Tag: #JurnalistHüquqları

  • Abzas Media jurnalistlərinin Lənkərana köçürülməsinin qanuniliyi

    Abzas Media jurnalistlərinin Lənkərana köçürülməsinin qanuniliyi

    Abzas Media jurnalistlərinin Lənkərana köçürülməsi: Hüquqi tənzimləmələr və narahatlıqlar

    “Abzas Media”nın həbsdə olan jurnalistləri Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova Bakıdan Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksinə köçürülüblər. Bu köçürülmə qanuniliyi və doğurduğu hüquqi suallarla bağlı geniş ictimai müzakirələrə səbəb olub.

    Yerli qanunvericilikdə cəzaçəkmə müəssisəsi seçimi

    Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (CİM) 65-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzalarını adətən yaşayış yerlərinə yaxın ərazilərdəki cəzaçəkmə müəssisələrində çəkirlər. Bu ümumi qaydadan kənarlaşmalara yalnız sağlamlıq vəziyyəti, şəxsi təhlükəsizliyin təmin edilməsi və digər müstəsna hallar kimi əsaslarda icazə verilir. Həmçinin, cinayətlərin xüsusi təhlükəli residivi, ömürlük azadlıqdan məhrum etmə, cəzanın bir hissəsini həbsxanada çəkməyə məhkum olunanlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kimi hallarda yaşayış yerindən asılı olmayaraq müvafiq cəzaçəkmə müəssisələri təyin edilə bilər. Lakin Abzas Media jurnalistlərinin bu istisna hallara aid olmadığı görünür.

    Beynəlxalq standartlar və məhbusların yerləşdirilməsi

    Penitensiar Xidmətin fəaliyyətinin əsasnaməsinin hazırlanmasında istifadə olunan Birləşmiş Millətlər Təşkilatının Məhbuslarla davranışın minimal standart qaydaları (Nelson Mandela Qaydaları) və Avropa Penitensiar Qaydaları məhbusların imkan daxilində evlərinə və ya sosial reabilitasiya məkanlarına yaxın yerləşdirilməsini tövsiyə edir. Bu qaydalar məhbusların ailələri və xarici aləmlə əlaqələrini asanlaşdırmaq məqsədi daşıyır. Həmçinin, bu standartlara görə, məhbusun cəzaçəkmə müəssisəsinə göndərilməsi və ya bir müəssisədən digərinə köçürülməsi zamanı onun fikri öyrənilməli, ağlabatan sorğular nəzərə alınmalıdır. Təhlükəsizlik kimi müstəsna hallarda məsləhətləşmələr sonradan keçirilməlidir və məhkumun qərarın ləğvi üçün real imkanı olmalıdır.

    “Yaşayış yeri” anlayışının təfsiri

    CİM-in 65.1-ci maddəsindəki “yaşayış yeri” anlayışı yerli qanunvericilikdə geniş şəkildə izah edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən, bu, şəxsin daimi və ya daha çox yaşadığı ev, mənzil və digər bu kimi yaşayış yerlərini ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinə və Mülki Məcəlləyə görə də “yaşayış yeri” şəxsin adətən yaşadığı yeri ifadə edir və bir neçə yaşayış yeri ola bilər. Konstitusiya Məhkəməsi (KM) öz qərarlarında yaşayış yerinə formal yanaşmanın vətəndaşların hüquqlarını məhdudlaşdıra biləcəyini qeyd edərək, bu anlayışın yalnız qeydiyyat ünvanı ilə eyniləşdirilməməsinin vacibliyini vurğulayıb. Abzas Media jurnalistləri uzun illər Bakıda yaşayıb və fəaliyyət göstəriblər, nəşrin ofisi də paytaxtda yerləşib. Məhkəmənin hökmündə də onların yaşayış yeri kimi Bakı, Xırdalan və Sumqayıt şəhərləri göstərilib. Bu faktlar onların yaşayış yerinin Bakı şəhəri kimi qəbul edilməli olduğunu ortaya qoyur.

    Penitensiar Xidmətin əsaslandırmasız köçürmə qərarı

    Penitensiar Xidmət tərəfindən nə mediaya, nə də jurnalistlərin yaxınlarına Abzas Media jurnalistlərinin Lənkəran Penitensiar Kompleksinə köçürülməsinə dair heç bir açıqlama və ya əsaslandırma təqdim edilməyib. Penitensiar Xidmət jurnalistlərin sağlamlıq vəziyyəti və ya şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq ifadə etməyib, “digər müstəsna hallar”ın tərifi də yerli qanunvericilikdə yoxdur. Bu isə köçürmə qərarının əsaslandırıla bilmədiyi ehtimalını artırır.

