Tag: #HəbsxanaŞəraiti

  • AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    Sonuncu yediyim yemək Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.

    Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.

    Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.

    Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayiəti ilə gözlədim. Televizor açıq idi, “Space TV”də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki,  müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Oruellin təbirincə desək, “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.

    Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.

    Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Penitensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.

    Penitensiar Xidmətin əməkdaşı kimi özünü təqdim edən Əvəz adlı şəxs dəhlizdə soruşur ki, “aclıq etməklə bağlı fikriniz qətidirmi?” Deyirəm, qətidir. Bunu dəftərinə yazıb gedir.

    Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar.

    Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.

    Otaqda televizor işləmir, pult da yoxdur. Otağa daxil olduğum gün gəzinti yeri bağlanmışdı. Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı.

    Növbəti gün yenə eyni hadisə yaşandı. Bütün kameraların gəzinti yerləri saat 10-a qədər açıldı, amma qızlarla mənim qapım açılmadı. Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, “proqulumuzu” (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı.

    Otağın pəncərələrindəki şüşələr ilk gün çıxarıldı, televizora baxılıb pultun alınacağı deyildi, amma alınmadı. 5 gün sonra duş sistemi gətirildi. Psixoloq Təranə Quliyeva dedi ki, duşu özü alıb. Bəs təcridxananın inventarı haradadır? Niyə psixoloq şəxsi vəsaiti ilə duş sistemi almalıdır? Bəs inventar üçün dövlət büdcəsində ayrılan vəsaitlər hara gedib? Bu suallar da rəis Elnur İsmayılova məruzə olunsa, şad olaram.

    Aclığa başladığımız gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilmədi. Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?

    Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi.

    Aclıq müddətində nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi. Nəzarətçi Cahan İbrahimli, başqa korpusdan gətirilən Cavid Rəhimov istisna olmaqla heç kim maraqlanmadı. Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi.

    Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər. Əlbəttə göstəriş verən məlum idi – Elnur İsmayılov.

    Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi. 

    Sevinc Vaqifqızı

     

  • Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik. Aclığın ilk günü yığdığım zəruri əşyalarımı otaqdan çıxardılar. Rəis müavini Əhəd Abdıyev dedi ki, Penitensiar Xidmətdən nümayəndə gəlib, onun qəbuluna gedəcəyik.

    Onunla birlikdə inzibati binaya getdik. Rəis müavini oradakı otaqlardan birində gözləməyimizi dedi. 2 saata yaxın vaxt keçdi, amma ortalıqda nə rəis müavini var idi, nə də Penitensiar Xidmətdən gələn nümayəndələr.

    Daha sonra Əhəd Abdıyev gəlib dedi ki, “gələnlər sizi qəbul edəsi olmadı”. Əvəzində dəhlizdə dayanan və Penitensiar Xidmətdən gəldiyini bildirən bir adam əlindəki vərəqə baxıb ayaqüstü “qərarınız qətidir?” soruşmaqla kifayətləndi. 

    Qəbul adı ilə aparılmağımız həm də bizi korpusdan uzaqlaşdırıb kameralarda yerdəyişmə etmək üçün idi. 

    Mən 2 nəfər üçün nəzərdə tutulan kamerada saxlanılıram. Bundan əvvəlki aclıq aksiyamızda məni kamerada saxlayıb otaq yoldaşımın yerini dəyişdirmişdilər. Bu dəfə isə otaqdan mənim çıxarılacağım məlum oldu.  

    Korpusa qayıdanda gördüm ki, alternativlər olsa da, otaq yoldaşımı da kameradan çıxarıblar. Otaqdakı əşyalarımızı da çıxarmalı olduğu üçün, bu, ona əlavə yük oldu.

    Yerləşdirildiyim kamerada duş sistemi yox idi. İlk gündən desəm də, yalnız 4 gün sonra köhnə duş başlığı göndərdilər.

    Havalandırma sistemi olmadığından yayda bir az nəfəs ala bilmək üçün pəncərələrin şüşələri çıxarılır. Amma bu otaqda şüşələrin, demək olar, hamısı yerində idi. 

    Otaqda işıq yox idi, lampanın bağlandığı naqil xarab idi və lampa da yox idi. İşıq üçün usta istəyəndə xeyli təkidlərdən sonra ustanı “tapdılar”.

    Televizorun işləməsi üçün lazım olan cihaz yox idi, sökülənin yerinə yenisi qoyulmamışdı. Həmin gün sonradan bunu da həll etdilər.

