Qlobal Sumud Flotiliyasına Qəzzaya 70 mil qalmış müdaxilə: İnsanlıq ümidinə İsrail hücumu
Qlobal Sumud Flotiliyası dünyanın müxtəlif ölkələrindən gələn onlarla fəalın iştirakı ilə Qəzzaya humanitar yardım çatdırmaq və blokadanı yarmaq məqsədilə dənizə açılıb. Günlər davam edən səyahətdən sonra flotiliya dünən Qəzzadan təxminən 120 dəniz mili uzaqlıqda yüksək riskli zonaya daxil oldu. Fəallar gün ərzində İsrail hərbi gəmilərinin təqibləri, rabitənin kəsilməsi və elektron sistemlərə qarşı hücumlarla üzləşdilər. Gündüz saatlarında gəmilər üzərindəki dronların sayı iki dəfə artmış, telefon və radio əlaqələri ciddi şəkildə məhdudlaşdırılmışdı.
Flotiliya mühasirəyə alındı
Axşam saatlarında qaranlıq çökdükcə flotiliya Qəzzaya 70 mil qalmış İsrail donanması tərəfindən mühasirəyə alındı. Saat 20:30 radələrində Qlobal Sumud Flotiliyası 3 dəniz mili məsafədə İsrail donanmasına aid olduğu düşünülən 20-dən çox gəminin aşkarlandığını bildirdi. Flotiliyadan verilən açıqlamada deyilir: “Təhdidlərlə, təzyiqlərlə, yaxud İsrailin Qəzzaya qarşı qanunsuz blokadasını qorumaq cəhdləri ilə bizi qorxutmaq mümkün olmayacaq.”
“İstiqamətinizi dəyişin” təhdidi
Dəqiqələr sonra İsrail gəmilərə radio vasitəsilə müraciət edərək fəallara “istiqamətinizi dəyişin” təhdidini ünvanladı. İsrail Xarici İşlər Nazirliyi İsrail donanmasının operatorunun Qlobal Sumud Flotiliyasına “Siz blokada altında olan əraziyə daxil olursunuz. Humanitar yardım çatdırmaq istəyirsinizsə, istiqamətinizi Aşdod (Usdud) Limanına çevirin” təhdidi ilə bağlı video yazısını paylaşıb. Qlobal Sumud Flotiliyasından isə İsrail hərbi gəmilərinə radio ilə bildiriş göndərilərək, “Bir daha təkrarlayırıq. Biz Qəzzadakı Fələstinli qardaşlarımız üçün təşkil edilmiş sülhpərvər, zorakılıqsız, humanitar yardım missiyasıyıq. Missiyamız beynəlxalq qanunlara uyğundur. Flotiliyamıza qarşı hər hansı düşmənçilik aktına görə siz məsuliyyət daşıyacaqsınız” deyildi. Bundan sonra flotiliyadakı fəallarla çətinliklə əlaqə qurula bildi. Fəalların əksəriyyətinə mesajlar çatmasa da, əlaqə saxlanılan az sayda iştirakçı internetlərinin kəsilməsi və flotiliyadakı digər şəxslərlə əlaqə qura bilmədiklərini bildirdi. Qlobal Sumud Flotiliyasının Youtube hesabından edilən canlı yayımda da bir çox gəmidə görüntünün kəsildiyi və ya uzun sürən kəsintilərin yaşandığı müşahidə olundu.
Təcili vəziyyət elanı
Baş verənlərdən sonra Qlobal Sumud Flotiliyasında təcili vəziyyət elan edildi. İsrail qüvvələri ilk olaraq flotiliyanın təşkilatçılarının da olduğu Alma, Sirius, Spectre, Huga, Adara və Deyr Yassin adlı flaqman gəmilərinə hücum etdi. Gəmi və qayıqlarla gəmilərə yaxınlaşan İsrail əsgərləri gəmilərə çıxaraq heyəti nəzarətə götürdü. Flotiliyanın X sosial şəbəkə hesabında “Gəmilərimiz qanunsuz mühasirə altındadır. Kameralar söndürülüb və gəmilərə hərbi personal çıxıb” açıqlaması verildi. Daha sonra isə İsrail donanması flotiliyaya aid bütün gəmiləri hədəf alan hücumlara başladı və əksər gəmiləri ələ keçirdi. Nəzarətə götürülən fəalların Aşdod Limanına aparılacağı bildirilib.
