Tag: #PenitensiarXidmət

  • Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”

    Ülvi Həsənli: Şüvəlan İşgəncə Təcridxanası: “Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir”

    “Arada bir televiziya kanallarında Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq”

    Həbsxanalardakı sistemli işgəncə və korrupsiya faktları ilə bağlı növbəti müşahidələrimi yazmaq qərarına gəldim. Budəfəki hadisələr Bakının Şüvəlan qəsəbəsində yerləşən, xalq arasında “Şüvəlan türməsi” adlandırılan 3 saylı İstintaq Təcridxanasında baş verir.

    Mən bu həbsxanada saxlanılmamışam, amma orada saxlanılan 30-dan artıq məhbusdan müsahibələr almışam, məlumatlar əldə etmişəm, faktları dəqiqləşdirmişəm və onların əsasında bu yazını hazırlamışam. Bu məlumatlar 2023-cü ilin dekabr ayından 2025-ci il may ayına qədər olan dövrü əhatə edir. Müşahidələrim bir il yarım davam edib. Həbsdə olduğum dövrdə, demək olar, bütün həbsxanalardakı vəziyyətlə bağlı məlumatlar əldə etmişəm. Elə bir müəssisə yoxdur ki, orada işgəncə və korrupsiya halları olmasın. Bəzilərində az, bəzilərində çox. Məhbusların dediklərindən bu qənaətə gəlmişəm ki, “Şüvəlan türməsi” Azərbaycanda ən ağır işgəncələrin və ən total korrupsiyanın həyata keçirildiyi 3 həbsxanadan biridir.

    “Şüvəlan türməsi” iki hissədən ibarətdir. Məhbuslar şərti olaraq onları “aşağı” və “yuxarı” hissə adlandırırlar. “Aşağı hissə” hərəsi bir mərtəbəli olmaqla üç korpusdan, “yuxarı hissə” isə üç mərtəbəli olmaqla bir korpusdan ibarətdir. “Aşağı hissə”də əksəriyyət kasıb, kimsəsiz, yaxud rüşvət vermək istəməyən məhbuslar, “yuxarı hissə”də isə pul verib nisbətən yaxşı şəraitdə, adambaşına bir çarpayı olan kameralarda yer alan və ya ehtiyat etdikləri siyasi məhbuslar, nüfuzlu şəxslər saxlanılır. Yəni, burada məhbuslar təbəqələrə bölünüblər: Aşağı insan, ali insan (şudralar, brahmanlar). Əsl faşizm. Amma həqiqi gestapo rejimi hələ qabaqdadır. Həbsxananın üç mərtəbəli korpusuna yaxşı, imtiyazlı şəraitinə görə məhbuslar həm də “Titanik” deyirlər.

    Bu yazıda “Şüvəlan türməsi”ndəki 3 əsas problemdən danışacağam: sistemli işgəncələr, korrupsiya halları və məhbusların ağır saxlanma şəraiti.

    Həbsxanalardakı işgəncələrin icrasını, əsasən, rəis müavinləri həyata keçirir. Bakı İstintaq Təcridxanasında rejim nəzarət üzrə müavin Cavid Güləliyev və əməliyyat üzrə müavin Ceyhun Hacıyevin məhbusları döydüyü kimi. Şüvəlan təcridxanasında da işgəncələri rejim nəzarət üzrə rəis müavini Rasim adlı polkovnik-leytenant və əməliyyat üzrə rəis müavini, 1991-ci il təvəllüdlü İlkin Şirinov adlı mayor həyata keçirir.

    Həbsxana rəisləri, müavinləri arasında yarış gedir. Kim daha qəddar, yeni işgəncə forması tətbiq edir? Hərəsi bir metodla ad-san qazanıb. Rəis müavini İlkin Şirinov da bu mənada məşhurdur. Onun ən seçilən işgəncə forması məhbusun qulağının pərdəsini partlatmaqdır. Yəni, bir insanı ömürlük kar etmək. İlkin Şirinovun 2 metrə yaxın boyu və idman cüssəli bədəni var. O, dustaqlara ən çox böyük əlləri ilə qulağından şapalaq vurur. Məhbuslar deyir ki, rəis müavini şapalaq vuranda dustaq ağzını açıq saxlamasa, qulağı partlayır. İlkin məhbusları hədələyən zaman fəxrlə deyir ki, “mən indiyə qədər 100-dən çox məhbusun qulağını partlatmışam. Elə eləmə səni də o vəziyyətə salım”. İlkin Şirinovun bu metodunu eşidən dustaqlar qulaqlarının partlamaması üçün rəis müavini şapalaq vuranda ağızlarını açıq saxlayırlar.

    İlkin Şirinovun digər məşhur isgəncə növü dustaqları otağındakı 1 metr hündürlüyündəki şkafa salıb saatlarla orada saxlamaqdır.