    Yerləşdirildiyim kamera natəmiz idi. Günortadan axşam saat 8-ə qədər otağı yığışdırıb yerləşməyə çalışdım. Sonrakı günlərdə getdikcə halsızlaşacağımızı, immunitetimizin düşəcəyini nəzərə alıb əməkdaşlardan otaqlarımızın təmizlənməsi üçün bizə kömək etməyi təklif edən yoldaşlarımıza icazə verilmədi. 

    Təcrid edildiyim otağa köçürüldüyüm gün həmin otağın “sakinləri” əvvəldən “şmon” (red.: axtarış) əməkdaşlarının müşayiəti ilə əşyalarımı, o cümlədən qida məhsullarımı oradan çıxarmışdılar. Belə hallarda “şmon” əməkdaşları orada hər yeri yoxlayıb yeyinti məhsullarının qalmadığına əmin olur. Amma mən otağa yerləşdiriləndə şkafın bir bölməsində xeyli yeyinti məhsullarının qaldığını gördüm. Nəzarətçini çağırıb bu haqda bildirdim və təsərrüfat işçisinin vasitəsilə qalan məhsulları otaqdan göndərdim. 

    Kameraya yerləşdiriləndə gəzinti yerinin qapısını bağlı saxlamışdılar. Üçümüzün də etirazlarından sonra müəssisə rəhbərinə məruzə edib qapını açdılar. 

    Aclığın ikinci günü səhər yenə eyni hal yaşandı. Səhər yoxlanışı zamanı bütün kameraların gəzinti yerinin qapısı açılır. Amma səhər nəzarətçi kameramın qapısına yaxınlaşanda digər əməkdaşa dedi ki, “soruş, gör, bura açılacaq?” Səhər yoxlanışı bitəndən sonra əməkdaşlar gəzinti yerinin açılması tələbinə cavab olaraq dedilər ki, “rejim rəisinə demişik, o da müavinə deyəcək.  Ola bilsin, özləri gəlib açacaqlar”.

    Bir müddət sonra xəbər çıxmadığını görəndə nəfəslikdən “proqulları açın” deyə qışqırmağa başladım. Sevinclə Nərgiz də eyni tələblə qışqırandan sonra bizə dedilər ki, gəzinti yeri bir azdan açılacaq. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra qapıları açdılar. 

    Aclıqda olduğumuz müddət ərzində bizim korpusa həm gündüz, həm gecə növbəsinə əlavə əməkdaşlar verilmişdi. Otaq yoldaşlarımızdan qalan əşyalarımızdan nələrisə istəyəndə həmin əməkdaşlar əşyaların nə olduğunu məruzə edirdilər. Razılıq alandan sonra bizə gətirirdilər. Təhvil verməzdən əvvəl isə mütləq şəkildə hər şey yoxlanılırdı.

    Təmizlik vasitələrinin isə yalnız hissə-hissə, 1-2 istifadəlik verilməsinə icazə var idi. Bəzi əşyalar isə müzakirələrdən sonra “işlət, qaytar” prinsipi ilə verilirdi. Məsələn, saçımı qurutmaq üçün otaq yoldaşımdan fen istəyəndə bu halla üzləşmişdim.

    Qanuna, həm də daxili intizam qaydalarına əsasən, əməkdaşlar aclıq edən şəxslərə gündə 3 dəfə yemək təklif edib imtina ilə bağlı qeydlər aparmalıdırlar. Lakin onlar işlərinə aid digər qaydalardan xəbərsiz olduqları kimi bundan da xəbərsiz idilər.

    Təcridxanada etiraz edən həbs edilmiş şəxslərə (bu daha çox siyasi məhbuslara tətbiq edilir-E.Q.) qarşı işlədilən məşhur üsul var, digər dustaqları o adamların üzərinə qaldırmaq. Müəssisə rəhbərinin göstərişi ilə bu üsulun tətbiqi bizdən də yan keçməmişdi. 

    Əvvəlcə soyuq suyun verilmə müddəti qısaldıldı. İsti su günündə isə su verilmədi. Digər həbs edilmiş şəxsləri məhrumiyyətlərlə üz-üzə qoyub səbəbkar kimi bizi göstərdilər.

    Aclıqda olduğumuz müddət ərzində gecə növbəsində qalan əməkdaşlar bizi yoxlamadı. Huşumuzu itirsəydik, bundan yalnız səhər yoxlanışında xəbər tutacaqdılar.

