Azadlıq Donanması Koalisiyasının Teleqram kanalından gəmiyə ediləcək ehtimal olunan müdaxilə ilə bağlı açıqlama yayıldı. Açıqlamada bir gəmi və dronun Hanzalaya yaxınlaşdığı bildirilib, “Müdaxilənin baş verməsi ehtimal olunur” ifadəsi işlədilib. Koalisiyanın Hanzala gəmisinin izlənməsi üçün başlatdığı YouTube canlı yayımında da gəmidə olanların yaxınlaşan İsrail müdaxiləsinə qarşı tədbirlər görməyə başladığı müşahidə olunub. Kadrlarda heyətin xilasedici jiletlər geyindiyi diqqət çəkib.
Gəmidə həyəcan siqnalları
Fransız Avropa Parlamenti (AP) üzvü Emma Fourreau öz X hesabında gəmidə həyəcan siqnallarının işə düşdüyünü qeyd edib. Fourreau başqa bir paylaşımında isə “Binyamin Netanyahunun soyqırımçı ordusu Hanzala gəmisinə yaxınlaşır” ifadəsini istifadə edib.
Müdaxilə başladı
Qəzzaya yardım aparmaq üçün yola düşən gəmidə olan Fourreau: “İsrail ordusu buradadır. Tezliklə görüşərik. Soyqırıma son qoyun” deyərək gəmiyə müdaxilənin başladığını elan edib.
İsrail keçən ay “Madleen” gəmisinə müdaxilə etmişdi
“Azadlıq Donanması Koalisiyası” adlı qeyri-hökumət təşkilatının Qəzzaya qarşı blokadanı yarmaq və bölgəyə yardım çatdırmaq məqsədilə təşkil etdiyi son missiya çərçivəsində 18 metrlik “Madleen” gəmisi iyunun 1-də İtaliyanın Kataniya şəhərindəki San Covanni Li Kuti limanından Qəzzaya yola çıxmışdı.
İsrail ordusu Qəzzaya qarşı blokadanı yarmaq məqsədi güdən “Madleen” gəmisinə iyunun 9-u səhər saatlarında müdaxilə etmiş və aralarında Avropa Parlamentinin (AP) fransız üzvü Rima Həsən, Almaniya vətəndaşı, FFK-nın Mətbuat Koordinatoru Yasemin Acar, Türkiyədən Hüseyn Şüayb Ordu, Braziliyadan Tiaqo Avila və isveçli iqlim fəalı Qreta Tunberqin olduğu 12 könüllü saxlanılmışdı.
Könüllülər İsrailə gətirilmiş, onlardan 4-ü iyunun 10-u səhər ölkədən deportasiya edilmişdi. Koalisiya iyunun 16-da İsrailin saxladığı digər bütün insan haqları müdafiəçilərinin azad edildiyini açıqlamışdı.
Hanzala gəmisinin tarixi
Hanzala gəmisi iyulun 13-də İtaliyanın Sirakuza limanından yola çıxmış, lakin bəzi texniki ehtiyacların aradan qaldırılması üçün iyulun 15-dən 20-dək Qallipoli limanında son hazırlıqları tamamlamışdı.
İyulun 20-də yola düşən gəmidə 21 fəalın olduğu bildirilmişdi.
Qəzzada aclıq son həftələrdə daha da ağır vəziyyətə çatıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə aclıqdan sümükləri görünən, huşunu itirən və yeriməyə gücü qalmayan insanlar diqqəti cəlb edir.