Tag: #Rüşvət

  • Məhkəmələrin “boks”unda dönən pul, dustaqların mənimsənilən yol ərzaqları

    Məhkəmələrin “boks”unda dönən pul, dustaqların mənimsənilən yol ərzaqları

    Məhkəmələrdə təqsirləndirilən şəxslərin saxlanılması üçün “boks” adlandırılan bir otaq ayrılır. Burada dustaqlar məhkəmələrinin başlamasını və bitdikdən sonra təcridxanaya geri qaytarılmağı gözləyirlər.

    Həbsdə saxlanıldığımız bu günə qədər Xətai Rayon Məhkəməsinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin (BACM) və Bakı Apellyasiya Məhkəməsinin saxlanılma yerlərində olmuşuq. Bu dəfə sizə məhkəmələrin saxlanılma yerlərindəki şərait, dustaqlardan əsirgənən yol ərzaqları və onlardan alınan rüşvət barədə yazacağıq.

    Dustaqlar hansı şəraitdə aqibətlərini gözləyir?

    Xətai Rayon Məhkəməsinin dustaqlara ayrılan hissəsi xeyli darısqaldır. Ensiz bir otağa həm kişi, həm qadın dustaqlar sığışdırılır. Eyni otaqda olan bu iki saxlanılma yerini isə bir-birindən sadəcə kiçik arakəsmə və dəmir barmaqlığa yapışdırılan taxta parçası ayırır. Qadın məhbus üçün nəzərdə tutulan bir nəfərlik kabinə sadəcə 1 stul yerləşir. Bu stulda əyləşən adamın tərpənməyə yeri qalmır. İkinci məhbus gətirildiyi zaman ya bir stulda qısılıb otururlar, ya da növbə ilə ayaqüstə qalıb, yorulanda yer dəyişirlər. Gözləmə müddəti ən yaxşı halda 2 saat, adətən isə 4-5 saat uzanır. Üç və ya dörd qadın məhbus gətirildikdə isə konvoylar onları yerbəyer etmək üçün boş məhkəmə zalı axtarırlar. Həmin zallarda proses başlayan kimi qadınlar başqa zallara keçirilirlər. Bu dövrə onların məhkəməsi bitib yola düşənə qədər davam edir.

    Kişilər üçün ayrılan yerdə də sərbəst hərəkət etmək müşkül məsələdir. Onlar ya çox sıx oturmağa məcbur olur, ya da ayaqüstə qalırlar.

    “Nazirliyin dustaqlara layiq gördüyü yer budursa, biz neyləyək?!”– bu sözləri Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində narazılığımıza cavab olaraq konvoy rəisi deyir. Narazılığımıza səbəb saxlanılma kameralarının qeyri-insani şəraitdə və qış vaxtı soyuq olması idi. Bu saxlanılma yeri BACM-nin həyətindəki zirzəmidə yerləşir. Uzunluğu 5 addım, eni 2 addım olan kamerada 10-12 nəfər saxlanılır. Onların hərəkət eləmək, hətta nəfəs almaq üçün demək olar boş sahəsi qalmır. Məhbuslar bəzən məhkəmə başlayıb geri qaytarılana qədər bu şəraitdə 8-10 saat gözləməli olurlar.

    Məhkəmə prosesimizə sədrlik edən Rasim Sadıxova saxlanılma yerinin şəraitsizliyindən şikayət edəndən sonra ora təmir olundu. Aparılan kosmetik təmir işləri üçün usta gətirilmədi, bu işi konvoylara gördürdülər.

    Bakı Apellyasiya Məhkəməsində də vəziyyət ürəkaçan deyil. Altı barmaqlıqlı kameradan ibarət saxlanılma yerinin havalandırma sistemi ümumiyyətlə işləmir. Yeni məhbus gətirildikdə açılan qapıdan içəri girən hava nəfəs almağa imkan verir. Qapının bir neçə dəqiqə açıq saxlanması isə konvoyların insafından asılı olur. İçəridə kondisioner olsa da, saxlanılma yerini tam soyutmur.