    Rasim adlı polkovnik-leytenant isə ən çox məhbusları korpusların girişindəki dəmir barmaqlıqlardan asır, saatlarla orada saxlayır.

    “Elə bir gün yoxdur ki, ən azı bir nəfər döyülməsin. Ən azı bir nəfər aşağı korpusların birləşdiyi yerlərdəki dəmir “reşotka”dan qandalla asılmasın”, – dustaqlardan biri deyir.

    Bu, o deməkdir ki, məlumatı topladığım 1 il 6 ay ərzində “Şüvəlan türməsi”ndə ən azı 550 işgəncə halı baş verib.

    Rasim adlı polkovnik-leytenantın növbəti işgəncə metodu dustaqları toplu şəkildə plastik boru ilə döyməkdir. Məsələn, məhbuslar bildirir ki, dəhlizlərdə kimsə kiməsə salam versə, yaxud nəsə soruşsa və ya kimsə nəfəslikdən axşam başqa kamera ilə danışsa, bütün kameradakı məhbusları çıxarıb 2-3 santimetr diametri olan plastik boru ilə hamısını döyürlər.

    “Şüvəlan türməsi”nin digər işgəncə kralı 1-ci korpusun rejim rəisi, təxminən 40 yaşında Orxan adlı mayordur. O da rəis müavinləri kimi dustaqları döyüb sonra dəmir barmaqlıqlardan asır. Təcridxanada hər korpusda 18 kamera var. Qayda ilə hər korpusda 70-80 nəfər saxlanılmalı olduğu halda, 1-ci korpusda 250 nəfər saxlanılır. Hansısa məhbus bu dözülməz şəraitə etiraz edirsə, Orxan və ya rəis müavinləri onu möhkəm döyüb sonra da qandalla dəmir barmaqlıqlardan asırlar. Əgər kimsə bu işgəncədən “peşman olursa”, tez canını qurtarmaq istəyirsə, rejim rəisinə 50-100 manat, bəzən də daha çox pul verib xilas ola bilir.

    Məhbuslar deyir ki, həbsxana rəhbərliyinin hər addımı, hər oyunu dustaqlardan pul qoparmaq məqsədi daşıyır. Bu oyunlardan biri də budur: Təcridxanaya yeni gələn məhbusları hədələyirlər ki, səni 35 nəfərlik kameraya salacağıq, istəmirsənsə, 400-500 manat gətir. Məsələn, bu kameralardan biri 1-ci korpusun 5-ci kamerasıdır. Orada 34-35 nəfər saxlanılır. Kameranın ölçüsü isə 35 kv.metrdir.

    Təhlükəsizlik səbəbilə məhbusların heç birinin adını qeyd edə bilmirəm.

    “Adımı bilsələr, məni döyə-döyə öldürərlər. Onlar üçün dustaq həyatı milçək həyatı kimi bir şeydir. Öldürərlər və heç kim buna görə məsuliyyət daşımaz, cəza çəkməz”, – məhbus deyir.

    Bu səbəbdən məhbusların açıqlamalarını anonim təqdim edirəm.

    “Mən 10 ay 35 nəfərlik kamerada saxlanıldım. Bir neçə dəfə etiraz etdim ki, yerimi dəyişin, burada yaşamaq olmur. Hər dəfə İlkin və Rasim məni döydü. Ondan sonra qorxumdan səsimi çıxarmadım. Orada qalanda yatmağı yaddan çıxarmışdıq. Hərəyə bir plastik emulsiya vedrəsi vermişdilər. Ən xoşbəxt an o olurdu ki, hansısa divarın yanında yer tapıb, vedrəni yerə qoyub üstündə oturasan və divara söykənib mürgüləyəsən. Çarpayıda yatmaq istəyirsənsə, 500-1000 manatından keçib başqa kameraya köçürülə bilərsən”,  – təqsirləndirilən şəxslərdən biri bildirib.

    Keçək yazının əvvəlində bəhs etdiyimiz ikinci problemə – korrupsiyaya. Bu həbsxanada hər addım puldur. Müəssisəyə gələn məhbusa ilk olaraq rəis müavini Rasim pullu kameralar təklif edir. Aşağı korpuslardakı kameralardan bəzilərini təmir ediblər. Onları 400-500, bəzən 700 manata təklif edirlər. Məsələn, 1-ci korpusun 14-cü kamerasının yeri kafelli, sanitar qovşağının üstü bağlıdır. Ona görə oranı adambaşı 700 manata satırlar. Məhbusun vəziyyəti də burada böyük rol oynayır. Pullu, yaxud böyük yeyinti ittihamı ilə həbs olunubsa, ona “Titanik”də yer təklif edirlər. Orada da qiymətlər fərqlidir. Məsələn, birinci mərtəbə 700-800 manat, dəniz mənzərəli 3-cü mərtəbə isə 1500-2000 manatdır.

