Tag: #SevincVaqifqızı

  • AbzasMedia – Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    AbzasMedia – Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızının “Sərhədsiz Reportyorlar” təşkilatına ünvanladığı məktubun tam mətnini təqdim edirik:

    İstanbul Hava Limanında vəkilimlə danışanda artıq əmin idim ki, Bakıya qayıtsam, həbs olunacam. Dostlarım da xəbər verirdilər ki, evimin qarşısında mülki polislər dolaşır. Bundan sonra “Abzas Media”nın hazırda həbsdə olan əməkdaşlarına və anama mesaj göndərərək onların bu həbsə hazırlıqlı olmalarını istədim.

    Təyyarə Bakıya enən kimi çıxış qapısında məni polislər qarşıladı. Passport yoxlamasına getməyə belə icazə vermədən təyyarənin yanından açılan əlavə qapı ilə məni dostlarımın gözü qarşısında saxladılar.

    Vəkilimin dediyi olmuşdu – ölkəyə qayıtmışdım və həbs olunmuşdum.

    Həbsdən sonra bu sualı çox eşidəcəkdim – niyə qayıtdın?

    “Abzas Media”nın idarəçiliyində təmsil olunan şəxs kimi təhlükəli məqamda təhlükəsiz yerdə oturub əməkdaşlarımızın polis orqanlarına çağırılmağına, ardınca həbs olunmalarına seyirci qala bilməzdim. O ana qədər “Abzas Media”nın direktoru Ülvi Həsənli həbs olunmuşdu, əməkdaşımız Məhəmməd Kekalov isə evindən zorakılıqla aparılmışdı. Hazırladığımız korrupsiya araşdırmalarının bədəli həbs idisə, bununla üzləşmək lazım idi, qaçmaq yox. Qaçış ümumiyyətlə heç bir problemin həlli deyil.

    Hökumətin bir siyasəti də azad jurnalistləri, tənqidçilərini ölkədən didərgin salmaq və bununla cəmiyyətdən təcrid etmək, onları yadlaşdırmaqdır. Tənqidi jurnalistika ilə məşğul oluruq deyə hökumət bizə deyə bilməz ki, bu ölkədə yaşama. Onsuz da idxaldan asılı olan ölkədə doğru xəbər də xaricdən asılı vəziyyətə düşməməlidir. Bu ölkədə yaşayıb, azad mediada çalışıb, doğru xəbər verib təhdid təhlükəsi hiss etmədən yaşamaq istəyirik. Bu gün həbsdə olan 29 jurnalistin də istəyi bu olub.

    Biz işimizi təhdidsiz, təzyiqsiz, azad şəkildə görmək istəmişik. Amma neyləyək ki, iqtidar üçün hər cür sual müdaxilədir. Onlar isə müdaxiləni yox, sorğu-sualsız itaəti sevirlər. Jurnalistlərə ev, fəxri ad, yüksək maaş təklif edib əvəzində xalqdan mənimsədikləri sərvətlərinə göz yumulmasını istəyirlər. Biz jurnalistlər bu təkliflərə boyun əyməmişik deyə həbsdəyik. Çünki bilirik ki, peşəmiz hökumət qarşısında cəmiyyətin maraqlarını müdafiə etmək, insanları siyasətçilərin manipulyasiyalarından duyuq salmaq, hökumət üzərində ictimai nəzarəti təşkil etməkdir.

    Amma Azərbaycan iqtidarı jurnalistlər üçün qırmızı xətlər müəyyənləşdirib. Heç bir halda prezident və ailəsinin qanunsuz əməllərindən danışılmamalıdır. Biz bu qırmızı xətlərdə durmaqdansa, həbsdəki qırmızı zolaqları seçdik. Şəxsi məlumatlarımızla bağlı karta həbsxanada 3 qırmızı zolaq vurulub. Bu, təhlükəli məhbus olduğumuza və nəzarətdə saxlanılmağımıza göstəriş verən zolaqlardır. Amma həbsdə də bizə nəzarət edə bilmədilər və ilk araşdırmamız təcridxananın rəisinin əmlakları, qanunsuz tenderləri ilə bağlı oldu.

    Biz hökumətin girişinə icazə vermədiyi təcridxanaya məhbus kimi daxil olandan sonra burada baş verən işgəncələri, seçki saxtakarlığını, korrupsiyanı ictimailəşdirmişik. Yazdıqlarımızdan sonra qadın korpusunda işgəncələr dayanıb, məhbuslara çatacaq mal və məhsulların müəyyən hissəsi onlara verilib. Amma biz qanunun tələbləri yerinə yetirilənə qədər yazmağa davam edəcəyik. Demək olar, hər məqaləmizdən sonra müsbət geridönüşlər alırıq. Bu, bizə həbsdə də faydalı olduğumuzu hiss etdirir. Amma eşidəndə ki, şəhərdə etiraz aksiyası olub, ancaq bunu çəkmək üçün jurnalist tapılmayıb, məyus oluruq. Artıq qanunsuzluqla qarşılaşan vətəndaş sözünü çatdırmaq üçün nə bir azad media orqanı tapa bilir, nə də jurnalist. Vətəndaşlar üzləşdikləri qanunsuzluqlarla təkbaşına qalıblar. Çünki onların problemini işıqlandıran jurnalistlər həbsdədirlər. Təkcə jurnalistlər də yox, ekspertlər, fəallar, QHT nümayəndələri, müxalifətçilər, dindarlar həbs həyatına məhkum ediliblər. Hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var.