    Açıq kabinlərdə saxlanılan 20-30 nəfər məhbusun, üstəlik konvoyların çəkdiyi siqaretin tüstüsündən göz gözü görmür.

    Hər üç məhkəmənin “boks”unda sanitar qovşaqlar natəmiz saxlanılır. Xətai Rayon Məhkəməsinin saxlanılma yerindəki tualetdə unitaz qırıq, su isə yoxdur. Tualet təmiz saxlanılmadığına görə üfunət iyi dustaqların saxlanıldığı yeri bürüyür. Bu üfunətin üstünə konvoyların və məhbusların çəkdiyi siqaretin tüstüsü də əlavə olunanda nəfəs almaq müşkülə çevrilir. Havalandırmanın isə sadəcə vızıltı səsi eşidilir.

    Hər üç saxlanılma yerinin sanitar qovşağında nə əl yumaq üçün maye sabun, nə də salfetka var.

    Bakı Apellyasiya Məhkəməsinin saxlanılma yerində ümumiyyətlə tualetin qapısı yoxdur. Tualet məhbusların saxlanıldığı kabinlə üzbəüz yerləşir. Məhbuslar duş pərdəsini çəkib tualetə keçirlər. Təkcə sanitar qovşaq yox, saxlanılma sahəsi də təmiz saxlanılmır. Kabinlərin hər küncündən hörümçək toru sallanır, barmaqlıqların tozunu isə məhbuslar əllərini ora keçirdikcə silirlər.

    “Boks”da dönən pul

    “Nə gətirmisən?”, – bu, konvoyun saxlanılma yerinə keçən dustağa ilk sualı olur. Söhbət hansısa qanunsuz əşyadan deyil, puldan gedir.

    Konvoylar 500-600 manat aralığında maaş alırlar. Həmişə gileylənirlər ki, bu maaşla dolana bilmirlər. Bu giley-güzarı rəhbərlikləri eşitməsə də, dustaqlar bəzən qarşılığında heç nə istəmədən onlara pul verirlər. Amma bu, həmişə belə olmur. Eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər bir-birinin kamerasına yaxınlaşıb söhbət etmək üçün konvoylara 10, 20 manat pul verirlər. Saxlanılma yerindəki sıxlıqdan canını qurtarıb boş zalda gəzmək istəyənlər də konvoylara “haqq” verməli olurlar. Qışda istilik sisteminin işlədiyi, yayda sərin saxlanılan kabində gözləmək də ödənişlidir. Məhkəmədən yorğun çıxıb rahat maşınla təcridxanaya qayıtmaq istəyirsənsə, yenə konvoylara 10-20 manat pul verməlisən. Beləliklə dustaqlar konvoyların dolanışığını təmin edib işlərini keçirirlər.

    Həbs edilmiş şəxslərin mənimsənilən yol ərzaqları

    Həbs edilmiş şəxslər məhkəməyə yollananda bəzən 8-10 saatdan sonra geriyə, təcridxanaya qaytarılırlar. Bu müddətdə onlar yolda, məhkəmədə ac qalmasınlar deyə Nazirlər Kabinetinin 2013-cü ildə təsdiq edilmiş 22 nömrəli qərarı ilə müəyyən ərzaqlarla təmin olunmalıdırlar. Bu siyahıda çörək, ət, ət konservi, kolbasa, balıq, balıq konservi, şəkər tozu, quru çay, xörək duzu var. Yetkinlik yaşına çatmayan həbs edilmiş şəxslərə əlavə olaraq 300 qram meyvə şirəsi də verilməlidir. Hamilə və ya yanında 3 yaşına çatmamış uşağı olan həbs edilmiş qadınlara bu ərzaqlardan əlavə 200 qram meyvə şirəsi ilə 600 qram süd verilməlidir. Amma Bakı İstintaq Təcridxanasından məhkəməyə yola düşən 4 minə yaxın həbs edilmiş şəxs əliboş yola salınır. Bu ərzaqların heç biri onlara verilmir. Əvəzində hansı mənzərə ilə qarşılaşırıq?

