) istifadə etməmək tövsiyə olunur. #HacıVəliyev - admin

Tag: #HacıVəliyev

  • Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Hacı Vəliyev Ülviyyə Əliyə müsahibə verib: “Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır, amma hökumət onların haqqını tanımır”

    Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib.

    “Abzas Media” müsahibəni təqdim edir.

    Hacı Vəliyev bildirib ki, həbsinə səbəb qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlər olub:

    “Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə “kars”a (red.: cərimə kamerası) salındım. Dörd gün ərzində karsın starşinası kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”.

    Vəliyev deyir ki, həbsi gözlənilən idi:

    “Haqq-ədaləti tələb etdiyim üçün bilirdim ki, bir gün saxta ittihamlarla məni həbs edəcəklər”.

    Vəliyev müsahibədə xatırladır ki, 10 il ön cəbhədə xidmət edib:

    “Müharibədən sonra islahatlar olacağını düşünürdük, amma tam əksi oldu. Qazilərə və veteranlara haqq etdikləri qayğı göstərilmədi. Hökumət üçün heç bir dəyər yoxdur. Şəhid ailəsi, qazi, veteran və yaxud sıravi vətəndaş fərqi yoxdur, kim tənqid edirsə, həbs olunur”.

    Həbsini təsvir edən Hacı Vəliyev deyir ki, martın 31-də dərman almaq üçün evindən çıxarkən BŞBPİ-nin polisləri onu oğurlayıb:

    “Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə iş açıldı. Halbuki saxta ittihamlardır”.

    Müharibədən qalan ağır yaraların olduğunu və bir gözünü itirdiyini deyən Hacı Vəliyevin sözlərinə görə, digər gözü də cəmi 3 faiz görür. O bildirib ki, həbsdə olduğu müddətdə ona heç bir tibbi yardım göstərilməyib, vəziyyəti isə daha da ağırlaşıb:

    “2018-ci ildə xidmətdə olarkən mədə-bağırsağımda xroniki xəstəlik aşkar edilib. İldə 3 dəfə müayinə və müalicə alırdım, yaralı gözümlə bağlı Göz İnstitutunda mütəmadi müayinə olunurdum. Olmayan gözümdəm mütəmadi çirk gəldiyindən daimi həkimlərin köməyindən istifadə edirdim. Həbs ediləndən heç bir müayinə və müalicədə olmamışam. Heç bir xahişim, istəyim yerinə yetirilməyib. Tibbi dəstək olunmayıb. Həbsdən sonra gözlərimdə və mədə-bağırsağımda ağrılar şiddətlənib”.

    Hacı Vəliyev həbsindən sonra “Gənc Qazilər” İB-nin fəaliyyəti dayandırmasının səbəblərindən də danışıb.

    “Birliyi 2021-ci ildə yaratmışdıq. Mən həbs ediləndən sonra vəzifəmi başqa bir şəxs icra edirdi. Amma daha sonra təşkilat üzvləri mənə xəbər vermədən İB-ni buraxmaq qərarı veriblər. Bu addımı DTX və BŞBPİ-nin təzyiqi ilə atdıqlarını eşitmişəm. Telefonlarıma cavab vermirlər. Nə baş verdiyini bütün ictimaiyyətdən gizlədirlər, qorxaqlıq edirlər. Bir daha bildirirəm ki, “Gənc Qazilər” İB siyasi təşkilat deyil. Siyasi təşkilat Azərbaycan qanunvericiliyində öz əksini tapır. Bizim fəaliyyətimiz, adından göründüyü kimi, qazilərin, veteranların müharibədən sonra cəmiyyətə adaptasiya olunması, yaralıların düzgün müayinə və müalicə edilməsi, maddi və sosial durumlarının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunması istiqamətində dəstək olmaqdır”.

    Vəliyev qeyd edir ki, 44 günlük müharibədə 20 mindən çox döyüşçü yaralanıb, amma cəmi 3 mininə əlillik statusu verilib:

    “ƏƏSMN deyir, bundan artıq şəxsə əlillik verməyəcəyik. Hazırda 187 min veteran var, amma onların aldığı təqaüd cəmi 80 manatdır. Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır. Amma hökumət onların haqqını tanımır”.

    ***

    Hacı Vəliyev martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.

    Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.

    Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.

    Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da “Meydan TV işi” üzrə saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.

    Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.

     

  • Hacı Vəliyev Aclıq Aksiyasına Son Verdi

    Hacı Vəliyev Aclıq Aksiyasına Son Verdi

    Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyev uzun sürən aclıq aksiyasına son qoyub. Yaxınlarının verdiyi məlumata görə, Vəliyev bu qərarı ailəsinin israrlı tələbi və səhhətində yaranmış ciddi problemlərlə əsaslandırıb.

    Aclıq Aksiyasının Səbəbləri və Fəsadları

    Məlumata görə, Vəliyev saxlanma şəraitindən və gözündəki ciddi problemin hələ də müalicə olunmamasından narazılığını dilə gətirib. Qeyd olunur ki, uzunmüddətli etiraz aksiyası onun fiziki və psixoloji vəziyyətinə dərin mənfi təsir göstərib və bu, artıq geri dönməz fəsadlara yol aça bilərdi. O, iyunun 21-dən bəri “ədalətsiz məhkəməsinə etiraz olaraq” bu aksiyanı davam etdirirdi. Əvvəllər vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini və sağ qalan gözünü itirmək təhlükəsi ilə üzləşdiyini xəbər vermişdilər.

    Saxlanılma və İttihamlar

    Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülmüşdü. Ona Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq (maddə 221.3) və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə (maddə 186.1) maddələri ilə ittiham irəli sürülüb.

    İctimai Fəaliyyəti və Həbs Səbəbi

    Vəliyev müharibə şəhidlərinin ailələrinin və müharibə veteranlarının problemlərini ictimailəşdirməsi, habelə məmurları tənqid etməsi ilə tanınan ictimai fəaldır. O, martın 18-də Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup müharibə veteranına qarşı polisin zorakılıq tətbiq etməsini ictimaiyyətə çatdırmışdı. Mayın 14-də məhkəmədə çıxışı zamanı Vəliyev onun “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs edildiyini bildirmişdi.

    24 saat

  • Məhkəmə 28 günlük aclıqda olan Hacı Vəliyevi ev dustaqlığına buraxmadı

    Məhkəmə 28 günlük aclıqda olan Hacı Vəliyevi ev dustaqlığına buraxmadı

    Hacı Vəliyevin Həbs Qətimkan Tədbiri Dəyişdirilmədi: Səhhəti Kritik Durumda

    İyulun 18-də Xətai Rayon Məhkəməsində ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə verilən vəsatətə baxılıb. Vəliyevin yaxınları məhkəmənin bu vəsatəti təmin etmədiyini açıqlayıblar.

    Fəalın Səhhətində Ciddi Pisləşmə: 28 Günlük Aclıq Aksiyası

    Ailəsi və yaxınları 28 gündür aclıq edən fəalın səhhətindən ciddi narahatlıq keçirdiklərini bildiriblər. Məlumatda uzun müddətdir davam edən aclığın qazinin səhhətini sürətlə pisləşdirdiyi vurğulanır. “Aidiyyəti qurumlar məsuliyyətli mövqe nümayiş etdirməli, Hacı Vəliyevin həyatı və sağlamlığına biganə yanaşmamalıdırlar,” – bəyanatda qeyd olunub.

    Xatırladaq ki, o, iyunun 21-dən “ədalətsiz məhkəməsinə” etiraz olaraq aclığa başlayıb. Daha əvvəl vəkilləri onun yeriməkdə çətinlik çəkdiyini, habelə qalan gözünü də itirmək təhlükəsi ilə qarşı-qarşıya olduğunu bildirmişdilər.

    Məmurları Tənqid Etməyin Bədəli?

    Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalarla xuliqanlıq, eləcə də özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.

    Vəliyev müharibədə həlak olanların ailələrinin, qazilərin problemlərini ictimailəşdirməsi və məmurları tənqid etməsi ilə tanınır. O, martın 18-də polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini geniş ictimaiyyətə çatdırmışdı. Vəliyev mayın 14-də məhkəmədə çıxışı zamanı bildirib ki, o, “ictimai fəaliyyətinə, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial rifah məsələlərini dövlət qurumları qarşısında qaldırdığına və məmurları tənqid etdiyinə” görə həbs olunub.

    24 saat