) istifadə etməmək tövsiyə olunur. #JurnalistTəqibi - admin

Tag: #JurnalistTəqibi

  • Gürcüstanda azərbaycanlı jurnalistə 270 min lari cərimə

    Gürcüstanda azərbaycanlı jurnalistə 270 min lari cərimə

    Gürcüstanda inzibati qaydada həbs olunan azərbaycanlı jurnalist Əfqan Sadıqova 270 min lari məbləğində cərimə kəsilib. Jurnalistin vəkili Ayhan Həsənli bu barədə oktyabrın 27-də məlumat verib.

    Jurnalistə Kəsilən Cərimə və Əlaqə Məhdudiyyəti

    Vəkilin açıqlamasına görə, Əfqan Sadıqov Marneuli təcridxanasında məhkəmə qərarı ilə tanış olub. O, yolu bağladığı üçün 54 dəfə, hər hal üçün 5 min lari olmaqla, ümumilikdə 270 min lari məbləğində cərimələnib.

    Sadıqovun həyat yoldaşı da vəkilin məlumatını təsdiqləyərək, jurnalistin ailəsi ilə əlaqə qura bilmədiyini bildirib. Təcridxana rəhbərliyi bu halı Fransaya telefon zənginin mümkün olmaması ilə əsaslandırsa da, həyat yoldaşı Gürcüstan nömrəsinin mövcud olduğunu vurğulayaraq, əlaqənin məhdudlaşdırılmasını qanunsuz və əsassız adlandırıb.

    Əfqan Sadıqovun Mövqeyi və Həbs Səbəbi

    Hazırda Marneuli təcridxanasında saxlanılan Əfqan Sadıqov oktyabrın 23-də Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə 14 günlük inzibati həbsə məhkum edilib. Ona qarşı “qanunsuz olaraq yol bağlamaq” ittihamı irəli sürülüb.

    Məhkəmədə Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Sadıqovun şəhər mərkəzində keçirilən etiraz aksiyasında yolu bağladığını iddia edib. O, polisin yolu boşaltma əmrinə riayət edilmədiyini bildirib.

    Prosesdə çıxış edən jurnalist etiraz aksiyasına qatılmasını müdafiə edərək deyib: “Mən hüquqları pozulan gürcü xalqının tərəfdarıyam. Hər zaman gürcülər arasında diktatura çağırışları edən İvanişviliyə qarşı çıxacağam. İvanişvili diktaturanı dəstəkləyir, mən isə xalqı.” O, hər gün parlament binası qarşısında keçirilən etiraz aksiyasında iştirak etdiyini və təcridxanadan çıxan kimi yenidən mitinqə qatılacağını qeyd edərək, hakimə siyasi sifarişlərin tərəfdarı olmamağı tövsiyə edib.

    Jurnalistin Əvvəlki Həbsi və Ekstradisiya Prosesi

    “Azel TV” “YouTube” kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il, avqustun 3-də də Tbilisidə həbs edilmişdi. Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov “hədə-qorxu ilə pul tələb etmə” ittihamı ilə Azərbaycan tərəfindən axtarışa verilmişdi.

    Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib kimi dəyərləndirirdilər. Lakin fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyasını qadağan edən qərar qəbul etdi. Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz etdi və jurnalist aprelin 16-da azadlığa buraxıldı.

    24 saat

  • Britaniyalı jurnalist Sami Həmdi ABŞ-da İslamofob İsrail təzyiqi ilə saxlanıldı

    Britaniyalı jurnalist Sami Həmdi ABŞ-da İslamofob İsrail təzyiqi ilə saxlanıldı

    Britaniyalı jurnalist Sami Həmdinin ABŞ-da saxlanılması

    Britaniyalı jurnalist Sami Hamdi ABŞ immiqrasiya orqanları tərəfindən gözaltına alınıb. Onun vizasının ləğv edilməsi, rəsmi sənədlərdə “əsassız milli təhlükəsizlik” səbəbləri ilə əlaqələndirilsə də, bir sıra mənbələr bu iddianın əsasız olduğunu bildirir. Cəmiyyətdə geniş rezonans doğuran bu hadisə Sami Hamdinin fəaliyyəti ilə bağlı yaranmış gərginliyi daha da artırıb. Beynəlxalq media müşahidəçiləri bu addımı jurnalist azadlığına qarşı bir təzyiq kimi qiymətləndirirlər. Hadisənin ətrafında davam edən müzakirələr ABŞ-ın immiqrasiya siyasətinə dair suallar doğurur.

