yerləşməyə çalışdım. Sonrakı günlərdə getdikcə halsızlaşacağımızı, immunitetimizin düşəcəyini nəzərə alıb əməkdaşlardan otaqlarımızın təmizlənməsi üçün bizə kömək etməyi təklif edən yoldaşlarımıza icazə verilmədi. 

    Təcrid edildiyim otağa köçürüldüyüm gün həmin otağın “sakinləri” əvvəldən “şmon” (red.: axtarış) əməkdaşlarının müşayiəti ilə əşyalarımı, o cümlədən qida məhsullarımı oradan çıxarmışdılar. Belə hallarda “şmon” əməkdaşları orada hər yeri yoxlayıb yeyinti məhsullarının qalmadığına əmin olur. Amma mən otağa yerləşdiriləndə şkafın bir bölməsində xeyli yeyinti məhsullarının qaldığını gördüm. Nəzarətçini çağırıb bu haqda bildirdim və təsərrüfat işçisinin vasitəsilə qalan məhsulları otaqdan göndərdim. 

    Kameraya yerləşdiriləndə gəzinti yerinin qapısını bağlı saxlamışdılar. Üçümüzün də etirazlarından sonra müəssisə rəhbərinə məruzə edib qapını açdılar. 

    Aclığın ikinci günü səhər yenə eyni hal yaşandı. Səhər yoxlanışı zamanı bütün kameraların gəzinti yerinin qapısı açılır. Amma səhər nəzarətçi kameramın qapısına yaxınlaşanda digər əməkdaşa dedi ki, “soruş, gör, bura açılacaq?” Səhər yoxlanışı bitəndən sonra əməkdaşlar gəzinti yerinin açılması tələbinə cavab olaraq dedilər ki, “rejim rəisinə demişik, o da müavinə deyəcək.  Ola bilsin, özləri gəlib açacaqlar”.

    Bir müddət sonra xəbər çıxmadığını görəndə nəfəslikdən “proqulları açın” deyə qışqırmağa başladım. Sevinclə Nərgiz də eyni tələblə qışqırandan sonra bizə dedilər ki, gəzinti yeri bir azdan açılacaq. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra qapıları açdılar. 

    Aclıqda olduğumuz müddət ərzində bizim korpusa həm gündüz, həm gecə növbəsinə əlavə əməkdaşlar verilmişdi. Otaq yoldaşlarımızdan qalan əşyalarımızdan nələrisə istəyəndə həmin əməkdaşlar əşyaların nə olduğunu məruzə edirdilər. Razılıq alandan sonra bizə gətirirdilər. Təhvil verməzdən əvvəl isə mütləq şəkildə hər şey yoxlanılırdı.

    Təmizlik vasitələrinin isə yalnız hissə-hissə, 1-2 istifadəlik verilməsinə icazə var idi. Bəzi əşyalar isə müzakirələrdən sonra “işlət, qaytar” prinsipi ilə verilirdi. Məsələn, saçımı qurutmaq üçün otaq yoldaşımdan fen istəyəndə bu halla üzləşmişdim.

    Qanuna, həm də daxili intizam qaydalarına əsasən, əməkdaşlar aclıq edən şəxslərə gündə 3 dəfə yemək təklif edib imtina ilə bağlı qeydlər aparmalıdırlar. Lakin onlar işlərinə aid digər qaydalardan xəbərsiz olduqları kimi bundan da xəbərsiz idilər.

    Təcridxanada etiraz edən həbs edilmiş şəxslərə (bu daha çox siyasi məhbuslara tətbiq edilir-E.Q.) qarşı işlədilən məşhur üsul var, digər dustaqları o adamların üzərinə qaldırmaq. Müəssisə rəhbərinin göstərişi ilə bu üsulun tətbiqi bizdən də yan keçməmişdi. 

    Əvvəlcə soyuq suyun verilmə müddəti qısaldıldı. İsti su günündə isə su verilmədi. Digər həbs edilmiş şəxsləri məhrumiyyətlərlə üz-üzə qoyub səbəbkar kimi bizi göstərdilər.

    Aclıqda olduğumuz müddət ərzində gecə növbəsində qalan əməkdaşlar bizi yoxlamadı. Huşumuzu itirsəydik, bundan yalnız səhər yoxlanışında xəbər tutacaqdılar.

    Görüş günü sovqatın buraxılmasında süni əngəllər yaradıldı. Əvvəlcə salfetləri, təmizlik vasitələrini buraxmaqda maneə yaratdılar. Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq? Görüşdəki əməkdaşlara dedim ki, bunu rəislərinə də çatdırsınlar. Bir az sonra qərara gəldilər ki, həmin əşyalar otaq yoldaşıma, sular isə mənə veriləcək. 

