Karadağda Genişmiqyaslı Meşə Yanğınları: Beynəlxalq Yardım Tələb Edildi
Karadağın paytaxtı Podqoritsa başda olmaqla, ölkənin Nikşiç, Biyelo Poly, Çanya və Bulyaritsa kimi ərazilərində yaranan genişmiqyaslı meşə yanğınlarına qarşı mübarizə davam edir. Ölkə mediasında yayılan məlumatlara görə, küləyin təsiri ilə nəzarətə alınmayan alovlar bəzi yaşayış məntəqələrinə doğru sürətlə irəliləyir.
Karadağ Daxili İşlər Nazirliyindən verilən açıqlamada, Podqoritsa, Budva, Bar, Nikşiç, Şavnik və Biyelo Polyedə yanğınların hələ də aktiv olduğu bildirilib. Yanğınlarla mübarizə aparmaq üçün NATO vasitəsilə qonşu ölkələr də daxil olmaqla, beynəlxalq ictimaiyyətdən təcili yardım tələb edilib. Podqoritsa və ətraf ərazilərdə vəziyyət ciddiliyini qoruyur.
Serbiya Daxili İşlər Nazirliyi Karadağdakı meşə yanğınlarına havadan müdaxilə üçün helikopter göndərdiyini açıqlayıb. Xorvatiyanın da yanğınsöndürmə təyyarəsi göndərdiyi qeyd edilib. Ötən gündən etibarən təsirli olan yüksək hava temperaturları səbəbindən Karadağda “qırmızı həyəcan” siqnalı verilib.
Qeyd edək ki, Xorvatiyanın sahil şəhəri Split yaxınlığında dünən başlayan genişmiqyaslı meşə yanğınının nəzarət altına alındığı, lakin 250 hektar ərazinin məhv olduğu bildirilib. Kosova Fövqəladə Hallar İdarəetmə Agentliyinin yazılı açıqlamasına görə, dünən ölkə ərazisində 51 yanğın aşkar edilib; onlardan 32-si nəzarətə alınsa da, 19-nun söndürmə işləri davam edir.
Albaniya Milli Mülki Müdafiə Agentliyi isə son 24 saatda ölkə üzrə 50 meşə yanğınının baş verdiyini, bunlardan 19-nun hələ də aktiv olduğunu açıqlayıb. Agentlik yanğınsöndürmə işlərinə 82 yanğınsöndürən maşın və 1080 nəfər heyətin cəlb olunduğunu bildirib. Albaniya Geoloji Elmlər İnstitutu isə İşkodra, Leş və Elbasan əyalətlərinin müəyyən bölgələrində yanğın riskinin “çox yüksək”, ölkənin digər yerlərində isə “yüksək” olduğunu proqnozlaşdırıb. İnstitut, bu gün hava temperaturunun 41 dərəcəyə çatacağını gözlədiyini bildirərək, vətəndaşları daha diqqətli olmağa və yanğınları yerli orqanlara bildirməyə çağırıb. Balkan ölkələri Xorvatiya, Bosniya və Herseqovina, eləcə də Serbiya ərazilərində yüksək hava temperaturları ilə bağlı əhaliyə xəbərdarlıq edilib.