    İnsan hüquqlarının pozulması riski

    Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) praktikasına əsasən, məhkumların yaşadığı yerdən uzaq cəzaçəkmə müəssisəsinə köçürülməsi Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə qorunan şəxsi və ailə həyatına hörmət hüququnu poza bilər. AİHM oxşar işlərdə Rusiyaya qarşı qərarlarında qeyd edib ki, məhbusların yaxın qohumları ilə ünsiyyət saxlanılmasına şərait yaradılmaması 8-ci maddənin pozuntusu hesab edilə bilər. Bakı ilə Lənkəran Penitensiar Kompleksi arasında təqribən 236 kilometr məsafə və 3 saat 20 dəqiqəlik yol var. Bu məsafə jurnalistlərin yaxınları üçün “normal” çətinliklərdən və məhdudiyyətlərdən daha artıq bir yük yaradır, ailə bağlarının qorunmasını çətinləşdirir. AİHM-in Polyakova işində vurğulandığı kimi, müvafiq qurumların məhbus və ya yaxınları ilə məsləhətləşməməsi, qərarı əsaslandırmaması hüquqi məhdudiyyətlərin qanunsuz tətbiqinə yol açır.

    Nəticə

    Abzas Media jurnalistlərinin Lənkəran Penitensiar Kompleksinə köçürülməsi yerli və beynəlxalq qanunvericiliklə qorunan şəxsi və ailə həyatına hörmət hüququnu pozur. Bu köçürülmə Penitensiar Xidmət tərəfindən əsaslandırılmayıb və beynəlxalq tövsiyələrə ziddir. Ehtimal ki, Penitensiar Xidmət “yaşayış yeri” anlayışını hüquqi qeydiyyat ünvanı ilə səhv salmışdır ki, bu da vətəndaşların hüquq və mənafelərinin pozulmasına gətirib çıxarır. Yerli qanunvericilikdə ixtiyari məhdudiyyətlərin tətbiqinin qarşısını alan zəmanətlərin olmaması isə pozuntunun miqyasını daha da artırır.

    24 saat

  • AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    AbzasMedia – “Biz yemək aclığı çəkən vaxt rəis tərbiyə aclığı çəkirdi”

    Sonuncu yediyim yemək Elnarənin toyuq əti ilə qovurduğu makaron oldu. 21 iyul axşam 6-da bu nəfis yeməyi yeyib, növbəti gündən aclığa başladıq. Yemək məni necə tox tutmuşdusa, 1 həftə aclıq hiss eləmədim.

    Aclığa başladığımız gün çox simvolik idi. 22 iyul Milli Mətbuat günü. Mətbuatın yaranmasının 150 illiyində həbsdəki 4 jurnalist qanunsuzluğa etiraz olaraq aclıq edirdi.

    Həmin gün İlham Əliyev suallarını razılaşdırdığı “jurnalistləri” başına yığıb özlərini “ağıllı” apardıqlarına görə ziyafət verirdi. Tox adamlar qol-boyun olub şəkil çəkdirir və özlərini elə aparırdılar ki, sanki Zərdabinin davamçılarıdırlar.

    Bəs həmin vaxt biz təcridxanada nələrlə üzləşirdik? Həmin gün təcridxana rəisinin təlim-tərbiyə işləri üzrə müavini Əhəd Abdıyev qızlarla ayrı-ayrılıqda bizi rəisin və onun yanında olan Penitensiar Xidmətin əməkdaşlarının qəbuluna aparmaq adı ilə otaqlarımızdan çıxardı. Saat yarım Əhəd Abdıyevin otağında bir kişi və qadının müşayiəti ilə gözlədim. Televizor açıq idi, “Space TV”də yenə ailə-məişət mövzusunda veriliş gedirdi. Veriliş o qədər cansıxıcı idi ki, TV-yə yox bir-birimizə baxırdıq. Vaxt o qədər bol idi ki,  müavinin otağında Heydər və İlham Əliyevin şəkillərini saymağa başladım. Bir balaca otaqdan Əliyevlərin 11 şəkli boylanırdı. Corc Oruellin təbirincə desək, “Böyük qardaş” bizi hər yerdə izləyirdi. Yəqin bu şəkillər sədaqətə heç bir şübhə yeri qalmasın deyə hər künc-bucağa qoyulub.

    Otaqda Əhəd Abdıyevin bəzəkli çərçivəyə salınmış sertifikatı da gözümə dəyir. Məlum olur ki, təlimçilərə keçirilən təlimdə iştirak etdiyi üçün sertifikat verilib. Əliyevlərin 11 şəklinin altında 1 sertifikat çox zəif görünür. Amma rəis müavinin vəzifəsində qalmağa səbəb o 11 şəkildir, 1 sertifikat deyil.

