) istifadə etməmək tövsiyə olunur. #AzərbaycanƏdliyyəsi - admin

Tag: #AzərbaycanƏdliyyəsi

  • Vardanyan vəkilindən vaz keçdi

    Vardanyan vəkilindən vaz keçdi

    Ruben Vardanyanın məhkəmə prosesində gözlənilməz dönüş: Vəkilindən imtina

    Azərbaycanda həbsdə olan Qarabağdakı separatçıların keçmiş “dövlət naziri” Ruben Vardanyan məhkəmə prosesində gözlənilməz addım ataraq öz vəkili Avraam Bermandan imtina edib. Bu hadisə oktyabrın 21-də Bakı Hərbi Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclas zamanı baş verib.

    Məlumata görə, Ruben Vardanyan əvvəlcə məhkəməyə müraciət edərək vəkili Avraam Bermanla təklikdə görüşmək istədiyini bildirib. Məhkəmə bu vəsatəti təmin edərək prosesə qısa fasilə elan edib. Fasilədən sonra R.Vardanyan məhkəməyə digər bir vəsatət təqdim edərək müdafiəçisi Avraam Bermandan imtina etdiyini bəyan edib.

    Müdafiədən imtina və prokurorun mövqeyi

    Ruben Vardanyan vəsatətini əsaslandırarkən, əvvəlki məhkəmə iclaslarında səsləndirdiyi fikirləri təkrarlayaraq, ümumilikdə məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini vurğulayıb. Müdafiəçi Avraam Berman isə vəsatətin təmin olunub-olunmamasını məhkəmənin ixtiyarına buraxdığını qeyd edib.

    Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məsələyə münasibət bildirərkən vurğulayıb ki, təqsirləndirilən şəxs müdafiəçisindən imtina etmək hüququna malik olsa da, imtinasının dəqiq səbəbini açıqlamayıb. Dövlət ittihamçısı əlavə edib ki, qanunvericiliyin tələblərinə görə, təqsirləndirilən şəxs ümumiyyətlə müdafiəçisiz qala bilməz. Bu səbəbdən, Ruben Vardanyan Avraam Bermandan imtina edirsə, o, başqa bir vəkillə müqavilə bağlamalı, yaxud maddi imkanı olmadıqda, dövlət tərəfindən hüquqlarını müdafiə edən başqa bir vəkil təyin olunmalıdır.

    Ruben Vardanyan digər bir vəkillə müqaviləsinin olmadığını bildirib və dövlət hesabına müdafiəçi təyin olunmasına etiraz etmədiyini qeyd edib. Məhkəmə onun Avraam Bermandan imtinasını qəbul edib və dövlət hesabına müdafiəçi ilə təmin olunması üçün qərarı Vəkillər Kollegiyasına göndərib.

    Vardanyanın əvvəlki addımı və irəli sürülən ittihamlar

    Xatırladaq ki, bu ilin fevral ayında baş tutan məhkəmə iclasında Ruben Vardanyan dövlətin təyin etdiyi vəkildən imtina etmiş və hüquqlarının yalnız öz vəkili tərəfindən müdafiə olunmasını tələb etmişdi. Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət kollegiyanın sədrliyi ilə keçirilən məhkəmədə R.Vardanyanın iki vəkili var idi: Avraam Berman (özünün müqavilə bağladığı) və Azər Məhərrəmov (dövlət tərəfindən təyin edilmiş, lakin əvvəllər imtina etdiyi).

    Ruben Vardanyana qarşı Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə ittiham irəli sürülüb. Bunlar arasında 100-cü (təcavüzkar müharibə başlama və ya aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (qəsdən adam öldürmə) və digər maddələr yer alır.

    Digər Qarabağ separatçıları və cinayət işinin miqyası

    R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan digər Qarabağ separatçıları – “Dağlıq Qarabağ Respublikası”nın keçmiş prezidentləri Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş “xarici işlər naziri” Davit Babayan, “parlament sədri” Davit İşxanyan və digər 15 nəfərin də məhkəməsi davam edir. Fərq ondadır ki, Ruben Vardanyan tək, digər təqsirləndirilən şəxslər isə birlikdə mühakimə olunurlar.

    Bu genişmiqyaslı cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyonu ötür. Onların arasında Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün düşənlər və digər zərərçəkmiş vətəndaşlar mövcuddur.