    İyulun 28-də səhər saatlarında rəis müavini Cavid Güləliyev bir əməkdaş və həkimlə kameraya gəldi. Yanındakı əməkdaş otağı axtarmağa başladı. Cavid Güləliyev, çox güman, aclıq etdiyimizə şübhə ilə yanaşıb bu yola əl atmışdı. Həkim təzyiqimi ölçdü, normal olduğunu eşidən Güləliyev dedi ki, “yəqin kimsə bunlara “zavtrak” verir, bu qədər vaxta bu nə təzyiqdir”. Yaxşı olardı ki, Cavid Güləliyev “axtarış performansını” otağa yerləşdirildiyim gün də əməkdaşlarından tələb edərdi. Oynayan təzyiqimizin həmin an normada olduğunu görən rəis müavini yəqin buna görə xeyli məyus olmuşdu. Təzyiqimi ölçəndən sonra həkim qan analizi götürdü. Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi. 

    Bir neçə saat sonra həkim gəlib dedi ki, qan şəkərim xeyli düşüb və sistem qoşmağı təklif etdi. Bundan imtina etdim.

    Axşam 19:00-da aclığı sonlandırmaqla bağlı ərizələri təqdim etdik. Bir az sonra bir-bir rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparıldıq və aclığı dayandırmaqla bağlı izahat yazdıq. Bundan sonra otaqlarımıza qaytarıldıq. Otaq yoldaşımı qaldığı müvəqqəti kameradan tələsik çıxardılar, o, özü ilə lazım ola biləcək qida məhsullarını götürə bilmədi.

    İyulun 28-də aclığı dayandırmaqla bağlı izahat yazdığımız otaqda gecə növbəsinin həkimi var idi. Amma həmin an oradakı mövcudluğunun səbəbi bilinmədi. Çünki həkim aclığı dayandırandan sonra necə qidalanmaq lazımdır, nələrə diqqət edilməlidir və digər məsələlər barədə danışmağı lüzum görmədi. Adətən gecələr təzyiqini ölçdürmək istəyən dustaqlara “yanımda təzyiqölçən yoxdur” deyən həkimdən bundan artığını gözləmək absurd olardı.

    Elnarə Qasımova

  • AbzasMedia – “Köçürüldüyüm kamerada aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım”

    AbzasMedia – “Köçürüldüyüm kamerada aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım”

    Aclığa başladığımız gün – iyulun 22-si bizi inzibati binanın görüş otağına apardılar. İki saata yaxın gözlədikdən sonra geriyə-korpusa qaytardılar. Bu zaman məlum oldu ki, əşyalarımızı çıxarmaq, başqa şəxsləri kameralarımıza yerləşdirmək üçün bizi inzibati binada o qədər saxlayıblar. 

    Etiraz etdim, başqa kameraya getmək istəmədiyimi bildirdim. Rəis müavini Əhəd Abdıyev “O zaman yaz ərizəni, aclığı dayandırdığını de, yoxsa başqa kameraya gedəcəksən” deyib məni hədələməyə başladı.

    “Getmək istəmirəm, çünki aclığa başlamışam və indidən halsızam, hazırda saxlanıldığım kamera təmizdir və otaq yoldaşım çıxmağa razıdır. Bu halda çirkli və şəraitsiz bir kameranı necə təmizləyim?” – deyə etirazımın səbəblərini bildirdim. 

    Əhəd Abdıyevin cavabı isə “Biz demişdik aclıq elə? Etməyəydin, qalardın təmiz kameranda” -oldu.

    Abdıyev məni zorakılıqla başqa kameraya aparmağa çalışdı və nəticədə qollarımda qançır izləri yarandı.

    Məni gətirdikləri kameranı təmizləməyə 3 gün vaxt sərf etsəm də, dərmanlar töksəm də, oranın köhnə sakinləri olan tarakanlar kameradan çıxmağa razı olmadılar. 

    Orda qaldığım müddətdə aclığın verdiyi halsızlıqla uzanmaqdansa, ayaqda tarakan ovlayırdım. Gecələri üzərimə çıxarlar qorxusuyla yata bilmirdim. 

    Əhəd Abdiyevin danışığından və bizi gətirdikləri kameralardan da bəlli oldu ki, bu addım aclığı dayandırmağımız üçün bizə mənəvi işgəncə, təzyiqdir. 

    Məni yerləşdirdikləri kamera necə bir otaqdır? 

    Şəraitsiz, hava gəlməsi üçün çıxarılmalı olan pəncərə şüşələri çıxarılmayan, açılan pəncərəsi torsuz, hər tərəfi hörümçək toru bağlamış, içi tarakan və tanımadığım digər böcəklərlə dolu bir kameradır. 