    Bu həbsxanalarda pullu televiziya kanallarına baxmaq istəyirsənsə, bunun da “yaxşı xərci” var. Kanal üçün 40-50 manat olan avadanlıq orada 150 manata verilir. Aylıq 10 manat ödəniş əvəzinə də yenə 150 manat ödəniş alınır. Əlavə olaraq da pullu televiziya kanallarına baxmaq istəyən kameraları məcbur edirlər ki, işlənmiş, köhnə televizorları həbsxana rejimindən 300 manat verib alsınlar.

    Yay aylarında bu müəssisədə yaşamaq lap işgəncədir. Çünki at tövləsi olmuş kameralarda nə havalandırma sistemi var, nə də sərinkeş. Üstəlik günün ən isti vaxtlarında nəfəslik bağlı qalır, yalnız gecələr açılır. İstidən məhbusların ürəyi sıxılır. Nəfəs almaqda ciddi çətinlik çəkirlər, hətta huşunu itirənlər olur. Nəfəsliyin açılmasını istəyəndə də, rejim rəisləri dustaqlara deyirlər ki, ancaq rəisdən – Cəlil müəllimdən (red.: Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasının rəisidir) icazə almaq lazımdır. Bunun da aylıq xərci 500 manatdır.

    “Şüvəlan türməsi”ndəki üçüncü ən ciddi problem saxlanma şəraitidir. Təcridxanaya gələn dustağın ilk qarşılaşdığı yer “şmon” deyilən bölmədir. Orada məhbusları yoxlayırlar ki, üstlərində qeyri-qanuni əşya olmasın. Amma məqsəd həm də pul qoparmaqdır. Kimin üstündə pul varsa, onun böyük hissəsini əlindən alırlar. Sonra məhbus karantin deyilən yerə aparılır. Burada dustaqları qeyri-insani şəraitdə saxlayırlar. Dustaqlardan biri deyir ki, onu 7-8 kvadrat metr ərazisi olan, əslində 2 nəfərlik kameraya salıblar, amma orada 9 nəfər adam olub:

    “Belə yerdə saxlamağın məqsədi də puldur. Məhbus imkanına uyğun pul verib oradan çıxsın. Mən gecəni ayaq üstə keçirdim”.

    Başqa bir məhbus deyir ki, aşağı korpuslardakı kameralarda şərait acınacaqlıdır. Çarpayılar 70-80-ci illərdən qalıb:

    “Arada bir kanallarda Şuşa həbsxanasındakı kameraları göstərirlər. Təsəvvür edin, Şüvəlandakı kameralar oradan pis gündədir. Biz o kameralara həsrətlə baxırıq. Döşəklər on illərdir təmizlənmir, dəyişdirilmir. Qan, çirk, ləkə, ifrazat, infeksiya. Mən qaldığım kamerada 14 çarpayı var idi. Hamısı bir-birinə birləşdirilmişdi. Kim harada gəldi yatırdı, gigiyena yoxdur. Üstəlik kamerada 24 nəfər qalırdıq. Hamı növbə ilə yatır. 14 nəfər yatır, digərləri oyaq qalır. Onlar da gündüz yatır. Beləliklə, bir gün gecə, bir gün gündüz yatırıq. Buna görə də hamının yuxu rejimi pozulub. Bu da dustaqların sağlamlığına, psixikasına təsir edir, ciddi fəsadlar yaradır”.

    Dustaqlardan biri deyir ki, kameralarda hər cür həşərat tapmaq olar:

    “Tarakan, böcəklər, siçan, siçovul, hətta ilanlar olur. Kameralarda tualetlərin üstü açıqdır. Bu da antisanitariya şəraiti deməkdir. Bağırsaq çöpünün kameraya yayılması deməkdir”.

    Məhbuslar havasız şəraitdə saxlanılırlar. Kameralarda yalnız balaca bir pəncərə var, ona görə təmiz hava olmur. “Şüvəlan türməsi”ndə gəzinti də problemdir.

    Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun 15-ci maddəsinə əsasən, Tutulmuş və ya həbs edilmiş şəxslər  hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmalıdır.

    Amma “Şüvəlan türməsi”ndə bu müddət maksimum yarım saatdır. Hətta bəzən 5 dəqiqə açıq havada qalmağa imkan verirlər. Kim çox gəzmək istəyirsə, gərək rejim rəisinə pul versin.

    Dustaqlara verilən yeməklər də çox pisdir. Məhbuslar deyir ki, verilən yeməkləri yemək mümkün deyil. Ona görə də yeməyin içindən noxudları, yaxud olanda toyuq ətini götürüb, suyunu atıb, onları yenidən bişirirlər. Ən imkansız məhbuslar belə bu yeməkləri yeyə bilmir.

    Məhbuslardan biri deyir ki, “Şüvəlan türməsi”ndə dustaqlar insan kimi yaşamır:

    “Fikirləşirəm ki, dünyanın heç bir ölkəsində bu dövrdə belə bir həbsxana olmaz. Heç heyvana belə münasibət göstərmək olmaz. Bu, əslində çox əvvəllər at tövləsi olub. Amma indi burada heç heyvan da qalmaz”.