    Görüşümüzə gələn ailə üzvlərimizdən və vəkillərdən tez-tez eşitdiyimiz bir söz var – sizi unudublar. Bu, hökumətə təsir imkanlarına sahib beynəlxalq təşkilatların, demokratik prinsiplərə sadiq qaldıqlarını iddia edən Qərb liderlərinin ölkədəki 400-ə yaxın siyasi məhbusu görməzdən gələn davranışlarına görədir. Onlar sadəcə həbslərdən “narahat olduqlarını” deyərək bu mövzunu keçişdirirlər. Amma onların bu “narahatlığı” İlham Əliyevi narahat eləmir. Ona görə də biz Azərbaycanda siyasi həbslərin davam etdiyini görürük.

    İlham Əliyevlə görüşdən sonra Qərb liderləri müsahibələrində deyirlər ki, onlar prezidentlə enerji, təhlükəsizlik və insan haqları məsələlərindən danışıblar. Sıralamadan da göründüyü kimi, insan haqları ən sonda dayanır. Bu, onlar üçün öncül məsələ deyil.

    Heç bir real təzyiqlə qarşılaşmayan Əliyev isə abzasçıları 59 il 6 ay müddətinə həbsə göndərə bilir. Çünki Qərb təşkilatları və liderləri Əliyevin tənqidçilərinə qandal vuran əlini tutmağa davam edirlər.

    Sevinc Vaqifqızı

  • Təcridxana rəhbərliyi: “İstəmirik, məhbusu buraxmırıq”

    Təcridxana rəhbərliyi: “İstəmirik, məhbusu buraxmırıq”

    Həbsdə Olan Baş Redaktora Sərinlədici Verilməyib

    “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanası rəhbərliyinin ailəsi tərəfindən gətirilən sərinlədicini qəbul etmədiyini açıqlayıb. Jurnalist bu barədə ailə üzvlərinə məlumat verib.

    Təcridxana Rəhbərliyinin Mövqeyi

    Məlumatlara görə, jurnalistin sərinlədicinin niyə qəbul edilmədiyi barədə sualına təcridxana rəisinin müavini Əhəd Abdıyev “ürəyimiz belə istəyir” cavabını verib. Abdıyev əlavə edib ki, keçən il sərinlədiciyə icazə verilsə də, bu il “ürəklərinin belə istədiyi” üçün qəbul edilmir. O, həmçinin Sevinc Vaqifqızının kamerasına gələrək sərinlədicinin içəri buraxılmamasının “prinsip məsələsi” olduğunu vurğulayıb. Vaqifqızı təcridxana rəisinin məhbusla prinsip aparmasının səbəbini soruşub.

    Vaqifqızının Kəskin Etirazı və Prinsipi

    Əhəd Abdıyevin təcridxana vəsaiti hesabına sərinlədici təklif etməsinə cavab olaraq, Sevinc Vaqifqızı heç bir şey istəmədiyini, sadəcə öz ailəsinin gətirdiyi sərinlədicinin kameraya gətirilməsini tələb edib. O, sərinlədicinin qadağan olunmuş əşyalar siyahısında olmadığını və ailəsinin aldığı əşyanı içəri keçirmək haqqının olduğunu bildirib. Jurnalist qeyd edib ki, bir ay yarım ərzində üç dəfə sərinlədici gətizdirilsə də, ailəsi çöldə günün altında gözlədilsə də, sonda sərinlədici qəbul edilməyib. Əhəd Abdıyevə müraciət edərək bu cür hərəkətlərə haqqlarının olmadığını vurğulayıb.

    Vaqifqızı, hüquqlarından güzəştə getmədiyi üçün hazırda həbsdə olduğunu bildirib və təcridxana tərəfindən verilən sərinlədicini qəbul etməyəcəyini deyib. O, hazırda 153 qadın məhbusun heç birinə sərinlədici verilmədiyini və yalnız ona təklif olunmasının doğru olmadığını qeyd edib. Jurnalist kameraların istidən əziyyət çəkdiyini və bütün məhbusların vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb. O, dövlət büdcəsinin şəxsi deyil, ümumi olduğunu vurğulayaraq, sərinlədici verilməlidirsə, bütün məhbuslara verilməli olduğunu bildirib.

    “Abzas Media” İşində Hökmlər

    Xatırladaq ki, iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə hər biri 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

    Onlar ilkin olaraq qaçaqmalçılıq ittihamı da daxil olmaqla bir sıra maddələrlə təqsirləndirilirdilər. Həbs olunan şəxslər irəli sürülən ittihamları rədd edir, həbslərinin peşəkar jurnalistika fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.

    24 saat