Tag: #HəbsdəkiJurnalistlər

  • AbzasMedia – “Bunu da görmədim demərəm daha”

    AbzasMedia – “Bunu da görmədim demərəm daha”

    “Abzas Media”nın həbsdə olan əməkdaşı Nərgiz Absalamovanın şeirini sizə təqdim edirik.

     

    “Bunu da görmədim demərəm daha”

     

    Nə olsun 5-cə il işləmişəm mən?

    8 il iş kəsib bizə “möhtərəm”.

    Sualıma cavab istərəm həmən,

    Kameramla batdım hansı günaha?

    Bunu da görmədim demərəm daha.

    ***

    Nə prokuror dindi, nə də müstəntiq,

    Hakim də demədi hardadır məntiq?

    Araşdırma edib gözlərə gəldik,

    Çəkiliş edərkən döndüm dustağa,

    Bunu da görmədim demərəm daha.

    ***

    Təcridxana gördüm, məhkəmə gördüm,

    Otağa “kamera” deyənə döndüm,

    Bir aclıq qalmışdı, ona da dözdüm.

    Təcridxana bitdi, gedirəm zona

    Bunu da görmədim demərəm daha.

    ***

    Baxıram, ümidlə gözləyir hər kəs

    Bir qəhrəman gəlib verəcək nəfəs.

    Qəhrəman sizsiniz, susmayın əbəs,

    Azadlıq sizdədir, çıxsaz meydana,

    Bunu da görmədim demərəm daha.

    ***

    150 il əvvəl başlamışıq biz,

    Hələ də eynidir problemimiz.

    Azad mətbuatdır gələcəyimiz,

    Görəcəyik bir gün, ümid sabaha,

    Bunu da görmədim demərəm daha!

     

    Nərgiz Absalamova

    Bakı İstintaq Təcridxanası

    22 iyul – Mətbuat günü

     

  • AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    Sonuncu yediyim yemək Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.

    Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.

    Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.

    Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayiəti ilə gözlədim. Televizor açıq idi, “Space TV”də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki,  müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Oruellin təbirincə desək, “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.

    Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.

    Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Penitensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.

    Penitensiar Xidmətin əməkdaşı kimi özünü təqdim edən Əvəz adlı şəxs dəhlizdə soruşur ki, “aclıq etməklə bağlı fikriniz qətidirmi?” Deyirəm, qətidir. Bunu dəftərinə yazıb gedir.

    Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar.

    Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.

    Otaqda televizor işləmir, pult da yoxdur. Otağa daxil olduğum gün gəzinti yeri bağlanmışdı. Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı.

    Növbəti gün yenə eyni hadisə yaşandı. Bütün kameraların gəzinti yerləri saat 10-a qədər açıldı, amma qızlarla mənim qapım açılmadı. Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, “proqulumuzu” (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı.

    Otağın pəncərələrindəki şüşələr ilk gün çıxarıldı, televizora baxılıb pultun alınacağı deyildi, amma alınmadı. 5 gün sonra duş sistemi gətirildi. Psixoloq Təranə Quliyeva dedi ki, duşu özü alıb. Bəs təcridxananın inventarı haradadır? Niyə psixoloq şəxsi vəsaiti ilə duş sistemi almalıdır? Bəs inventar üçün dövlət büdcəsində ayrılan vəsaitlər hara gedib? Bu suallar da rəis Elnur İsmayılova məruzə olunsa, şad olaram.

    Aclığa başladığımız gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilmədi. Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?

    Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi.

    Aclıq müddətində nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi. Nəzarətçi Cahan İbrahimli, başqa korpusdan gətirilən Cavid Rəhimov istisna olmaqla heç kim maraqlanmadı. Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi.

    Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər. Əlbəttə göstəriş verən məlum idi – Elnur İsmayılov.

    Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi. 

    Sevinc Vaqifqızı

     

  • Abzas Media: 9 Təşkilatın Pisləməsi

    Abzas Media: 9 Təşkilatın Pisləməsi

    Beynəlxalq Təşkilatlardan Abzas Media Jurnalistlərinə Dəstək

    Doqquz beynəlxalq media təşkilatı həbsdə olan Abzas Media jurnalistlərinə qarşı pis rəftarı pisləyən birgə bəyanat yayıblar. İyulun 29-da yayımlanan bu bəyanatda təşkilatlar jurnalistlərə qarşı artan pis rəftardan dərin narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıblar.

    Bəyanatda qeyd olunub ki, hakimiyyət orqanları saxlanma şəraitinin insan ləyaqətinə uyğun və humanist olmasını təmin etməli, həmçinin dərhal tibbi və hüquqi yardıma çıxışı mümkün etməlidir. Məhkəmə sistemində şəffaflığın və ədalətin təminatı böyük əhəmiyyət kəsb edir.