    Təcridxananın həyətində rəisin ferması da var. Onun şəxsi heyvanları orada saxlanılır: müxtəlif növ quşlar, toyuq-cücə, qoyun-quzu, donuz saxlanılır. Bu fermaya da məhbuslar qulluq edir.

    Məhbuslar deyir ki, yoxlama, Ombudsman təcridxanaya gələndə ancaq “yuxarı hissə”yə – “Titanik” deyilən hissəyə aparılır:

    “Bizim vəziyyətimizlə heç kim maraqlanmır. Ona görə həbsxana rəisi, müavinləri, rejim rəisləri dustaqların başına nə oyun istəyirsə, açır, hansı işgəncəni istəyirsə, verirlər. Burada vəziyyət belə ağır, dözülməz və özbaşınadır”.

    Göründüyü kimi, “Şüvəlan türməsi”ndə belə bir ayrıseçkilik, qanunsuzluq, faşist-gestapo rejimi hökm sürür. Bu müəssisədən də işgəncə kralları siyahısına düşən əməkdaşlar var. Ümumilikdə isə Penitensiar Xidmətin işgəncə kralları siyahısı hər dəfə genişlənir:

    Cavid Güləliyev – Bakı İstintaq Təcridxanası

    Ceyhun Hacıyev – Bakı İstintaq Təcridxanası

    İlkin Şirinov –  3 saylı İstintaq Təcridxanası

    Rasim adlı polkovnik-leytenant – 3 saylı İstintaq Təcridxanası

    Orxan adlı mayor – 3 saylı İstintaq Təcridxanası

    Pərviz Quliyev (gizir) – Bakı İstintaq Təcridxanası

    Kənan Orucov (rəis müavini) – 7 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini

     

    Yazının müəllifi: Ülvi Həsənli, “Abzas Media”nın direktoru

  • Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Elnarə Qasımova həbsdən yazır: “Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi”

    Aclıq aksiyasına başlayacağımızla bağlı izahat yazdıranda bildirdilər ki, üçümüz də təcrid ediləcəyik. Aclığın ilk günü yığdığım zəruri əşyalarımı otaqdan çıxardılar. Rəis müavini Əhəd Abdıyev dedi ki, Penitensiar Xidmətdən nümayəndə gəlib, onun qəbuluna gedəcəyik.

    Onunla birlikdə inzibati binaya getdik. Rəis müavini oradakı otaqlardan birində gözləməyimizi dedi. 2 saata yaxın vaxt keçdi, amma ortalıqda nə rəis müavini var idi, nə də Penitensiar Xidmətdən gələn nümayəndələr.

    Daha sonra Əhəd Abdıyev gəlib dedi ki, “gələnlər sizi qəbul edəsi olmadı”. Əvəzində dəhlizdə dayanan və Penitensiar Xidmətdən gəldiyini bildirən bir adam əlindəki vərəqə baxıb ayaqüstü “qərarınız qətidir?” soruşmaqla kifayətləndi. 

    Qəbul adı ilə aparılmağımız həm də bizi korpusdan uzaqlaşdırıb kameralarda yerdəyişmə etmək üçün idi. 

    Mən 2 nəfər üçün nəzərdə tutulan kamerada saxlanılıram. Bundan əvvəlki aclıq aksiyamızda məni kamerada saxlayıb otaq yoldaşımın yerini dəyişdirmişdilər. Bu dəfə isə otaqdan mənim çıxarılacağım məlum oldu.  

    Korpusa qayıdanda gördüm ki, alternativlər olsa da, otaq yoldaşımı da kameradan çıxarıblar. Otaqdakı əşyalarımızı da çıxarmalı olduğu üçün, bu, ona əlavə yük oldu.

    Yerləşdirildiyim kamerada duş sistemi yox idi. İlk gündən desəm də, yalnız 4 gün sonra köhnə duş başlığı göndərdilər.

    Havalandırma sistemi olmadığından yayda bir az nəfəs ala bilmək üçün pəncərələrin şüşələri çıxarılır. Amma bu otaqda şüşələrin, demək olar, hamısı yerində idi. 

    Otaqda işıq yox idi, lampanın bağlandığı naqil xarab idi və lampa da yox idi. İşıq üçün usta istəyəndə xeyli təkidlərdən sonra ustanı “tapdılar”.

    Televizorun işləməsi üçün lazım olan cihaz yox idi, sökülənin yerinə yenisi qoyulmamışdı. Həmin gün sonradan bunu da həll etdilər.

