Tag: insan hüquqları

  • Kredit zaminliyi qalmaqalı: Sağlamlıq problemi olan vətəndaş ölkədən çıxış məhdudiyyəti riski ilə üz-üzədir

    Kredit zaminliyi qalmaqalı: Sağlamlıq problemi olan vətəndaş ölkədən çıxış məhdudiyyəti riski ilə üz-üzədir

    İddialara görə, “Bank of Baku” ASC ilə vətəndaş Aqil Bayramov arasında kredit zaminliyi ilə bağlı yaranan mübahisə ictimai və hüquqi müstəviyə keçib. Məsələ zaminliyin hüquqi mahiyyəti, borclunun əmlakı və icra tədbirlərinin proporsionallığı ilə bağlı suallar doğurur.

    Hadisənin başlanğıcı

    Məlumatlara əsasən, Aqil Bayramov bir neçə il əvvəl “Qarabağ Tumları” brendi altınd fəaliyyət göstərən Fiziki şəxs  Taleh Muradovun ailəsinə biznesin inkişafı məqsədilə dəstək olub. Onun sözlərinə görə, bu çərçivədə Taleh Muradovun anası Naibə Muradovanın adına götürülən 30 min manatlıq kredit üçün zaminlik müqaviləsi imzalayıb.

    İddialara görə, hazırda Taleh Muradova məxsus günəbaxan istehsalı sexi fəaliyyətini davam etdirir və bu sex onun atası Mətləb Muradovun adına rəsmiləşdirilib. Məlumatlarda sexdə kifayət qədər çox avadanlıq olduğu qeyd edilir.

    Bankın mövqeyi və suallar

    İddialara əsasən, bankın hüquqşünası Ümid Rəfiyev məhkəmə və icra prosesində borclu tərəfin (Naibə Muradovanın) əmlak sahibi olmadığını, yeganə gəlirinin pensiya olduğunu bildirir. Bu isə suallar doğurur:

    • Bank belə bir kredit verərkən borcalanın maliyyə imkanlarını necə qiymətləndirib?

    • Borclunun ailə üzvlərinin və ya həyat yoldaşı Mətləb Muradovun adına olan əmlak niyə nəzərə alınmır?

    • Zaminin üzərinə düşən məsuliyyət proporsional olaraq qiymətləndirilibmi?

    Hüquqşünasların sözlərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 584-cü maddəsinə əsasən, zaminin məsuliyyəti əsas borclunun məsuliyyətinə bərabərdir, lakin icra prosesində əvvəlcə əsas borclunun əmlakına yönəlmə aparılmalıdır.

    Sağlamlıq amili və insan hüquqları aspekti

    Aqil Bayramovun yaxınlarının iddiasına görə, o, insult və ağır şəkərli diabetdən əziyyət çəkir. Hər üç aydan bir Türkiyədə müalicə kursu keçməsi həyati zərurət sayılır. Onun sözlərinə görə, bank əməkdaşı borc ödənilmədiyi halda “ölkədən çıxışına məhdudiyyət qoydurulacağı” ilə hədələyib.

    Hüquq ekspertləri bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsiİnsan Hüquqları üzrə Avropa Konvensiyasının 2 saylı Protokolu hər bir şəxsin sərbəst hərəkət və ölkədən çıxış hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət yalnız məhkəmə qərarı ilə və zərurət-proporsionallıq prinsipi əsasında tətbiq oluna bilər.

    Əlavə olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarlarında, sağlamlıq vəziyyəti ölkədən çıxış qadağasının tətbiqində xüsusi nəzərə alınmalı amillər sırasında göstərilir.

    İcra tədbirlərinin qanuniliyi və alternativlər

    İcra haqqında qanunvericilik borcun icrasını təmin etmək üçün alternativ vasitələr nəzərdə tutur. Hüquqşünaslar hesab edirlər ki, əgər əsas borclunun və ya ona aid təsərrüfat subyektinin əmlakı varsa, ilkin olaraq həmin əmlaka yönəlmə aparılmalı, zaminin məhdudiyyət altına salınması son çarə kimi nəzərdən keçirilməlidir.

    Bankın açıqlaması gözlənilir

    Hazırda məsələ ilə bağlı “Bank of Baku” ASC-dən rəsmi mövqe almaq mümkün olmayıb.

    Ekspertlər hesab edirlər ki, bu mübahisə həm kredit zaminliyi institutunun tətbiqi, həm də icra tədbirlərində insan hüquqlarının qorunması baxımından önəmli presedent ola bilər.

    24 saat” mövzunu davam etdirəcək.

  • Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Xəbər Xətti redaksiyasına daxil olmuş ciddi və təsdiqlənmiş məlumata əsasən, ölkənin psixiatrik müəssisələrində baş verən qeyri-insani və cinayət xarakterli hadisələr növbəti dəfə biabırçı şəkildə gündəmə gəlib. Bu dəfə olayın mərkəzində Bakı şəhərində yerləşən 1 saylı Məştağa Psixiatrik Xəstəxanası dayanır.

    Şiddətə tuş gələn xəstə: Elşad Əliyev

    İddialara görə, 15 ildən artıqdır ki, psixi pozuntularla mübarizə aparan Əliyev Elşad Ağabala oğlu, bu günlərdə adıçəkilən xəstəxanaya növbəti dəfə yerləşdirilib. Lakin bu dəfə müalicə prosesi müəmmalı döyülmə və bədən xəsarətləri ilə nəticələnib.