    Görüş günü sovqatın buraxılmasında süni əngəllər yaradıldı. Əvvəlcə salfetləri, təmizlik vasitələrini buraxmaqda maneə yaratdılar. Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq? Görüşdəki əməkdaşlara dedim ki, bunu rəislərinə də çatdırsınlar. Bir az sonra qərara gəldilər ki, həmin əşyalar otaq yoldaşıma, sular isə mənə veriləcək. 

    İyulun 28-də səhər saatlarında rəis müavini Cavid Güləliyev bir əməkdaş və həkimlə kameraya gəldi. Yanındakı əməkdaş otağı axtarmağa başladı. Cavid Güləliyev, çox güman, aclıq etdiyimizə şübhə ilə yanaşıb bu yola əl atmışdı. Həkim təzyiqimi ölçdü, normal olduğunu eşidən Güləliyev dedi ki, “yəqin kimsə bunlara “zavtrak” verir, bu qədər vaxta bu nə təzyiqdir”. Yaxşı olardı ki, Cavid Güləliyev “axtarış performansını” otağa yerləşdirildiyim gün də əməkdaşlarından tələb edərdi. Oynayan təzyiqimizin həmin an normada olduğunu görən rəis müavini yəqin buna görə xeyli məyus olmuşdu. Təzyiqimi ölçəndən sonra həkim qan analizi götürdü. Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi. 

    Bir neçə saat sonra həkim gəlib dedi ki, qan şəkərim xeyli düşüb və sistem qoşmağı təklif etdi. Bundan imtina etdim.

    Axşam 19:00-da aclığı sonlandırmaqla bağlı ərizələri təqdim etdik. Bir az sonra bir-bir rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparıldıq və aclığı dayandırmaqla bağlı izahat yazdıq. Bundan sonra otaqlarımıza qaytarıldıq. Otaq yoldaşımı qaldığı müvəqqəti kameradan tələsik çıxardılar, o, özü ilə lazım ola biləcək qida məhsullarını götürə bilmədi.

    İyulun 28-də aclığı dayandırmaqla bağlı izahat yazdığımız otaqda gecə növbəsinin həkimi var idi. Amma həmin an oradakı mövcudluğunun səbəbi bilinmədi. Çünki həkim aclığı dayandırandan sonra necə qidalanmaq lazımdır, nələrə diqqət edilməlidir və digər məsələlər barədə danışmağı lüzum görmədi. Adətən gecələr təzyiqini ölçdürmək istəyən dustaqlara “yanımda təzyiqölçən yoxdur” deyən həkimdən bundan artığını gözləmək absurd olardı.

    Elnarə Qasımova

  • Qəzalı Həbsxana Şəraiti Konvensiyaya Ziddir

    Qəzalı Həbsxana Şəraiti Konvensiyaya Ziddir

    Taleh Bağırzadənin Cərimə Təcridxanasına Salınması və Penitensiar Kompleksə Köçürülməsi Ətrafında Mübahisələr

    Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 25 yanvar tarixli hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmiş Taleh Bağırzadənin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsində cərimə təcridxanasına yerləşdirildiyi bildirilib. Bu hadisə iyunun 1-də həmin cəzaçəkmə müəssisəsinin dam örtüyünün çökməsi və nəticədə bir məhkumun həyatını itirməsi fonunda baş verib.

    Təhlükəli Şəraitə Etiraz və Verilən Cəzalar

    Dam örtüyünün çökməsindən sonra bəzi məhkumlar köçürülsə də, Taleh Bağırzadə və digər bir qrup məhkum təhlükəli vəziyyətdə saxlanılmağa davam edib. Bağırzadənin sözlərinə görə, müəssisə rəhbərliyi ona yalnız ciddi-qapalı rejimə köçürülməklə bu vəziyyətdən çıxa biləcəyini bəyan edib. Bu vəziyyətə etiraz əlaməti olaraq məhkumlar səhər və axşam sayımlarına çıxmayıblar. Nəticədə, Bağırzadəyə iyunun 19-da 3, 22-də isə 5 günlük cərimə təcridxanası cəzası verilib. İlahiyyatçı bildirib ki, rəhbərlik ona açıq şəkildə “ya ciddi rejimli və tam qapalı həbsxanaya gedirsən, ya da burada ölməyi seçirsən. Başqa alternativ yoxdur” deyə ultimatum verib.