    Saat yarımdan sonra Əhəd Abdiyev xəbər gətirir ki, Penitensiar Xidmətin əməkdaşları fikirlərini dəyişiblər, bizimlə görüşmək istəməyiblər. Bu vaxt məni gülmək tutur. Deyirəm, cürət eləmədilər, ağıllı adamlardılar.

    Penitensiar Xidmətin əməkdaşı kimi özünü təqdim edən Əvəz adlı şəxs dəhlizdə soruşur ki, “aclıq etməklə bağlı fikriniz qətidirmi?” Deyirəm, qətidir. Bunu dəftərinə yazıb gedir.

    Qayıdanda iki nəfərlik, amma tək saxlanacağım otağa keçirəm. Divar boyu dırmaşan qarışqalarla salamlaşıram. Otağı yır-yığış etmək üçün otaq yoldaşlarım nəzarətçilərə dil töksələr də xeyri olmur. Mən də israr etmələrini istəməyib otağı təkbaşına təmizləyirəm və əşyalarımı yerləşdirirəm. Öncədən əşyalarımız yoxlanılır ki, birdən içində yemək olar.

    Məlum olur ki, otaqda duş sistemi yoxdur. Bu otaqda qalanlar dizlərini yerə atıb yuyunmağa məcbur olublar. Əl-üz yuyan kran da demək olar işləmir, sızqa su gəlir. Yayın ortası olsa da, pəncərələrin şüşələri çıxarılmayıb. Bu otaqda qalan məhbuslar cəmi bir pəncərədən gələn havaya möhtac qalıblar.

    Otaqda televizor işləmir, pult da yoxdur. Otağa daxil olduğum gün gəzinti yeri bağlanmışdı. Halbuki 3 saat sonra bağlanmalı idi. Baş nəzarətçi Əzizə Məmmədova dedi ki, “rəisə məruzə olunmalıdır, ondan sonra qapı açılacaq”. Gəzintinin qapısı nə vaxtdan rəisə məruzə olunurdu? Bu minvalla 1 saat keçdi. Otaqda günün istisində nəfəs almaq çətinləşirdi. Bir saatdan sonra həkim gəldi və elə o vaxt gəzinti yerinin qapısı açıldı.

    Növbəti gün yenə eyni hadisə yaşandı. Bütün kameraların gəzinti yerləri saat 10-a qədər açıldı, amma qızlarla mənim qapım açılmadı. Nəfəslikdən 2 saat qışqırıb “Elnur İsmayılov, “proqulumuzu” (red.: gəzinti) aç” deyəndən sonra saat 12-də qapımız açıldı. Yenə eyni səbəb göstərdilər – rəisə məruzə olunmalı idi. Növbəti gün rəisin məruzəyə ehtiyacı olmadı, qapılarımız vaxtında açıldı.

    Otağın pəncərələrindəki şüşələr ilk gün çıxarıldı, televizora baxılıb pultun alınacağı deyildi, amma alınmadı. 5 gün sonra duş sistemi gətirildi. Psixoloq Təranə Quliyeva dedi ki, duşu özü alıb. Bəs təcridxananın inventarı haradadır? Niyə psixoloq şəxsi vəsaiti ilə duş sistemi almalıdır? Bəs inventar üçün dövlət büdcəsində ayrılan vəsaitlər hara gedib? Bu suallar da rəis Elnur İsmayılova məruzə olunsa, şad olaram.

    Aclığa başladığımız gündən soyuq su gün ərzində 2 saatdan 40 dəqiqəyə endirildi, isti su heç verilmədi. Üç mərtəbədə yerləşən 350-yə yaxın məhbus üç gün susuzluqdan əziyyət çəkdi. Qadın məhbuslar gileylənməyə başladı ki, bu, bizə görədir və onlar niyə jurnalistlərə görə əziyyət çəkməlidirlər?

    Bu halı biz öncəki aclıq aksiyamızda (2 iyul) yaşamışdıq. Elnarə telefona çıxıb aclığa başladığımızı ailəsinə xəbər verən vaxt telefonu kəsildi. Telefon saatlarla bağlı saxlanıldı. Qadın məhbuslar “telefon niyə işləmir?” soruşanda nəzarətçi Cahan İbrahimli “Siyasilərə görədir. İnanırsan, bezmişik əllərindən” dedi. Baş nəzarətçi Əzizə Məmmədova da “dustağın qapısını dustaq bağlayır” əlavəsini elədi. Bundan sonra nəfəsliklərdən qadınlar Elnarənin üstünə qışqırmağa başladılar. “Sizin uşağınız yoxdur deyə vecinizə deyil, amma biz uşaqlarımızla danışmalıyıq,”- deyə qadın məhbus şikayət elədi. Elnarə də “Biz məhbuslarla konfliktə girmirik. Şikayətinizi rəisinizə deyərsiniz. Telefonu mən bağlamıram,”- dedi.