    24 saat

  • Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

    Şəmşad Ağa: “Burada səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik”

     “Meydan TV işi” üzrə həbs olunmuş jurnalist,  “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Penitensiar Xidmətin Müalicə Müəssisəsindən yazır:

    8 aydır ki, səhhətimdə davam edən problemlərlə bağlı sentyabrın 13-də Penitensiar Xidmətin Müalicə Müəssisəsinə (PXMM) yerləşdirildim. Açığı, sağlıq durumumla bağlı problemimi ictimailəşdirməməyə çalışırdım. Düşünürdüm ki, çöldəki həkim dostlarım tövsiyələri və evdən gətirdiyim dərmanların hesabına kamera şəraitində müalicəmi davam etdirib yarana biləcək fəsadları önləyə bilərəm. Həm də istəmirdim ki, kimlərsə səhhətimlə bağlı manipulyasiya etdiyimi düşünsün, avtoritar bir hakimiyyətin siyasi girovu kimi dəyanətimi sorğulasın. Lakin dərmanlar və müalicə effekt vermədiyi üçün həkim dostlarım mədə-bağırsaq sistemimin ciddi müayinəsini tövsiyə etdilər. Sağ olsunlar təcridxanadakı həkimlər (sançast) də müraciətimi müsbət qarşılayaraq mənim Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməyimi təmin etdilər. 

    Beləliklə, sentyabrın 13-də Müalicə Müəssisəsinə aparıldım. Müalicə Müəssisəsində məni öncə əməliyyat rəisi Azər Əliyev, daha sonra müəssisə rəisinin müavini Rövşən Mirzəxanlı qəbul etdi. Ənənəvi “profilaktik söhbət”dən sonra qəbul şöbəsinə yerləşdirildim. Bildirdilər ki, həftəsonu olduğu üçün tibbi prosedurlar bazar ertəsi başlayacaq. Açığı, 8 ay təcridxanada saxlanılan biri kimi qəbul şöbəsinə gələndə daha, hətta qat-qat ağır bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etmirdim: şəraitsiz və antisanitariya vəziyyətində olan 14 nəfərlik otaqlarda o qədər sıxlıq vardı ki, bəzi xəstə məhbuslar yerdə yatırdılar. Heç bir mübaliğəyə yol vermirəm: bura xəstəxanadan çox, Sovet dövrünün ağır islah əmək düşərgələrinə bənzəyirdi ki, biz bunu ancaq kitab və filmlərdə görmüşük. Ölkənin mərkəzində-paytaxtında yerləşən bir tibb ocağında insan əzabının son həddi yaşanır və bu qapalı məkanda səhiyyədən başqa hər şey var: rüşvət, özbaşınalıq, biganəlik, insan həyatı üzərində oyunlar… Ayağını qapıdan içəri qoyan hər kəsə potensial pul mənbəyi kimi baxılır…

    Bazar ertəsi yüzlərlə xəstə kimi növbəyə duraraq formal tibbi prosedurlardan-USM, kardioqramdan keçdim, qan analizi verdim. Dedilər ki, rentgen həkimi küsüb işə gəlmədiyi üçün rentgen sabaha qalır. Niyə formal prosedurlar deyirəm? Çünki eyni prosedurlar təcridxananın tibb məntəqəsində də var və buradan daha abırlıdır. Rentgenden keçdikdən 1 gün sonra isə 2-3 həkimin balaca bir otaqda təşkil etdiyi komissiyada məhbusların sağlamlıq durumları ilə bağlı şikayətləri dinlənildi. Bu komissiya daha çox çayxana mühitində baş tutdu: kimi telefonunda oyun oynayır, kimi də xəstəni ayaq üstdə saxlayıb hansısa dostu ilə laqqırtı vuraraq baş tutacaq “qonaqlıq”dan danışır. Bəli, tam bir çayxana mühiti…

    Təsəvvür edin ki, bu boyda ədliyyə sisteminin yalnız 1 USM həkimi var, o da 17 Cəzaçəkmə Müəssisəsinə, neçə təcridxanaya və s. baxır. Belə bir şəraitdə hansı keyfiyyətli səhiyyədən danışmaq olar? Öyrəndim ki, savadlı həkimlər PXMM-ni tərk edir, maaş azlığından başqa özəl klinikalarda iş axtarırlar. Ona görə də meydan savadına əmin olmayan, başqa yerdə iş tapa bilməyən çayxana həkimlərinin ümidinə qalıb…

    Demək olar ki, 1 həftədir buradayam, amma keçdiyim formal müayinələrin cavabı heç şifahi olaraq da mənə bildirilmədi. Digər məhbuslardan soruşdum, onlarda da vəziyyət eynidir…