    Kameranın tualetində əl-üz yuyanın kanalizasiya borusu xarab olduğu üçün çirkli su birbaşa vedrəyə axır. Hər dəfə çirkli su ilə dolu olan vedrəni dəyişməli oluram. Xarab olan digər kran bağlanmadığı üçün su verildiyi müddətdə daim axır. Həm “su yoxdur, azdır” deyib gündə cəmi 2 saat su verilir, həm də balaca bir kranı belə düzəltməkdə acizdir təcridxana rəhbərliyi. 

    Beləcə xarab kranı bağlaya bilmədiyim üçün su israf olur. Hamamın divarlarındakı rütubətə baxanda bunun artıq illərdir belə davam etdiyi aydın olur. Kameranın eni 2,5 addım, uzunu 7 addımdır. Kameranın içində yerləşən hamam-tualetin uzunu 2,5 addım, eni isə 1 addım belə sayılmır. Kameraya nəzarətçi girdikdə keçə bilsin deyə yataqda uzanmalı oluram. Otaqda olan saysız problemləri həll etmələri üçün santexnik çağırmalarını istəsəm də, 7 gün nə gələn oldu, nə gedən. Pəncərələri torsuz olduğu üçün tarakanlarla yanaşı ağcaqanadlarla da mübarizə aparmalı oluram. 

    Bəs ilk dəfə aclıq etdikdə necə olmuşdu? 

    Elnarə ilə mən 2 nəfərlik, Sevinc 4 nəfərlik kamerada saxlanıldığı üçün təkcə Sevinc 2 nəfərlik kameraya köçürüldü, Elnarə ilə mənim otaq yoldaşlarımız isə Sevincin saxlanıldığı 4 nəfərlik kameraya köçürüldü. Otaqlarımızda axtarış oldu və yeməli olan hər şey otaqdan çıxarıldı. Bələcə biz aclığa başladıq.

    Aclığa başladığımız gündən həkimlər gündə 1-2 dəfə təzyiq, ürək döyüntüsu və çəkimizi ölçmək üçün gəldilər. Bəzi həkimlərin cihazı olsa da, digərləri barmaqlarını biləyimizə tutaraq ölçürdülər ürək döyüntülətimizi. Aclığın 3-cü günü baş həkim Vüqar Həsənov yanımıza gələrək aclığı dayandırmalı olduğumuzu dedi və risklərin böyüklüyündən danışdı. 

    Aclığın 4-cü günü axşam koridordan qışqırıq və mübahisə səsi eşitdim. Səs “mənə 3-4 günlük deyilmişdi, 4 gün keçdi, ventilyatorumu qaytarın” deyirdi. 

    Nəzarətçilər sabah “birtəhər” həll edəcəklərini desə də, saxlanılan şəxs istidən neçə gecədir yata bilmədiyini, sərinkeşini geri istədiyini israrla dedi.

    Uzun mübahisədən sonra nəzarətçi Aygül Babayeva yaxınlaşıb həmin şəxsin sərinkeşinin məndə olub-olmamadığını soruşdu. Kimin olduğunu bilmədiyimi, mən gələndə burada olduğunu dedim. Nəzarətçi kənara çəkildi və dustaqla üz-üzə qaldım. Həmin dustaq sərinkeşin onun olduğunu və geri istədiyini dedi. Razılaşdım. Gecə ilə qapıları açıb sərinkeşi götürdülər. Üzərindən 10-15 dəqiqə keçdikdən sonra yenidən qapını açıb sınıq, ayaqda güclə duran bir sərinkeş verdilər.

    Səhəri gün isə o sərinkeşin də yeyəsi çıxdı. Və öz sərinkeşini geri istədi. Sən demə, ondan da cəmi 1 günlük istəyiblərmiş. Beləcə otağa sərinkeşlər girib-çıxmağa başladı. Nəhayət başqasının sərinkeşini istəmədiyimi dedikdən sonra öz sərinkeşlərini gətirib verdilər. 

    Aclığın 5-ci günü, iyulun 26-sı görüş günü olduğundan səhər hazırlaşıb gözləməyə başladım. Məni görüşə hər zaman apardıqları vaxtdan xeyli gec apardılar. Sən demə, aclığı dayandırmağımız üçün ailəmizə də təzyiq göstəriblər. Onlara sudan başqa heç nə buraxılmayacağını, döşək üzü, balış üzü, dəsmalları keçirməyə icazə verməyəcəklərini deyiblər. Buna xeyli etiraz etdikdən sonra buraxacaqlarını, amma əşyaları köhnə otağıma aparacaqlarını, lazım olduqda mənə bir-bir verəcəklərini bildirdilər. 

