Tag: #ŞəxsiÜnsiyyət

  • Sosial media: ‘Sosial’dan ‘asosial’a

    Sosial media: ‘Sosial’dan ‘asosial’a

    Dünyada bu sual getdikcə daha çox müzakirə olunur: “Dostlarımız niyə sosial mediada paylaşımlar etməyi dayandırıblar?” BBC-nin məlumatına görə, aparılan yeni bir sorğu göstərir ki, bütün sosial media istifadəçilərinin üçdə biri bir il əvvəlkindən qat-qat az paylaşım edir. Paylaşım etməmək tendensiyası xüsusilə gənc Z nəsli arasında müşahidə olunur. Bildirilir ki, Z nəsli artıq paylaşım etməkdən bezib və bunu dəyərsiz hesab edir. Mütəxəssislər, “İstifadəçilər 20 ildir ki, onlayn mühitdə çoxsaylı paylaşımlar etdikdən sonra bunu lüzumsuz görməyə başlayıblar”, – deyə vurğulayıblar.

    Sıfır Paylaşım Tendensiyası

    ABŞ-lı jurnalist-yazıçı Kayl Çayka “New Yorker” jurnalındakı yazısında cəmiyyətin “sıfır paylaşım” adlandırdığı bir nöqtəyə doğru irəlilədiyini irəli sürüb. O, bunu insanların öz adi həyatlarını sosial mediada paylaşmağın mənasızlığını dərk etdikləri bir mərhələ kimi qiymətləndirib. Çayka qeyd edib ki, onun öz sosial media lentlərində də azalma baş verib, çünki dostlarının tətil fotoları və ya həmkarlarının uşaq şəkillərinin ardınca brendlər və fenomenlər dərhal məhsul tanıtımı edir, reklamlar yerləşdirirlər. Analitiklərin fikrincə, sosial media qazanc naminə öz təmizliyini itirib, bu da istifadəçilərə mənfi təsir göstərib.

    Kommersiyalaşmanın Təsiri və Məxfilik

    “Filtr Dünyası: Alqoritmlər Mədəniyyəti Necə Düzləşdirdi?” adlı kitabı ilə gündəmdə olan Kayl Çayka BBC-yə verdiyi açıqlamada sosial medianın modasının keçməyə başladığını bildirib: “Məncə, sosial media getdikcə assosial olur. Bunun səbəbi isə sosial medianın tamamilə kommersiya məzmunlarını yayımlamasıdır. Bu vəziyyət sosial medianın təmiz paylaşım məqsədini aradan qaldırır. Kommersiyalaşma, ətrafınızda baş verənləri sosial mediada görmək istəyini məhv edir. Adi istifadəçilər paylaşım etmədikdə, sosial media ‘reklam arenasına’ çevrilir. Üstəlik, Facebook və İnstagramda süni intellekt məzmunları üstünlük təşkil etməyə başlayıb.” Rabitə və populyar mədəniyyət mütəxəssisləri, dostlarının haraya getdiyini və ya səhər yeməyində nə yedikləri barədə məlumat almaq üçün sosial media platformalarına baxanların sayının azaldığını bildiriblər. Yazıçı Kayl Çayka insanların TikTok-da daha az paylaşım etdiyini qeyd edərək əlavə edib: “Dostlarımızla daha özəl, daha səmimi ünsiyyət formasına doğru irəliləyirik. Bir-birimizə mesajlaşmaq daha yaxşıdır. Həm də Z nəslinin məxfiliyə əhəmiyyət verdiyini, həyatlarını sosial mediada paylaşmaq istəmədiklərini görürəm. Artıq özəl həyatını internetdə yayımlamağın mənfi tərəflərini öyrəndik. Bu paylaşımlar səbəbindən rüsvay ola biləcəyimizi anladıq. Sosial medianın zirvə dövrü bitdi, söhbətlər açıq kanallardan fərdi ünsiyyətə doğru yönəlir, üz-üzə ünsiyyət istəyi artır. Əslində, sosial media əvvəldən səhv idi, insan özəl həyatını niyə ictimaiyyətlə paylaşsın ki…”

    24 saat