    Vizanin ləğvi və Qəzzadakı müharibəyə dair tənqidlər

    Vətəndaş hüquqları təşkilatları hesab edirlər ki, jurnalistin vizasının ləğv edilməsi və saxlanılması İsrailin Qəzzadakı müharibəsinə dair sərt tənqidlərinin birbaşa nəticəsidir. Məlumata görə, ABŞ-ın ifrat sağçı fəalları və İsrailyönlü təsir fiqurları daha əvvəl Həmdinin ABŞ-dan deportasiya edilməsi üçün aktiv kampaniya aparıblar. Onlar jurnalistin açıqlamalarını “milli təhlükəsizlik üçün təhdid” kimi təqdim etməyə çalışıblar. Lakin vətəndaş hüquqları müdafiəçiləri bu iddiaları əsassız adlandıraraq, hadisəni ifadə azadlığının pozulması və siyasi motivli repressiya kimi şərh edirlər. Onlar beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə və jurnalistin hüquqlarının müdafiəsinə çağıraraq, ABŞ hökumətindən şəffaf izahatlar tələb edirlər.

    24 saat

  • Cəmil Həsənli: “1937-ci ildə olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar”

    Cəmil Həsənli: “1937-ci ildə olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar”

    “Ölkədə tuthatut davam edir. Lap 37-ci ildə olduğu kimi. İnsanlar qorxu və səksəkə içində yaşayır. İşlərə mütəşəkkil xarakter vermək üçün dairəni geniş götürülər. 37-də belə idi.

    Səsli-küylü həbslər həyata keçirirdilər. “Burjua millətçisi”, “Nasional uklonist”, “Pozucu diversant”, “Beynəlxalq imperializmin agentləri” və sair. Lap Tofiq Yaqublunun işində olduğu kimi absurda qədər gedirdilər.

    Yaponiyanın hansı səmtdə olduğunu bilməyən biçarələri “Yapon casusu” kimi, Birləşmiş Krallıqla ilə İngilistanın fərqini bilməyənləri “Britaniya agenti” kimi həbs edirdilər. İndi də belədir. Müasir həbslərin əsas istinad yeri qaçaqmalçılıqdır.

    Doğrusu, 15-20 km məsafədən “rüşvət almaq” möcüzəsini yaradan Tofiq Yaqubluya bu “istedadına” görə 9 il iş verəndən sonra 37-ci il müasir varislərinin fantaziyasına həsəd apara bilər.

    Bu ölkədə 14 bıçaq zərbəsi ilə adamı qanına qəltan edib öldürənə 9 il 6 ay iş verirlər, xəsarətin nədən ibarət olduğu nə istintaqda, nə də məhkəmədə ayırd edilən mücərrəd bir “bıçaqlanma ssenarisinə” görə Emin İbrahimova 10 il iş verirlər. Bəxtiyar Hacıyevə də “pişik prosesinə” görə 10 il iş oxunub.

    Son 5 ildə Azərbaycana ayağı dəyməyən gənc iqtisadçı alim Fazil Qasımov saxta dollar kəsmək və dövriyyəyə buraxmaq ittihamına görə 9 il iş aldı. Dolları çeviriblər ruznamə kağızına. Eyni seriyalı saxta dollar 4 müxtəlif cinayət işində keçir. Ölkənin sərhədləri 5 ildir qapalı olsa da, absurd və fantaziyanın sərhədi yoxdur. 

    İndi bu ölkə Ələsgər Məmmədli, Akif Qurbanov, Azər Qasımlı, Ruslan İzzətli, Fərid Mehralızadə kimi işıqlı adamları absurd bir böhtanla həbs etmək qədər qaranlıq bir mağaraya çevrilib.

    Dünən (red. martın 14-də) Bəşir Süleymanlını və Məmməd Məmmədzadəni də tutdular. Bəşir bəy artıq ikinci dəfədir ictimai fəaliyyətinə görə həbsə düşür. 10 il əvvəlin mətbuat xəbərlərində deyilir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı saxlandığı həbsxanada insan ləyaqətini alçaldan rəftara məruz qalıb”. Hətta dünən ölkənin ən hazırlıqlı və ən təcrübəli hüquq maarifçisi Hafiz Həsənovu və komandir Xalid Ağalını da götürmüşdülər. Silistə çəkib buraxdılar, amma…37-də olduğu kimi ölkədə təmiz adamları tutub adını “təmizləmə” qoyurlar.

    Hökumət 40-a yaxın jurnalisti həbs etdikdən, “Abzas Media”nı, “Toplum TV”ni, “Meydan TV”ni dağıtdıqdan, “Azadlıq Radiosu”, “Amerikanın səsi” və “BBC”nin ölkədə fəaliyyətini yasaqladıqdan sonra özünə simsar bildiyi bir sıra təhlil mərkəzlərinə təlimat verib ki, Qərb donorları bloklandıqdan sonra ölkədə mətbuatın vəziyyəti haqqında arayış hazırlasınlar. Onlar elə bilir yalançının kor şahidi funksiyasını yerinə yetirən əlaltı saytlar “mətbuatdır”.