    Etiraz edəndə Şəhriyar adlı mayor gəlib qardaşımla danışmaq istədiyini bildirdi. “Sualları verən mənəm, etiraz edən mənəm, mənimlə danışın” dedim. Cavabında isə “Mən qadınlarla danışmıram, icazə verin kişilər danışsın” dedi. 

    Qadın düşməni bir mayorla daha çox əsəbimi pozmaq istəmədiyimdən söhbəti yekunlaşdırdım. Görüş bitdikdən sonra korpusa qayıtdıq və kamerama keçdim. Görüşdən qayıdan Sevinc məni rəisin qəbuluna aparacaqlarını dedi. Mayor Təranə Quliyeva Sevincə deyib ki, rəis Nərgizin yanında Umbakının rəisi ilə danışacaq və qərarın nə vaxt veriləcəyini soruşacaq.

    Hazırlaşıb Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun qəbuluna getdim. Bir neçə məhkəmə qərarları göstərdikdən sonra mənə sonadək aclıq da etsək, Ülvinin yalnız ən gec avqustun 20-nə qədər apellyasiya məhkəməsinin qərarı ilə gələcəyini, başqa cür mümkün olmadığını dedi.

    Umbakının rəisinin Ülviyə söz verdiyini, amma gətirmədiyini dedim. Elnur İsmayılov “kimsə söz verdi, etmədi özü bilər, amma mən elə oğlanlardan deyiləm, dedimsə, avqustun 20-dək gələcək, deməli gələcək. O vaxtacan ac qalmayın siz də dayandırın” dedi.

    Mən qəbula Umbakının rəisi ilə danışacağımızı dedikləri üçün gəldiyimi dedim. Təranə Quliyeva isə sözünü danaraq elə bir şey demədiyini dedi.

    Aclığın yeddinci gününün səhərini rəis müavini Cavid Güləliyev, bir neçə kişi nəzarətçi və həkimlə açdım. Nəzarətçilər otağa daxil olar-olmaz çəkməcələri qarışdırmağa, əşyalarımın içini axtarmağa başladılar. Nə etdiklərini soruşanda “natamam axtarış” cavabını verdilər. 

    Yemək olmasın deyə keçirdikləri başqa kamerada özlərindən şübhə edib yemək axtarırlarmış.

    Əşyalarımı, döşəklərimi, yastığımı-bütün otağı ələk-vələk etdilər. Heç nə tapmadıqlarını görəndə Cavid Güləliyev düşüncəli şəkildə “Yox e, burda nəsə “şakal” var” dedi. 

    Həkim qan analizi götürüb, təzyiqimi ölçdü. Həkim təzyiqimin 120 olduğunu deyəndə Güləliyev “Nə? 7 gün aclıq edənin təzyiqi necə 120 olur? Nəsə var bu işdə”, deyə təəccüblə dedi. “Nə demək istəyirsiniz, yəni, biz burada yemək yeyirik?” deyə soruşdum.

    Cavid Güləliyev nəzarətçilərlə dolu koridorda kiçik nəfəslikdən kiminsə bizə nəsə ötürdüyünü, ona görə də davam edə bildiyimizi düşünürmüş. Ona dəhlizdəki kameralara açıq baxmağı və bizi özləri ilə səhv salmamağı məsləhət gördüm. “Sən hələ 7 gün ac qalmısan belə danışırsan, nəysə qan analizinin nəticəsində biləcəyik düzünü”, dedi.

    Ümid edirəm analizin nəticəsindəki 2.7 qlükoza səviyyəsi Cavid Güləliyevi qane edib. Qanda şəkərim çox düşdüyündən həkim sistem qoşmağı təklif etdi, amma imtina etdim. 

    Aclıq aksiyası dövrü yaddaşımda narahatlıqlarla qaldı. Bu dövrdə ailəm məndən, mən ailəmdən nigaran qaldım. Aclıqda olan Sevincdən və Elnarədən nigaran qaldım, bizdən xeyli uzaq məsafədə aclıq edən Ülvidən nigaran qaldım. Otaq yoldaşlarımız bizə görə narahat olub bizi görmək üçün hər dəfə nəzarətçilərlə mübahisə edirdi.

    Və xüsusilə bu dövr təcridxana rəhbərliyinin 8 gün ərzində aclıq aksiyasına davam edə bilməyimizdən keçirdikləri narahatlıq və dayandırmağımız üçün çıxardıqları oyunlarla xatirəmdə qalacaq.