    Penitensiar Qaydalar və Qanunsuzluqlar

    Cəzaların İcrası Məcəlləsinə (CİM) əsasən, cəzaçəkmə müəssisəsinin rəhbərliyi qaydaları pozan məhkumları 15 günədək cərimə təcridxanasına keçirmək səlahiyyətinə malikdir. Lakin bir təqvim ili ərzində cərimə təcridxanasında saxlanma müddəti 60 gündən çox ola bilməz. Avropa Penitensiar Qaydaları intizam tədbirlərinin son çarə olaraq istifadə edilməsini və yalnız nizam-intizam, təhlükəsizlik və ya təhlükəsizliyə təhdid yaradan davranışın intizam pozuntusu kimi müəyyən edilməsini tövsiyə edir. CİM-ə görə, məhkum cəzanı insan şəxsiyyətinə hörməti təmin edən, normal yaşayış şəraitinə, sanitariya və gigiyena qaydalarına uyğun şəraitdə çəkməlidir. Taleh Bağırzadənin sayımlara çıxmaması qəzalı vəziyyətdəki müəssisədə saxlanılmasına, yəni insan ləyaqətinə hörməti təmin etməyən şəraitə və ciddi rejimli müəssisəyə köçürüləcəyi ilə hədələnməsinə qarşı bir etiraz xarakteri daşıyıb. Bu isə intizam tədbirlərinin “son çarə” olaraq istifadə edilməsi üçün əsas yaratmayıb.

    İnsan Hüquqlarının Pozulması Məsələsi

    Azərbaycan Respublikasının Konstitusiyası (maddə 46) və Avropa İnsan Hüquqları Konvensiyasının (maddə 3) heç kəsin qeyri-insani rəftara məruz qalmamasını təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsinə görə, pis rəftar 3-cü maddənin əhatə dairəsinə düşmək üçün minimum şiddət həddinə çatmalıdır. Bu həddin qiymətləndirilməsi nisbidir və rəftarın müddəti, onun fiziki və ya psixi təsiri, qurbanın cinsi, yaşı və ya sağlamlıq vəziyyəti kimi amillərdən asılıdır. AİHM “Kudla Polşaya qarşı” işində dövlətin şəxsin həbsxanada insan ləyaqətinə hörmət edilən şəraitdə saxlanmasını təmin etməli olduğunu və məhkumun sağlamlığı ilə rifahının qorunmalı olduğunu bildirib. Eyni zamanda “Kalaşnikov Rusiyaya qarşı” işində ərizəçinin həbsxanada saxlanıldığı müddətdə sağlamlığına və rifahına təhlükə törədən vəziyyətin 3-cü maddənin pozuntusu olduğunu qeyd edib.

    Rejim Dəyişikliyi Təhdidinin Hüquqi Əsasları

    CİM-in müvafiq maddələrinə əsasən, məhkumlar cəzaların icrası qaydalarını qərəzli şəkildə pozduqda məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisəsindən başqa rejimli müəssisəyə köçürülə bilərlər. Lakin Taleh Bağırzadənin daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilmək tələbi əvvəlki müəssisənin qəzalı vəziyyəti ilə əlaqəli olub. Məhkəmə qərarı olmadan və məhkumun cəzaların icrası qaydalarını qərəzli şəkildə pozmadığı hallarda onun daha ağır rejimli müəssisəyə köçürülməsi qanunvericiliyin pozulması hesab edilir. Son olaraq Taleh Bağırzadənin saxlama rejimi ağırlaşdırılaraq Umbakı penitensiar kompleksinə köçürüldüyü məlum olub.

    24 saat

  • Floridalı qanunvericilər həftələrdən sonra Alleqator Alkatrazına ilk dəfə daxil oldular

    Floridalı qanunvericilər həftələrdən sonra Alleqator Alkatrazına ilk dəfə daxil oldular

    Florida qanunvericiləri Evergladesdə yerləşən və Alligator Alcatraz adlandırılan yeni miqrant saxlama mərkəzi ilə ilk tanışlıq səfərini gerçəkləşdiriblər.

    Mərkəzdə saxlanılan şəxslərin “qeyri-insani” şəraitdən şikayətlənməsi səbəbilə, Demokrat partiyasının üzvü olan qanunvericilər həftələrdir ki, obyektə baş çəkmək üçün icazə istəyirdilər. Hətta bir qrup qanunverici Respublikaçı qubernator Ron DeSantisin administrasiyasına qarşı iddia qaldırmışdı. Şənbə günü həm Demokrat, həm də Respublikaçı qanunvericilər əraziyə çatarkən etirazçılar küçələri zəbt etmişdi.

    “Əlbəttə ki, insanların kömək üçün qışqırdıqlarını gördük,” deyə Demokrat nümayəndə Maksvel Frost bildirib. “Hətta kimsə arxadan ‘Mən Amerika vətəndaşıyam!’ deyə qışqırırdı.”