    Rüşvət tələbi – İmtinadan sonra gələn cəza

    Mənbələrin verdiyi məlumata əsasən, xəstəxananın şöbə müdiri Sevinc adlı şəxs, Elşadın valideynlərindən onun vəziyyətinin yaxşılaşdırılması və normal şəraitdə saxlanması üçün rüşvət tələb edib. Ailə bu qanunsuz tələbi rədd etdikdən sonra, Elşad müəmmalı şəkildə şiddətli döyülmə izləri ilə valideynlərinə təqdim olunub.

    Sevinc xanımın izahı isə rəsmi cavabdan daha çox alqış gözləyən yalan bəhanəyə bənzəyir: guya Elşadı digər psixi xəstələr döyüb.

    Absurd açıqlama: Bəs nəzarətçilər hara baxırdı?

    Bu iddia həm hüquqi, həm tibbi, həm də mənəvi baxımdan qəbulolunmaz və absurddur. Əgər doğrudan da digər pasiyentlər bir xəstəni döyə biliblərsə, bu halda ciddi suallar doğur:

    • Nəzarətçilər harada idi?

    • Xəstələrin təhlükəsizliyi kimə əmanət olunub?

    • Bu nə cür “müalicə” sistemidir ki, xəstələr zorakılığa məruz qalır?

    Şübhə: Ya özü döyüb, ya da şərait yaradıb

    Əldə etdiyimiz məlumatlar onu göstərir ki, xəstəxana rəhbərliyi bu hadisəni ört-basdır etməyə çalışır. Güman olunur ki, Sevinc xanım ya şəxsən özü Elşadı döyüb, ya da onun döyülməsi üçün şərait yaradıb.

    Bu, artıq təkcə rüşvət cinayəti deyil – insanlığa qarşı yönəlmiş açıq zorakılıqdır.

    Baş həkim Orxan Cəfərov hara baxır?

    orxan cəfərov

    1 saylı Məştağa Psixiatrik Xəstəxanasının Baş Həkimi Orxan Cəfərov

    Müəssisənin baş həkimi olan Orxan Cəfərov adlı şəxsin məsuliyyəti sual altındadır. Hadisədən xəbərsizdirsə – bu, onun vəzifəsini yerinə yetirmədiyini göstərir. Əgər xəbərdardırsa və susursa, bu – cinayətə şəriklik deməkdir.

    “Ailə susmur, amma sistem susdurur”

    Elşadın valideynləri hadisədən sarsıldıqlarını bildiriblər. Onların sözlərinə görə, bu, ilk belə hal deyil. Məştağa Psixiatriya Xəstəxanası illərdir medianın diqqətindən yayınan, lakin daxilində sistematik zorakılıq və korrupsiyanın hökm sürdüyü bir müəssisəyə çevrilib.

    Onlar hüquq-mühafizə orqanlarına müraciət etməyə hazır olduqlarını, lakin sistemin bu cür şikayətləri necə yoxa çıxardığını çox yaxşı bildiklərini də qeyd ediblər.

    Rüşvət ver, ya da döyül

    Azərbaycan səhiyyəsində rüşvət problemi cəmiyyətə bəllidir. Ancaq bu dəfə məsələ daha dərindir: rüşvət verilmədiyinə görə, psixi xəstəyə bədən xəsarəti yetirilib.

    Bu, sadəcə inzibati pozuntu deyil – bu, açıq-aşkar işgəncədir.

    “O biri xəstələr döyüb” yalanı

    Təsəvvür edin: bir psixi xəstə döyülür və cavab budur – “digər xəstələr döyüb.” Bu zaman haqlı olaraq aşağıdakı suallar doğur:

    • Bu nə cür müəssisədir ki, xəstələr bir-birini döyür?

    • Nəzarət sistemi haradadır?

    • Bu baş veribsə, növbəti qurban kim olacaq?


    “Xəbər Xətti” nə tələb edir?

    1. Səhiyyə Nazirliyi – Hadisə ilə bağlı təcili xidməti araşdırma başladılmalı, Sevinc xanım və baş həkim Orxan Cəfərov barəsində tədbir görülməlidir.

    2. Ombudsman və İnsan Hüquqları Komissiyası – fiziki zorakılıq və rüşvət iddialarını araşdırmalı, hüquqi mexanizmləri işə salmalıdır.

    3. Baş Prokurorluq – Fakt üzrə cinayət işi açmalı, məsul şəxslər istintaqa cəlb edilməlidir.


    Cəmiyyət bu zorakılığa səssiz qalmamalıdır

    Psixiatrik xəstəxanalar şəfa və müalicə məkanı olmalıdır, əzab və şiddət yeri yox! Əgər burada belə cinayətlər baş verirsə, bu artıq yalnız səhiyyənin deyil, dövlətin özünün böhranıdır.


    Sonda bir sual:

    Bu dövlət müəssisəsində qanun işləmir, yoxsa bəzi şəxslər qanunlardan üstünmü sayılır?


    “Xəbər Xətti” redaksiyası bu məsələni tam diqqətlə izləyəcəkaidiyyəti orqanlara sorğular göndərəcək və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.