    Yerləşdirildiyim kamera natəmiz idi. Günortadan axşam saat 8-ə qədər otağı yığışdırıb yerləşməyə çalışdım. Sonrakı günlərdə getdikcə halsızlaşacağımızı, immunitetimizin düşəcəyini nəzərə alıb əməkdaşlardan otaqlarımızın təmizlənməsi üçün bizə kömək etməyi təklif edən yoldaşlarımıza icazə verilmədi. 

    Təcrid edildiyim otağa köçürüldüyüm gün həmin otağın “sakinləri” əvvəldən “şmon” (red.: axtarış) əməkdaşlarının müşayiəti ilə əşyalarımı, o cümlədən qida məhsullarımı oradan çıxarmışdılar. Belə hallarda “şmon” əməkdaşları orada hər yeri yoxlayıb yeyinti məhsullarının qalmadığına əmin olur. Amma mən otağa yerləşdiriləndə şkafın bir bölməsində xeyli yeyinti məhsullarının qaldığını gördüm. Nəzarətçini çağırıb bu haqda bildirdim və təsərrüfat işçisinin vasitəsilə qalan məhsulları otaqdan göndərdim. 

    Kameraya yerləşdiriləndə gəzinti yerinin qapısını bağlı saxlamışdılar. Üçümüzün də etirazlarından sonra müəssisə rəhbərinə məruzə edib qapını açdılar. 

    Aclığın ikinci günü səhər yenə eyni hal yaşandı. Səhər yoxlanışı zamanı bütün kameraların gəzinti yerinin qapısı açılır. Amma səhər nəzarətçi kameramın qapısına yaxınlaşanda digər əməkdaşa dedi ki, “soruş, gör, bura açılacaq?” Səhər yoxlanışı bitəndən sonra əməkdaşlar gəzinti yerinin açılması tələbinə cavab olaraq dedilər ki, “rejim rəisinə demişik, o da müavinə deyəcək.  Ola bilsin, özləri gəlib açacaqlar”.

    Bir müddət sonra xəbər çıxmadığını görəndə nəfəslikdən “proqulları açın” deyə qışqırmağa başladım. Sevinclə Nərgiz də eyni tələblə qışqırandan sonra bizə dedilər ki, gəzinti yeri bir azdan açılacaq. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra qapıları açdılar. 

    Aclıqda olduğumuz müddət ərzində bizim korpusa həm gündüz, həm gecə növbəsinə əlavə əməkdaşlar verilmişdi. Otaq yoldaşlarımızdan qalan əşyalarımızdan nələrisə istəyəndə həmin əməkdaşlar əşyaların nə olduğunu məruzə edirdilər. Razılıq alandan sonra bizə gətirirdilər. Təhvil verməzdən əvvəl isə mütləq şəkildə hər şey yoxlanılırdı.

    Təmizlik vasitələrinin isə yalnız hissə-hissə, 1-2 istifadəlik verilməsinə icazə var idi. Bəzi əşyalar isə müzakirələrdən sonra “işlət, qaytar” prinsipi ilə verilirdi. Məsələn, saçımı qurutmaq üçün otaq yoldaşımdan fen istəyəndə bu halla üzləşmişdim.

    Qanuna, həm də daxili intizam qaydalarına əsasən, əməkdaşlar aclıq edən şəxslərə gündə 3 dəfə yemək təklif edib imtina ilə bağlı qeydlər aparmalıdırlar. Lakin onlar işlərinə aid digər qaydalardan xəbərsiz olduqları kimi bundan da xəbərsiz idilər.

    Təcridxanada etiraz edən həbs edilmiş şəxslərə (bu daha çox siyasi məhbuslara tətbiq edilir-E.Q.) qarşı işlədilən məşhur üsul var, digər dustaqları o adamların üzərinə qaldırmaq. Müəssisə rəhbərinin göstərişi ilə bu üsulun tətbiqi bizdən də yan keçməmişdi. 

    Əvvəlcə soyuq suyun verilmə müddəti qısaldıldı. İsti su günündə isə su verilmədi. Digər həbs edilmiş şəxsləri məhrumiyyətlərlə üz-üzə qoyub səbəbkar kimi bizi göstərdilər.

    Aclıqda olduğumuz müddət ərzində gecə növbəsində qalan əməkdaşlar bizi yoxlamadı. Huşumuzu itirsəydik, bundan yalnız səhər yoxlanışında xəbər tutacaqdılar.

    Görüş günü sovqatın buraxılmasında süni əngəllər yaradıldı. Əvvəlcə salfetləri, təmizlik vasitələrini buraxmaqda maneə yaratdılar. Elnur İsmayılov bilmirdi ki, bizi təmiz olmayan kameralara yerləşdirəndə bizə təmizlik vasitələri lazım olacaq? Görüşdəki əməkdaşlara dedim ki, bunu rəislərinə də çatdırsınlar. Bir az sonra qərara gəldilər ki, həmin əşyalar otaq yoldaşıma, sular isə mənə veriləcək. 