    Nərgiz Absalamova

  • “Abzas Media”nın həbsdəki direktoru aclığı dayandırdı

    “Abzas Media”nın həbsdəki direktoru aclığı dayandırdı

    Ülvi Həsənli Aclıq Aksiyasını Dayandırdı

    Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli 17 gündür davam etdirdiyi aclıq aksiyasına son qoyub. Bu barədə onun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, Ülvi Həsənli ailəsinin və doğmalarının onun üçün narahatlığını, sağlamlıqlarına zərər dəyməsi ehtimalını nəzərə alaraq bu qərarı verib. Jurnalistin aksiyaya son qoymasına “Abzas Media işi” üzrə apellyasiya məhkəməsinin vaxtının təyin edilməsi də səbəb olub. Məhkəmənin baxış iclası avqustun 12-nə təyin edilib.

    Aksiyanın Səbəbləri və Digər Jurnalistlərin Dəstəyi

    Ülvi Həsənli Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülməsi səbəbindən aclığa başlamışdı. O, bu müəssisədə körpə qızı və həyat yoldaşı ilə açıq görüşə icazə verilmədiyini, həmçinin məsafənin uzaqlığı səbəbindən ailəsi və vəkillərinin ora gəlməkdə çətinlik çəkdiyini bildirmişdi. Ülvi Həsənli Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edirdi, lakin vəkillərinin bu istiqamətdə məhkəmələrə müraciətləri nəticəsiz qalıb. Aclığı dayandırdıqdan sonra Həsənli məsələnin hüquqi yolla həll olunacağına ümid etdiyini vurğulayıb. Aclıq müddətində onun çəkisi 15 kiloqram azalıb. Həsənli havalandırması olmayan cərimə kamerasında saxlanılırdı. Ailəsi onun vəziyyətinin ağır olduğunu, tibbi nəzarətdən kənarda qaldığını ifadə edirdi. Ülvi Həsənliyə dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova da iyulun 22-dən aclıq aksiyasına qoşulmuşdular. Lakin iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan narahatlıqları nəzərə alaraq aksiyaya son veriblər.

    24 saat

  • Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

    Azərbaycanda Aclıq Aksiyası: Mübarizə Metodunun Effektivliyi Suallar Doğurur

    Azərbaycanda aclıq aksiyası ədalət sistemindən gözlədiyi bərabərliyi ala bilməyən şəxslər üçün sonuncu çıxış yolu hesab olunur. Bu mübarizə metodu, əsasən, siyasi motivli işlərdə təqsirləndirilən şəxslər tərəfindən istifadə edilir və yaxın tarixdə uğurlu nəticələnən hallar da mövcuddur.

    Uğurlu Aclıq Aksiyaları: Saleh RüstəmliTofiq Yaqublu Nümunələri

    Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Saleh Rüstəmli 2021-ci ilin noyabr-dekabr aylarında həbsdə 42 gün aclıq aksiyası keçirib. O, rəsmi şəxslər azadlığa buraxılacağı barədə vəd verdikdən sonra aksiyanı dayandırıb və 2022-ci ilin mayında prezidentin əfv fərmanı ilə azadlığa qovuşub.

    Saleh Rüstəmlinin aclıq aksiyası zamanı paytaxtda bir neçə etiraz aksiyası təşkil olunub. Həmçinin, ABŞ Dövlət Departamenti, Helsinki Komissiyası, eləcə də beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətinə onun azad olunması üçün çağırışlar ediblər.

    Bundan daha əvvəl və bəlkə də ictimaiyyətdə daha geniş dəstək görən digər bir aclıq aksiyası müxalifət liderlərindən biri Tofiq Yaqublunun 2020-ci ilin sentyabrında 17 gün davam edən etirazı olub. Nəticədə o, ev dustaqlığına göndərilib. Həmin dövrdə hətta Milli Məclisin bir neçə üzvü belə Tofiq Yaqublunun Qarabağ Müharibəsi iştirakçısı olduğunu əsas tutaraq azad edilməsini dəstəkləmişdilər.

    Son illərdə artan aclıq aksiyaları və çətinliklər

    Son illərdə ölkədə artan həbslərin fonunda aclıq aksiyasına başlayanların sayı çox olsa da, tələblərinə çatan demək olar ki, sıfıra enib. Əksinə, bu aksiyalar bəzən zorakılıq və ya cərimə kamerasına yerləşdirmə ilə nəticələnib.

