Gənc Vizyonerin Dunay Sahilində Qurduğu Yeni Respublika
20 yaşlı Daniel Ceksonun Xorvatiya ilə Serbiya arasındakı mübahisəli ərazidə “Verdis Azad Respublikası”nı elan etməsi dünya miqyasında böyük marağa səbəb olub. Bayrağı, konstitusiyası və 400 vətəndaşı olan Verdis, əslində bir gəncin uşaqlıq arzusunu reallığa çevirməsinin inanılmaz hekayəsidir. Xorvatiya tərəfindən ölkədən çıxarılmasına baxmayaraq, Belqraddan öz dövlətini idarə edən Cekson, Verdisin qurulma prosesini, qarşılaşdığı maneələri və gələcək planlarını ilk dəfə ictimaiyyətlə bölüşüb.
İddia Olunmayan Torpaqlar Üzərindəki Respublika
Daniel Cekson 14 yaşında dostları ilə zarafatla qurduğu xəyali ölkəni, 2019-cu ildə Dunay çayının sahilindəki mübahisəli bir ərazidə həyata keçirdi. Nə Xorvatiya, nə də Serbiya tərəfindən iddia edilməyən bu yarım kvadrat kilometrlik bölgəyə “Verdis Azad Respublikası” adını verdi. Cekson bu prosesi belə izah edib: “Verdis 2023-cü ildə reallığa çevrildi. Əraziyə bayrağımızı sancdıq, torpaqlarımızı elan etdik.” Beynəlxalq hüquqa görə bu torpağın ən qədim aktiv iddiaçısı olduqlarını vurğulayan Cekson, “Nə Xorvatiya, nə də Serbiya bu əraziyə iddia etmir, çünki onlar Dunayın digər tərəfindəki böyük bir bölgə üçün mübahisə edirlər,” deyə bildirib.
Beynəlxalq Tanınma Çətinlikləri və Deportasiya
Beynəlxalq arenada tanınmanın çətin bir proses olduğuna diqqət çəkən Cekson, “Ən böyük çətinlik, xarici rəsmilərlə danışmaq və dəstək tapmaq oldu,” sözləri ilə bu mübarizənin miqyasını vurğulayıb. Onun sözlərinə görə, Verdisin qurulması Xorvatiya rəsmilərinin reaksiyasına səbəb olub. Keçən il ərazidə düşərgə salarkən saxlanılan Daniel Cekson Xorvatiyadan deportasiya edilib. Bunun baş verə biləcəyini əvvəlcədən təxmin etdiklərini söyləyən gənc lider, “Vətəndaşlarımız üçün Xorvatiya polisinə veriləcək sənədlər hazırladıq. Çünki beynəlxalq hüquqa görə Xorvatiya polisi o əraziyə daxil ola bilməz,” deyib. Bu maneə ilə mübarizə üçün maarifləndirmə kampaniyaları apardıqlarını bildirən Cekson, “Xorvatiyanın səfirlikləri qarşısında etiraz aksiyaları təşkil etdik,” deyə əlavə edib və Belqraddan sürgündə idarə etdiyi Verdis üçün ümidini qoruduğunu vurğulayıb: “Bir gün torpaqlarımıza dönüb xəyalımızı tamamlayacağıq.”
Verdisin Simvolizmi və Vətəndaşlıq Şərtləri
Cekson, Verdisin bayrağı, konstitusiyası və pasportlarının vizyonunun konkret təcəssümləri olduğunu söyləyərək, əslində hər birinin bir mənası olduğuna diqqət çəkib. O, “Bayraq, Xorvatiyanın Vukovar şəhərindən ilhamlanaraq yaradılıb. Yuxarıdakı mavi təmiz səmanı, ortadakı ağ sülh və birliyi, altdakı mavi isə Dunay çayını simvollaşdırır,” deyə izah edib. Digər tərəfdən, gerbdəki detallar da diqqət çəkicidir. Cekson, “Ağ leylək milli heyvanımız, dalğalı xəttlər Dunayı, alov poladı Serbiya mədəniyyətini, damalar Xorvatiya mədəniyyətini və palıd ağacları güc ilə birliyi təmsil edir. Bu simvollar, Verdisin sülhsevər və birləşdirici ruhunu əks etdirir,” deyə bildirib. Verdis Azad Respublikası kiçik bir ölkə olsa da, Ceksona görə böyük bir cazibə mərkəzidir. “15 min vətəndaşlıq müraciəti qəbul etdik, 400-ü təsdiqləndi,” deyən Daniel Cekson, vətəndaşların bacarıqlarına və ölkənin ehtiyaclarına uyğun seçildiyini, təmiz sabiqasının olmasının şərt olduğunu qeyd edib. Bununla yanaşı, investisiya yolu ilə də vətəndaşlıq əldə oluna biləcəyini ifadə edib.
Gələcək Vizyonu və İdarəetmə Prinsipləri
Hər kəsin maraqlandığı Verdisin vətəndaşlarına təqdim etdiyi imkanlar isə iddialıdır. Daniel Cekson, “Yaşayış hüququ, iş imkanları və dövlət səhiyyə xidmətləri təklif etməyi planlaşdırırıq. Bir ölkəni qurmaq bir gecədə olmaz,” deyib. O, Verdisi beynəlxalq arenada fərqli bir yerdə yerləşdirmək istədiyini qeyd edərək, “Verdisi QHT-lər üçün bir mərkəz və dünya liderləri üçün vasitəçi bir ölkə olma potensialına malik hesab edirəm,” ifadəsini istifadə edib. Konstitusiyalarının azadlıq və bərabərliyə əsaslandığını vurğulayan gənc lider bu sözləri ilə Verdisin əhatəli bir quruluşa sahib olduğunun altını cızıb:
Hər kəsin hökumət təzyiqindən uzaq bir səsi olmasını təmin edirik. Din və ya etnik mənşə fərq etməksizin, dövlətə töhfə verən hər kəs xoş qarşılanır.
Verdisin idarəetmə modelinin, kiçik, lakin təsirli bir quruluş üzərində qurulduğunu bildirən Cekson, “Ölkəmiz Vatikan boyutundadır, bu səbəbdən yarı birbaşa demokratiya hədəfləyirik,” deyib. Əraziyə döndüklərində yeni bir konstitusiya layihəsi hazırlayacaqlarını və seçkilər keçirəcəklərini qeyd edən gənc lider, hazırda ölkəsinin prezidentidir, lakin “Gücə meylli deyiləm, sadəcə daimi bir quruluş qurmaq istəyirəm,” deyərək liderlikdən çox davamlı bir sistem yaratma hədəfində olduğunu vurğulayıb. Daniel Ceksonun hekayəsi, bir gəncin xəyallarının arxasınca gedərək mümkünsüzü bacarmağa çalışdığını göstərir. Xorvatiya və Serbiya arasındakı sərhəd mübahisələrinin kölgəsində, Verdis Azad Respublikasının gələcəyi qeyri-müəyyənliyini qoruyur. Lakin Cekson, “Verdisi dünya tanısın istəyirəm,” deyərək qətiyyətini ortaya qoyub.
24 saat