A Milli Kişi Basketbol komandası gümüş medalla vətənə döndü
Avropa çempionatında ikinci yeri tutan Türkiyə milli basketbol komandası İstanbula qayıdıb. Millilər hava limanında gül dəstələri və alqışlarla qarşılanıb. Baş məşqçi Ergin Ataman hava limanında açıqlama verərkən həyəcanını gizlədə bilməyib.
Ergin Ataman: “Bu uşaqlar o kuboku ölkəmizə gətirəcək”
Ataman çıxışında bunları deyib: “Uzun illərdən sonra qazanılan gümüş medal böyük uğurdur. Türk milləti bu uşaqlarla qürur duyur. Ancaq mən çox üzgünəm. Tarix hər zaman qalibləri yazır və biz bu şansı əldən verdik. Bizə inanan, ölkəmizdə ekran başında kuboku həyəcanla gözləyən vətəndaşlarımızdan üzr istəyirəm. Türk basketbolunu yenidən Avropanın zirvəsinə daşıyan bu uşaqların yaxın gələcəkdə o kuboku ölkəmizə gətirəcəyinə inanıram.”
“Son topda çempionluğu əldən verdik”
“Çempionat boyunca dəstəyini əsirgəməyən Türk millətinə təşəkkür edirik. Bu gənclər, bu uşaqlar Türk bayrağını böyük əzmlə bütün dünyaya ən yaxşı şəkildə təmsil etdilər. Qürurluyuq, amma mən şəxsən çox üzgünəm. Çempionluğu Türk millətinə gətirməyi arzulayırdım. Son topda çempionluğu əldən verdik, amma Türk xalqına yenidən basketbolu sevdirdik. Ona görə bu uşaqlara təşəkkür edirəm.”
Alperen Şengün: “12 nəfərlik ruh geri döndü”
Alperen Şengün isə bunları deyib: “Bizə dəstək verdiyiniz üçün hər kəsə təşəkkür edirik. Həqiqətən çox istədik, inandıq. Bütün turnir boyunca bir-birimizə sıx bağlandıq, ailə olduq. Çox istədik, amma alınmadı. Uzun illərdən sonra belə bir uğur əldə etdiyimiz üçün çox xoşbəxtik. Sizə söz veririk ki, biz yenə bu zirvələrə qayıdacağıq. 12 nəfərlik ruh yenidən geri döndü. Qarşımızda uzun illər var. Daha gənc komandayıq. Sözümüzü tutacağıq, o kubokla ölkəmizə qayıdacağıq.”