    İyulun 28-də səhər saatlarında rəis müavini Cavid Güləliyev bir əməkdaş və həkimlə kameraya gəldi. Yanındakı əməkdaş otağı axtarmağa başladı. Cavid Güləliyev, çox güman, aclıq etdiyimizə şübhə ilə yanaşıb bu yola əl atmışdı. Həkim təzyiqimi ölçdü, normal olduğunu eşidən Güləliyev dedi ki, “yəqin kimsə bunlara “zavtrak” verir, bu qədər vaxta bu nə təzyiqdir”. Yaxşı olardı ki, Cavid Güləliyev “axtarış performansını” otağa yerləşdirildiyim gün də əməkdaşlarından tələb edərdi. Oynayan təzyiqimizin həmin an normada olduğunu görən rəis müavini yəqin buna görə xeyli məyus olmuşdu. Təzyiqimi ölçəndən sonra həkim qan analizi götürdü. Rəis müavini dəhlizdə “tapacam o xaini, görüm, kim yemək ötürür onlara” deyə-deyə gəzirdi. 

    Bir neçə saat sonra həkim gəlib dedi ki, qan şəkərim xeyli düşüb və sistem qoşmağı təklif etdi. Bundan imtina etdim.

    Axşam 19:00-da aclığı sonlandırmaqla bağlı ərizələri təqdim etdik. Bir az sonra bir-bir rəis müavini Ceyhun Hacıyevin qəbuluna aparıldıq və aclığı dayandırmaqla bağlı izahat yazdıq. Bundan sonra otaqlarımıza qaytarıldıq. Otaq yoldaşımı qaldığı müvəqqəti kameradan tələsik çıxardılar, o, özü ilə lazım ola biləcək qida məhsullarını götürə bilmədi.

    İyulun 28-də aclığı dayandırmaqla bağlı izahat yazdığımız otaqda gecə növbəsinin həkimi var idi. Amma həmin an oradakı mövcudluğunun səbəbi bilinmədi. Çünki həkim aclığı dayandırandan sonra necə qidalanmaq lazımdır, nələrə diqqət edilməlidir və digər məsələlər barədə danışmağı lüzum görmədi. Adətən gecələr təzyiqini ölçdürmək istəyən dustaqlara “yanımda təzyiqölçən yoxdur” deyən həkimdən bundan artığını gözləmək absurd olardı.

    Elnarə Qasımova

  • Sevinc Vaqifqızı həbsdən yazır: Təcridxanada nəzarətçi olmaq: “Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram”

    Sevinc Vaqifqızı həbsdən yazır: Təcridxanada nəzarətçi olmaq: “Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram”

    İş üçün döndüm-dolaşdım “təhsilin yoxdur” deyib işə götürmədilər. Bir gün öyrəndim ki, 3 aylıq kurs keçməklə Penitensiar Xidmətin əməkdaşı olmaq olur. Kursa yazılıb, onu yarım-yamalaq bitirib işə girişdim.

    Məni Bakı İstintaq Təcridxanasının qadın korpusuna nəzarətçi göndərdilər. Əvvəl-əvvəl nizam-intizamdan çox danışdılar. Özümü toparlayıb işimə diqqət elədim.

    Gün keçdikcə başqa nəzarətçilərin illərlə topladığı təcrübəyə baxıb özümü məzəmmət elədim ki, bu nizam-intizamla hara qədər gedəcəksən? Maşının krediti durur, benzin pulunu çıxarmalıyam, özümə əyin-baş almalıyam. Hara qədər nizam-intizam?

    Maaşım heç “Penitensiar Xidmət” yazılı köynək almağa bəs eləmir. Köynəyim tiftik-tiftikdir, amma təzəsini almaq üçün kənara pul qoya bilmirəm.

    Əvvəl-əvvəl 650 manat maaş alırdım. Düzdür, bu pulun qarşılığında bir hərf də tanımıram. Çətinə düşəndə dustaqlardan əlifba sırasını götürürəm. Çox vaxt iş jurnalını da dustaqlara yazdırıram. Buna görə bir-iki dəfə danlanmışam da. Amma nə olsun hərfləri bilmirəm, əsas odur “ə, nədir?”, “az, nədir?” deyə qadın məhbusların üstünə qışqırıb korpusda sakitlik yaradıram. Hər necə olsa da, əsas odur mənim növbəmdə məndən başqa heç kimin səsi çıxmır.

    Gördüm bu qədər əziyyətin qabağında 650 manat azdır, bir tərəfdən də gözümün qarşısında telefona gəlib-gedən baş nəzarətçiyə, rejim rəisinə haqq verir gedir. Dedim, bəs qapını açan mən, dustağı telefona çıxaran mən, pulu götürəndə niyə yada düşmürəm? Özümə yer eləyən kimi, dedim, o puldan mənə də çatacaq, yoxsa qapı açmıram. Qoy, elə dustaqlar “telefon” deyib dad döysünlər. Bundan sonra 5-10 manat “hörmət” elədilər. Amma çox xəsisdilər, daha artığını vermədilər. Mən də pul qazanmaq üçün başqa yollar axtardım. Məsələn, dustaqlar film istəyəndə hər seriyasını 1 manata karta yazdırıb onlara satmağa başladım. Hələ mən yaxşıyam, başqa nəzarətçilər burada ətirdən tutmuş şampuna qədər gətirib satırlar.