    Bakı Apellyasiya Məhkəməsində prosesdən çıxan məhbus saxlanılma yerinə keçib ailəsinin ona göndərdiyi biskvitləri hövlnak yeməyə başlayır. Qapının ağzında dayanan konvoy “tez elə, maşın tərpənir” dedikcə o, biskvitləri daha sürətlə mədəsinə ötürür. Amma konvoyun onun yeməyini bitirməsini gözləməyə səbri çatmır. Səhərdən ac qalan məhbusu məcbur edir ki, doymadan yeməkdən ayrılsın, çünki yeməyi özü ilə maşına götürə bilməz. Məhbus biskvitlərinin geri qalan hissəsini oturduğu skamyanın üstünə qoyub maşına tələsir. O, gedəndən sonra konvoylar biskvitləri götürüb “boks”dakı digər məhbuslara təklif edirlər. Heç kim götürmür. Konvoylar çay gətirib həmin biskvitlərlə çay içirlər. Dustaq isə yarıac-yarıtox təcridxananın yolunu tutur.

     

    Ülvi Həsənli

    Nərgiz Absalamova

    Elnarə Qasımova

    Sevinc Vaqifqızı

     

     

  • Tan Taşçı Spotify-ı hədəf aldı

    Tan Taşçı Spotify-ı hədəf aldı

    Spotify-da “Bot Yükləmə” və “Rüşvət” İddiaları: Genişmiqyaslı Araşdırma Başlayıb

    Dünyanın aparıcı rəqəmsal musiqi platforması Spotify, Türkiyədə həm dinləyicilər, həm də sənətçilər üçün mühüm əhəmiyyət kəsb edir. Lakin milyonlarla istifadəçinin seçimi olan bu platforma, son günlər ciddi iddialarla qarşılaşıb. Mətbuatda yayılan məlumatlara əsasən, Türkiyədə fəaliyyət göstərən bəzi Spotify redaktorlarının, mahnı siyahılarına daxil etmək məqsədilə bot vasitəsilə yükləmələr və rüşvət almaq kimi qanunsuz əməllərə bulaşdığı iddia edilir. Bu iddialar fonunda, şirkətin mərkəzi ofisi Türkiyədəki redaktorlar barəsində rəsmi araşdırmaya başlayıb.

    Tan Taşçıdan İddialara Sərt Reaksiya

    Bu hadisələrdən sonra məşhur müğənni Tan Taşçı da X sosial şəbəkə hesabında paylaşım edib. Taşçı yazıb: “Bu mahnılar necə populyarlaşır, kim bunları dinləyir kimi sualların cavabı məhz bu araşdırmadadır! Eşitdiyiniz mənasız musiqilərin və həyatımıza gələn qəribə tiplərin də səbəbi budur”.

    24 saat

  • Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Məştağa Psixatrik Xəstəxanasında Rüşvət Verməyən Xəstəyə Şiddət Göstərilib?

    Xəbər Xətti redaksiyasına daxil olmuş ciddi və təsdiqlənmiş məlumata əsasən, ölkənin psixiatrik müəssisələrində baş verən qeyri-insani və cinayət xarakterli hadisələr növbəti dəfə biabırçı şəkildə gündəmə gəlib. Bu dəfə olayın mərkəzində Bakı şəhərində yerləşən 1 saylı Məştağa Psixiatrik Xəstəxanası dayanır.