    Ülvi Həsənlinin Vəziyyəti və Aclıq Aksiyası

    Təşkilatlar Abzas Medianın direktoru Ülvi Həsənlinin vəziyyətinə xüsusi diqqət yetiriblər. Onlar Ülvi Həsənlinin Umbakı həbsxanasında “qəbuledilməz” şəraitdə saxlanıldığını vurğulayıblar. Onun təmiz paltarla təmin edilməməsi və təcridxana işçiləri tərəfindən zorakılığa məruz qalması qeyd edilib. Bəyanatda Azərbaycan hakimiyyətindən Həsənlinin tələbi olan Bakı İstintaq Təcridxanasına qaytarılmasının təmin edilməsi istənilib.

    Ülvi Həsənli iyulun 20-dən etibarən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu qərarı Penitensiar Xidmətin məhkəmə qərarını icra etməməsi ilə əlaqələndirib. Bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Umbakı həbsxanasından Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın vəsatətini iyulun 3-də təmin edib. Bu qərar Penitensiar Xidmətə təqdim olunsa da, hələ də icra edilməyib.

    “Abzas Media” İşinin Hökmü

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Abzas Media işi üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il azadlıqdan məhrum ediliblər. Jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

    Onlar qaçaqmalçılıq ittihamı daxil olmaqla, bir neçə maddə üzrə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın tutarlı sübutlar təqdim etmədiyini bildiriblər.

    24 saat

  • Həbsxana Boyda Redaksiya: Yubiley Həddindən Çox Düşüncəli

    Həbsxana Boyda Redaksiya: Yubiley Həddindən Çox Düşüncəli

    Milli Mətbuat Günü münasibətilə Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Fatimə Mövlamlı ictimaiyyətə məktub ünvanlayıb. O, yazısında həbsdə olmalarının səbəblərini və Azərbaycanda müstəqil jurnalistikanın mövcud vəziyyətini açıqlayıb.

    Həqiqətin Qələmi

    Məktubunda Fatimə Mövlamlı isti yay günlərindən birində şəhərdə keçirdiyi sorğu zamanı yaşadığı hadisəni xatırladır. O, başqa bir televiziya müxbiri və operatorunun əlillik təqaüdü ilə bağlı şikayətlənən orta yaşlı bir şəxslə müsahibə apardığını görüb. Şəxs danışmağa başlayan kimi, müxbir ilə operator heç bir izahat vermədən kameranı söndürüb mikrofonu geri çəkərək oradan uzaqlaşıblar. Fatimə Mövlamlı həmin şəxsə yaxınlaşaraq kameranı işə saldığını və “Buyurun, danışın” dediyini bildirir. Şəxsin “Hamısını yayımlayacaqsınız?” sualına isə qətiyyətlə “Hamısını” cavabını verib. Jurnalist məhz bu prinsipial mövqeyin – etirazı və şikayəti olan hər kəsə mikrofon uzatmağın, həqiqətləri yaymaqdan çəkinməməyin onların bu gün həbsdə olmalarının əsas səbəbi olduğunu vurğulayıb.

    Basqı Altında Jurnalistika

    Müstəqil jurnalistikanın yaranmasından keçən 150 ildən sonra ölkədəki vəziyyətin acınacaqlı olduğunu qeyd edən Mövlamlı, iqtidarın dürüst müstəqil jurnalistikanı cinayət əməli kimi qiymətləndirdiyini bildirib. O, ləyaqətlərini qurban verərək dövləti tərifləyənlər üçün qapıların həmişə açıq olduğunu da əlavə edib. Azərbaycanda fəaliyyət göstərən müstəqil jurnalistlərin əhəmiyyətli bir hissəsinin saxta ittihamlarla həbs edildiyini deyən Mövlamlı, bəzən redaksiyaların bağlanmadığını, sadəcə Bakı İstintaq Təcridxanasına köçürüldüyünü düşündüyünü ironiya ilə qeyd edib. Jurnalistlərin həbs qətimkan tədbirinin “istintaqa mane olmaq” və “cinayət əməlini təkrar törətmək” kimi şablon əsaslarla izah edildiyini vurğulayıb. Lakin o, qələm və kağız kimi “jurnalistikanın alətləri” yanlarında olduğu müddətcə həbsdə də həqiqətləri yazmaqdan geri qalmayacaqlarını bildirib.

    Milli Mətbuat Günü fonunda baş verən bu repressiyaların, həmçinin mediaya dair qanuna edilən repressiv dəyişikliklərin jurnalistlərin azadlıqlarını və vətəndaşların doğru informasiyaya çıxışını məhdudlaşdırdığını qeyd edib. O, həmin qanunun mahiyyətinin bir cümlədə aydın olduğunu bildirib: “Azərbaycanda jurnalistika qadağandır!” Fatimə Mövlamlı məktubunu ümidlə tamamlayaraq, qaranlığın hökmranlığının zəifləyib sona çatacağı günün mütləq gələcəyinə inandığını və o zaman kameralarını yenidən işə salaraq mikrofonlarını danışmaq istəyən hər kəsə uzadacaqlarını, söylənən hər şeyi yayımlayacaqlarını vəd edib.

    24 saat