    Aramızda nə söz-söhbət olsa da, dustaqlar hörmətimi saxlayır. Ürəyimdən nə keçsə, bişirib verirlər. İşdə olanda yeməyə pul xərcləmirəm, hamısını dustaqlar qarşılayır. Düzdür, sonra onların üstünə çəmkirirəm, amma ara sakitləşən kimi gəlib çörəklərini itirmədiyimi deyirəm. Elə rəisin də “çörəyini” itirmirəm. Görsəm ki, siyasilərdən kimsə onun haqqında eninə-uzununa danışır, tez araya girib rəisimi müdafiə edirəm. Korpusda bu qədər kamera olsa da, deyəsən, mənim sözlərim onun qulağına çatmır. Yoxsa mənə “Tərifnamə”dən filan verərdi. Canı sağ olsun, əsas odur hərf tanımasam da məni işsiz qoymur.

    Burada “adamın” olmayanda işləmək çətin olur. Çox vaxt başqalarının da işini sən görməli olursan, çünki onların adamı var. Yaxşı vəzifədə adamın varsa, boynuna dəsmal salıb oturursan, rütbəlilər qarşında işləyir, sən isə yerindən tərpənmirsən. Qapını açıb dustağı içəri salmaq nədir? Heç zəng çalan telefonu da götürmürsən. Kənardan baxan hər kəs də hesabını götürür ki, sənə iş buyurmaq olmaz, çünki sənin adamın var. Hələ ki, mənim qismətimə belə adam düşməyib, ona görə pis, yaxşı işləməli oluram.

    Gecə işləmək daha rahatdır. Növbəyə qalanda kameralardan götürdüyüm tumu çırtlaya-çırtlaya saatlarla dustaqlarla korpusun dedi-qodusunu edirəm. Söhbətin şirin yerində kimsə məni çağırsa, əsəbləşirəm. Qışqırıram “gözlə də…”, “həkim demisən, bildik də…” deyib söhbətimi yekunlaşdırmadan yerimdən tərpənmirəm.

    Gördüm yoruluram başımı atıb yatıram. Hamıya da demişəm, “nə dərdiniz var mən yatana qədər deyin, yoxsa möhkəm yuxuya gedirəm, oyanmayacam”. Gecə kiminsə halı pisləşsə, vay halına, duran deyiləm.

    Sevinc Vaqifqızı

    Bakı İstintaq Təcridxanası

     

  • Bəxtiyar Hacıyev: Kritik durum, əsir rəftarı

    Bəxtiyar Hacıyev: Kritik durum, əsir rəftarı

    Bəxtiyar Hacıyevin Vəziyyəti Ciddi Narahatlıq Doğurur

    Hazırda 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılan ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin səhhətinin və hüquqi vəziyyətinin ağır olduğu bildirilir. Ailəsinin yaydığı məlumata görə, onun saxlanma şəraiti insan hüquqları və hüquqi müdafiə prinsipləri baxımından ciddi pozuntularla müşayiət olunur.

    Yaxınları iddia edir ki, ictimai fəala qarşı qeyri-insani rəftar tətbiq olunur və ona vəkili ilə görüşməyə icazə verilmir. Məlumatda vurğulanır ki, onunla əsir kimi davranılır və o, özü də bu vəziyyəti məhz belə dəyərləndirir. Psixoloji və fiziki təzyiqlər altında olduğu, müdafiə hüququnun isə ciddi şəkildə pozulduğu qeyd olunur. Ailə üzvləri ilə görüntülü əlaqə imkanının tanınmaması, digər məhbuslara bu hüquq verildiyi halda, ona qəsdən bu imkanın verilməməsi onun ailəsindən tam təcrid olunmasına səbəb olur.

    Tibbi Yardım Çatışmazlığı və Ümidsizlik

    Bildirilir ki, tibbi yardıma kəskin ehtiyacı olmasına baxmayaraq, fəala lazımi tibbi xidmət göstərilmir. Yalnız bir dəfə böyük çətinliklə kardioqramma çəkilib və qan analizi götürülüb, lakin bir həftə keçməsinə baxmayaraq, analiz nəticələri hələ də təqdim olunmayıb. Yaxınlarının sözlərinə görə, o, özü də vəziyyətinin dözülməz olduğunu ifadə edərək yerinin dəyişdirilməsini tələb edir. Bu şəraitdə daha uzun müddət qalmağın həyatı üçün təhlükəli olduğunu vurğulayıb və əgər vəziyyəti ilə bağlı tədbir görülməzsə, intihara cəhd edə biləcəyi barədə xəbərdarlıq edib.