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində 9 il həbs cəzası alan “Abzas Media” direktoru Ülvi Həsənli iyulun 20-dən aclıq edir. Onun tələbi hazırda saxlandığı Ümbəki Cəzaçəkmə Müəssisəsindən istintaq dövründə qaldığı Bakı İstintaq Təcridxanasına (BİT) qaytarılmasıdır. Məhkəmə onun köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın verdiyi vəsatəti iyulun 3-də təmin edib və bu qərar Penitensiar Xidmətinə təqdim olunub. Lakin qərar hələ də icra edilməyib.

    Həsənli eyni tələblə daha əvvəl də, iyunun 26-dan iyulun 4-ə qədər aclıq edib. Penitensiar Xidməti rəhbərliyi adından məhkəmə qərarının yerinə yetiriləcəyi vəd edildikdən sonra aclığı dayandırıb. O, ailə üzvlərinə həm əvvəlki, həm də indiki aclıq dövründə şiddətə məruz qaldığı, huşunu itirdiyi ilə bağlı məlumat verib. Lakin o, hələ də müayinə olunmayıb.

    Həsənliyə dəstək məqsədilə “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyası keçiriblər. Onlar bildirib ki, aclıq dövründə saxlandıqları BİT-in rəhbərliyi müəssisədə suyu kəsərək və başqa süni problemlər yaradaraq digər məhbusları onlara qarşı qaldırmağa cəhd edib. Qadın jurnalistlər valideynlərinin narahatlığını nəzərə alaraq iyulun 28-də aclığı dayandırıblar. Onlar, həmçinin, Ülvi Həsənlini yaşlı valideynini düşünərək aclığı dayandırmağa çağırıblar.

    Yenidən həbsdə olan Tofiq Yaqublu da azadlığa buraxılması üçün aclıq edib. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilən siyasətçi aprelin 1-dən mayın 10-a qədər yalnız su qəbul edib. O, yalnız qızı, həmin vaxt hamilə olan Nigar Həzinin xahişlərindən sonra aclığı dayandırıb.

    Bu siyahını daha da uzatmaq mümkündür. İqtisadçı Fazil Qasımov, sülh fəalı Bəhruz Səmədov, jurnalist Nurlan Qəhrəmanlı (Libre), işçi hüquqları fəalları Afiəddin Məmmədov və Elvin Mustafayev, AXCP üzvü Elbəyi Kərimli müxtəlif vaxtlarda aclıq ediblər. Lakin bu aksiyalar nəinki tələblərin reallaşması ilə nəticə verməyib, hətta bəzən aclıq edənlər zorakılığa məruz qalıb və ya cərimə kamerasına (karserə) yerləşdiriliblər.

    Saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində “məhbusların hüquqlarının pozulmasına etiraz edən və Tofiq Yaqublu və digər siyasi məhbusların azad edilməsinə” çağıran E. Mustafayev mayın 6-dan aclıq edib. Bundan sonra o, uzun müddət karserdə saxlanılıb və ailəsi, həmçinin vəkili də onunla əlaqə qura bilməyib. Yalnız iyunun sonlarında o, vəkili ilə görüşüb və “xüsusi şiddətə” məruz qaldığını bildirib. Mustafayevin sözlərinə görə, müəssisə rəisi və digər işçilər onu döyüblər və nəticədə qulağında iltihab əmələ gəlib.

    Aclıq aksiyası Azərbaycanda səmərəliliyini itiribmi?

    Bütün bunların fonunda Azərbaycanda aclıq aksiyasının mübarizə metodu kimi səmərəsiz hala gəldiyini söyləmək olarmı? Toplum TV-yə danışan III Respublika Platformasının qurucu üzvü, siyasi şərhçi Elman Fəttah deyir ki, Azərbaycanda aclıq aksiyalarının effektivliyi əsasən iki amillə məhdudlaşır.

    Elman Fəttah qeyd edir ki, “birincisi, hakimiyyətin ictimai rəyə tamamilə laqeyd qalması və belə aksiyalara siyasi reaksiya verməməsidir. İkincisi isə müstəqil medianın və ictimai debat mühitinin boğulması səbəbindən bu aksiyaların geniş ictimai rezonans yarada bilməməsidir. Ona görə də aksiyanın məqsədinə nail olmaması bu metodun özünün səmərəsizliyi ilə deyil, ölkədə siyasi təsir mexanizmlərinin ümumiyyətlə fəaliyyət göstərməməsi ilə əlaqədardır”.

    E. Fəttah əlavə edir ki, normal demokratik şəraitdə aclıq aksiyası ciddi ictimai təzyiq yarada bilərdi, amma indiki “avtoritar kontekstdə bu, çarəsiz bir etiraz təzahürünə çevrilib”.