    Müalicə Müəssisəsinin rəisi Mail Məmmədovla görüşmək istəsəm də, “qonağı var” deyib hər gün bir bəhanə gətirdilər, ya da özü görüşməkdən, qəbul etməkdən yayındı. Mədə-bağırsaq problemi ilə bağlı müraciət etdiyimi deyəndə isə həkimlər MM-də endoskopiya və kolonoskopiyanın olmadığını, bunun üçün özəl klinikalara müraciət etməyimi tövsiyə etdilər. Bildirdilər ki, öncə istintaq orqanı razılıq verməli, sonra ailə üzvlərim hansısa özəl klinikaya müraciət edib göndəriş almalıdırlar. Bütün müalicə xərclərini ailə üzvlərim qarşılamalı, əgər cərrahi əməliyyata gərək olarsa, onu da özüm və ya ailə üzvlərim ödəməlidir. Məlum oldu ki, digər məhbuslarla da bağlı vəziyyət belədir. Ailə üzvləri klinikaya ödəniş edərək onların MRT və digər prosedurlardan keçməsini təsdiq edən göndərişlər alıb və növbəyə durublar. Təsəvvür edin ki, ucqar rayonlardakı xəstəxanalarda belə bir sıra tibbi cihazlar var, amma ölkənin paytaxtında 50 mindən çox məhbusun həyatına görə məsuliyyət daşıyan bir tibb müəssisəsində MRT, kolonoskopiya və endoskopiya yoxdur.

    Bəs milyonlarla vəsait hara xərclənib? Baş həkim Hikmət Aydəmirovun qəbuluna getdim. Adam həkimdən çox, həbsxana rəhbərinə bənzəyir. Xəstələrlə elementar davranış qaydalarını bilmir, soyuq, köntöy bir adamdır. Sanki həkim deyil, hansısa “KAMAZ”dan düşürülüb, vəzifəyə otuzdurulub. Deyilənə dörə, Baş İdarənin rəisi Cəmil Kamillinin himayəsindədir. O, bura baş həkim qoyulandan faktiki ikitirəlik yaranıb, Mail Məmmədova tibbi personalın işinə müdaxilə etməsinə qadağa qoyub. Müalicə Müəssisəsində vəziyyət olduqca acınacaqlıdır. Nəzarətçidən tutmuş ən yüksək rütbəli zabitə qədər, tibb bacısından tutmuş həkimə qədər hər kəs dustaqdan pul umur. Hətta şöbə və palatalar “burjuy” və “kasıb” olaraq seçilir, yerlər, otaqlar satılır. Qəbul şöbəsi ən kasıbı və müvəqqəti sayılır, amma orda da bəzi məhbuslara köhnə çarpayılar 1 həftəlik 20 manata satılıb. Uzun sözün qısası, burada baş verənlərdən saatlarla danışmaq olar, yəni, yazıb-pozmaqla tükənməz. Hələ parkda həbs edilən keçmiş məmurlara, iş adamlarına satılan yüksək şəraitli otaqları demirəm.

    Mən burada çox dəhşətli insan taleləri ilə qarşılaşdım, hər iki gözü tutulmuş məhbus qazi, bir gözü tam tutulmuş, bir gözü isə 5 faiz görən din alimi, hər gecə ürəktutmasından az qala keçinən, ən yüksək təzyiqdən əziyyət çəkən, amma buna rəğmən heç bir yardım edilmədən Cəzaçəkmə Müəssisəsinə  “etap” edilən məhbuslar gördüm. Bir anlıq özümü hansısa tibb ocağında deyil, Stalinizmin Solovki düşərgələrində hiss etdim. Və nəhayət 1 həftənin tamamında hər kəsə 1 gün öncə “etap” edildiyi deyilsə də, mənə bir saat qalmış Kürdəxanıya “etap” ediləcəyimi dedilər, həm də heç bir tibbi yardım edilmədən. Bu biganəlik, anarxiya, özbaşınalığın hökm sürdüyü antisanitar şəraitdə bir daha düşündüm: Azərbaycanın ədliyyə sistemi metastaz verib: məhkəməsində ədalət yoxdur, tibb ocağında səhiyyə, təcridxana və həbsxanası da dözülməz durumda. 1 saat sonra Kürdəxanıya- mənim üçün ayrılmış ofisə-evə yola düşəcəyəm. Yazdıqlarım isə PXMM-də baş verənlərin kiçik bir qismidir. Buna rəğmən PXMM-dəki mənzərəni bir cümlə ilə belə ifadə edirəm: Burada ən dəyərli şey pul, ən ucuz şey insan həyatıdır…

    Şəmşad Ağa 

    Penitensiar Xidmətin Müalicə Müəssisəsi, 

    Bakı 20.09.2025