    Penitensiar Xidmətə qarşı İttihamlar

    Ailə Mirsaleh Seyidovu, Penitensiar Xidmətin rəisini, məsələyə “açıq-aşkar qərəzli və düşməncəsinə yanaşma” sərgiləməkdə ittiham edir. Xatırladaq ki, Bəxtiyar Hacıyev yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, ictimai fəalın evi və bank hesablarındakı vəsait müsadirə olunub, ona təlim-tədris fəaliyyəti qadağan edilib. O, özünü təqsirli bilmədiyini və həbsinin sifarişlə həyata keçirildiyini bildirir. Bu iddialar, həmçinin Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları bir daha gündəmə gətirir. İnsan hüquqları müdafiəçiləri də bu tip məhkəmə qərarlarını tez-tez tənqid edirlər.

    24 saat

  • Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başlayıb

    Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başlayıb

    Ülvi Həsənli Penitensiar Xidmətin Qərarı İcra Etməməsinə Etiraz Olaraq Müddətsiz Aclığa Başlayıb

    “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli iyulun 20-dən etibarən müddətsiz aclıq aksiyasına başladığını elan edib. O, bu kəskin addımını Penitensiar Xidmətin məhkəmə qərarlarını icra etməməsi ilə əlaqələndirir. Həsənli bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsi onun Bakı İstintaq Təcridxanasına (BİT) köçürülməsi ilə bağlı vəkil Zibeydə Sadıqovanın vəsatətini iyulun 3-də təmin edib. Lakin qərar Penitensiar Xidmətə təqdim olunsa da, 15 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də yerinə yetirilməyib. “Görünür, Penitensiar Xidmət məhkəmə qərarlarını vecinə almır və özünü məhkəmə instansiyasından üstün tutur”, – deyə Ülvi Həsənli vurğulayıb.

    Öncəki Aksiya və Verilən Vədlərin İcra Olunmaması

    Ülvi Həsənli daha əvvəl 9 günlük aclıq aksiyası keçirdiyini, lakin qadın həmkarlarının da ona dəstək olaraq aclığa başlaması və onların sağlamlığı ilə bağlı narahatlıq səbəbilə aksiyanı dayandırdığını açıqlayıb. O, həmçinin qeyd edib ki, Penitensiar Xidmət Kompleksinin rəhbərliyi ona iyulun 12-nə qədər köçürüləcəyi barədə vəd versə də, bu vəd yerinə yetirilməyib.

    Həbs Şəraiti və Ailə Bağlantısı Problemləri

    Həsənlinin sözlərinə görə, hazırda saxlanıldığı Umbakı qəsəbəsindəki Penitensiar Kompleks Bakı İstintaq Təcridxanasından daha uzaqda yerləşir. Bu vəziyyət onun ailəsi, vəkilləri, xüsusilə də 3 yaşlı övladı ilə görüşünə ciddi maneələr yaradır. “Burada övladımla görüşmək üçün heç bir şərait yoxdur. Ona görə ümumiyyətlə görüşə bilmirəm”, – deyə Ülvi Həsənli öz narahatlığını ifadə edib. O, baş verənlərin onların jurnalist fəaliyyəti və yazıları səbəbindən edildiyini güman edir. Həsənli bildirib ki, kompleksdə təqsirləndirilən şəxslər pis şəraitdə, qeyri-insani və ən qatı cinayətkarlara xas münasibətlə üzləşirlər. Lakin onun üçün ən vacib məsələ Penitensiar Xidmətin qanunsuzluğu və bundan ailə üzvlərinin əziyyət çəkməsidir.

    Məsuliyyət Bəyanatı və Həmkarlara Xahiş

    Ülvi Həsənli aclıq aksiyasını yalnız Bakı İstintaq Təcridxanasına köçürüldükdən sonra dayandıracağını bəyan edib. O, başına gələcək hər hansı hadisəyə görə Penitensiar Xidmətin rəhbəri, ədliyyə nazirinin müavini General Mirsaleh Seyidovu və prezident İlham Əliyevi məsuliyyət daşıyan şəxslər kimi göstərib. Sonda o, qadın həmkarlarından aclıq aksiyasına qoşulmamağı xahiş edərək, onların sağlamlığına zərər gəlməsindən ciddi narahat olduğunu və bu aksiyanı tək davam etdirəcəyini vurğulayıb. Ülvi Həsənli Penitensiar Xidmət rəhbərliyinə müraciət edərək, “qisas xarakterli” bu yanaşmadan imtina edib, qanuni şəkildə Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edib.

    “Abzas Media İşi”nin Hökmü

    İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova hər biri 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib. Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və onların müdafiəçiləri istintaqın tutarlı sübutlar təqdim etmədiyini bildiriblər.

    24 saat