    Bir neçə gün əvvəl Nurlan Libre və Fatimə Mövlamlı da saxlanıldı. Deyəsən, onların da ləpirlərində digər jurnalistlər kimi qaçaqmalçılıq izləri tapıblar. Əslində isə hər ikisini Xalq Cəbhəsinin 20 yanvar ziyarətində qurulmuş iyrənc oyunları ifşa etdiklərinə və bələdiyyə seçklərinin mahiyyətini ortaya qoyduqlarına görə həbsə atıblar. Cəbhənin 20 yanvar ziyarətindən Fatimənin hazırladığı “Cücələrim” kompozisiyası sözün tam mənasında bir jurnalist tapıntısı idi.

    İndi 37-də olduğu kimi adamlar həbs olunacağını qabaqcadan bilirlər və Fatimə də qarşıdakı həbsi ilə bağlı video hazırlayıb dostlara “əmanət” etmişdi.

    Saxta ittihamlarla tutulanların sayı 360 nəfərə çatmaqdadır. Onların yarıya qədəri islamçılardır. Hamısını da narkotik və konstitusyon quruluşu devirmək kimi saxta ittihamlarla gedər-gəlməzə göndəriblər. Deyəsən, hökumət ölkədə geniş yayılmış işsizliyi  kütləvi həbslərlə ləğv etmək istəyir. Çağdaş satirik şair, rəhmətlik Baba Pünhan demişkən indi ölkədə:

    Verməz heç kim iş bizə,

    İş verməsə hakim bizə!

    Abzasçıların ötən məhkəməsinə getmişdim. Bir az da 37-də Bakıda fəaliyyət göstərmiş “Antisovet-trotskiçi təşkilatın” işinə bənzəyir Abzasçıların işi. Antisovet-trotskiçi təşkilatın üzvlərini Mir Cəfər Bağırovu tənqid etməyə cəsarət göstərdiklərinə görə tutmuşdular.

    Abzasçıları da İlham Əliyevi tənqid etdiklərinə, ailə korrupsiyasını araşdırdıqlarına görə tutublar.

    Transmilli qaçaqmalçılıqla məşğul olanları, əsl qaçaqmalçıları ifşa etdiklərinə görə bu gün Ülvi, Sevinc, Hafiz, Nərgiz, Elnarə həbsdədirlər. Məhkəmədəki ifadələrində Sevinc də, Elnarə də elə belə də dedilər.  “Bizim qızlar” (ifadə yazıçı İsa Hüseynovundur) sözün tam mənasında tarix yazırlar.

    Bu hislərin təsiri altında iki gün əvvəl “Repressiya qurbanları muzeyi”nə getmişdim. Keçmiş KQB-nin, indiki Dövlət Sərhədləri Xidmətinin binasının zirzəmisində yerləşən muzey bağlı idi. 37-də saxta ittihamla həbs olunanlar həmin zirzəmilərdə saxlanılırdı, orada ayrıca güllələnmə otağı vardı.

    Adamları yaxın məsafədən güllələdikləri üçün otağın divarları qanla rənglənmişdi. Muzeyin bağlı olmasının səbəbini xidmətin qəbul otağından soruşdum. Dedilər, gərək muzeyə gəlmək üçün öncədən onlayn qaydada icazə alasan. Əgər icazə versələr, sizin muzeyə baxmağınız üçün vaxt təyin edib qapını açacaqlar. Əlqərəz “Repressiya qurbanları muzeyi” özü də repressiyaya məruz qalıb.

    Amma görünən odur ki, Azərbaycanda 37-ci il keçmiş deyil, bu günün acı reallığıdır. 37-nin fəlakətlərini, Bağırov dövrünün cinayətlərini zirzəmidə yaşadan muzeyin divarlarından hələ də qan damır.

    İndi onun eksponatlarını təzələmək lazımdır. İndi işgəncə texnologiyaları da, metodikası da, avadanlığı da 37 ilə müqayisədə xeyli təkmilləşib. İndi bu işlər zirzəmilərdə görülmür, millətin başı üzərində qorxu kabusu kimi dolanan İlham Əliyevin “dəmir yumruğunun” kölgəsində qorxusuz-ürküsüz görülür.

    Hətta o qədər qorxusuz-urküsüz ki, ölkənin ən dürüst adamı Tofiq Yaqublunu 20 km-lik bir məsafədən rüşvət almaqda ittiham etmək Azərbaycan hüquq (hüquqsuzluq) sistemində bir qurtum su içmək kimi asanlaşıb adi hala çevrilir. Bu, elə əsl muzeylikdir də!”

    Tarixçi alim Cəmil Həsənli