    Adının açıqlanmasını istəməyən digər siyasi şərhçi isə Toplum TV-yə açıqlamasında bildirir ki, müxaliflərin aclıq aksiyası keçirməsi hakimiyyət üçün əlverişli bir üsula çevrilib. “Məhbusları aclığa vadar edib, onların sağlamlıqlarına ciddi ziyan vuracaq həddə çatdırmaq niyyətindədirlər. İctimai reaksiyanın olmadığı şəraitdə bu, məhbuslar üçün olduqca təhlükəlidir”, – o qeyd edib.

    24 saat

  • Abzas Media: 9 Təşkilatın Pisləməsi

    Abzas Media: 9 Təşkilatın Pisləməsi

    Beynəlxalq Təşkilatlardan Abzas Media Jurnalistlərinə Dəstək

    Doqquz beynəlxalq media təşkilatı həbsdə olan Abzas Media jurnalistlərinə qarşı pis rəftarı pisləyən birgə bəyanat yayıblar. İyulun 29-da yayımlanan bu bəyanatda təşkilatlar jurnalistlərə qarşı artan pis rəftardan dərin narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.

    Bəyanatda qeyd olunub ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etməli, həmçinin dərhal tibbi və hüquqi yardıma çıxışı mümkün etməlidir. Məhkəmə sistemində şəffaflığın və ədalətin təminatı böyük əhəmiyyət kəsb edir.

    Ülvi Həsənlinin Vəziyyəti və Aclıq Aksiyası

    Təşkilatlar Abzas Medianın direktoru Ülvi Həsənlinin vəziyyətinə xüsusi diqqət yetiriblər. Onlar Ülvi Həsənlinin Umbakı həbsxanasında “qəbuledilməz” şəraitdə saxlanıldığını vurğulayıblar. Onun təmiz paltarla təmin edilməməsi və təcridxana işçiləri tərəfindən zorakılığa məruz qalması qeyd edilib. Bəyanatda Azərbaycan hakimiyyətindən Həsənlinin tələbi olan Bakı İstintaq Təcridxanasına qaytarılmasının təmin edilməsi istənilib.

    Ülvi Həsənli iyulun 20-dən etibarən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarını icra etməməsi ilə əlaqələndirib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın vəsatətini iyulun 3-də təmin edib. Bu qərar Penitensiar Xidmətə təqdim olunsa da, hələ də icra edilməyib.

    “Abzas Media” İşinin Hökmü

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Abzas Media işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

    Onlar qaçaqmalçılıq ittihamı daxil olmaqla, bir neçə maddə üzrə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın tutarlı sübutlar təqdim etmədiyini bildiriblər.

    24 saat

  • Ülvi Həsənli karserdə huşu itirdi, müayinəsi 5 gün gecikdi

    Ülvi Həsənli karserdə huşu itirdi, müayinəsi 5 gün gecikdi

    Ülvi Həsənlinin Səhhəti Ciddiləşir: Aclıq Aksiyası və Həbs Şərtləri

    Abzas Media“nın həbsdə olan direktoru Ülvi Həsənlinin səhhətində problemlərin yarandığı bildirilir. Aclıq aksiyasını davam etdirən Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva iyulun 26-da yaydığı məlumatda onun ürək narahatlıqlarından şikayət etdiyini qeyd edib.

    Sağlamlıq Durumu və Tibbi Müayinə

    Quliyevanın verdiyi məlumata görə, iyulun 25-də telefon danışığı zamanı Həsənlinin səsi çox zəif və taqətsiz gəlib. Qeyd olunur ki, direktor iyulun 21-də intizam təcridxanasında huşunu itirdikdən beş gün sonra, yəni iyulun 26-da tibbi müayinəyə cəlb edilib. Müayinə zamanı onun qan təzyiqinin 140/100, çəkisinin isə 67 kiloqrama düşdüyü müəyyən edilib. Ülvi Həsənli həkimə ürəyində problemlər olduğunu bildirsə də, həkim bu şəraitdə elektrokardioqramma (EKQ) çəkməyin mümkün olmadığını, icazə olmadığını vurğulayıb.

    Həsənli, huşunu itirdiyini nəzarətçilərə bildirməsinə baxmayaraq, heç bir reaksiyanın olmadığını diqqətə çatdırıb. O, həmçinin, dözülməz isti havada saxlanıldığı intizam kamerasının havalandırma sisteminin qəsdən bağlı saxlandığını bildirib. Rübabə Quliyeva bu hərəkətlərin Ülvi Həsənlinin səhhəti ilə bağlı yayılan xəbərlərə görə cəzalandırılmaq məqsədi daşıdığını və havalandırmanın bağlanmasının da məhz işgəncə məqsədi ilə edildiyini güman edir.