    Bir neçə saat davam edən səfərdən sonra Florida Demokratları bəyan ediblər ki, mərkəzdə saxlanılan şəxslərə verilən qida payları heyətə veriləndən daha azdır. Onlar heç bir saxlanılan şəxsi görə bilməsələr də, şahidi olduqları şəraiti “dəhşətli” adlandırıblar. Demokrat qanunvericilərə şəkil çəkmək və telefonlarını içəri gətirmək qadağan edilib. Səlahiyyətlilər, həmçinin, media nümayəndələrinin saxlama mərkəzinə girişini də məhdudlaşdırıb.

    “Özümlə əl termostatı gətirmişdim,” deyən Demokrat nümayəndə Debi Vasserqman Şults mərkəzi sosial mediada “internasiya düşərgəsi” adlandırıb. “Tibbi ərazidə temperatur 29.4 Selsi dərəcə idi.”

    Saxlanılan şəxslər günlərlə çimə bilmədiklərini, reseptli dərmanlarını ala bilmədiklərini və bəzən isti havada kondisionerlərin qəfildən söndüyünü iddia ediblər. Rəsmilər isə saxlama mərkəzindəki şəraitlə bağlı bu təsvirlərə etiraz edib. Mərkəzi inşa edən Florida Fövqəladə Hallar İdarəsinin sözçüsü Stefani Hartman bildirib ki: “Mərkəzdəki şəraitlə bağlı məlumatlar tamamilə yalandır. Mərkəz bütün tələb olunan standartlara cavab verir və yaxşı vəziyyətdədir.”

    “Bu mərkəzə su yük maşınları ilə gətirilməlidir – işləyən boru yoxdur,” deyə Demokrat nümayəndə Darren Soto şənbə günü qeyd edib. “Bunun burada olması heç bir məna kəsb etmir.”

    “Onların içməli suyu unitazdan gəlir,” deyə Frost əlavə edib. “Unitazdan istifadə edirsən, amma su içə bilmirsən.”

    Respublikaçı qanunvericilər də mərkəzə baş çəkib və gördüklərindən razı qaldıqlarını deyiblər. Respublikaçı ştat senatoru Bleys İnqoqlia bildirib ki: “Sizə deyəcəyəm ki, mən çarpayılardan birinin olduğu ərazilərdən birində idim və hətta uzandım. Çarpayı yəqin ki, evdəki çarpayımdan daha rahat idi. Zarafat etmirəm.”

    Alligator Alcatraz Floridanın Everglades bölgəsinin mərkəzində yerləşən Dade-Collier Təlim və Keçid Hava Limanında cəmi səkkiz gün ərzində inşa olunaraq istifadəyə verilib. Ölkə səviyyəsində qanunvericilər, saxlanılan şəxslərin “qeyri-insani” şəraitlə bağlı iddialarından sonra mərkəzin içini görmək istəmişdilər. CBS News Miami, o cümlədən kubalı reqqeton artisti Leamsy La Figuranın da olduğu saxlanılan şəxslərin şəraitlə bağlı şikayətlərini dərc etmişdi. Saxlanılanlardan birinin sevgilisi tərəfindən onlayn yerləşdirilən bir zəngdə, o və digərləri suya məhdud çıxış və qeyri-kafi qida olduğunu iddia ediblər. Ştat bu ittihamları rədd edib.

    Qanunvericilər CBS News Miami-yə bildiriblər ki, Alligator Alcatraz ilə bağlı dinləmələr keçirmək istəyir və başqa bir tarixdə əvvəlcədən xəbərdarlıq etmədən ziyarət planlaşdırırlar.

    “Mən o mərkəzdə, o qəfəslərə baxarkən, tamamilə mənə bənzəyən gənc kişilər gördüm,” deyə Frost bildirib. “Beləliklə, dinləmələr olacaq və hesabatlılıq təmin ediləcək.”

    Mayami-Dade dairəsinin meri Daniella Levin Kava şənbə günü baş tutan səfərdə iştirak etməyib. O, CBS News Miami-yə hələ də mərkəzə baş çəkmək imkanının təklif olunmadığını deyib. O qeyd edib ki, ştat mülkiyyətə dairədən nəzarəti ələ keçirib, bu da yerli səlahiyyət və nəzarətlə bağlı əlavə suallar doğurur. Kava, Alligator Alcatraz-a müntəzəm giriş əldə edə biləcəyinə ümid etdiyini də bildirib.

    24 saat