    Aclıq müddətində nəzarətçilər tez-tez gəlib tək qaldığımız otaqlarda bizimlə maraqlanmalı olsalar da, kiçik istisnalarla böyük əksəriyyəti bunu etmədi. Nəzarətçi Cahan İbrahimli, başqa korpusdan gətirilən Cavid Rəhimov istisna olmaqla heç kim maraqlanmadı. Huşumuzu itirsək, heç kimin xəbəri olmayacaqdı. Aclığın 5-ci günü ailəmlə görüşə getdim. Öyrəndim ki, burada başımıza gətirilənlərdən narahat olan, ürəyində aparatla gəzən anamın vəziyyəti pisləşib və bir gecə xəstəxanada yatılı müalicə alıb. Səhəri gün də durub görüşümə gəlib. Amma gətirdiyi paltarlarım içəri buraxılmamışdı. Cəmi 1 ədəd köynək, 1 ədəd şortik və 1 ədəd alt paltarını otağıma gətirdilər. Bir həftə bu paltarları geyinməli idim. Əşyalarım görüşdən çıxan ailə üzvlərimə təhvil verilmişdi.

    Anam Ombudsman Aparatından Rəşid Rumzadə ilə danışandan sonra o, valideynimi əmin etmişdi ki, geyimlərim 1-ci gün yenidən təcridxanaya aparılsın, bu dəfə buraxılacaq. İkinci dəfə gətirilən geyim əşyalarım yenə də içəri buraxılmadı. Rəis müavini Əhəd Abdiyev çölə çıxaraq dostuma bildirib ki, mənə bir dəst paltar verilib və bu, bir həftə bəsimdir. Bəlkə də rəis müavini həftədə bir dəfə paltarların dəyişir deyə bu, onun üçün normaldı, amma şəxsi gigiyenasına fikir verən şəxslər hər gün yuyunub əyinlərin dəyişirlər. Əlbəttə göstəriş verən məlum idi – Elnur İsmayılov.

    Rəis Elnur İsmayılovla görüşlərimizdə həmişə deyirdi ki, “siz ailə tərbiyəsi görmüsünüz, mən türmə tərbiyəsi”. Amma heç türmə tərbiyəsində də bir kişinin qadınla ədavətinə yaxşı baxılmır. Üstəlik bu ədavətə görə qadına alt paltarı buraxmamağa heç yaxşı baxılmır. Görünür, rəis təkcə ailə tərbiyəsi yox, heç türmə tərbiyəsi də görməyib. Biz yemək aclığı edən vaxt rəis tərbiyə aclığı çəkirdi. 

    Sevinc Vaqifqızı

     

  • “Abzas Media”nın həbsdəki direktoru aclığı dayandırdı

    “Abzas Media”nın həbsdəki direktoru aclığı dayandırdı

    Ülvi Həsənli Aclıq Aksiyasını Dayandırdı

    Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli 17 gündür davam etdirdiyi aclıq aksiyasına son qoyub. Bu barədə onun yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, Ülvi Həsənli ailəsinin və doğmalarının onun üçün narahatlığını, sağlamlıqlarına zərər dəyməsi ehtimalını nəzərə alaraq bu qərarı verib. Jurnalistin aksiyaya son qoymasına “Abzas Media işi” üzrə apellyasiya məhkəməsinin vaxtının təyin edilməsi də səbəb olub. Məhkəmənin baxış iclası avqustun 12-nə təyin edilib.

    Aksiyanın Səbəbləri və Digər Jurnalistlərin Dəstəyi

    Ülvi Həsənli Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülməsi səbəbindən aclığa başlamışdı. O, bu müəssisədə körpə qızı və həyat yoldaşı ilə açıq görüşə icazə verilmədiyini, həmçinin məsafənin uzaqlığı səbəbindən ailəsi və vəkillərinin ora gəlməkdə çətinlik çəkdiyini bildirmişdi. Ülvi Həsənli Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edirdi, lakin vəkillərinin bu istiqamətdə məhkəmələrə müraciətləri nəticəsiz qalıb. Aclığı dayandırdıqdan sonra Həsənli məsələnin hüquqi yolla həll olunacağına ümid etdiyini vurğulayıb. Aclıq müddətində onun çəkisi 15 kiloqram azalıb. Həsənli havalandırması olmayan cərimə kamerasında saxlanılırdı. Ailəsi onun vəziyyətinin ağır olduğunu, tibbi nəzarətdən kənarda qaldığını ifadə edirdi. Ülvi Həsənliyə dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova da iyulun 22-dən aclıq aksiyasına qoşulmuşdular. Lakin iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan narahatlıqları nəzərə alaraq aksiyaya son veriblər.

    24 saat