    Şiddətə tuş gələn xəstə: Elşad Əliyev

    İddialara görə, 15 ildən artıqdır ki, psixi pozuntularla mübarizə aparan Əliyev Elşad Ağabala oğlu, bu günlərdə adıçəkilən xəstəxanaya növbəti dəfə yerləşdirilib. Lakin bu dəfə müalicə prosesi müəmmalı döyülmə və bədən xəsarətləri ilə nəticələnib.

    Rüşvət tələbi – İmtinadan sonra gələn cəza

    Mənbələrin verdiyi məlumata əsasən, xəstəxananın şöbə müdiri Sevinc adlı şəxs, Elşadın valideynlərindən onun vəziyyətinin yaxşılaşdırılması və normal şəraitdə saxlanması üçün rüşvət tələb edib. Ailə bu qanunsuz tələbi rədd etdikdən sonra, Elşad müəmmalı şəkildə şiddətli döyülmə izləri ilə valideynlərinə təqdim olunub.

    Sevinc xanımın izahı isə rəsmi cavabdan daha çox alqış gözləyən yalan bəhanəyə bənzəyir: guya Elşadı digər psixi xəstələr döyüb.

    Absurd açıqlama: Bəs nəzarətçilər hara baxırdı?

    Bu iddia həm hüquqi, həm tibbi, həm də mənəvi baxımdan qəbulolunmaz və absurddur. Əgər doğrudan da digər pasiyentlər bir xəstəni döyə biliblərsə, bu halda ciddi suallar doğur:

    • Nəzarətçilər harada idi?

    • Xəstələrin təhlükəsizliyi kimə əmanət olunub?

    • Bu nə cür “müalicə” sistemidir ki, xəstələr zorakılığa məruz qalır?

    Şübhə: Ya özü döyüb, ya da şərait yaradıb

    Əldə etdiyimiz məlumatlar onu göstərir ki, xəstəxana rəhbərliyi bu hadisəni ört-basdır etməyə çalışır. Güman olunur ki, Sevinc xanım ya şəxsən özü Elşadı döyüb, ya da onun döyülməsi üçün şərait yaradıb.

    Bu, artıq təkcə rüşvət cinayəti deyil – insanlığa qarşı yönəlmiş açıq zorakılıqdır.

    Baş həkim Orxan Cəfərov hara baxır?

    orxan cəfərov

    1 saylı Məştağa Psixiatrik Xəstəxanasının Baş Həkimi Orxan Cəfərov

    Müəssisənin baş həkimi olan Orxan Cəfərov adlı şəxsin məsuliyyəti sual altındadır. Hadisədən xəbərsizdirsə – bu, onun vəzifəsini yerinə yetirmədiyini göstərir. Əgər xəbərdardırsa və susursa, bu – cinayətə şəriklik deməkdir.

    “Ailə susmur, amma sistem susdurur”

    Elşadın valideynləri hadisədən sarsıldıqlarını bildiriblər. Onların sözlərinə görə, bu, ilk belə hal deyil. Məştağa Psixiatriya Xəstəxanası illərdir medianın diqqətindən yayınan, lakin daxilində sistematik zorakılıq və korrupsiyanın hökm sürdüyü bir müəssisəyə çevrilib.

    Onlar hüquq-mühafizə orqanlarına müraciət etməyə hazır olduqlarını, lakin sistemin bu cür şikayətləri necə yoxa çıxardığını çox yaxşı bildiklərini də qeyd ediblər.

    Rüşvət ver, ya da döyül

    Azərbaycan səhiyyəsində rüşvət problemi cəmiyyətə bəllidir. Ancaq bu dəfə məsələ daha dərindir: rüşvət verilmədiyinə görə, psixi xəstəyə bədən xəsarəti yetirilib.

    Bu, sadəcə inzibati pozuntu deyil – bu, açıq-aşkar işgəncədir.

    “O biri xəstələr döyüb” yalanı

    Təsəvvür edin: bir psixi xəstə döyülür və cavab budur – “digər xəstələr döyüb.” Bu zaman haqlı olaraq aşağıdakı suallar doğur:

    • Bu nə cür müəssisədir ki, xəstələr bir-birini döyür?