    Aclıq Aksiyası və Məhkəmə Prosesi

    Ülvi Həsənli iyulun 20-dən etibarən müddətsiz aclıq aksiyasına başlayıb. O, bu qərarı Penitensiar Xidmətin Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını icra etməməsi ilə əlaqələndirib. Direktorun vəkili Zibeydə Sadıqovanın iyulun 3-də verdiyi vəsatət təmin edilərək, onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi qərara alınıb. Lakin bu qərar hələ də icra olunmayıb.

    Həsənli, həmçinin, ona həmrəylik məqsədilə aclıq aksiyası keçirən qadın jurnalistlərin vəziyyətindən narahat olduğunu ifadə edib. Qeyd edək ki, iyulun 22-də Bakı İstintaq Təcridxanasında saxlanılan “Abzas Media” jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova da Ülvi Həsənliyə dəstək məqsədilə aclığa başlayıblar.

    Məhkəmə Qərarı və İttihamlar

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə məhkum edilmiş şəxslərə hökm oxunub. Məhkəmənin qərarına əsasən, Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

    Onlar qaçaqmalçılıq da daxil olmaqla bir sıra maddələr üzrə ittiham olunublar. Lakin jurnalistlər və onların müdafiəçiləri istintaqın ittihamları təsdiq edəcək mötəbər sübutlar təqdim etmədiyini vurğulayıblar.

    24 saat

  • “Abzas”çılar aclıq aksiyasında qeyri-insani rəftar iddia edir

    “Abzas”çılar aclıq aksiyasında qeyri-insani rəftar iddia edir

    Abzas Media Jurnalistləri Həbsxanada Qeyri-İnsani Rəftara Məruz Qaldıqlarını Açıqlayıblar

    Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova aclıq aksiyasına başladıqları üçün insana yaraşmayan rəftarla üzləşdiklərini bildiriblər.

    Məlumatlara görə, iyulun 22-də aclığa başlayan jurnalistlər həmin gün Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun qəbuluna çağırılmaq adı altında otaqlarından çıxarılıblar. Jurnalistlər ifadə ediblər ki, rəisin müavini Əhəd Abdıyevin otağında saat yarım gözlədikdən sonra onlara Penitensiar Xidmətdən nümayəndələrin gəldiyi, lakin onlarla görüşməkdən fikirlərini dəyişərək getdikləri deyilib. Jurnalistlər bunu nümayəndələrin “qabaqlarına çıxmağa cəsarət etməməsi” kimi şərh ediblər.

    Qeyri-Münasib Həbsxana Şəraiti və Zorakılıq İddiaları

    Qadın jurnalistlərin sözlərinə görə, onlar öz otaqlarından çıxarılıb ayrı kameralarda yerləşdiriliblər və hazırda hər biri tək saxlanılır. Onlar otaqların natəmiz olduğunu, duş imkanı olmadığını, pəncərə şüşələrinin havalandırma üçün çıxarılmadığını və normal havalandırmanın təmin edilmədiyini vurğulayıblar. Həmçinin, otaq yoldaşlarına otaqların təmizlənməsində onlara kömək etməyə icazə verilmədiyi qeyd olunur.

    Jurnalistlər əlavə edirlər ki, Nərgiz Absalamova öz otağından çıxmaq istəmədiyi üçün Əhəd Abdıyev tərəfindən zorakılığa tuş gəlib. Bildirilir ki, Əhəd Abdıyev onu güclə otaqdan çıxarıb və jurnalistin qollarında göyərmə izləri qalıb. “Abzas Media”nın əməkdaşları bu pis rəftarın onların aclıq aksiyasını dayandırmaq məqsədi daşıdığına inanırlar.

    Ülvi Həsənlinin Aclıq Aksiyası və Hökmün Təfərrüatları

    Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-də təkrar aclıq aksiyasına başlayıb. O, Umbakı təcridxanasından Bakı İstintaq Təcridxanasına geri qaytarılmasını tələb edir. Həsənli əvvəlki aksiyasını tələbinin bir həftə ərzində yerinə yetiriləcəyi vədinə güvənərək dayandırmışdı, lakin bu vəd reallaşmayıb. İyulun 22-də “Abzas Media”nın qadın jurnalistləri də bu aksiyaya qoşulublar.

    İyunun 20-də Bakı Ağır Cinayətlər məhkəmədə baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm çıxarılıb. Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhkum ediliblər. Onlar ilkin olaraq qaçaqmalçılıq da daxil olmaqla müxtəlif maddələrlə ittiham edilmişdilər. Həbs olunan şəxslər ittihamları rədd edir və peşəkar fəaliyyətlərinə görə həbs edildiklərini bildirirlər.

    24 saat