Müdafiə Nazirliyi: 11 nəfər təxliyə edildi
Milli Müdafiə Nazirliyindən (MMN) verilən açıqlamada deyilir: “Şərqi Aralıq dənizində üzən mülki gəmilərlə həyata keçirilən humanitar yardım fəaliyyətləri çərçivəsində indiyədək yardım tələb edən 3-ü Türkiyə vətəndaşı olmaqla 11 nəfər Hərbi Dəniz Qüvvələrimizin elementləri tərəfindən quruya təxliyə edilib.”
Bəzi gəmilər batırıla bilər
İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Effie Defrin flotiliyaya hücum planı ilə bağlı açıqlama verib. Defrin bildirib ki, flotiliyadakı gəmilərin sayının çox olması səbəbindən İsrail donanması qayıqlara minəcək, fəalları nəzarətə götürəcək, onları böyük bir donanma gəmisinə gətirəcək və oradan ölkədən çıxarılmaq üçün Aşdod Limanına aparılacaq. Fəalların bəzi gəmilərinin Aşdod Limanına çəkilə biləcəyi, lakin hərbi mənbələrin bəzilərinin isə donanma tərəfindən dənizə batırılacağını gözlədiklərini bildiriblər.
Avropadan mövqe dəyişikliyi
Qlobal Sumud Flotiliyası Qəzzaya yaxınlaşdıqca, əvvəldən dəstək verən bəzi Avropa ölkələrində təşviş və xəbərdaredici açıqlamalar görünməyə başladı. Belə ki, İspaniyada azlıqda olan sol koalisiya hökuməti flotiliyaya “yüksək riskli bölgəyə girməyin” çağırışı etdi. İtaliya Baş naziri Giorgia Meloni isə “Qəzza humanitar yardım flotiliyası artıq dayanmalıdır. Əks halda sülhə maneə törətmək riski daşıyır” ifadələrini işlətdi.
Ümumxalq tətil çağırışı
İtaliya Xarici İşlər Naziri Antonio Tajani də flotiliyanın mühasirəyə alınmasından sonra etdiyi açıqlamada, İsrail Xarici İşlər Naziri Gideon Sa’arın İsrail ordusunun flotiliyada olan fəallara qarşı zorakılıq tətbiq etməyəcəyinə təminat verdiyini bildirdi. İtaliyanın ən böyük həmkarlar ittifaqı isə Sumud flotiliyasına edilən müdaxiləyə etiraz etmək məqsədilə cümə günü ümumxalq tətilinə çağırış etdi. Fransa Xarici İşlər Naziri Jean-Noel Barrot da İsraili flotiliyadakıların təhlükəsizliyini təmin etməyə çağırdı.
Ankara: Terror aktı
Xarici İşlər Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələrə yer verilib: “Qlobal Sumud Flotiliyasına İsrail qüvvələri tərəfindən beynəlxalq sularda həyata keçirilən hücum, beynəlxalq hüququ ən ağır şəkildə pozan və günahsız mülki vətəndaşların həyatını təhlükəyə atan bir terror aktıdır. Mülki şəxsləri hədəf alan bu hücum, Qəzzanı aclığa məhkum edən soyqırımçı Netanyahu hökumətinin tətbiq etdiyi faşist və militarist siyasətlərin Fələstinlilərlə məhdudlaşmadığının və İsrailin tətbiq etdiyi zülmə qarşı mübarizə aparan hər kəsi hədəf aldığının isbatıdır. İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın və digər sərnişinlərin bir an əvvəl azad edilməsi üçün bütün lazımi təşəbbüslər başlanılır. Hücumun faillərinin hesabat verməsi üçün də hüquqi yollara əl atılacaqdır.”