    • Nəzarət sistemi haradadır?

    • Bu baş veribsə, növbəti qurban kim olacaq?


    “Xəbər Xətti” nə tələb edir?

    1. Səhiyyə Nazirliyi – Hadisə ilə bağlı təcili xidməti araşdırma başladılmalı, Sevinc xanım və baş həkim Orxan Cəfərov barəsində tədbir görülməlidir.

    2. Ombudsman və İnsan Hüquqları Komissiyası – fiziki zorakılıq və rüşvət iddialarını araşdırmalı, hüquqi mexanizmləri işə salmalıdır.

    3. Baş Prokurorluq – Fakt üzrə cinayət işi açmalı, məsul şəxslər istintaqa cəlb edilməlidir.


    Cəmiyyət bu zorakılığa səssiz qalmamalıdır

    Psixiatrik xəstəxanalar şəfa və müalicə məkanı olmalıdır, əzab və şiddət yeri yox! Əgər burada belə cinayətlər baş verirsə, bu artıq yalnız səhiyyənin deyil, dövlətin özünün böhranıdır.


    Sonda bir sual:

    Bu dövlət müəssisəsində qanun işləmir, yoxsa bəzi şəxslər qanunlardan üstünmü sayılır?


    “Xəbər Xətti” redaksiyası bu məsələni tam diqqətlə izləyəcəkaidiyyəti orqanlara sorğular göndərəcək və qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

  • Bakı 248 nömrəli məktəbdə rüşvət iddiası: Direktor və müavin dərs saatı, attestat satır

    Bakı 248 nömrəli məktəbdə rüşvət iddiası: Direktor və müavin dərs saatı, attestat satır

    248 Nömrəli Tam Orta Məktəb Barədə Rüşvət İddiaları

    Bakı şəhərində fəaliyyət göstərən Bakı 248 nömrəli tam orta məktəbin direktoru və müavini haqqında ciddi rüşvət iddiaları yayılıb. Məlumatlara görə, məktəb rəhbərliyi qeyri-qanuni fəaliyyətlə məşğul olaraq dərs saatlarını pul müqabilində satır. Həmçinin, məktəbə davamiyyəti olmayan şagirdlərdən 1500-2000 manat civarında ödəniş tələb edildiyi və attestatların 20-30 manat qarşılığında təhsilalanlara verildiyi iddia olunur.

    Məktəbdən İddialara Cavab

    Yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə Bakı Şəhər Təhsil İdarəsinə və sözügedən məktəbə sorğu ünvanlandı. Məktəbdən verilən cavabda bildirilib ki, vəsait toplanması ilə bağlı bütün iddialar həqiqəti əks etdirmir. Məktəb rəhbərliyi bu məlumatların təhsil müəssisəsinin nüfuzuna xələl gətirmək məqsədilə yayılan böhtan xarakterli olduğunu vurğulayıb. Məktəbin mövqeyinə görə, bu iddiaların, əmək müqaviləsinə fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün xitam verilmiş sabiq işçi tərəfindən yayıldığı ehtimal olunur.

    Bakı Şəhər Təhsil İdarəsinin Açıqlaması

    Bakı Şəhər Təhsil İdarəsinin cavabında qeyd olunub ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə ciddi nəzarət edilir. İdarə valideynlərə təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı hər hansı narahatlıq olarsa, 146-1 nömrəli Çağrı Mərkəzinə anonim olmadan müraciət etmələrini tövsiyə edir. Vurğulanıb ki, qanunvericiliyə əsasən, anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Xatırladaq ki, bundan əvvəl Bakıda “Son zəng” tədbirləri üçün də oxşar rüşvət iddiaları yayılmışdı. Həmçinin, Azərbaycanın təhsil sistemində bu kimi hallara qarşı mübarizə davam etdirilir.

    24 saat